Rusiya Federasiyasının vətəndaşı, Kommunist Sosial Ədalət Partiyasının sədri, Rusiya Böyük Mason Lojasının ali ustadı Andrey Boqdanov Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məktubunda A.Boqdanov Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkənin ərazi bütövlüyünə, suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini bildirib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.
Səfərlə əlaqədar təəssüfünü ifadə edərək A.Boqdanov Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. A.Boqdanov, həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
A.Boqdanovun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.
Xatırladaq ki, Boqdanovun Dağlıq Qarabağa qanunsuz səfəri barədə Strateq.az ilk dəfə ötən il məlumat vermişdi.
Həmin yazı ilə bu linkdə tanış ola bilərsiniz:
http://strateq.az/manshet/7385-rusiya-b%C3%B6y%C3%BCk-mason-lojas%C4%B1n%C4%B1n-r%C9%99hb%C9%99ri-da%C4%9Fl%C4%B1q-qaraba%C4%9Fa-qeyri-qanuni-s%C9%99f%C9%99r-edib-%E2%80%93-color-red-fotolar.html