“Səudiyyə Ərəbistanının strategiyası İranla “5+1” qrupu arasındakı nüvə anlaşmasına zərbə vurmaq və regionda firqə gərginliklərini şiddətləndirməkdir”.
Strateq.az İRİB-ə istinadən bildirir ki, bu barədə İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Nyu-York Tayms” qəzetinə yazdığı məqalədə bildirib:
“Təəssüf ki, bəzi ölkələr İranın dünya ilə konstruktiv anlaşma yoluna daş atırlar. 2013-cü il müvəqqəti nüvə anlaşması əldə olunduqdan sonra Səudiyyə Ərəbistanı anlaşmanı məğlubiyyətə uğratmaq üçün bütün var-gücündən istifadə edir”.
Zərif qeyd edib ki, hazırda da Ər-Riyadda bəziləri həm şəraitin normallaşmasına mane olur, həm də bütün regionu qarşıdurmaya sürükləmək istəyirlər. XİN rəhbəri tanınmış ruhani Şeyx Baqir əl-Nimrin boynunun vurulmasını “barbarlıq” adlandırıb.
“Ərəbistanın strategiyası anlaşmanı öz normal istiqamətindən çıxarmaq, hətta regionda gərginliyi şiddətləndirməkdir. Bu strategiyanın üç mərhələsi var: Qərbə təzyiq göstərmək, Yəməndə müharibəni şiddətləndirmək yolu ilə sabitliyi pozmaq, ifratçılığı dəstəkləmək və İranı təhrik etmək”, – deyə Zərif yazıda vurğulayıb.