XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

06 May 2015 - 05:36

Heydər Əsədov məmurlarla açıq savaşa girdi – Məxfi dosye hazırlanıb -ÖZƏL

heyder-esedov.jpg

Prezident İlham Əliyevin yanvarın 27-də keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans”da istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində tapşırıqları kənd təsərrüfatı naziri Heydər Əsədovu hərəkətə gətirib.

Strateq.az xəbər verir ki, nazir Heydər Əsədovin şəxsi nəzarəti ilə yerlərdə əkin sahələri ilə bağlı ətraflı araşdırma aparılıb və bununla bağlı hazırlanan təkliflər Nazirlər Kabinetinə təqdim edilib:

«Təkliflər paketinə əsasən «Torpaq Məcəlləsi» ilə «İnzibati Xətalar Məcəlləsi»nə ciddi dəyişikliklər ediləcək. Dəyişiklikdən sonra isə iki il dalbadal kənd təsərrüfatı torpağından təyinatı üzrə istifadə etməyənlər inzibati cəza alacaqlar. Onlara pul cəriməsi də kəsiləcək. Bunlar bu gündək Nazirlər Kabinetinə təqdim olunan təkliflərdən cəmiyyətə açıqlanan rəsmi hissədir. Ancaq əmin ola bilərsiniz ki, Heydər Əsədovun yuxarı orqanlara təqdim etdiyi dəyişiklik paketində daha sərt maddələr də var. Belə ki, istifadə olunmayan kənd təsərrüfatlı torpaq sahələrinin monitorinqi zamanı aydın olub ki, 1996-cı ildə aparılan islahatlardan zamanı və bundan sonrakı illərdə müxtəlif yollarla 100 hektarlarla torpaq sahələrini ələ keçirən bəzi məmur və iş adamları onların böyük hissəsinin təyinatını özbaşına dəyişərək, satıblar. Bir hissəsi isə hasara alınaraq «dar gün» üçün saxlanılıb. Nazir Heydər Əsədovun hazırladığı paketdə isə həmin torpaq sahələri də hədəfə alınıb. Yəni, bu torpaq sahələri ilə bağlı əlavə dosye də hazırlanıb. Dosyedə torpaq sahələrinin kimlərə məxsusluğundan tutmuş, onun qanunsuz satışında rol alan dövlət qurumlarının adları da var».

Məlumatlı şəxs deyir ki, təyinatı dəyişdirilərək fiziki şəxslərə fərdi yaşayış evlərinin tikintisi üçün satılan torpaq sahələrinin monitorinqi isə bəzi yüksək çinli məmurlarla yanaşı, iş adamlarını da çətin vəziyyətdə qoyacaq:

«Araşdırmalar zamanı o da aydın olub ki, ölkə üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 30 faizindən artığı təyinatından kənar istifadə olunur. Bundan əlavə, 20 faizdən çox torpaq sahəsinin isə müxtəlif səbəblərdən, ümumiyyətlə, istifadə olunmadığı dəqiqləşib. ümumilikdə, bu 50 faizin içində iş adamları və məmurların ələ keçirdiyi böyük torpaq sahələri ilə yanaşı, həm də münbitliyini itirən sahələr də var. Heydər Əsədov bu istiqamətdə xüsusi bir araşdırma aparıb. Həmin araşdırma da məxfi dosyedə ayrıca paraqrafla yuxarı orqanlara təqdim olunub. Böyük ehtimalla aralarında nazir, komitə sədri və digər kateqoriyalı məmur və iş adamlarının da olduğu şəxslərin ələ keçirdiyi torpaq sahələrinin sənədlərinin ləğv edilməsi və ya onları məcbur edib, təyinatına uyğun torpaqların istifadəsi gündəmə gətiriləcək”.

Məlumata görə, Heydər Əsədov torpaqların şoranlaşmasında birbaşa məsuliyyət daşıyan «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin “günahları” ilə bağlı əlavə hesabat da hazırlayıb:

“Həmin hesabatdan aydın olur ki, bu qurum hələ sovet dövründə şoranlaşmaya qarşı çəkilən kollektorların təmizlənməsi istiqamətində son 20 ildə ciddi tədbirlər həyata keçirməyib. Nəticə etibarı ilə dövlətin milyonları havaya sovrulub, əkin sahələri isə yararlığını tamamilə itirib. Hətta «Meliorasiya və Su Təsərrüfatı» ASC və rayon idarələrindəki korrupsiyaya görə Aran və digər zonalarda həyətyanı torpaq sahələri də şoranlaşmaya məruz qalıb. Halbuki, vaxtında o kollektorlar təmizlənsəydi, nə həyətyanı, nə də əkin sahələri elə yararsız formaya düşməzdi. Hesab edirəm ki, bu, baş verənlərə görə, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin rəhbərliyinin də məsuliyyəti araşdırılacaq».

Onu da bildirək ki, Heydər Əsədovun imzaladığı “Təkliflər paketi”nin rəsmi hissəsi Nazirlər Kabinetində müzakirə olunub və oradan aidiyyatı üzrə Prezident Administrasiyasına göndərilib: “Yəqin Prezident Administrasiyası paketi yaxın vaxtda Milli Məclisə göndəriləcək. “Təkliflər paketi”nin qeyri-rəsmi hissəsi isə yuxarı orqanlar tərəfindən xüsusi araşdırılacaq…”.

Strateq.az