XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2016 - 17:23

Nizami Məmmədov: [color=red] “Başda Baş nazirlik olmaqla, bütün Nazirlər Kabineti ləğv olunmalıdır”

nizami.jpg

Dünya bazarında neftin qiymətlərinin ucuzlaşması Azərbaycandan da yan ötüşmədi. Bəlkə də digər neft hasilatçılarından daha çox problemlə üzləşən elə Azərbaycan oldu. Təsadüfi deyil ki, ikinci devalvasiyadan sonra bir sıra rayonlarda narazılar ayağa qalxdı, sosial tələblərlə meydanlara toplandılar. Hakimiyyət ictimai etirazlar qarşısında geriyə bəzi addımlar atsa da, kompleks tədbirlər planı hazırlamaqda çətinlik çəkir.  Neftin qiymətləri isə stabilləşmir, getdikcə daha aşağı düşür. Elədirsə, bəs, biz hara gedirik? Problemlərdən necə çıxış yolu tapa bilərik?

Strateq.az-ın qonağı ixtiraçı alim, tibb elmləri namizədi Nizami Məmmədovla müsahibəmizdə bu suallara cavab axtardıq:

(əvvəli bu linkdə:  İxtiraçı alim Nizami Məmmədov: “Azərbaycanın ərzaq təhlükəsizliyi sual altındadır”)

– Əlbəttə, kiçik biznes mühitinin yaxşılaşdırılması daha yaxşıdır. Amma bu da monopoliyaların marağına ziddir. Sizə elə gəlmirmi ki, monopoliyalar mövcud olduqca, kiçik biznesin fəaliyyətini stimullaşdırılmasından danışmaq, sadəcə həyata keçirilməsi mümkün olmayan nəzəriyyəçilkdir?

– Monopoliyanın mövcudluğundan hamı danışır, amma heç bir tədbir görülmür. Özünə hörmət edən heç bir ölkədə monopoliya ola bilməz. Monopoliya quldarlıq cəmiyyətinin təzahürüdür. Yalnız quldarlar və ya feodallar hansısa sahəyə iddia edib “bunlar mənimdir”- deyə bilər. XXI əsrdə bu təfəkkürlə fikirləşmək üçün yırtıcı olmaq, insanlara yuxarıdan aşağı baxmaq lazımdır. İnsan başqasına olmasa da, özünə hörmət etməyi bacarmalıdır, özünü yırtıcı yerinə qoymamalıdır. Hər hansı dövlət adamı öz vətəndaşının qəsb olunmuş haqqı, səfalət vəziyyətinə düçar olması, soyulması hesabına varlanırsa, bu, təmsilçisi və idarəçisi olduğu millətə böyük təhqirdir.

– Maraqlıdır ki, bizim Konstitusiyada monopoliya haqqında heç bir maddə yoxdur. Söhbət, əlbəttə, monopoliyanı təşviq edən maddələrdən gedir. Əksinə, monopoliyanı rədd edən, yasaqlayan maddələr var. Amma ölkə başçısından tutmuş, adi JEK işçisinə qədər hər kəs bu qeyri-qanuni halın mövcudluğunu etiraf edir, ölkəni tənəzzülə aparan başlıca amil olduğunu bildirir, xərcəng şişi kimi metaztaz vermiş bu bəlanı ortadan qaldıran, ölçü götürən isə tapılmır. Xəstəliyini bildiyi halda nəinki müalicə olunmayan, əksinə, özünü daha çox bu bəlaya yoluxduran cəmiyyətin aqibəti nəylə nəticələnə bilər, sizcə?

