XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2016 - 11:06

Azərbaycanda böhranın gözlənilən nəticələri: [color=red] Hökumətin zor tətbiqi vətəndaşı hər an İŞİD mərmisinə çevirə bilər!

aksiya-1.jpg

Ölkə iqtisadiyyatının getdikcə dalana dirənməsi, əhalinin sosial vəziyyətinin kəskin pişləşməsi ictimai narazılıqlarla müşahidə olunur. Artıq bir sıra rayonlardan etiraz aksiyaları xəbərləri gəlir. Bir tikə çörək almağa pulu çatmayan, kəskin inflyasiya nəticəsində alıcılıq qabiliyyətini itirən vətəndaşlar canlarını dişlərinə tutub meydanlara axışırlar. Hələlik, icra və hüquq-mühafizə orqanları narazıları sakitləşdirə bilsələr də, etirazların nəticəsiz qalması kütləvi hal alan aksiyaların nəzarətdən çıxmasına yol aça bilər.

Vəziyyət isə tezliklə düzələnə oxşamır. Azərbaycan iqtisadiyyatının şah damarı sayılan neftin qiymətləri getdikcə aşağı düşür və ucuzlaşma prosesinin hələ uzun müddət davam edəcəyi gözlənilir. Hakimiyyətin əlində başqa alternativlərin olmaması isə özünü həyata keçirilən antiböhran tədbirlərində göstərir.

Ən dəhşətlisi isə budur ki, hakimiyyət böhrandan çıxış yolu kimi gördüyü tədbirlər planı üzərində də sabit-qədəmliyini qoruya bilmir. Bu gün dövlət adından verilən vədlər sabah puça çıxır, qəbul edilən qərarlar bir neçə gündən sonra ləğv olunur, nəticədə ümidləndirilən insanların əllərindəki beş-on qəpiyi yatırdıqları layihələr də batır, korrupsioner məmurların acgözlüyünə qurban gedir.

Bunun ən bariz nümunəsi bir müddət əvvəl dəyəri 10 min dollara qədər olan mallara rüsum alınmadan ölkəyə keçirilməsi ilə bağlı məlum sərəncam idi. Əhalinin bəzi qısmi, xüsusilə sərhəd bölgələrində yaşayan vətəndaşlar bu göstərişdən həvəslənərək əllərindəki mülkiyyətini satıb pula çevirmiş, qonşu dövlətlərdən Azərbaycana mal gətirməyə qərar vermiş və bununla bir tikə çörək qazanacağına ümid bəsləmişdi. Bu ümid isə özünü doğrultmadı, qısa müddətdən sonra həmin göstəriş ləğv olundu. Sözsüz ki, belə bir vəziyyətdə “həm ipi, həm iti əlindən çıxan” vətəndaşın hakimiyyətdən narazı düşməməsi üçün heç bir səbəb də qalmadı.

Hakimiyyətin sosial tələblərlə etiraz aksiyası keçirən narazı kütləyə qarşı davranışları da olduqca təhlükəli perspektivdən xəbər verir. Bu zamana qədər vətəndaşları dəyənək gücünə idarə etməyə çalışan zehniyyət gün-güzaran, bir tikə çörək tələbləriylə meydana çıxan narazıları eyni qaydada cəzalandırır, həbsə atır, adlarının önünə xoş olmayan epitetlər yapışdırır. Halbuki, tarix aclara qarşı mübarizədə qılıncın təsirsiz qaldığını dəfələrlə sübut edib, ailəsini dolandırmaq üçün bir qarın çörək istəyənləri dəyənək gücünə susduracağına inananları xəyal qırıqlığına uğradıb. Atalardan qalma misalda deyildiyi kimi, “ac qılınca çapar” aforizmi minillərin təcrübəsinin ən lakonik ifadəsidir və narazılığı bu yolla həll etmək istəyənlərin qulağında sırğa olmalıdır.

Tarix sübut edir ki, sosial narazılığın dəyənək gücünə basdırılması etirazların qısamüddətli səngiməsinə yol açsa da, sıxılmış qaz effekti verir, daha ciddi partlayışlara, dağıntılara səbəb olur, aksiyanın kütləviliyini artırdığı kimi, tələblərini də dəyişdirir. Dünən “iş, aş” tələbiylə küçələrə tökülən narazılar sabah problemin kökünü onun tələblərini qulaq ardına vuran hakimiyyətdə görür və siyasi şüarlarla daha geniştərkibli mübarizəyə başlayırlar.

