XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

07 May 2015 - 05:15

Dəyişə bilməyən müxalifət necə dəyişdi? – Siyasətçilər yetişdirəcək institutlar yoxa çıxır -TƏHLİL

Azərbaycanı idarə edəcək siyasətçilər yetişdirməli olan institutlar yoxa çıxır

Müsavat Partiyasında yaranmış böhrandan sonra, əminliklə demək olar ki, Azərbaycanda çoxpartiyalı sistem artıq iflasa uğradı. İndi daha ölkədə böyük siyasi imkanları olan təşkilat qalmayıb. Hakimiyyətin yürütdüyü siyasət və müxalifət partiyalarının səhvləri bugünkü böhranı labüd ediridi.

Bir çox səbəblərdən böhran çox gec baş verdi, əslində siyasi səhnədə ciddi dəyişikliklərə on il əvvəl ehtiyac vardı. Elə bu günlərdə “Azadlıq” radiosuna müsahibə verən Norveçin Azərbaycandakı keçmiş səfiri, müxalifətin dostu Steynar Gil də müxalifətin dəyişməsinin zəruri olduğunu vurğulamışdı: keçmiş diplomat AXCP və Müsavata hələ də Əli Kərimli və İsa Qəmbərin rəhbərlik etməsinə təəccüblənmişdi.

Böhranda hakimiyyətin rolu aydındır: seçki sisteminin de-fakto ləğvi, alternativ siyasi institutlara, vətəndaş cəmiyyətinə, mediaya qarşı təzyiqlər gözlənilən nəticəni verdi. Siyasət, partiyalar bir inkişaf yolu kimi minalandı, gənclərin bu istiqamətdə karyera axtarışlarına son qoyuldu. Bununla partiyaların cəmiyyətin həyatındakı rolu kiçildi, onların cazibədarlığı itdi, şüarları marginallaşmağa başladı.

Alternativ mövqedə dayanıb siyasətlə məşğul olmaq kimi təhlükəli məşğuliyyət xalq hərəkatından gələn bir neçə siyasi liderin və onların ətrafındakı fədakarların hobbisinə çevrildi.

Seçkilərin uzun müddət eyni nəticə ilə bitməsi də cəmiyyətin bu qüvvələrə qarşı münasibətini dəyişdi. Vətəndaşların bir hissəsi iqtidardan narazı olsa da, müxalifət onların “stavka” edəcəyi gücə çevrilmədi. çünki müxalifətin şüarı dinc, demokratik üsullarla hakimiyyətə gəlməkdir. Amma hakimiyyət bu mexanizmləri ortadan tamamilə qaldırıb: bunu cəmiyyət də görür və müxalifətdən uzaq durmağa çalışır.

Hakimiyyətin müəyyənləşdirdiyi bu çevrədə müxalifətin ayaqda qalması, əlbəttə, çətindir. Amma elə məsələlər var ki, onların zamanında həll olunmaması siyasi partiyaları müqavimətsiz hala gətirdi. Əvvala, müxalifət düşərgəsində birliyin olmaması, iki onillik ərzində davam edən intriqalar cəmiyyətə çox pis mesajlar ötürdü. Hakimiyyət də daxili problemlərdən məharətlə isitifadə edib düşərgənin daha da parçalanmış vəziyyətdə qalmasını təmin etdi.

Hakimiyyətə qarşı seçilmiş mübarizə üsulları da cəmiyyətdən böyük dəstəyin gələməməsinin əsas səbəblərdindən biridir. Siyasi liderlərə hakim kəsilən qisasçılıq hissi toplum tərəfindən qəbul olunmur. Qisasçılıq demokratiya uğurunda mübarizənin atributu deyil, şəxsi, hakimiyyət davasının əsas elementidir. İnsanlar belə davalarda öz mənfəətlərini görmürlər, eyni zamanda nətəcəsi əvvəlcədən məlum olan mübarizənin qurbanına çevrilməkdən qaçırlar.

