Müsavat Partiyası başqanının müavini Osman Kazımov Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərə, Müsavat Partiyasının başqanı Arif Hacılıya, AXCP sədri Əli Kərimliyə və KXCP sədri Mirmahmud Mirəlioğluna açıq müraciət edib.
Strateq.az xəbər verir ki, Osman Kazımov müraciətində Azərbaycan dövlətinin real təhlükə ilə üz-üzə qaldığını, Azərbaycanın əsas problemi olan Qarabağ münaqişəsinin öz həllini tapmadığını, bu hakimiyətin dövründə həllinə də ehtimalın olmadığını deyərək, məqsədini açıqlayıb:
"Ölkədə işsizlik tüğyan edir. Sadə vətəndaşlar özbaşınalıq və qanunsuzluğun, rüşvətxorluğun, korrupsiyanın qurbanına çevrilib. Dövlət büdcəsinin neft gəlirlərindən asılı vəziyyətə salınması, neftin qiymətinin sürətlə ucuzlaşması təhlükəli həddə səbəb olub. Digər tərəfdən, dövlət vəsaitlərinin heç bir əhəmiyyəti və iqtisadi səmərəsi olmayan milyardlıq projelərə yönəldilərək mənimsənilməsi əhalinin, xüsusilə də aztəminatlı vətəndaşlarımızın onsuz da ağır olan vəziyyətini daha da dözülməz edib. Evsizlik və çətin maddi durumla üzləşmiş azərbaycan gəncləri ailə qurmaq imkanından məhrum edilib. Ölkənin gündəmini ehtiyac içində olan insanların intihar faktı zəbt edib. İnsanlar siyasi baxışlarına görə müxtəlif uydurma ittihamlarla həbsə atılır.
Son günlər süni qiymət artımlarına, korrupsiyaya, monopoliyaya, məmur özbaşınalığına qarşı kütləvi etiraz edən insanlara qarşı zor tətiq edilir. İnsanlar aclıq və səfalət içərisindədir. Siyasi məhbuslar məsələsi həll olmayıb və həll olunma ehtimalı belə yoxdur.
Xalqımızın bu ağır günündə Sizlərə – Azərbaycan dövlətinin müstəqillik əldə etməsində, Azərbaycan xalqının həyatında əhəmiyyətli mövqeyi olan dəyərli siyasi xadimlərimizə müraciət edirəm. Dövlətimiz və xalqımız naminə keçmişdə olan umu-küsüləri, haqsızlıqları – kimin tərəfindən olmasından asılı olmayaraq – unutmanızı və bir masa ətrafında əyləşərək, mövcud durumu müzakirə etməyinizi xahiş edirəm. Xalqımızın sizlərin birliyinə, əməkdaşlığına dərin ehtiyacı var".
Strateq.az