İranla nüvə sazişi qüvvəyə mindiyindən indi ABŞ-ın əlavə qüvvəsi meydana çıxıb ki, təzə başla bölgədəki növbəti problemin həllinə – İŞİD-in lap özəyinə zərbə endirməyə girişsin.
Bu vəzifəyə yönəlmiş geopolitik strategiya təsəvvür edilə biləcəyi qədər də sadə deyil. Dolayı yollarla hərəkət etmək lazım gələcək.
Bütün problemlər Türkiyə ilə bağlıdır.
ABŞ Rakka şəhərində İŞİD-in qüvvələrini boğmaq üçün artıq Suriyanın quzeyində Fərat çayından şərqdə və İraq-Suriya sərhədi boyunca qruplaşmalarla – əsasən, kürdlərlə – qarşılqılı fəaliyyətdədir. Lakin mühasirə dairəsini daraltmaq üçün Fərat çayından qərbə sarı bölgədə Türkiyənin ABŞ-a xeyli yardımı tələb olunur. Türkiyə Suriyanın quzeyindəki əməliyyatda quru qoşunlarını hərəkətə gətirməyə hazırdır – xüsusən də keçən həftə kamikadze terrorçunun həyata keçirdiyi teraktdan sonra.
Bu vəzifəni qəlizləşdirən başlıca qüvvə Rusiyadır.
Türk aviasiyası noyabrda Rusiya hərbi təyyarəsini vurandan sonra Rusiya HHM qüvvələrinin artırılması, həmçinin Suriyada rus təyyarələrinə təhdid təşkil edə biləcək istənilən hava hədəflərini vurmağa birbaşa təhlükə ilə bağlı Türkiyənin hərbi əməliyyatlar planlaşdırması çətinləşib.
Suriyada hərbi əməliyyat məsələsində Rusiya ilə qarşılıqlı fəlaiyyət qaydalarını müəyyən etmiş ABŞ Türkiyə ilə Rusiya arasında qarşılıqlı anlaşmaya nail olmağı öz qarşısına məqsəd qoyub ki, bu da hərbi planların həyata keçirilməsinə imkan versin. Türkiyə ilə Rusiya arasında dialoqu asanlaşdırmaq üçün dövlət katibi Con Kerri dekabrın ortalarında Moskvaya göndərildi. Kerri bu gün Sürixdə Rusiya xarici işlər naziri Sergey Lavrovla yenidən görüşür və ehtimal ki, bu mövzuya yenidən toxunulacaq.
Çox güman ki, Kerri və Lavrov gündəlik çərçivəsində həmçinin Minsk danışıqlarında yaranmış dalana dirənmə durumunu həll etməyə, həmçinin yanvarın 25-ə nəzərdə tutulmuş Suriya üzrə növbəti danışıq iştrakçılarının ümumi siyahısını təqdim etməyə cəhd göstərəcəklər.
Türkiyə Suriya məsələsində son dərəcə önəmli rol oynayır. Bu, onun sponsorluq etdiyi silahlı qruplaşmalarının təmsilçilərini danışıqlar masası arxasına əyləşdirməkdən və eyni zamanda kürd qruplaşmalarının təmsilçilərini danışıqlara buraxmamaqdan ibarətdir. Türkiyə ilə Rusiya arasındakı soyuq münasibətlər isə problemi ağırlaşdırır və Suriya məsələsi üzrə danışıqların gedişi qəlizləşir.
Ukranaya gəlincə, ABŞ, deyəsən, işarə vurur ki, Rusiya Minsk sazişlərinin icrası üzrə ciddi addımlar atsa, ona qarşı sanksiyaların zəiflədilməsi məsələsi müzakirəyə çıxarıla bilər. (Maraqlıdır ki, ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə əlaqələndiricisi Deniel Frid bazar ertəsi qeyd etdi ki, ABŞ və Avropa Krımın ilhaqı və Donbasdakı münaqişələrlə bağlı antirusiya sanksiyalarını ayrı-ayrı nəzərdən keçirir ki, görünür, bu da Moskvanın Minsk sazişinin şərtlərini yerinə itirəcəyi halda Vaşinqtona müəyyən qədər hərəkət sərbəstliyi verir.) Lakin Minsk sazişlərinin gerçəkləşdirilməsində özəl tərəqqiyə ümid etmirik. Rusiya Ukraynanın şərqində münaqişə zonasındakı hadisələri nəzarətdə saxlamaq qabiliyyəti sərgilədi və Moskva qoşunları çıxarmaq və zorakılığı dayandırmazdan əvvəl Kiyevdən ABŞ-ın dəstəyindən istifadə edən və siyasi baxımdan dayanıqsız Ukrayna hökumətinin hazır olmadığı konkret siyasi güzəştlər tələb edə bilər.
