Bir neçə gün öncə millət vəkili Zahid Oruc qida sənayesi və ölkədəki qida inhisarçıları barədə verdiyi açıqlamada "Azərsun Holdinq"i süni qiymət artımında ittiham etmişdi. Şirkət də öz növbəsində deputata ümumi sözlərlə cavab verərək, onu qərəzdə və şirkətə iftira atmaqda ittiham edib.
Strateq.az Moderator.az-a istinadən xəbər verir ki, millət vəkili Zahid Oruc yenidən bu şirkətə qarşı ittihamlar irəli sürüb, şirkətdən ortada olan açıq suallara cavab istəyib.
Ölkə miqyasında kiçik bir köşkə belə sahib olmadığını bildirən millət vəkili "liberal iqtisadi mühitin yaradılmasına dair etdiyim çağırışı gərək normal qarşılayaydılar" deyərək, aşağıdakı sözləri bildirib:
"Rusiya dövləti qırıcı təyyarəsinin düşürülməsinə görə qəzəblənəndə Türkiyəni həm də pomidorla vurdu. İndi də eyni işi bir şirkət görür. "Azərsun" gərək ayrı yolla gedəydi. Publisistik cavab yerinə, son bahalaşma dalğasında əl atdıqları qiymət artımını elə 30 faiz aşağı salsaydılar, bizə daha təsirli qarşılıq vermiş olardılar. Onda titullu salonlardan elan etdikləri “gəlirlərini itirməyi müştəri itirməkdən üstün tutduqları”nı nümayiş etdirmiş olardılar. Əgər pomidoru ixrac etdiklərini söyləyirlərsə, onda qiyməti hansı əsasla qaldırırlar? Bu yerdə cavabları da məhsullarına oxşadı.
Adamlar fərqində deyillər ki, cənab prezident İlham Əliyev 10 yanvar müşavirəsində inhisarçılığın ləğvini neftdən asılılığımızın aradan qaldırılması üçün bir nömrəli vəzifə kimi elan etdi. İndi görəndə ki, qida sektorunda "Azərsun"un mühüm bir gücə çevrilməsinə qarşı ölkə rəhbərinin, hökumətin və bütün vətəndaşların birgə mövqeyi var, adamlar başlayıblar müqavimət göstərməyə. Halbuki rəqabət mühiti yarandıqca təkcə bir neçə şirkət özünün biznes layihəsini millətimizə minnət kimi sırıya bilməyəcək və on minlərlə insanımız halal burjuaziyanın gerçək təmsilçilərinə çevriləcəklər. Bax, onda bazarın kiçik bir hissəsinə çıxacaq şirkət kimi "Azərsun"un da fəaliyyəti nə mədəmizdə, nə də mənəviyyatımızda qıcıq doğurmayacaq.
Millət vəkilini biznes qurumu ilə müqayisə etməyə və tərcümeyi-halımıza gəldikdə isə qanunvericiliyin şərtinə görə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq bizə yasaq edildiyindən, bütün ölkə miqyasında kiçik bir köşkə belə sahib olmadığımdan liberal iqtisadi mühitin yaradılmasına dair çağırışı gərək normal qarşılayaydılar.
Haqqımızda geniş bilgini əldə etmək üçün 15 ildir müxalif medianın ünvanımıza yazdıqları təhqiri götürüb bir də baxsınlar. Görəcəklər ki, eyni üslubda cavab veriblər. Halbuki bizlər Ulu öndər ideyalarına halal xidmətimizi “qara fəhlə”liklə keçiririk".