XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2016 - 07:35

“Banklar bilir ki, kreditləri geri ala bilməyəcək, ona görə…” – [color=red]Dollarla krediti olanları nələr gözləyir?

Dollar kreditlərinin məsələsi yenidən aktuallaşıb. Bu dəfə yayılan xəbərlərə görə, 10 min dollara qədər krediti olanların borcunu əvvəlki məzənnə ilə – dolların 1,05 manat olduğu məzənnə ilə qaytarması mümkün ola bilər. 

​Ekspertlər bildirirlər ki, bu, əhalinin deyil, əslində bankların xeyrinə atılacaq addımdır. Yəni banklar bu durumda da özlərinin gəlir əldə etməsini düşünürlər. Çünki on min dollara qədər verilən kreditlərdə demək olar ki, girov yoxdur və böyük əksəriyyəti də qaytarılmayan, problemli kreditlərdir. Bu səbəbdən banklar həmin pulu hansısa üsulla dövlətdən, Mərkəzi Bankdan almaq istəyir. 

Son yayılan xəbərə görə, on min dollara qədər olan kreditlərin məsələsi müzakirə olunur və bir neçə günə qərar veriləcək. 

“Devalvasiya nəticəsində dollarda krediti olanların borcları iki qat çoxalıb. Burada bizim fikrimizcə, dövlət dəstəyi lazımdır”,- deyə “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov məsələni bir daha gündəmə gətirib:

“Bildiyim qədər məsuliyyətli borcalanlar üçün əhalinin 10 minədək olan dollar kreditlərinin kompensasiyası məsələsi üzərində işləmək tapşırılıb. Yəni dollarla borc alan 1,05 manat kursla ödəyəcək, borcun aradakı məzənnə fərqini isə Mərkəzi Bankın simasında dövlət qarşılayacaq. Biz 360 min ölkə vətəndaşını əhatə edən bu proqramı az gəliri olan əhalinin devalvasiyanın nəticələrindən dəstəklənməsi istiqamətində çox vacib hesab edirik. Bizim dəyərləndirməmizə görə, bu proqramın maksimal həcmi 450 milyon manat təşkil edir ki, bu zaman maliyyələşmə mənbəyi olaraq milli valyutanın devalvasiyası nəticəsində Mərkəzi Bank tərəfindən əldə olunmuş həmin 3 milyard manatın bir hissəsi çıxış edə bilər”. 

Həmçinin bildirilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, kommersiya bankları və ekspertlərlə birlikdə dolların məzənnəsinin bahalaşmasından doğan problemlərin həllinə yönəlik müzakirələr aparılıb. 

Mərkəzi Bankdakı mənbədən modern.az saytına verilən məlumata görə isə, yanvar ayının 20-dən sonra birgə qəbul edilmiş yeni qərarların icrasına başlanılacaq. İlk olaraq dollarla olan kreditlərlə bağlı yaranmış problemin həlli gözlənilir. Belə ki, yaranmış iqtisadi çətinlik şəraitində onsuz da borcunu ödəmək iqtidarında olmayan insanların vəziyyəti nəzərə alınaraq 10 min dollara qədər krediti olanların 21 dekabr devalvasiyasından əvvəlki məzənnə, yəni 1 dollar = 1,05 manat ödənişinə qərar veriləcək. Həmçinin şərtlər dəqiqləşdirildikdən sonra ipoteka kreditlərinin verilməsi bərpa olunacaq. 

Qeyd edək ki, ipoteka krediti üçün ayrılan vəsaitin 50 min manatdan 100 min manatadək artırılması da nəzərdə tutulub.

Ekspertlər yayılan xəbərləri fərqli aspektlərdən dəyərləndirirlər.