– Sualın cavabı elə onun özündə mövcuddur. Monopoliya bir mərəzdirsə, qanunla qadağan olunubsa, bunun qarşısı ən sərt şəkildə alınmalıdır. Bu gün İqtisadi İnkişaf Nazirliyində antimonopoliya şöbəsi var. Amma monopoliyayla mübarizə aparmaq imkanına və səlahiyyətinə malik deyil. Eyni zamanda monopoliyaya qarşı mübarizəni ciddi səviyyəyə çatdırmaq üçün qanunvericilik bazası da zəifdir. Fikrimcə, bu şöbə nazirlikdən ayrılmalı, ayrıca Antimonopoliya Komitəsi yaradılmalı və komitə birbaşa prezidentə tabe olmalıdır. Antimonopoliya Komitəsi istər təbii, istərsə də qeyri-təbii inhisarçılığın əleyhinə iş qaldırmağı bacarmalıdır. Onun səlahiyyət və məsuliyyətləri qanunla tənzimlənməlidir. Antimonopoliya Komitəsi yalnız birinci şəxsin tabeçiliyində olsa və bu ictimai bəlanın kökü kəsilməsə, məsuliyyətin ünvanı da müəyyənləşər. İndisə hər nazirlik rahatlıqla günahı başqasının üstünə ata bilir.

– Sizə elə gəlmir ki, cəmiyyətimizin ən böyük bəlası elə mərkəziyyətçi təfəkkürdür. Bütün bəlalar, o cümlədən monopoliyalar da bu mərkəziyyətçilik anlayışından doğur. Mərkəziyyətçilik anlayışını qidalandıran isə bizdəki mövcud üsul-idarədir. Yaxşı olmazmı ki, ölkə parlament üsul-idarəçiliyinə keçsin və xalqın öz təmsilçiləri vasitəsilə ictimai bəlalara qarşı mübarizə aparmaq imkanları yaransın?

– Dövlət idarəetmə formasının dəyişdirilməsi mahiyyəti dəyişdirmir. İstənilən siyasi sistem xalq arasında legitimlik qazanmaq üçün milli təfəkkürümüzdən süzülüb gələn dəyərlərə söykənməlidir. Bizim milli mentalitetimizin qidalandığı iki sahənin ikisində də – yəni həm türk milli təfəkküründə, həm də islam ehkamlarında idarəçilik sistemi spesifik seçki anlayışına söykənib. Qədim türklər qurultaylar vasitəsilə idarəçilikdə yer aldıqları kimi, islam anlayışında cəmiyyətin öndə gələnlərinin təmsil olunduğu şuranın çıxardığı qərarlar peyğəmbər sözündən də üstün hesab edilib. Amma bu, istər xaqanların, istərsə də peyğəmbərin idarəçilikdə müstəsna səlahiyyətinə də kölgə salmayıb. Siyasi iradənin istəyi olduqdan sonra sistemin mahiyyətindən asılı olmayaraq, istənilən qərarı qəbul etmək, həyata keçirmək mümkündür. Terminləri dəyişdirməklə mahiyyət dəyişmir. Fərz edək ki, parlamentli respublikaya keçmişik, YAP-çılar da deputatdırlar. Nə dəyişiləcək?

– Seçkiləri saxtalaşdırmamaq lazımdır da. Seçki saxtakarlıqlarının qarşısı alınarsa, milli iradə tam təşəkkül tapar…

