Gürcüstanla danışıqlar pozulacağı təqdirdə Rusiyanın “Qazprom” şirkəti Gürcüstan ərazisindən Ermənistana qaz nəqlinə son qoymaqla hədələyir və Ermənistanı İrandan qazla təchiz edəcək.
Bu barədə dünən Rustavi-2 teleşirkətinin efirində Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, “Qazprom” Ermənistana qaz tranzitinə görə ödəniş prinsipini dəyişdirməyi təklif edir. Hazırda tranzit həcminin 10%-i Gürcüstanda qalır, amma indi “Qazprom” buna görə pul ödəmək istəyir.
“Onlar belə bir şərt qoşduqda biz qəti etirazımızı bildirdik, amma bizə birbaşa dedilər ki, Rusiyanın Ermənistana qazı İran vasitəsilə göndərmək üçün real imkanı var”,- deyən Kaladze bunu “ultimatum” adlandırıb.
Kaladzenin sözlərinə görə, bu hədə realdır və “Qazprom” kiçik investisiyalardan sonra İran vasitəsilə Ermənistana 1 mlrd. kubmetrə yaxın qaz nəql edə bilər. Bu hədənin həyata keçirilməsinin ağır nəticələri olacaq. Gürcüstan gündə iki milyon yarım kubmetr qazdan məhrum olacaq, bir halda ki, gündəlik istehlak minimum 11,5 milyon kubmetr təşkil edir.
“Belə olan halda ölkədə enerji böhranı yaranacaq, onun ardınca siyasi böhran gələcək: hökumət əhali üçün təbii qaz tariflərini artırmaq məcburiyyətində qalacaq”, – deyə o bildirib.
Kaladze hesab edir ki, tranzitə görə ödənişi pulla almaq sərfəli deyil, “belə ki, bu pula eyni miqdarda qaz almağın mümkün olacağına zəmanət yoxdur”.
Nazir bunun niyə mümkün olmayacağını bildirməyib. Kaladze həmçinin deyib ki, Gürcüstan vasitəsilə tranzitdən imtina ediləcəyi təqdirdə Ermənistan təxminən bir il qaz defisiti yaşayacaq.
Maraqlıdır ki, Kaladze bu bəyanatı “Qazprom eksport” direktoru Elena Burmistrova ilə görüş üçün Vyana getməzdən əvvəl verib.
Moskva beynəlxalq bazarda qaz qiymətlərinin ucuzlaşmasını nəzərə alaraq, Ermənistana qaz tranzitinə görə pul ödəməyi qərara alıb. Məhz buna görə Rusiya tərəfi qaz tranzitinin əvəzini qazla deyil, pulla ödəmək istəyir.
Qeyri-rəsmi məlumatlara görə, Gürcüstan hakimiyyəti ehtiyacı olan qazın 50%-ni “Qazprom”dan, bir o qədərini də Azərbaycandan almağı planlaşdırır. Lakin rəsmi şəxslər bu iddiaları təkzib ediblər.
Kaladzenin bu müsahibəsindən Bakının Gürcüstana ehtiyacı olduğu qədər qazı münasib qiymətə verməyə hazır olduğunu bəyan etdiyi halda, Gürcüstan hakimiyyətinin Rusiyadan qaz tədarükünü itirməkdən niyə qorxduğu aydın olmayıb.