Rusiya XİN: “İrana S-300 tədarükü yaxın vaxtlarda baş tutmayacaq”
Bloomberg agentliyinin müəllifləri Kalev Ben-David və İlya Arxipovun yazdığına görə, “ötən ay Rusiya prezidenti Vladimir Putin beynəlxalq sanksiyalar götürülənədək İrana güclü raket əleyhinə sistemlər satmaq qərarını bildirəndə hiddət və qəzəb baxımından İsrail dərhal ABŞ-a qoşuldu”.
Strateq.az İnopressa.ru-ya istinadən xəbər verir ki, “Lakin ümumi açıqlamanın arxasında az adama məlum olan silah satışı və gizli diplomatiya barədə razılaşmalar şəbəkəsi mövcuddur. İsraillə Rusiya son illər ərzində mürəkkəb oyun oynayır. İsrail bu oyun çərçivəsində Ukrayna üzrə neytrallığı saxlamaqla İranın hərbi hazırlığının qabağını almaq ümidilə Rusiyaya dronlar (pilotsuz təyyarələr-red.) satırdı. Ehtimal ki, bu oyun başa çatmayıb”.
Müəlliflər yazır: “Strategiya və texnologiyaların analizi Mərkəzinin (Moskva) rəhbəri Konstantin Makiyenko hesab edir ki, İrana S-300 raketlərinin mümkün satışı haqda ümumi açıqlama ABŞ-ın Ukraynaya silah tədarükündə tələsməsini önləmək üçün ona ünvanlanmış siyasi jestdən başqa bir şey deyildi. İstənilən halda İrana S-300 tədarükü Moskva, ABŞ və İsrail arasında geniş məsələlər silsiləsi üzrə kozır olaraq qalacaq”.
Məqalədə deyilir: İsrailin Ukraynaya silah, o cümlədən dronlar satması xüsusunda Putinin narahatlığı əsasdan məhrum deyil. Ukrayna xarici işlər naziri Pavel Klimkin keçən ilin oktyabrında İsrailə səfər etdi və yerli jurnalistlərə bildirdi ki, onun ölkəsi İsrail dronlarının idxalında son dərəcə maraqlıdır – xüsusən də Rusiyanın müdafiə etdiyi separatçıların sazişin şərtlərini yerinə yetirmələrini izləmək üçün”.
Jurnalistlər bildirirlər ki, bu məsələni müzakirə üçün səlahiyyət verilməmiş İsrail məmuru Ukraynaya dronların satışının ləğv edildiyini bildirib. çünki Putin Netanyahuya zəng edərək öz etirazını ifadə edib.
Ben-David və Arxipov yazırlar: “Görünür, Rusiya aprelin 23-də müəyyən dərəcədə əvvəlki İrana S-300 satmaq bəyanatından imtina edib. Belə ki xarici işlər nazirinin müavini Sergey Ryabkov “İnterfax” xəbərlər agentlyinə bildirib ki, tədarük yaxın vaxtlarda baş tutmayacaq və yalnız bütün siyasi və hüquqi məsələlər həll edildikdən sonra gerçəkləşə bilər”.
Makiyenkonun fikrincə, “çox güman ki, S-300-lərin satışına embarqonun götürülməsi İsraillə pərdə arxasında əvvəldən razılaşdırılmışdı. Ona görə də İsrailin Rusiyanın qərarına reaksiyası yalnız formallığa riayət etmək üçün idi”.