– İndiki sistemlə də həm saxtalaşdırmanın qarşısını almaq, həm də ictimai bəlaları aradan qaldırmaq olar. Digər tərəfdən, mən indiki sistemin mahiyyətinə görə danışıram. Bu sistemdə aparıla biləcək islahatları təklif edirəm. İstəyimizdən asılı olmayaraq, yaşadığımız sistem, bir halda ki, prezident üsul-idarəsidir, biz Amerika modelini əsas götürməliyik. Başda Baş nazir olmaqla, bütün Nazirlər Kabineti istefaya göndərilməli, tutduqları vəzifələr ləğv olunmalıdır. Onsuz da heç bir funksiyanı yerinə yetirə bilməyən bu qurumlar səlahiyyətlərini Prezident Aparatına verilməlidir. Prezidentin dövlət katibləri nazirləri əvəz etməli, ölkədə ciddi quruculuq işləri görülməlidir. Təkcə Nazirlər Kabinetinin ləğviylə ölkənin büdcəsini xeyli yüngülləşdirmək və qənaət edilən vəsaiti sənayeləşməyə yönəltmək olar. Mən hələ arabanın 5-ci təkəri halına gələn nazirliklərin korrupsiya və rüşvət yoluyla mənimsədikləri, millətin boğazından zorla kəsdikləri qeyri-qanuni vəsaitləri demirəm. Azərbaycan artıq xammal satıb özünü dolandırmağa çalışan məzlum dövlət mövqeyindən kənarlaşmalı, xammalın emalı və hazır mala çevrilməsi prinsipini iqtisadi siyasətinin doktirinası kimi qəbul etməlidir. Bunları isə sənayeləşmə və intellekt gücünü artırma hesabına həyata keçirmək mümkündür. Biz həqiqətən də, Cənubi Qafqazın lider dövləti olmaq istəyiriksə, sənayeləşmə proqramını qəbul etməliyik. Bütün cəmiyyətlərin inkişafının əsasını fikir plüralizmi təşkil edir. Azərbaycanda da buna zəmin yaradılmalıdır. Təəssüf ki, hazırda ölkəmizdə inkişafımıza təkan verə biləcək sistemli müxalifət də yoxdur. Müxalif insanlar, partiyalar var. Amma bu potensialımız sistemli olaraq mövcud deyil. Hakimiyyət öz kreslosunu qorumaq naminə sistemli müxalif qüvvələri sıradan çıxarıb. Dolayısıyla, ortaya ciddi alternativlər qoyan qurumlarımız da sıradan çıxıb. Ölkədə aparılması vacib islahatlardan biri də həmin qüvvələrin təşəkkül tapmasına şərait yaratmaqdır. Əks halda hakimiyyətdən narazı qalan insanlarımız xarici qüvvələrin formalaşdırmağa çalışdığı təşkilatıların təsiri altına düşə bilərlər.

– Sizə elə gəlmir ki, seçkilərin demokratik keçirilməsi bu problemi tənzimləyə bilərdi? Amma hakimiyyət nədənsə bundan çəkinir. Xüsusilə son parlament seçkiləri Azərbaycanın beynəlxalq imicinə də ciddi zərbə vurdu…

– Seçkilərin demokratik keçirilməsində həm daxili, həm də xarici amillərin xüsusi rolu var. Bütün dünya dövlətləri kimi, biz də qlobal bir siyasi sistemin parçalarıyıq. Bəzi taleyüklü məsələlərin həlli özümüzdən asılı deyil. Qlobal idarəetmə sistemində ölkələr müxtəlif növlərə bölünüb. Azərbaycana, misal üçün, Gürcüstandan fərqli olaraq, ərəb modelini tətbiq ediblər.

– Onda belə çıxır ki, bizim taleyimiz də ərəblər kimi olacaq?

– Ərəblərin çox yaxşı yaşayanları da var. Yalnız Yaxın Şərqin məzhəb müharibələrini əsas götürüb Azərbaycanın gələcəyi barədə proqnoz vermək olmaz. Düzdür, yaxşı yaşayan ərəb ölkələrində demokratiya yoxdur, amma xammal ölkəsi kimi əhalisini maddi, fiziki cəhətdən kifayət qədər təmin edə bilirlər. Bu, çıxış yoludurmu?

– Məsələ burasındadır ki, onların xammalı var, bizim isə yoxumuzdur, axı. Azərbaycanın ən yüksək səlahiyyət sahibləri belə artıq neft dövrünün arxada qaldığını etiraf edirlər. Deməli, biz istəsək belə, yaxşı yaşayan ərəblər kimi ola bilmərik.

– Bu yaxınlarda Ukraynanın İqtisadiyyat naziri çox maraqlı bir fikir söylədi. Dedi ki, Ukraynada biz hər şeyi inkişaf etdirsək, əhali hər saatına 5 dollar pul qazana bilsə, onda ölkənin vəziyyəti də yaxşılaşacaq. Bunu loru dilə çevirəndə belə bir nəticə ortaya çıxır: Ukrayna Avropanın Çini olacaq. Ucuz işçi qüvvəsi. Əgər Ukrayna boyda nəhəng bir ölkədə Çin modelinin tətbiq olunması fikri vardırsa, deməli, biz daha ciddi fikirləşməliyik.

