Suriya ordusu dünən Türkiyə sərhəddi yaxınlığında, Latakiya vilayətində hücumunu davam etdirib və Ər-Rabia şəhərini ələ keçirib. Suriyanın müxalif “Suriya insan hüquqları rəsədxanası”nı təmsil edən hüquq-müdafiəçilərinin məlumatına görə, bu əməliyyatlarda rus zabitlər də iştirak ediblər. Rusiya aviasiyası isə havadan dəstək verib.
Bəşər Əsəd ordusunun hücum əməliyyatlarının intensivləşməsi fonunda Qərb KİV-i Rusiyanın Türkiyə ilə həmsərhəd bölgədə yeni hərbi baza yarada biləcəyi barədə məlumat yayıb. Bu barədə ilk olaraq Fox News kanalı amerikalı hərbçilərə istinadən məlumat verib. Kanalın məlumatına görə, Qamışlı şəhərinin tərk edilmiş hava limanına 200 nəfərdən ibarət heyət gəlib. Türkiyə ilə sərhəddə yerləşən bu şəhərdə kürdlər və xristinalar məskunlaşıblar. Hava limanına isə Əsəd hərbiçiləri nəzarət edir.
Kürdlərin “Yerli əlaqələndirmə komitələri” adlanan təşkilatından "The New York Times"a bildiriblər ki, buradakı rusların sayı təxminən 100 nəfərdir.
Onlar yerli kürd polisi və rəhbərliklə Qamışlıda yerləşmələri ilə bağlı danışıqlar aparıblar. "The Wall Street Journal" isə Vaşinqtonun rusların bu hava limanında hava zərbələri üçün yeni baza yaratmaq niyyətindən narahat olduğunu yazıb. Qəzet qeyd edib ki, rusların niyyəti Pentaqon üçün hələ tam anlaşılan deyil.
Xatırladaq ki, ötən il dekabrın əvvəlində Qərb KİV-i rusların Homs vilayətində Şayrat hava limanını istifadə etmək üçün hazırlıqlara başlaması barədə məlumat yaymışdı. Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov isə buna cavab olaraq bildirmişdi ki, “Suriya ərazisində yeni aviabaza yaradılması üçün elə bir əməliyyat ehtiyacı yoxdur”.
RBK agentliyinə açıqlamasında isə hərbi ekspert Aleksandr Xramçixin bildirib ki, Türkiyə ilə sərhəd yaxınlığında, Qamışlıda yeni baza yaratmaq real görünmür. Onuz sözlərinə görə, Qamışlıdan yanacaq ehtiyatı götürülməsi üçün ehtiyat enmə-qalxma zolağı kimi istifadə oluna bilər.
Strateji Konyuktur Mərkəzinin direktoru İvan Konovalov da qeyd edib ki, Rusiyanın hazırda Suriyada öz hərbi iştirakını genişləndirmək məqsədi yoxdur. Onun sözlərinə görə, praktika göstərib ki, Rusiyanın indiki dəstək səviyyəsi kifayət edir ki, Əsəd ordusu asta da olsa, müdafiədən hücuma keçsin.
Rusiyanın Müdafiə Nazirliyi isə rus hərbiçilərin Qamışlı hava limanında yerləşməsini hələ ki, şərh etməyib.
Bu mövzuda müzakirələrdə Rusiya KİV-i isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini xatırladıb:
“Türkiyə İraq sərhəddindən Aralıq dənizinə qədər uzanan ərazidə heç bir baza yaradılmasına imkan verməyəcək”.
Ruslar qeyd edirlər ki, Ankara Moskvanın Demokratik İttifaq Partiyasından (PYD) olan kürdlərə hərbi və logistika dəstəyi verilməsi planlarından narahat olub. “Hüriyyət” qəzeti yazır ki, Rusiya Suriyanın şimalını Türkiyə ordusundan “pərdələyə” bilər. Bu ərazilərin atəşə tutulması ruslara qarşı hücumlar kimi qiymətləndirilə bilər.
Bu arada ABŞ da Suriyada hərbi baza açmağa hazırlaşır. Yeni baza Latakiya ilə qonşu Xasaka vilayətində, Ramaylan şəhəri yaxınlığında yerləşəcək. Pentaqon sözçüsü "The Times" qəzetinə ABŞ xüsusi təyinatlılarının Suriyada olduğunu təsdiqləyib.
Hazırda Suriyada hava əməliyyatları üçün ABŞ təyyarələri Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyədəki hərbi bazalardan istifadə edir.
Strateq.az