Üstəlik, demokratik yollarla aparılan etiraz aksiyalarının nəticə vermədiyini görən narazıların mübarizə metodlarını dəyişdirmək ehtimalı da var. Cəmiyyətimizdə get-gedə quldurluq, oğurluq, özünəqəsd kimi faktların artması demokratik mübarizənin tədricən vətəndaş müharibəsinə doğru sürükləndiyinin ilkin xəbərçisidir. Hakimiyyət ictimaiyyətin müxtəlif yollarla verdiyi bu mesajları düzgün analiz etməli, həm özünün, həm də  cəmiyyətin xeyri üçün demokratik mübarizənin yolunu açmalı, narazılığın məhz bu istiqamətdə axışına çalışmalıdır. Bu, istər-istəməz, xalqın daxilinə toplanmış etiraz enerjisinin tədricən çıxarılmasına kömək edər, acgöz məmurların vətəndaşlarla dil tapmasına zəmin yaradar, nəticədə onlar sosial yardımlaşma yolunu tutar və ölkənin bu çətin böhran mühitindən daha rahat çıxmasına zəmin hazırlaya bilər. Dəyənək gücünə narazılığın yatırılması isə talançı məmurların xalqla yaxınlaşmasını nəinki təşviq etmir, hətta sosial təbəqələr arasındakı uçurumu genişləndirir, cəmiyyəti antaqonist qruplara ayırır.

Ölkəmizdə xüsusilə intihar hadisələrin artması vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir. İnsanlar banklara qaytara bilmədiyi borca, uşağına almaqda çətinlik çətdiyi məktəb ləvazimatına, çörəyə görə öz canlarına qəsd edirsə, hökumət ölkənin perspektivi haqqında düşünməlidir. Çünki bu gün intihara əl atan hər bir kəs ölkəmizdə kök salmaq potensialına malik İŞİD, Hizbullah kimi radikal islami cərəyanların boşa atılmış xəbərdarlıq atəşləri və ya “xolostoy patron”larıdır. Sabah bu patronlar içərisi həqiqi güllələrlə doldurulan dəhşətli bir silaha çevrilə bilər.

Hər halda mərmiyə çevrilməyin canından bezmiş insanlar üçün “xolostoy patron” olmaqdan daha effektli və şərəfli mübarizə yolu kimi görünmək ehtimalı da istisna olunmamalıdır. Zira “xolostoy patron”lardan fərqli olaraq, “həqiqi mərmilər” təkcə özləri partlamır, həm də onlara yaşamaq haqqı verməyənləri sıradan çıxarır, üstəlik bir çox dini cərəyanlar tərəfindən bu əmələ müqəddəslik donu geyindirilir, öldükdən sonra cənnət vəd edilir. “Həqiqi mərmi”lərin geridə buraxdıqları ailələrinin də “xolostoy”lardan fərqli olaraq fundamentalist qüvvələrin himayəsinə götürülməsi ehtimalı canından bezənlərin rahatlıqla onlara qoşulmasına zəmin hazırlayır.

Hakimiyyətin antiböhran tədbiri kimi əl atdığı vasitələrdən biri də bir sıra gündəlik tələbat mallarının qiymətiylə oynanmasıdır. Məsələn, etirazları nəzərə alan hakimiyyət narazılıqları sakitləşdirmək üçün çörəyin və unun qiymətində müəyyən güzəştlərə getməli oldu. Edilən güzəşt isə sadəcə, bu strateji məhsulların əlavə gəlir vergisindən azad olunması idi. Nəticədə vaxtilə 12 manata satıldığı halda, sonradan 26 manata qaldırılmış bir kisə unun qiyməti 23-24 manata düşdü. Devalvasiya nəticəsində 50 qəpiyə qalxan çörək isə yenidən 40 qəpiyə satıldı.

Sözsüz ki, bu kimi tədbirlər vətəndaşları qismən sakitləşdirə biləcək. Amma bu sakitləşdirmənin ömrünün uzun olacağına ümid etmək də yersizdir. Üstəlik, sadəcə unun və çörəyin qiymətinin endirilməsi ictimaiyyətin hakimiyyətə ünvanladığı mesajın düzgün anlaşılmadığından xəbər verir. Belə ki, rayonlarda ayağa qalxan etirazçılar çörək tələb edəndə heç də konkret bir məfhumdan bəhs etmir, gün-güzarandan şikayətlənirdilər. Görünür, hakimiyyət bu tələbi hərfi mənada anlayır və addımını da buna görə atır. Halbuki, yalnız çörəyin qiymətinin 10 qəpik ucuzlaşdırılması bir ailənin büdcəsinə ayda adambaşına  3 manat qənaət etdirə bilər. Bununla isə heç bir yara sağalmaz, problem həllini tapmaz…

Hakimiyyət xalqın gün-güzəranının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər kompleksi həyata keçirməlidir. Bu tədbirlər ilk öncə iqtisadiyyata nəzarəti məhdudlaşdırmalı, insanlara böhran vəziyyətində başının çarəsini qılmağa şərait yaratmağa xidmət etməlidir.