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, prinsipcə, 10 min dollara qədər olan kreditlərdəki məzənnə fərqi ödənilə bilər:

“Amma burada bir məsələ var. Banklar bunu etsə, onların itkilərini kim kompensasiya edəcək? Hökumət, yaxud Mərkəzi Bank kompensasiya edəcəksə, bunun üçün ayrıca qanun layihəsi lazımdır. Resurslar lazımdır. Ölkənin resursları çox azdır, məhduddur. Büdcədə bununla bağlı heç bir ödəniş nəzərdə tutulmayıb. Yenidən büdcəyə baxılmalıdır. Büdcədə əlavə vəsait təsbit olunmalıdır. Yəni Mərkəzi Banka əlavə səlahiyyət verilməlidir ki, bunları həyata keçirsin. Çünki bankların da xarici tərəfdaşları qarşısında öhdəlikləri var, daxili kreditləşməni təmin etmək üçün valyuta cəlb ediblər. Onlar köhnə məzənnə ilə xarici tərəfdaşlarına valyuta qaytara bilməyəcəklər. Ona görə məzənnə fərqinin ödənilməsi texniki cəhətdən mümkün olsa da, mənbələri, resursları lazımdır. Resurslar görünmür. Açığı, bu addımın atılacağına inam çox azdır. Amma hətta alınsa belə, bu, məsələnin tam həlli deyil. Çünki insanların onsuz da 1,05-lə də kreditləri geri qaytarmaq imkanı yoxdur. İş yerləri bağlanır, gəlirlər azalır. Gəlirlərin azalması fonunda kreditləri köhnə məzənnə ilə də qaytarmaq çətin olacaq. Bunun bir izahı da var. İkinci devalvasiyaya qədər Azərbaycanda geri qaytarılmayan kreditlərin həcmi iki dəfə artmışdı artıq. Köhnə məzənnə ilə də artıq insanlar kreditlərini qaytara bilmirdilər. Ötən il yanvarın 1-də 900 milyon olan problemli kreditlər noyabrın 1-nə 1,6 milyarda qədər qalxmışdı”.

Ekspert Əkrəm Həsənov isə musavat.com-a açıqlamasında qeyd edib ki, bu məsələ birinci devalvasiyadan sonra da gündəmə gəlmişdi, amma reallaşmadı: “Kreditlərin əvvəlki məzənnə ilə qaytarılacağı bildirilir, hansı mexanizmlə olması heç yerdə deyilmir. Son olaraq ”Unibank" rəsmisinin çıxışından sonra məsələ yenə aktualdır. Bank rəsmisi bildirib ki, məzənnə fərqini Mərkəzi Bank ödəsin. Məzənnə fərqi ilə bağlı təklifi banklar verir. Banklar Mərkəzi Banka deyirlər ki, sən devalvasiyadan 3 milyard qazanmısan. Gəl, indi bizim müştərilərimizin 10 min dollara qədər olan borclarındakı məzənnə fərqini ödə. Müştərilər borclarını əvvəlki məzənnə ilə qaytarsınlar, yaranan fərqi, o 50 qəpiyi Mərkəzi Bank banklara ödəsin. Aydın məsələdir ki, banklar o borcu kiməsə bağışlamayacaqlar. Kimsə o pulu banklara ödəməlidir, fərqi yoxdur dövlət, bələdiyyə, hansısa varlı insan gəlib o pulu banklara verməlidir. Banklara "borcu əvvəlki kursla qəbul et" demək qanunsuzluqdur. 

Bunu yalnız məhkəmə deyə bilər. Amma dövlət, xüsusən də Mərkəzi Bank banklara göstəriş verə bilməz. Amma indi banklar niyə belə təşəbbüs irəli sürür? Bu, əhaliyə hesablanmış addım deyil. Bankların xeyrinə olan addımdır. Ona görə ki, on minə qədər kreditlər üzrə bir qayda olaraq girov yoxdur. Əhali də işsizdir, işsiz olmayanın da maaşı aşağıdır, özünü ancaq təmin edir. Bank da başa düşür ki, onsuz da o krediti qaytara bilməyəcəklər. Vətəndaşın pulu yoxdur. Banklar bilir ki, kreditləri geri ala bilməyəcək, ona görə dövlətə deyir ki, faktiki olaraq sən bizə ödə. Həm də banklar bununla öz işlərini asanlaşdırırlar. Həmin vətəndaşları məhkəməyə verməkdən qurtulurlar və bütün fikirlərini 10 mindən çox borcların üzərində cəmləyirlər. Çünki onlarda girov var. İstisna etmirəm ki, bu təklif qəbul edilsin. Amma burada əsas hədəf əhali deyil, əhaliyə kömək deyil. Əsas hədəf banklara kömək etməkdir".