– Bayaq bir ifadə işlətdiniz: xammal ölkəsindən hazır mal ölkəsinə çevrilmək. Dünya neft bazarında qəribə bir vəziyyət yaranıb. Neftin qiyməti sudan da ucuzdur. Biz su qiymətinə təbii sərvətlərimizi satmaqdansa, niyə onu emal edib bazara çıxarmırıq?

– Bu sualın cavabı həm Azərbaycan hökumətinə aiddir, həm də ondan asılı olmayan səbəblərlə bağlıdır. Bir vaxt Səudiyyə Ərəbistanı istədi ki, neft borularını və avadanlıqlarını özü istehsal etsin. Ona başa saldılar ki, sən nefti sat, başını aşağı sal, yaşa. Digər məsələrdən yana narahat olma. Yəni qlobal dünyanın iqtisadi münasibətlərində bu amillər də var. Hər istədiyini sənə etdirmirlər. Əgər sən qlobal dünyanın bir parçasına çevrilirsənsə, müxtəlif maraqları nəzərə almalısan. Təbii ki, Azərbaycan dövləti də öz maraqlarını qlobal dünyaya qəbul etdirməyə çalışmalı, əhalisinin iqtisadi durumunu fikirləşməlidir. Bizə lazım olan hər şeyi potensialımız imkan verdiyi halda istehsal edə bilməsək də, bəzi ehtiyac duyduğumuz maddələri özümüz hazırlamalıyıq. Bu da dövlət büdcəsini xeyli rahatlada bilər. Məndə olan məlumata görə, Azərbaycan hakimiyyəti də bunun fərqindədir. Hətta bir vaxtlar amonyak fabriki açmaq istəyiblər, məqsəd azot kübrələri istehsal etmək imiş. Amma buna icazə verilməyib. Başqa bir misal da deyə bilərəm: hələ rəhmətlik Heydər Əliyevin vaxtında Sumqayıt və onun ətrafı azad iqtisadi zona elan olunacaqdı. (Səhv etmirəmsə, rəhmətliyin Naxçıvan barədə də elə bir fikri var idi). Hətta Heydər Əliyev bunun üçün xeyli əziyyət və maliyyə xərcləri belə çəkməli oldu. Amma bu imkan da Azərbaycana verilmədi. Azərbaycan əgər bu layihəni həyata keçirə bilsəydi, Sumqayıtdan şimal rayonlarına qədər böyük ərazimiz Rusiyanın, Qafqazın, Orta Asiyanın, İranın, Türkiyənin, hətta Yaxın Şərqin böyük ticarət mərkəzinə çevriləcəkdi. Sumqayıt regionun Dubayı olacaqdı. Onda bizə heç neft də lazım deyildi. Azərbaycana bunu reallaşdırmağa imkan verilmədi. Halbuki bu proyekt təkcə Azərbaycanın deyil, həm də bizim üzərimizdən iqtisadi-ticari əlaqələr quran bütün regional güclərin inkişafına səbəb ola bilərdi. Deməli, qlobal iqtisadi münasibətlərdə müxtəlif amillər var ki, nəinki bizim kimi kiçik dövlətin, hətta hansısa bir regionun belə iradəsinin sərhədlərini aşır.

– Nizami həkim, axı indi həmin dövr deyil. O zaman neftimizə ümidimiz vardı. İndisə neft elə bir qiymətə gəlib düşüb ki, ona ümid bağlamaq mümkün deyil. Azərbaycanın neft ehtiyatlarının həcmi də imkan vermir ki, hasilatı artırmaqla əhalini təmin etmək üçün tələb olunan vəsaiti ölkəyə cəlb edə bilək. İstər-istəməz alternativ layihələrə yönəlməliyik. Elə bilirəm ki, qlobal güc mərkəzləri də bizi anlayışla qarşılayarlar. Niyə Azərbaycan hakimiyyəti yenidən o proyektlərə yönəlmir?

