XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2016 - 11:11

ABŞ-dan idarə olunan neft burulğanı dünyanı necə ağuşuna alır – [color=red]Araşdırma

neft-qiymet.jpg

Qiymət çöküşünün sonu görünmür.

Brent markalı neft (dünya neft bazarının hesablama nöqtəsi) cümə günü 30 dollardan aşağı düşdü. 2004-cü ilin fevralından belə bir şey olmamışdı. Neft 2016-cı ilin başlanğıcından 20% dəyər itirib. Sanksiyalar götürüldükdən sonra İranın bazara qayıdışı qiymətlərə təsir etməyə bilməzdi.

Ölkə indiyədək gündə beş milyon barrel ixrac edib ki, bu da onun nüvə proqramı ətrafında böhranın qopduğu 2001-ci ildəkindən iki milyon azdır. Hər necə olur-olsun, İran neftinin bazara dönüşü artıq cari qiymət təyinində önəmli dərəcədə nəzərə alınıb. Lakin Səudiyyə birjası bazar günü bütün Fars körfəzini öz ardınca çəkməklə daha 5% itirdi.

Bu ilin əvvəlindən qiymətlərin düşməyi maliyyə bazarlarında olduqca güclü nevroz doğurdu. "Eurostoxx" yanvarın 1-dən bəri 10 %, Fransa indeksi "CAC 40"  9 %, Amerika "Dow Jones"-i isə 8% endi. Treyderlər barrel dəyərinin enimini özgə vaxtlarda dünya iqtisadiyyatı üçün təkan kimi qəbul edərdilər. Hazırda onları hiss bürüyüb ki, qiymət çöküşü Çinin və inkişaf etməkdə olan ölkələrin artımının zəifləməyindən xəbər verir.

Ər-Riyad, Moskva, Karakas və Əlcəzairin baxışına görə, durum həqiqi mənada ciddiləşir. Qəfil və miqyasına görə görünməmiş neft böhranı yarım il ərzində neftdən asılı olan ölkələrin gəlirini, demək olar, dörd dəfə azaldıb. Öz inkişafını, bəzən isə hərbi gücü və rejimin sabitliyini də neftə güvəndirən hökumətlər indi büdcə qaykalarını bərkitməyə məcburdur. Yaxud əgər varsa, əllərini daqqaya (ehtiyat fondlar, valyuta ehtiyatlrı) uzatmalı olur. "Morgan Stanley" bankı keçən həftə barrelə görə 20 dollara qeyd olundu. "Standard Chartered"də hətta 1999-cu ildən bəri görünməyən 10 dollarlıq qiymətdən danışırlar.

İqtisadçıların əksəriyyəti 2016-cı ilə proqnozlarında 40-50 dollar qiymət təyinindən danışırdılar.

Beş il əvvəl diplomatik böhran (miqyasına görə yanvarın 2-də Ər-Riyadla Tehran – OPEK-in iki ağırçəkilisi arasında qızışan böhranla müqayisə oluna bilər) barreli yeni zirvələrə itələdi.

“Pétrole et Gaz arabes” dərgisindən Fransis Perren yekun vurur:

“Lakin 2014-ün yayından treyderlər neft bazarında yalnız əsas göstəricilərə baxırlar”.

Dünya təklifi fakt üzrə isə tələbatı xeyli üstələyir və bu cür durum, ən azı, ilin sonunadək qalacaq.

Fransa Beynəlxalq münasibətlər institutunun eksperti Mari-Kler Aun qeyd edir: “Hamı düşünürdü ki, neftin hər barrelə 50 dollara olduğu vaxt ABŞ-da hasilat boğulacaq, lakin daha dayanıqlı çıxdı, bəzi müəssisələr isə hətta hasilatın effektliliyini artırdı”.

Lakin burada səbəb təkcə ABŞ-da deyil:

Səudiyyə Ərəbistanı İran ixracatının gələcək genişlənməsi fonunda bazarda payını qorumaq üçün hasilatı azaltmaqdan qəti şəkildə imtina edir.  

