XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

07 May 2015 - 09:36

Rusların Türkiyənin də işinə yarayacaq “qaz blefi”

Rusiyanın öz qazını Avropaya nəqli üzərində oynadığı oyunlara yeni bir səhifə əlavə olundu: Ərdoğanla Putinin razılaşdığı “Türk Axını” bundan sonra “Yunan Axını” adlandırılacaq. Məlumatı Rusiyanın Avropa Birliyindəki xüsusi nümayəndəsi Vladimir çijov verib. Onun mətbuata verdiyi açıqlamalara görə, ad dəyişikliyinin olduqca cılız səbəbi var. Sən demə, iqtisadi böhran üzündən Rusiyanın qucağına sığınan Yunanıstanın “türk” adına xüsusi bir allergiyası varmış və bu adı daşıyan heç bir nəsnənin ölkəsindən keşməsinə razı deyilmiş. Hətta acından ölsə belə. Rusiya da Avropanın bu “quru bəy”inin inadkar tutumu qarşısında geri çəkilib, kəmərə “Yunan Axını” adını verib.

İqtisadi bir lahiyəyə bu cür cılız hislərlə baxılması onun perspektivini şübhə altına salır. Nədən ki, indi dillənməsə belə, qurulacağı gözlənilən iqtisadi əməkdaşlıqda Yunanıstanın öz antitürk tutumunu davam etdirməsi rəsmi Ankarada ciddi reaksiyayla qarşılana və gündə bir ad dəyişən layihənin hələ doğulmadan ölməsinə səbəb olar. Bu durumda sual yaranır: Rusiya niyə Yunanıstanın nazıyla oynayır və Türkiyə nədən öz adının bunca aşağılanmasına dözür?

İstər Türkiyə, istərsə də Rusiyanın saqqızı oğurlanmış avropalı ərköyünün nazıyla oynamasının səbəbi heç də adı dəyişdirilən lahiyənin vacibliyindən irəli gəlmir. Əksinə, hər iki tərəf lazım gəldiyi anda layihəni dayandırmaq üçün bəhanə qazanır və bunun məsuliyyətini Yunanıstanın çılğınlığının üstünə yıxmaq istəyirlər.

Məsələ burasındadır ki, əvvəl “Türk Axını” adını daşıyan bu layihə iqtisadi deyil, siyasi məqsədlə ortaya atılıb. Məqsəd Rusiyanın Ukrayna vasitəsilə Avropaya qaz nəqlinə yeni alternativlər tapmaq və bununla da qazsız buraxılan qonşusunun əzmini qırmaq, ona iqtisadi zərbələr vurmaqdır. Bu nədənlə ilk əvvəl “Cənub Axını” proyektini gündəmə gətirən Rusiya Avropa Birliyinin sərt müqaviməti ilə rastlaşdı, Bolqarıstanın da ondan üz çevirməsiylə “Türk Axını”na yönəldi. Maraqlıdır ki, bu addımı atarkən Putin Bolqarıstanın hər il 400 milyon dollar itirdiyini bildirmiş və bu “yandıq-qındıq” bir sıra ciddi politoloqlar tərəfindən Rusiyanın əslində “Cənub Axını”nda gözü qaldığı kimi qiymətləndirilmişdi.

“Türk Axını” proyektinin öz alternetivindən daha ucuz başa gəlməsi irəli sürülən ehtimalı doğrultmasa da, hər halda, onun siyasi məqsədlə ortaya atıldığını da təkzib etmir. Əslində Rusiyanın məqsədi nə “Türk Axını”, nə də onun alternativi olaraq göstərilən “Cənub Axını”dır. Məqsəd rəsmi Kiyevi özünə tabe etdirdikdən sonra qazını yenidən öz ənənəvi xəttiylə Avropaya nəqlinin önünü açmaqdır. Bunu ABŞ-ın Xarici İşlər Nazirliyinin enerji əlaqələri üzrə xüsusi təmsilçisi Amos Hochsteinin bu yaxınlarda Türkiyənin “Hürriyyət” qəzetinə müsahibəsində dilə gətirdiyi bəzi fikirlər də sübut edir. Cənab Hochstein deyib: “”Cənub Axını” ilə “Türk Axını” proyekti eyni sahədən, fəqət fərqli marşrutlar üzərindən keçən kəmərlərdir. Hansının çəkiləcəyindən asılı olmayaraq, “Qazprom” Ukraynanı dövriyyədən çıxararaq eyni qazı eyni ünvana çatdırmaq və bunun üçün də on milyardlarla dollar xərcləmək istəyir. Bu isə onu göstərir ki, lahiyə iqtisadi yox, siyasi xarakterlidir”.

Sözsüz ki, qarşılaşdığı indiki iqtisadi böhran ərəfəsində Rusiyanın milyardlarla dollar əlavə pul itkisinə səbəb olacaq bir proyektə yönəlməsi xeyli müəmmalıdır və layihənin ciddi niyyətdən daha çox, blef məqsədilə ortaya atıldığından xəbər verir. “Yunan” və ya “Türk Axını”nın blef olduğunu sübut edən digər bir amil onun çəkiləcəyi müddətin xeyli qısa göstərilməsidir. Daşıyacağı qaz həcmi TANAP-dan 6 dəfə çox olan və qarşısında xeyli manelər dayanan bu proyekti Rusiya öz kapitalı hesabına 1 il və ya il yarım ərzində çəkəcəyini bəyan edir. Halbuki, qlobal güc mərkəzlərinin heç birinin əleyhinə çıxmadığı və “Türk Axını” ilə müqayisədə xeyli kiçik olan TANAP-ın inşası 2006-cı ildə başlayıb və onun yalnız 2018-ci ildə tam gücüylə işləməsinə ümid edilir. Ondan 10 dəfə böyük bir proyektin 10 dəfə qısa zamana inşa olunacağına ümid etmək, təbii ki, “Məlikməmməd” nağılının gerçəkliyinə inanmaq qədər sadəlövhlükdür.