Ən önəmli tədbirlərdən biri büdcənin yükünü azaltmaq üçün ciddi kadr ixtisarlarına getmək, məmurlar ordusundan imtina etməkdir. Yüklü büdcə əhalinin daha çox talanması, böhran nəticəsində onsuz da kasıblaşan vətəndaşların daha artıq soyulması mənasına gəlir. İndiyə qədər neftdən gələn pullardan əhaliyə “susmaqpayı” ayırmaqla artırılan məmur ordusu stabilliyin təminatı kimi dərk olunur və həqiqətən də müəyyən nəticələr verirdi. Neft gəlirlərinin azalmasıyla həddindən çox artmış məmur kütləsi isə büdcəni yeyən parazit bolluğu deməkdir.

Əlbəttə ki, işindən atılacaq xeyli məmur kütləsi həm də narazıların sırasını artırmağa xidmət edir və bu da indiki böhran anında təhlükənin miqyasını böyüdür. Bununla belə, siyasi hakimiyyət bu zamana qədər “sus payı” verdiyi zümrəyə real iqtisadiyyatla məşğul olmaqdan, əllərində topladıqları pullarla istehsal sahələri yaratmaqdan başqa çarələrinin olmadığını açıq-aşkar deməli, yeri gələndə onlara bu istiqamətdə öz köməkliyini əsirgəməməlidir. Çünki ölkənin bu ağır sınaqdan çıxmasının yeganə yolu yerli istehsal sahələrinin yaradılmasından keçir. Nə yazıq ki, hakimiyyətin antiböhran siyasətlərinin heç biri biri bu istiqamətə yönəlməyib.

Məsələn, hökumətin "suni qiymət artımı" adı altında "möhtəkirliyə qarşı mübarizə" siyasəti onsuz da ağır vəziyyətdə olan yerli istehsalçıları sıradan çıxarır. İxrac mallarının dollarla alındığına görə yaranan qiymət artımına təbii, yerli istehsalçıların alın tərinin hesabına başa gələn malların qiymət dəyişikliyinə isə süni bahalaşma kimi baxan hakimiyyətin iqtisadiyyat üzərində inzibatçılığı olduqca təhlükəli tendensiyanın yaranmasına aparıb çıxarır.

Əvvəla, bu siyasət xammalın bir hissəsini və ya tamamını xaricdən alan yerli istehsalçılarımızın işgüzarlıq təşəbbüslərinin önünü kəsir, onları zəiflədir və tənəzzülə doğru sürükləyir. İkincisi isə, Azərbaycanın investisiya mühitini daha da ağırlaşdırır, xarici kapitalın ölkəmizə cəlbinin qabağını alır. Hətta Azərbaycanın öz milli burjuaziyasının ölkədən qaçmasına, kapitalının başqa ölkələrə axmasına yol açır. Bu isə işsizlik həddinin yaxın günlərdə daha ciddi şəkildə artması, narazılar ordusunun böyüməsi deməkdir. Hakimiyyət bu qısamüddətli çözüm planıyla əslində öz oturduğu budağı baltalayır, cəmiyyəti qarşıdurmalara aparır.

Qiymətlərin ucuzlaşdırılmasının ən optimal yolu bir sıra sahələrdə çoxsaylı, eynimahiyyətli təsərrüfat subyektlərinin yaradılmasıdır. Bu, istər-istəməz, bazardakı qiymətləri də tənzimləyər, azaq rəqabətə söykənən iqtisadi münasibətlər yerli malların qiymətini də ucuzlaşdırar.

İqtisadiyyat üzərində nəzarətin tamamilə ortadan qaldırılmasının Azərbaycana xarici kapital axışına yol açacağı ehtimalı heç də bu yazı müəllifinin fantaziyasının məhsulu deyil. Bu gün təkcə Rusiyanın müxtəlif bölgələrində iş həyatına atılan xeyli sayda soydaşlarımız var ki, qürbətdə böyük məhrumiyyətlərlə qazandıqlarını qorumaq üçün “yaşıl ada” axtarışındadır. Beynəlxalq sanksiyalara məruz qalan Rusiyadan nə Avropaya, nə də bu ölkəylə münasibətlərini korlayan Türkiyəyə gedə, təsərrüfatlarını həmin yerlərə köçürə bilirlər.

Rusiyayla münasibətlərində hələlik heç bir problemi olmayan Azərbaycanın isə onlar üçün cənnətə çevrilmək şansı var. İqtisadi vəziyyətinin pisləşməsiylə hər an etnik problemlərin girdabına düşəcəklərini düşündükləri Rusiyadansa, öz doğulub böyüdükləri ölkəyə köçüb gəlmələri onların həm də can güvənliyidir. Hakimiyyətin iqtisadiyyat üzərindəki basqıçı tutumu, məmur özbaşınalığının artması, “süni qiymət artımı” kimi heç bir iqtisadi əsası olmayan tədbirlər planı isə imkanlı soydaşlarımızı bu addımı atmaqdan çəkindirir, işlərini “batan gəmidə” davam etdirmələrini şərtləndirir.

