XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2016 - 15:23

Gürcüstan dərsləri: [color=red] Azərbaycan özəlləşdirmədə qonşusundan nələri öyrənməlidir?

ozelleshdirme.jpg

Azərbaycanda müşahidə olunan iqtisadi böhranın dəf edilməsi yollarından biri kimi, geniş özəlləşdirmə proqramının həyata keçirilməsinin vacibliyi vurğulanır.

Son illər ekspertlərin dəfələrlə gündəliyə gətirdiyi geniş özəlləşdirmə prosesinə başlanılmasının zəruriliyi fikri artıq ən yüksək səviyyədə aktuallaşıb – Prezident özü bunun vacibliyini söyləyib. Regionların sosial-iqtisadi inkişafına həsr olunan 26 yanvar tarixli konfransda dövlət başçısı növbətə dəfə özəlləşdirmənin zəruriliyini qeyd edərək, bu prosesin şəffaf aparılması üçün hətta əcnəbi məsləhətçi şirkətin cəlb olunmasının vacibliyini də vurğulayıb.

Bu istiqamətdə təşəbbüslər reallaşarsa, SSRİ dağıldıqdan sonra başlayan və 2000-ci illərin əvvəlində başa çatan özəlləşdirmənin ardından dövlət aktivlərinin satılmasının ikinci böyük mərhələsinə start veriləcək.

Bu proseslə bağlı müzakirələrdə isə çoxsaylı mövqelər var. Tərəfdarlarla yanaşı, əleyhdarlar da az deyil. Amma artıq heç kim mübahisə etmir ki, neft qiymətlərinin indiki səviyyəsində dövlət bir çox hallarda lazımsız yük olan aktivlərin saxlanılmasına gedə bilmir. Bu aktivlər özəlləşdirilməli və yaxud özəl sektora idarəetməyə verilməlidir. Əldə olunan gəlirlər isə islahatların aparılması və iqtisadiyyatın inkişafına yönəldilməlidir.

Dövlət aktivlərinin özəlləşdirilməsi təcrübəsi bütün dünyada tətbiq olunur və düşünülmüş şəkildə aparıldıqda, cəmiyyət və dövlət bundan yalnız qazanır. Bu proses nəticəsində qısamüddətli problemlər qaçılmazdır, işsizlik, infrastrukturda dəyişikliklər və s. Amma düşünülmüş özəlləşdirmə uzaq perspektivdə böyük dividentlər gətirə və iqtisadi inkişafa təkan verə bilər. Misal kimi, qonşu Gürcüstanın təcrübəsinə baxaq:

 

Gürcüstanda dövlət əmlakı necə özəlləşdirildi? Bendukidzenin uğur sirri

 

Dövlət aktivlərinin özəlləşdirilməsi 2004-2010-cu illər ərzində qonşu Gürcüstanda uğurla həyata keçirilib. Gürcüstanın iqtisadiyyat naziri təyin olunan Kaxa Bendukidze Rusiyadan qayıdarkən 1 iyun 2014-cü ildə hava limanında jurnalistlərə açıqlamasında qeyd etmişdi ki, “vicdandan başqa hər şey satılır”. Elə bu şüarla da Gürcüstanda özəlləşdirmə prosesi həyata keçirildi. Bəzi illərdə özəlləşdirmədən əldə olunan gəlir ÜDM-in 10% səviyyəsində idi. Bu isə çox böyük göstərici idi.

2004-2009-cu illərdə Saakaşvili ilə işləyənlərin xatirələri bu prosesi Bendukidzenin necə məharətlə həyata keçirdiyini söyləməyə əsas verir. Bendukidze ilk olaraq özəlləşdirilən müəssisələrin şəffaf hərraclarda satılması tərəfdarı kimi çıxış edib. Bu zaman ilkin qiymətin aşağı müəyyən edilməsi və iştirakçıların sayının çox olması nəzərdə tutulurdu. İdeyaya görə, bu, rəqabət mühitini təmin etməli və müəssisə daha baha qiymətə satılmalı idi. Lakin Şevardnadze dövründə hərraclar gözdən düşmüşdü və əhali artıq buna inanmırdı. Bendukidzenin bu yanaşması hökumətdə müqavimətlə qarşılanırdı.