– Dünyada elə strateji məhsullar var ki, hegemon güclər onların başqasının əlinə keçməsini istəməzlər. Ancaq sizin dediyinizdə də bir həqiqət var ki, hətta bu amillər olmasaydı belə, Azərbaycan dünya neftinin 0.02%-ni hasil edir. Fərz etsək, neft birjalarda 30 yox, 200 dollaradır, bu halda belə, biz neft istehsalına yox, sənayeləşməyə önəm versək, qlobal neft strategiyasına heç bir təsir göstərə bilmərik. 0.02 faizlik təsir mövcud olmayan təsir deməkdir. Bu potensialla biz, istəsək də, neft ölkələrindəki rəqabətin yönünü dəyişdirə bilmərik. Bundan əlavə, hazırda dünya alternativ enerjilər üzərində çalışır. Bir zamandan sonra ümumiyyətlə, dünyada neft dövrü sona çatacaq. Yadınızdadırsa, bir vaxtlar başlıca enerji mənbələrindən biri də kömür idi. İstilk sistemindən tutmuş, qatarlara, evlərdə istifadə olunan ocaq və elektrikə qədər bütün məişətimizdə kömür mühüm yer tuturdu. İndi kömürün üzünə də baxan yoxdur. Yaxın zamanlarda neft də enerji mənbəyi kimi sıradan çıxacaq. Neftin yerini günəş və gülək kimi tükənməyən enerjilər alacaq. Deməli, qiymətindən asılı olmayaraq, Azərbaycan öz ümidini neftə, qaza bağlamamalıdır. Almaniya kimi ölkə özünün enerji ehtiyacının 13%-ni alternativ enerji mənbələrindən əldə edir. Azərbaycanın bu sarıdan bəxti daha çox gətirib. Günəş və külək ölkəsiyik. Allahın millətimizə bəxş etdiyi bu təbii zənginlikdən faydalanmalı, öz alternativ enerji mənbələrimizi yaratmalıyıq. Bunun üçün isə yaxşı mütəxəssislərə, intellektual bazaya ehtiyac var. Ölkə rəhbərliyi elmi bazamızın inkişafına və alternativ iqtisadi infrastrukturlara böyük sərmayələr qoymalıdır. Bəziləri deyirlər ki, buna ciddi maliyyə xərclənməlidir. Bəli, elə olmalıdır. Maliyyə nə üçün lazımdır ki? Pul ümumiyyətlə vasitə kimi hansı funksiyanı yerinə yetirir, nəyə xidmət edir? Həyat səviyyəsini yaxşılaşdırmağa, elə deyilmi?

– Elədir.

– Elədirsə, pula bizim idarəçilər də məqsəd kimi yox, vasitə kimi baxmalıdırlar. Ölkənin inkişafını təmin edəcək vasitə kimi ondan istifadə etməlidirlər. İstənilən dövlətin öz perspektiv planları, proqramları və bu proqramların əsasını təşkil edən prinsipləri, hədəfləri olur. Biz də bunu bir doktrina kimi hazırlamalıyıq. Həmin doktrinada 5 illik, 10 illik, 20, 50 illik hədəflər müəyyənləşdirilməlidir. Dövlət bir günlük hədəflərlə yaşaya bilməz. Mənə qalsa, o boyda Akademiyanı saxlamaq əvəzinə, İqtisadi Təhlükəsizlik İnstitutu adlı qurum yaradar və ölkənin ən ağıllı insanlarını bu quruma cəlb edib, dövlətçiliyimizin beyin mərkəzini formalaşdıraram. Bu instituta aid olmalıdır: ərzaq sektoru, energetika sektoru, təhsil sektoru… Dünyada ən bahalı şey bilikdir. Amerikanı Amerika edən dollar olmayıb. Dollar sadəcə hədəflərə çatmaq üçün bir vasitə rolunu oynayıb. Amerikanı Amerika edən 3 şey olub: Bilik, bilik və yenə də bilik. Bir də o biliyə verilən qiymət.

– Cavabı özümə bəlli olsa belə, söhbətimizin axarı sizə bir sual yönləndirməyimi tələb edir: Siz də elm adamısınız. Bir elm adamı kimi necə fikirləşirsiniz; Azərbaycanda biliyə layiq olduğu qiymət verilir?

(ardı var)

Söhbətləşdi: Heydər Oğuz

Strateq.az