Rusiya Baş Kəşfiyyat İdarəsinin (rusca – QRU) rəisi İqor Serqunun ölümündən sonra ölkədəki güc strukturları arasında savaş güclənib.
Strateq.az axar.az-a istinadla bildirir ki, bu barədə informasiyanı “Stratfor” qlobal məlumat şirkəti yayıb.
Şirkət FSB (FTB), QRU və Xarici Kəşfiyyat Xidməti arasında olan narazılığın Kremlin mövqeyinə təsir edəcəyini və Donbas müharibəsinin gedişində mühüm dəyişikliklərə səbəb olacağını bildirib:
“Rəsmi informasiyaya əsasən, Serqun yanvarın 4-də öz evində ürək çatışmazlığından vəfat edib. Bizim mənbəmizin məlumatına əsasən, QRU-nun keçmiş rəhbəri yanvarın 1-də Livanda ölüb. Əgər bu informasiya doğrudursa, o zaman ortaya belə sual çıxır ki, bu adam həmin ölkədə nə edirdi və Kreml Serqunun niyə ölkə xaricində ölməsini gizlədib? Hələlik bəlli deyil ki, QRU digər güc strukturların təsir sahəsində özünün birliyini qoruyub saxlaya biləcəkmi? Artıq Rusiya KİV-ləri Serqunu əvəz edəcək şəxslə bağlı şayiələr yayıblar. İlkin ehtimala görə, yeni sədr hərbi xarakterli şəxs olmayacaq və Prezident Vladimir Putinlə yaxşı münasibətləri olacaq. Əgər bu proqnozlar təsdiqlənsə, Kreml rəhbəri daha bir qurum üzərində sərt nəzarət əldə edəcək. Bu isə ona FSB və ya digər strukturlara qarşı əlavə müdafiə imkanı yaradacaq”.
“Stratfor” Ukrayna uğrunda FSB və QRU arasında mübarizənin başlayacağını söyləyib: “QRU, FSB və Xarici Kəşfiyyat Xidməti artıq uzun illərdir ki, bir-birilə əməkdaşlıq edirlər. Vladimir Putinin FSB-də (köhnə KQB – red.) xidmət etməsinə baxmayaraq, heç vaxt onun müstəqil hərəkət etməsinə imkan verməyib. Kreml rəhbəri son iki ildə Ukraynadakı hadisələr ucbatından müxtəlif qurumlar arasında pozulmuş balansı qorumağa çalışıb. Böyük ehtimalla, FSB Viktor Yanukoviçin devrilməsini qabaqcadan görə bilmədiyinə görə cəzalandırılıb. Əldə olan məlumatlara görə, 2014-cü ilin ortalarında bu kəşfiyyat qurumu yenidən təşkil edilib və buna görə də Ukraynada aparılan kəşfiyyat daha çox QRU-nun üzərinə düşüb. Əslində bu, FSB üçün təhqir olub. Bundan sonra 2014-2015-ci illərdə hər iki qurum arasında Ukraynadakı əməliyyatlara nəzarət uğrunda mübarizə başladı. Bunun üçün əsas sübut Donbasdakı separatçı liderlərlə bağlı vəziyyətin qarışdırılması və Ukrayna kəşfiyyatının hesabatlarıdır. FSB İqor Serqunun ölümündən Ukraynada öz mövqelərini gücləndirmək üçün istifadə edəcək. Dörd ay əvvəl rus KİV-ləri Putinin Donbas üzrə kuratoru Vladislav Surkovu vəzifədən uzaqlaşdırdığı haqqında məlumat yayıb. O, İqor Serquna yaxınlığı ilə seçilib. Bundan başqa, Ukrayna kəşfiyyatı Donbasa FSB kuratorlarının geri qayıtdığı haqqında məlumat yayıb. Bu isə FSB-nin QRU ilə savaşa başladığını sübutudur”.