Bendukidze nazirlərlə məsləhətləşmək üçün xüsusi iclas çağrılmasına nail olur. Lövhəyə özəlləşdirilməyə təqdim olunan müəssisələrin siyahısı çıxarılır. O, nazir, baş prokuror və digər iclas iştirakçılardan xahiş edir ki, bu müəssisələrin neçəyə satılmasının mümkünlüyü ilə bağlı fikirlərini bölüşsünlər. Söylənilən qiymətlərdən sonra hər bir müəssisə üzrə orta qiymət çıxarılır və ümumi məbləğ 700 milyon dollar təşkil edir. Bu, Gürcüstanın 2004-cü ildəki büdcəsindən 300 milyon dollar çox idi.

Bu iclasdan sonra, 15 iyulda İqtisadiyyat Nazirliyi 2004-2006-cı illərdə özəlləşdirilməsi nəzərdə tutulan 372 müəssisənin siyahısını dərc edir. Ümumilikdə, isə 1800 böyük, orta və kiçik müəssisənin özəlləşdirilməsi nəzərdə tutulurdu.

İlk uğurlu özəlləşdirmə isə Batumidəki məhşur “İnturist” mehmanxanası oldu. Hökumət mehmanxana üçün 3 milyon dollar ilkin qiymət təklif edərək hərrac təyin etdi. Bir çox iş adamları və hökumət üzvləri mane olmağa, daha ucuz satışa nail olmağa çalışsalar da, heç nə alınmadı. Sonda 3.2 milyon ABŞ dollarına Rusiyada yaşayan gürcü biznesmen bu mehmanxananı aldı. Hökumət o qədər sevinmişdi ki, hətta bu iş adamını prezident belə qəbul etmişdi. Xatırladaq ki, 2004-cü ildə Gürcüstan büdcəsi cəmi 400 milyon dollara bərabər idi.

Keçmiş prezident Şevardnadzenin Tibilisi yaxınlığındakı məhşur Kraçinisi iqamətgahını ABŞ-ın "Basel Group" şirkəti 15 milyon dollara aldı.

Qazaxıstanın “Kaztransqaz” şirkəti qazpaylayıcı “Tbilqaz” şirkətini 12.5 milyon dollara aldı. “Tibilqaz” şirkəti bu vaxt artıq müflis olmuşdu.

2007-ci ildə isə İsveçrənin "Multiplex Solutions" şirkəti Tbilisi supaylayıcı şəbəkəsini 87.5 milyon dollara aldı və 350 milyon dollar inkişaf üçün investisiya qoymaq öhdəliyi götürdü. Rusiyanın "İnter RAO EAS" şirkəti isə paytaxtın elektrikpaylayıcı şəbəkəsini aldı.

 

Dövlət özəlləşdirmədən mümkün qədər çox qazanmalıdır

 

2005-ci ildə Gürcüstanda özəlləşdirmədən əldə olunan gəlir 231.4 milyon ABŞ dollarına çatmışdı. 2015-ci ildə isə Gürcüstan dövlət akivlərinin özəlləşdirilməsindən 48 milyon dollar qazanıb.

İqtisadi böhran yaşayan ölkələr üçün və ümimiyyətlə, effektiv iqtisadi model qurmaq üçün səmərli özəlləşdirmə hər zaman aktualdır. Məsələn, bu il Ukraynada ilkin olaraq enerji sektorunda, kimya sənayesində, dəniz limanları sektorunda 25 böyük müəssisənin özəlləşdirilməsi nəzərdə tutulub.

Bu il Yunanıstanda 14 regional hava limanı özəl şirkətlərə uzunmüddətli idarəetməyə veriləcək. Yunanıstan, həmçinin dəniz limanları və dəmir yolu şirkətlərinin özəlləşdirilməsinin həyata keçirilməsinə hazırlaşır.

Sonrakı illər göstərdi ki, Bendukidze çox haqlı imiş və dövlət aktivlərinin özəl sektora satılması strateji baxımdan çox düzgün qərar olub. Bu, dövlət əmlakının talanması, israf olunması, dağıdılması prosesinin qarşısını almaqla yanaşı, dövlətə o ağır illərdə ayaqda qalmağa, iqtisadiyyatı inkişaf etdirmək üçün vəsait əldə etməyə imkan verib. Şübhəsiz ki, bu prosesdə əsas vəzifə maksimum dövlətin faydasının, mövqelərinin düşünülməsi, qorunmasıdır. Yəni strategiya dövlətin müfils edilməsi yox, onun mümkün qədər çox qazanması olmalıdır. Bendukidze buna bir çox hallarda tam, bəzi hallarda isə qismən nail olmuşdu.

Azərbaycan da Gürcüstandan bu sahədə çox şey öyrənə bilər. Təki istək və birinci özəlləşdirmənin səhvlərindən qaçmaq iradəsi olsun…

Zaur İbrahimli

Strateq.az