Lakin ola bilsin ki, Moskvanın diqqətini cəlb etmək üçün Vaşinqtonun başqa üsulları da var. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland yanvarın 15-də Kalininqrad vilayətində Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla dördsaatlıq görüş keçirtdi. Bu görüş Viktoriya Nulandın bölgə ölkələri – Litva, Rumıniya, Bolqarıstan və Türkiyə üzrə səfərinin proqramına daxil edilmişdi. Baltik və Qara dəniz arasındakı ərazilərdə Rusya nüfuzunun zəiflədilməsinə yönəlik ABŞ strategiyasının gerçəkləşdirilməsi üçün bu ölkələrin hamısı önəmlidir.
Avropanın energetik şaxələnməsi prosesini sürətləndirəcək və Rusiyadan asılılığını azaldan sərhədötəsi qaz kəmərləri, sıxılmış təbii qaz terminalları və alternativ atom elektrik stansiyalarının inşasını irəlilətməkdən başqa, Nuland təhlükəsizliyin təminatı layihələrini müzakirə edir və vurğulayır ki, ABŞ Mərkəzi və Şərqi Avropa ölkələrinin təhlükəsizliyinə münasibətdə öz öhdəliklərini yerinə yetirməyə hazırdır.
Polşa və Litva NATO güclərinin Baltik bölgəsində daimi və hiss olunacaq varlığına nail olmağa çalışır. Bundan başqa, eyhamlar səslənir ki, Rumıniya alyansın güclərinin Qara dəniz bölgəsində daha nizami formada varlığını artırmağı xahiş edir. Rusiya artıq neft qymətlərinin düşməsindən və büdcə xərclərinin ağrılı ixtisarından – hətta müdafiə ehtiyaclarına da – sarsıntı yaşayır, lakin NATO-nun bu iki cəbhədə sonrakı gəlişməsinə bütün ciddiyyəti ilə yanaşır.
Buna görə də biz yenidən Türkiyəyə qayıdırıq. Türkiyə həm NATO-nun üzvüdür, həm də Qara dənizə aparan boğazlara nəzarət edən ölkədir. Montre konvensiyası hərbi gəmilərin tonnaj, uzunluq və say üzrə Qara dənizə girişini məhdudlaşdırır, həmçinin hərbi dəniz qüvvələrinin hansısa artımına yasaq nəzərdə tutur. Bununla belə, Qara dənizdə HDQ-nin sayının artması və konvensiya çərçivəsində rotasiyasının tezliyinin yüksəldilməsi üçün tələb olunur ki, NATO-da bunun lehinə Türkiyə səs versin.
Viktoriya Nuland bu həftənin sonunda Türkiyədə ABŞ vitse-prezidenti Co Baydenə qoşulacaq və yüksək səviyyədə türk rəhbərləri ilə danışıqlar aparcaqlar. ABŞ bu imkandan istifadə edib Ankara ilə Moskvanı Suriya məsələsi üzrə dialoqu təzələməyə inandırmağa cəhd edə bilərdi. Həm də Vaşinqton zəmini yoxlamaq və Qara dənizdə təhlükəsizliyin təminatı üçün NATO-nun roluna münasibətdə Türkiyənin mövqeyini aydınlaşdıra bilər. Moskva hiss etsə ki, Türkiyəyə düşmənlik münasibətləri üzündən Ankara NATO üzrə müttəfiqləri ilə hədsiz dərəcədə çox yaxınlaşıb, Rusiya Türkiyə ilə dialoqları təzələyə bilər ki, bu da Suriya məsələsində kompromislər tapmağa imkan verər.
Bu həftə xeyli aspektlər öz rolunu oynayacaq və əksəriyyəti bizi sual verməyə məcbur edir ki, Moslka ilə Ankara əməkdaşlığı təzələməyə hazır olacaqmı?
Stratfor (ABŞ), 20.01.2016