XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2016 - 17:56

“Neft Fondu 4 milyardı ölkəyə gətirə bilər” – [color=red]Ekspert sensasion faktlar açıqladı

vuqarbayram-1.jpg

İqtisadi böhran ölkəni həm iqtisadi, həm də sosial baxımdan çətinə salıb. Artıq işsizlikdən və bahalaşmadan əziyyət çəkən əhali regionlarda etirazını bildirir.

Belə bir məqamda ölkədə mövcud problemlərin həlli üçün valyuta axınına ehtiyac var. Bəzi, ekspertlər xarici borclanmaya getməyi, bəziləri isə də Dövlət Neft Fondunun xaricdəki vəsaitlərinin bir qisminin ölkəyə gətirilməsini təklif edirlər. 

İqtisadçı ekspert Vüqar Bayramov xaricdəki pulların ölkəyə gətirilməsinin həm bank sektorunun, həm də sahibkarlığın inkişafına müsbət təsir edəcəyi fikrindədir:

“Dövlət Fondunun ehtiyatları 33 milyard dollardır və onların 80 faizi sabit gəlirli səhmlərdə saxlanılır. 5 faizə yaxını əmlak alınması üçün istifadə olunur, 5 faizi qızıla yatırılıb, digər 10 faiz isə qiymətli kağızlardadır. Biz təklif edirik ki, Dövlət Neft Fondunun ehtiyatlarının bir qismi ölkəyə gətirilsin və valyuta formasında banklar vasitəsilə vətəndaşlara verilsin. Bu valyutaların gətirilməsi manata təzyiqi artırmır. Çünki valyuta formasında gəlir və banklar vasitəsilə sahibkarlara təqdim olunur. Bu da imkan verir ki, indiki məqamda Dövlət Neft Fondunun vəsaitlərindən sahiblarlığın dəstəklənməsi üçün istifadə edilsin. Söhbət təbii ki, bütün vəsaitlərin ölkəyə gətirilib, xərclənməsindən getmir”. 

Ekspert xaricdəki vəsaitlərin ölkəyə gətirilməsində hər hansı problemin olmadığını bildirib:

“Dövlət Neft Fondunun vəsaitlərinin əhəmiyyətli hissəsinin ölkəyə gətirilməsində problem yoxdur. Problem vəsaitlərin ölkəyə gətirilməsi üçün icazə verilib, verilməməsi ilə bağlı deyil. Problem ondan ibarətdir ki, Dövlət  Neft Fondunun vəsaitlərinin nağd likvitliyi təxminən 1 faizdir, digər vəsaitləri nağd likvitliyə çevirmək üçün vaxt tələb olunur. Dövlət Neft Fondunun vəsaitlərinin heç də hamısını nağd likvit edib, ölkəyə gətirmək mümkün deyil. Bu vəsaitlərin ölkəyə gətirilməsi birmənalı şəkildə zaman tələb edir. O baxımdan indi daha tez lkvit olan vəsaitlərin ölkəyə gətirilməsi təmin olunmalıdır”.

Vüqar Bayramov onu da vurğulayıb ki, indiki məqamda Dövlət Neft Fondunun ehtiyatları ölkədən kənarda daşınmaz əmlaka çevirməsi anlaşılan deyil:

“Əgər ölkədə valyutaya tələbat varsa, nə üçün valyuta ölkədən çıxarılmalı və başqa ölkənin iqtisadiyyatına sərmayə qoyulmalıdır. Dövlət Neft Fondu mövcud aktivlərinin təxminən 4 milyard dollarını ölkəyə gətirə, banklar vasitəsi ilə sahibkarlıq subyektlərinə şəffaf şəkildə və heç bir baryer olmadan verə bilər. Bu, imkan verəcək ki, bir tərəfdən ölkəyə daxil olan valyutanın həcmi artsın, manata təzyiq azalsın, digər tərəfdən bankların valyuta ehtiyatları artsın, həmçinin bu vəsaitlə sahibkarlığı dəstəkləmək mümkün olsun. 

Böhran dövrlərində iqtisadiyyatda “isti pullar”a ehtiyac var. Çox təəssüf ki, indiki məqamda hökumətin və Mərkəzi Bankın əsas siyasəti məzənnənin tənzimlənməsinə nail olmaqdan ibarətdir. Əslində məzənnə və inflyasiya iqtisadi böhran dövrlərində əsas prioritet olmamalıdır. Prioritet iqtisadiyyatın canlanması olmalıdır və iqtisadiyyata həmin “isti pullar”ın daxil olması təmin olunmalıdır”. 

Qeyri-neft sektorunun inkişafı üçün bu vəsaitləri vacib hesab edən iqtisadçı bu haqda təcili qərar verilməsinin zəruriliyini ifadə etdi: “Mərkəzi Bank özündə olan manatı dövriyyəyə ona görə buraxmır və manat bazasını ona görə azaldır ki, manat təklifi azalsın, dolların məzənnəsi daha kəskin yüksəlməsin. Ancaq Dövlət Neft Fondunun 4 milyard dollar vəsaiti ölkəyə gələrsə, valyuta formasında konvertasiya olunub, iqtisadiyyata daxil olarsa, bu, manata təzyiqi artırmayacaq. Ölkəyə valyuta daxil olacaq, sahibkarlıq isə aşağı faizli kredit almaqla, qeyri-neft sektoruna öz tövhəsini verə biləcək.

Bu baxımdan indiki məqamda Dövlət Neft Fondunun sözügedən məbləğdə vəsaitinin ölkəyə gətirilməsi vacibdir. Sahibkarlığın dəstəklənməsinə ehtiyac var. Çətinlik davam etdikcə, iş yerlərinin sayı azalacaq, bağlanan sahibkarlıq subyektlərinin sayı artacaq. Ona görə də, bunun qarşısını almağın yeganə yolu ya xarici borclanmaya getmək, ya da Dövlət Neft Fondunun vəsaitlərinin bir qismini ölkəyə gətirərək, bank yolu ilə sahibkarlara verməkdir. İndiki məqamda bu haqda qərarın verilməsinə ehtiyac var. Dövlət Neft Fondunun vəsaitlərinin ölkəyə gətirilməsinin yubadılması daha böyük problemlərə gətirib, çıxara bilər”. 

Vüqar Bayramovun məlumatına görə, hazırda Dövlət Neft Fondunun vəsaitlərinin əsas hissəsi ABŞ-da və Avropa Birliyindədir:

“Onların bir qismi daşınmaz əmlaka yönəldilib, valyuta formasında Çində 500 milyon yuana investisiya qoyulub. Türkiyə lirəsinə də investisiya qoyulmuşdu, lakin təəssüf ki, səmərəli olmadı. 30 tondan artıq qızıl alınıb. Lakin təəssüf ki, Dövlət Neft Fondu qızılı qiyməti çox yüksək olduğu vaxtda aldı. İndi bu qiymət iki dəfəyə yaxın aşağı düşüb. Ancaq əsas vəsaitlər təbii ki, ABŞ dolları və avro olmaq şərti ilə qiymətli kağızlarda saxlanılır”. 

Musavat.com