Ekspertlər hazırda uzun çəkən neft böhranının nəticələrini proqnozlaşdırmağa çətinlik çəkirlər. Mari-Kler Aun ehtimal edir ki, böhran “iqtisadi modellərinin daha tutarlı sayıla bilməyəcəyini dərk edən” ixracatçı ölkələrdə “islahatların keçirilməsi üçün görünməmiş imkan”a çevrilə bilər. Lakin neft gəlirlərinin bölünməsində hətta ən cüzi dəyişikliyi nəzərdə tutan istənilən islahat siyasi baxımdan son dərəcə təhlükəli çıxa bilər. Onun sözlərinə görə, sürəkli tənəzzül halında birinci növbədə sosial-siyasi böhranın qopa biləcəyi dörd dövlətə xüsusi fikir vermək lazımdır: Venesuela, Əlcəzair, Ngeriya və Rusiya. ÇXR  sədrinin bu həftə Yaxın Şərq neftinin ən böyük ixracatçı ölkələrinə – Səudiyyə Ərəbistanı və İrana nəzərdə tutulan səfəri geopolitika və energetikada gözlənilməz nəticələrə səbəb ola biləsi yığnağın lap özünə yönəlib.

Venesuela Çinin himayəsindədir

Ölkə 2009-cu ildən ona 60 milyard dollar borc vermiş Çinin yardımı sayəsində defoltdan yayına bilir. Venesuela “neft qarğışı”na gözəl timsalı ifadə edir: iqtisadiyyatı tam şəkildə xammaldan asılıdır. Qara qızıl, demək olar, bütün ixracatı tutur və büdcə mədaxilinin üçdəikisini təmin edir. Ölkə dünyada ən böyük neft ehtiyatına malik olsa da, korrupsiya, təsərrüfatsızlıq və yatırım kasalığı son illərdə neft azuqəsinə ciddi ziyan vurub.

Çaves dönəminin zorla müsadirəsi, milliləşdirmə və kapital üzərində nəzarət yatırımçıların inamını qırdı və yerli iqtisadi mənzərəni məhv etdi. Mərkəzi bankın məlumatına görə, xəstə iqtisadiyyatın əsas simptomu inflyasiya 141% təşkil edir! Struktur disbalansını ancaq 100 dollarlıq barrel düzəldə bilərdi. Lakin qiymətlərin kəskin süqutu şəraitində maliyyə durumu yalnız pisləşir. Valyuta ehtiyatları 14,8 milyard dollara qədər azalıb və bu, 2003-cü ildən bəri ən aşağı göstəricidir.

İqtisadçı Kristofer Dambik yada salır:

“Ölkənin bu il kreditorlara 9,5 milyard dollar qaytarması lazım gələcək”.

Buna görə də ilin axırına Karakasın 5 milyarddan çox pulu qalmayacaq. Ekspert yekun vurur:

“Fəlakətli durumdur”. İstisna deyil ki, Çinin öz müttəfiqinə yenidən yardım əli uzatmağı lazım gələcək.

Əlcəzairin iki il vaxtı var

Durum Əlcəzair və onun prezidenti Əbdüləziz Buterfilika üçün aşkarca pis şəkildə biçimlənir. Neft qymətinin sürətli enimi mürəkkəb siyasi mübarizə fonunda ölkə üçün çox ağır zərbə oldu və karbohidrogen ixracatından asılılığa daha göz yuma bilməz. Hazırda ixracatın 90%-i və büdcə mədaxilinin 60%-i onun payına düşür.

Bəzi Əlcəzair siyasətçiləri əhalini sakitləşdirmək cəhdlərində “müvəqqəti böhran”dan danışırlar. Onların buna əsasları var: hökumət artıq uzun illər ictimai sakitliyi neft gəlirlərinin bölünməsi ilə satın alır.

Yalnız Mərkəzi bankın rəhbəri Muhəmməd Laksasi dövlət maliyyəsinin pisləşməsindən açıqca danışır. Valyuta ehtiyatları gözə çarpacaq dərəcədə azalıb: 2014-cü ilin sentyabrından 2015-cin ilin iyulunadək 185 milyarddan 152 milyarda enib. Xarici tcarət balansı saldosu dərin minusa düşüb. Bundan başqa, hökumət 2016-cı ildə texnika və sement idxalını məhdudlaşdırmağı qət edib. Sabitləşdirici fonda gəlincə (ixracatdan gəlirin bir qismi ora gedib), hiss olunacaq dərəcədə yoxsullaşıb. BNP Paribas-dan Stefan Albi hesab edir ki, “2014-dəki 74 milyarddan 2017-yə cəmi 10 milyard qala bilər”.

