Ermənistan Rusiyadan ölkəyə nəql olunan təbii qazın qiymətinin aşağı salınmasını istəyib. Bu barədə bu gün bir qrup sahibkarla görüşündə Ermənistanın Baş naziri Ovik Abramyan məlumat verib.
Bu gün Ermənistan Nazirlər Kabinetinin açıqlamasında bildirilib ki, yerli sahibkarlar enerjidaşıyıcılarının qiymətinin yerli məhsul istehsalına və məşğulluğun təmin edilməsinə neqativ təsir göstərdiyini açılqayıblar.
Yerli sahibkarlar Baş nazirdən dünya enerji bazarında enerjidaşıyıcılarının qiymətinin aşağı düşməsini nəzərə alaraq Avrasiya İqtisadi Birliyi çərçivəsində strateji müttəfiqi olan Rusiyaya təbii qazın qiymətinin aşağı salınması ilə bağlı müraciət olunmasını xahiş ediblər. Onlar, həmçinin, Ermənistanın aldığı təbii qazın haqqının ABŞ dolları ilə deyil, yerli valyuta ilə ödənilməsi məsələsini qaldırıblar.
Ermənistan Baş naziri isə qeyd edib ki, “Rusiya Federasiyası və digər tərəfdaşlarla iqtisadi münasibətlərin inkişafı əhəmiyyətli dərəcədə iqtisadiyatın rəqabət qabiliyyətini məhdudlaşdırmayan enerjidaşıyıcılarının qiymətindən asılıdır”.
O, artıq Rusiyaya Ermənistana ölkəyə nəql olunan təbii qazın qiymətinin aşağı salınması xahişi ilə müraciət oldunduğunu deyib. Abramyan Yerevanın müsbət cavaba ümid etdiyini də söyləyib.
Hazırda Ermənistan Rusiya qazını güzəştli tariflərlə alır. Tərəflər arasında əldə olunan razılaşmaya görə, 1 yanvar-31 dekabr 2015-ci il tarixlərində Yerevan hər min kubmetrə görə 165 ABŞ dolları ödəyib. Rusların məlumatına görə, bu cür güzəştli qiymətə görə, ötən il ermənilər 104 milyon dollara qənaət ediblər. Digər ölkələrə müqayisədə Moskva ermənilərə qaz satışı məsələsində 30% güzəşt edib.
Strateq.az