Ölkə vətəndaşlarını böhran xofundan xilas etməyin digər bir yolu bank borclarıyla bağlı aparılacaq islahatlardır. Bankların indiki anda onsuz da çətin vəziyyətdə olan insanlardan borclarını tələb etmələri, girov müqabilində qoyulan mülkiyyətləri dəyər-dəyməzinə hərraca çıxarmaları insanlarımızı çarəsizliyə sürükləyir, narazılığı artırır. Təsadüfi deyil ki, bu gün getdikcə artan intihar hadisələrinin böyük qismi banklarla olan narazılıqlardan qaynaqlanır.

Hakimiyyət bankların bu tələblərinin qarşısını almalı, lazım gələrsə, vətəndaşların borclarını kompensasiya etməli və ya ödəmə zamanını dondurmalıdır. Əks halda, bu cür tələblər onsuz da borclarını qaytarmaq gücündə olmayan insanları öz dövlətinə, onun siyasi iradəsinə düşmən etməkdən başqa heç bir işə yaramayacaq.

Vətəndaşları sıxan problemlərdən biri də kommunal xərclərdir. Hər ay işığa, suya, qaza ödənən xeyli vəsait ailə büdcələrini daraldır, bəzən kommunal xərcləri ödəyə bilməyən vətəndaşların bu imkanlardan istifadə etmək fürsətləri məhdudlaşdırılır, yəni qazı, suyu, işığı kəsilir. İndiki dövrdə çörəklə imtahana çəkilən vətəndaşların kommunal imkanlarının məhdudlaşdırılması, istər-istəməz, sosial gərginliklərə yol açır.

Təsadüfi deyil ki, neftin qiymətləri hardasa 15-20 il əvvəl də bu səviyyədə idi, amma insanlarımız indiki qədər acınacaqlı həyatla üzləşməmişdilər. Bunun səbəbi məhz o dövrlərdə kommunal xərclərin bu qədər yüksək olmaması, borcunu ödəyə bilməyən sakinlərə xoşgörüylə yanaşılmasıyla bağlı idi. İndisə eyni münasibətlə üzləşməyən sakinlər, istər-istəməz, narazı salınırlar. Yaxşı olar ki, xalq özünə gələnə qədər kommunal xərclərin toplanmasında müəyyən güzəştli yanaşmalar sərgilənsin…

Azərbaycan hakimiyyətinin ən böyük səhvi neftə ümid bağlamağın mənasız olduğunu anladığı halda, bu ümidsiz də yaşaya bilməməsindədir. Zənnimizcə, böhranın ən böyük göstəricisi də elə budur. Hələ də rəsmi təbliğat vasitələri və hakimiyyətə yaxın mətbu orqanlar gözlərini enib-qalxan neft qiymətlərinə zilləyib, bir-iki sentlik artışı böyük müjdə kimi vətəndaşlara çatdırırlar. Açıq şəkildə bir ildən sonra neftin qiymətlərinin yenidən yüksələcəyi ilə bağlı verilmiş proqnozlara sevinirlər.

Halbuki ac və səfalət içərisində çabalayan vətəndaşların nəinki bir ilə, hətta sabaha belə ümidləri tükənib. Onları bu cür müjdələrlə sevindirmək cəhdləri hakimiyyətin çarəsizliyi barədə qənaətləri möhkəmləndirir və vətəndaşları daha çox ümid qırıqlığına salır.

Digər böyük qəbahət narazı kəsimlərin verdiyi mesajların doğru anlaşılmaması və aksiyaların səbəbini xarici təsirlərdə axtarılmasındadır. Bəzi siyasi analitiklər ortaya çıxan narazılıqlarda fars, rus barmağının mühüm rol oynadığına inanırlar. Sözsüz ki, Azərbaycanın müstəqilliyini istəməyən hər bir dövlətin elə bir niyyəti ola bilər. Amma gərək bizim başbilənlərimiz də onlara bu fürsəti verməyə. Ümumiyyətlə, dövlətin bir nömrəli vəzifəsi vətəndaşlarını bu cür təsirlərdən sığortalamaqdır. İntəhası, bu sığortalama dəyənək gücünə deyil, vətəndaşın rifah halının yaxşılaşdırılması hesabına həyata keçirilməlidir. Yoxsa ağzını açıb dərdini demək istəyəni “5-ci kolon” adlandırıb zorakı yolla sakitləşdirmək istəsən, nəinki məqsədinə çatmaz, əskinə, başqa dəyirmanlara su tökmüş olarsan.

 

Heydər Oğuz

Strateq.az