Bir sıra ekspertlərin fikrincə, 2015-2016-cı illərdə büdcə kəsiri 10% həddindədir. Ölkənin daha iki il duruş gətirməyə vəsaiti var. Əbdüləziz Buteflika hökuməti birinci növbədə infrastruktur layihələri və daha önəmlisi, energetik subsidiyalara aid olan 2016-cı il büdcəsini azaltmağı planlaşdırırdı. Həm də qaz və elektirkə aid olan yanacaq vergisi artdığından əhali bu il yanvarın 1-dən benzinə daha çox pul ödəməli olur. Stefan Albi qeyd edir: qeyri-populyar tədbirdir, həm də büdcə məsələlərini qaydaya salmağa çox da yardım etmir. Əvvəlki kimi büdcənin bütün xəclərinin üçdəbiri energetika subsidiyalarına düşür.

Beynəlxalq Ceri mərkəzindən Luis Martines deyir: “İctimaiyyət, hətta siyasi elita iqtisadi islahatlara hazır deyil”. Neft qymətləri bu cür aşağı qalsa və ehtiyatlar tükənsə, “iki ildən sonra durum fəlakətli olacaq”.

Ölkənin iki həlli qalır: ya gələcəkdə qiymətlərin artacağı ümidilə borcları yığmaq, ya da irimiqyaslı və siyasi baxımdan potensialca bahalı islahatların aparılmasını nəzərdə tutmaqla fəal şəkildə iqtisadiyyatın şaxələnməsinə girişmək.

Nigeriya – iqtisadiyyatın yüksəlişində prioritet

Nigeriya qiymət təyininin enməsi şəraitində əsas gücünü yüksəlişin bərpasına qoyub. Keçən ilin mayında hakimiyyətə gəlmiş prezident Muhəmməd Buxari yatırımların üçqat artırılmasını bildirdi. Vəzifə iqtisadiyyatın şaxələnməsini artırmaqdan ibarətdir. Afrikanın ən böyük neft istehsalçısı 2000-ci ildən öz iqtisadiyyatını asılılıqdan qurtara bildi ki, bu da özəl sektorun inkişafı və orta təbəqənin meydana çıxmasına səbəb oldu. "La Société générale"dən Mark Frizo qeyd edir ki, bundan başqa, söhbət daha çox buraxılan fürsətin əvəzini çıxmaqdan gedir: “Əvvəllər yatırımlar çox az, dövlət xərclərinin 5%-dən də az idi”. О, ehtiyat edir ki, məsələ sözdən o yana keçməsin. Xüsusən də üç il ərzində büdcə mədaxili iki dəfə – ÜDM-in 7%-i qədər azalıb. Bu cür fövqəladə aşağı göstərici ölkənin əsas problemlərindən biridir. BVF-nin dekabrda Nigeriyada olmuş baş direktoru Kristi Laqard daha geniş vergilər və ƏDV-nin artırılması (dünya üzrə an aşağı vergilərdən biri) lehinə çıxış etdi. Hökumət yatırım planının təminatı üçün hələlik beynəlxalq bazarlara qayıtmaq niyyətindədir. Son emissiya 2013-cü ildə olub. Mark Frizo hesab edir ki, riskli plandır, çünki tariflər xeyli artıb. Nigeriya valyuta ehtiyatlarını (hazırda tarixi minimuma enib) qorumaq və milli valyutanın dəyərinin hədsiz dərəcədə düşməyindən yayınmaq üçün mübadiləyə nəzarət və idxalın məhdudlaşdırılmasını həyata keçirtdi.