Fikrimizcə, Rusiya bu bleflə bir necə geopolitik oyun oynayır. O, ilk növbədə, rəsmi Kiyevə əzəli dostluğa xəyanət edənlərin qışda soyuqdan öləcəyini, lazım gələrsə, bunun üçün 10 milyardlarla dollarından keçə biləcəyini deyir. Etiraf edək ki, Ukraynanın, həqiqətən də, bu cür problemi var. Verilən məlumatlara görə, bu ölkə ildə 50 milyard kub metr həcmində qaz istehlak edir. Bu ehtiyacın 20 milyard kub metrini öz daxili potensialı hesabına əldə etsə də, digər 30 milyard kub metrini xaricdən almalıdır. Rusiyanın qaz nəqlini dayandırmasından sonra Almaniya və bir sıra Şərqi Avropa dövlətləri rəsmi Kiyevə zərəri kompensasiya edəcəklərinə söz versələr də, bu sözlər yerinə yetiriləcəyi təqdirdə belə, ölkənin tam təminatı səviyyəsində deyil. Ukraynanın əlavə 10 milyard kub metr qaza ehtiyacı var. Rusiyanın alternativ layihələrə yönəlməsi Ukraynanın ən azı 5/1-nin soyuqdan ölməsi və ya təsərrüfat subyektlərinin önəmli hissəsinin işini dayandırması anlamına gəlir. Sözsüz ki, Rusiyanın qərb qonşusu bu embarqoya çox duruş gətirməz və nəhayət, təslim ola bilər.

Rusiyanın ikinci hədəfi Bolqarıstan, Macarıstan və sairə kimi Balkan ölkələrini Avropaya qarşı ayağa qaldırmaqdır. Zira bu dövlətlər də vaxtilə SSRİ-nin müttəfiqi olub və indi Avropa Birliyinə qoşulub. Yeni ittifaq Balkan ölkələrinə iqtisadi inkişaf gətirmədiyi kimi, onların Rusiyayla da əlaqələrini tamamilə sıradan çıxarıb. Binəva Şərqi avropalılar son ümid yeri kimi rus qazına bel bağlamışdılar. Rusiya da öz “Cənub Axını blefi”ylə onların qulağının dibində qızıl dolusu pul kisəsini yelləyərək çıqqıldadır və keçmiş dostlarının ağzını sulandırırdı. Bilirdi ki, Avropa Birliyi son anda onları bu sövdələmədən uzaqlaşdıracaq. Həqiqətən də gözlənilən baş verdi, bu tələyə düşən Avropa Birliyi öz antiinhisar qanunlarını əsas gətirib yeni avropalıların son ümidlərini də gözlərində qoydu. Nəticədə, Şərqi və Qərbi Avropa dövlətlərində bir-birinə qarşı inamsızlıq yarandı. Və bu inamsızlıq dünyanın yeni ittifaqını parçalanmağa doğru aparır.

Rusiyanın üçüncü hədəfi əzəldən Avropanın payına düşən Yunanıstanı da öz ənənəvi ailəsindən qoparmaq və bununla da Avropaya nə imkana sahib olduğ
unu göstərməkdir.
Müftəxorluğa öyrəşən Yunanıstan öz evindəki ərköyünlüyün işə yaramadığını görəndə Rusiyanın qucağına atıldı. İndi Rusiya bu faydasız və özünə dəyərindən çox qiymət verən tərəfdaşdan maksimum dərəcədə yararlanmaq istəyir. Və Balkanlarda öz dönək dostlarının qulağının dibində şaqqıldatdığı həmin pul kisəsini hazırda rəsmi Atinaya göstərir. Ağzı sulanan rəsmi Atina isə baş tutmayacaq bir proyektə öz adını vermək istəyəcək qədər sadəlövhlüklə öz ev əhlinə yandıq-qındıq verir.
Türkiyənin bu sadəlövhlük qarşısında susqunluğuna gəlincə, rəsmi Ankara başa düşür ki, Rusiya Avropanı daha tez təslim etmək üçün bu stratejik oyunu oynayır və tezliklə münasibətlər öz axarına düşəcək. Rus qazı öz ənənəvi marşrutu ilə Avropaya axacaq. O da Rusiyanın bu oyununa şərait yaratmaq üçün əlindən gələni etməyə çalışır. Məqsəd, onun Yaxın Şərqdəki tutumunu yumşaltmaq, ən azı Suriya məsələsində öz siyasətini sığortalamaqdır.

Məlumdur ki, əzəl gündən Bəşər Əsəd rejiminin dəyişilməsini istəyən Türkiyə öz arzusuna çatmayınca bölgədə yaranan situasiyadan ən çox əziyyət çəkən dövlətə çevrilə bilər. Artıq bu yanlış addımdan geri çəkilmək də onun üçün daha böyük yanlış olardı.

Nəyin bahasına olursa-olsun, yoluna davam etmək istəyən Türkiyə İranın Aralıq dənizinə açılan qapısını da bağlamaq istəyir. Beləcə, o, İran və İraqın təbii sərvətlərinin Avropaya daşınacaq yeganə marşrutuna çevrilə bilər. Rusiyanın blef xətrinə belə olsa, onun qapısına gəlməsi Türkiyənin bu sahədəki geopolitik əhəmiyyətini artırır. Bütün hallarda bu oyunun oynanması Türkiyənin enerji maraqlarının xeyrinədir.

Heydər Oğuz

Strateq.az