Böhranı şərtləndirən daha bir problem radikal mübarizə xəttinin seçilməsidir. Azərbaycanda siyasi inkişafı əngəlləyən, hakimiyyəti qəddar davranışlara təhrik edən başlıca səbəblərdən biri budur. Siyasi düşmənçilikdə ehtiyac və qorxu içində olan vətəndaşlardan dəstək gözləmək absurddur. Ona görə də prosesdə müxalifət həmişə meydanda tək qalıb, cəmiyyət onun harayına gəlməyib. Yaxın tarixdə bir neçə dəfə siyasi mühitin liberallaşması üçün şanslar olub. Amma hər dəfə qisasçılıq hissi qalib gəlib, iqtidar-müxalifət münasibətləri radikal düşmənçilik ab-havasında qalıb. Ki, bu da sonralar bilavasitə hakimiyyətin faydalandığı prosesə çevrildi.

Əgəri siyasi mühitin liberallaşdırılması baş tutsaydı, müxalifət marginallaşmaqdan qurtulardı, cəmiyyət həyatının bir hissəsinə çevrilərdi, ətrafında imkanlı adamlar toplaşardı, gənclərin karyera axtardığı subyektlər sırasında olardı. Beləliklə, hansısa mərhələdə ölkənin demokratik sistemə keçdi cəmiyyətin təlabatına çevriləckdi. Bunun qarşısnı nə xarici qüvvələr, nə də hakimiyyət ala bilərdi. Hətta iqtidarın özünün rahat keçiddə maraqlı olacağı labüd olardı.

Müxalifətin əsas problemlərindən biri də demokratiyanın carçısına çevrilsə də, öz strukturlarında demokratiyanı təmin edə bilməməsi idi. Heç bir partiya cəmiyyətə yaxşı nümunə göstərə bilməyib, çünki avtoritar idarəçiliyə əsaslanıb. Partiyalar, bir qayda olaraq, şəxsiyyələrin ətrafında formalaşıb, bu da antidemokratik mühiti təmin edən, siyasi inkişafı əngəlləyən başlıca faktordur. Diqqət yetirək, Etbar Məmmədovun ətrafında formalaşmış AMİP, onun gedişindən sonra hansı duruma düşdü? Mərhum Əbülfəz Elçibyin vəfatı AXCP-nin bir neçə yerə parçalanmasına gətirib çıxarmadımı? Nəhayət, İsa Qəmbərin başqanlıqdan getməsi Msavat Partiyasının faciəsinə səbəb oldu. çünki partiyaların elitalarında demokratik təfəkkürlü siyasətçilərə nadir hallarda rast gəlinir. Onların öz daxillərində müəyyənləşdirdikləri oyun qaydaları hakimiyyətdən qətiyyən fərqlənmir. Seçki sistemləri formal xarakter daşıyır, sədrin iradəsi bütün seçkili orqanlarda öz sözünü deyir. Aşağı strukutrların mövqeyi prosesə demokratik fon geyindirməkdən o tərəfə bir işə yaramır.

Bu partiyalar təkcə özlərini yeniləməkdən imtina etməyiblər, eyni zamanda yeni siyasi qüvvələrin meydana çıxmasına imkan verməyiblər. Əllərində olan resurlardan bu cür meylləri beşiyindəcə boğmaq üçün istifadə ediblər. Təsadüfü deyil ki, ənənəvi partiyaların iflasından sonra yeni siyasi təşəbbüslər meydana çıxmağa başladı. Siyasi marginallıq və təzyiq mexanizmlərinin sıradan çıxması, sosial şəbəklər yeni qüvvələrin görünməsini əngəlləyə bilmir. Müxalifət məcbur olub yeni insanların təmsilçisi olduğu siyasi qruplarla bir ittifaq qurmağa, onlarla həmfikir kimi görsənməyə çalışır. çünki hətta indiki şərtlər daxilində belə, siyasi reallıqlarla ayaqlaşa bilmədiyinin fərqindədir.

Yekun olaraq, onu qeyd edək ki, siyasi palitranın bu durumda olmasından bütövlükdə Azərbaycan itirir. ölkəni yönəltməyə siyasi institutlarda yetişmiş, siyasi mübarizələrdən keçmiş insanlar lazımdır. Siyasətçilər siyasi məkanda, rəqabət şəraitində yetişirlər. Hansısa ali məktəbin siyasi elmlər üzrə yetirməsi siyasətçi ola bilməz. Bu barədə hakimiyyət düşünməlidir, müxalifət də öz səhvlərini təhlil edib nəticələr çıxarmalıdır. İnkişafın təməli dəyişməkdir!

Tuqay Kərimli

Strateq.az