Səudiyyə Ərəbistanı – görünməmiş kəsir

Neft krallığında nəsə qaydasında deyil. Büdcəni tarazlaşdırmaq üçün varlı Səudiyyə Ərəbistanına hər barreli 90 dollara neft lazımdır. Büdcə 2015-ci ildə ÜDM-in 15%-i qədər kəsirlə başa çatdı. BVF-da inandırırlar ki, ölkənin böyük valyuta təhlükəsizliyi yastığı (tam 600 milyard dollar) artıq beş ildən sonra buxarlana bilər. Payızda Standard & Poor’s-da ölkənin kredit reytinqini azaltdılar. Bu cür olmazın durum krallığı sərt tədbirlər görməyə vadar etdi. Ər-Riyad ilin əvvəlində səxavətli, istehlak qiymətlərinin onun yanında tamamilə heç nə olduğu subsidiyalar sistemini (ÜDM-in 10%-i) yığcamlaşdırmağı qət etdi. Taleyin istehzası ilə neftin düşməsi fonunda benzin 50% bahalaşır. Dövlət həmçinin milli neft şirkəti Saudi Aramco-nun qismən özlləşdirilməsi və ƏDV-nin tətbiq edilməsini elan etdi. Burada sərt qənaətdən danışmaq lazım gəlməsə də, söhbət neft gəlirlərindən fəal şəkildə istifadəyə alışmış 30 milyondan çox ərəbistanlı üçün əsil inqilabdan gedir.

"la Société générale"dan Reji Qallan izah edir: “Krallıq sosial məhdudiyyətlər və demoqrafik basqı şəraitində dotasiyanı kəskin şəkildə azalda bilməz”.

Ər-Riyad kəsiri valuyta ehtiyatlarından vəsait və yeni borc istiqrazları ilə bağlayır (BVF-nin məlumatına görə, borc ÜDM-in 6,7%-dən 17,3%-ə qalxıb). Bu il iqtisadi artım 2%-ə yaxın təşkil edib. İqtisadiyyatın şaxələnməsi təcili vəzifədir.

Rusiya – sosial xərclər azaldılır

Rusiya dövlət xərclərini 10% azaltmaq niyyətindədir. Hökumət hər həftə hesablamalara düzəliş verməli olur. Maliyyə nazirliyi birinci rübün axırına doğru kəsiri 3%-i aşmayan 2016-cı il büdcəsinə düzəlişləri təqdim etməlidir. İlkin layihə neftin 50 dollar dəyərindən başlanğıc götürürdü ki, bu da indiki 30 dollarlıq səviyyədən xeyli yüksəkdir.

Ölkənin baş naziri Dmitri Medvedyev bildirib:

“Neft qiymətlərinin son həftədə, xüsusən də son günlərdə gördüyümüz dramatik hərəkəti büdcənin icrası üçün olduqca ciddi risklər yaradır”.

Eyni zamanda Rusiya büdcəsinə mədaxilin yarısından çoxu neftin payına düşür. Barrelin 40 dollarlıq perspektivində dövlət 1,6 trilyon rubl, yəni ÜDM-in 2%-ə qədərini əldə etməyə bilər. Lakin hətta bu cür ssenari də (onu keçən həftə hazırlayıblar) baştutmaz çıxa bilər. Hökumət duruma düzəliş vermək üçün dövlət xərclərini 10 % azaltmaq niyyətindədir. Bu zaman 700 milyard rubla qənaət olunacaq və Rosneft-lə Alros-a qismən dəxli olan özəlləşdirmə proqamı işə salınacaq. İşgüzar cəmiyyət indiki bazar şəraiti nəzərə alınmaqla bu gəlir qaynaqlarının effektivliyinə, həmçinin Rusiya mühafizəkarlarının ailə daş-qaşından əl çəkəcəyinə şübhə edir. İlkin layihədə artıq rəsmən 12,9 % təşkil edən inflyaisya nəzərə alınmaqla maaş və təqaüdlərin  indeksləşdirilməsinin ləğvi gözə dəyirdi. Eyni zamanda avtomobil, maşıqnqayırma və nəqliyyat sektoruna dəstəyi genişləndirmək nəzərdə tutulur. Hökumətin proqnozuna görə, Rusiyanı dalbadal artıq ikinci il 0,8% təşkil edən geriləmə gözləyə bilər.

Ann Şeyvial, Fabris Node-Lanqlua

Le Figaro (Fransa), 18.01.2016