Bugünlərdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi barədə qərar qəbul etdi. Seçkilər martın 20-də keçirləcək.
Rusiyanın rosbalt.ru portalının analitik yazısında bu seçkilərin nəyə görə keçirilməsi və Nazarbayevin gələcək addımları barədə maraqlı təhlil dərc olunub.
Təhlilçilər öncə sual qoyurlar: "Nəyə görə ömürlük prezident olan Nazarbayev ona heç bir maneçilik törətməyən parlamenti buraxmaq qərarına gəldi?"
Strateq.az rus təhlilçilərin bu suala cavablarını oxucularına təqdim edir:
… Çox guman ki, prezidenti bu addımı atmağa, ölkəni “Maydan” əhvalına kökləyə biləcək risklər vadar edib. Nazarbayevin ölkənin xarici siyasətini və iqtisadi strategiyasını dəyişdirməyə hazırlaşması istisna olunmur. Bunun üçün ona ölkə daxilində yeni daxili siyasi “pasport” lazımdır.
Strategiyanın dəyişdirilməsi üçün əsaslar da var. Ukrayna böhranı, Moldovadakı hadisələr, neftin ucuzlaşması ABŞ, Çin, Rusiya, Türkiyə, İran, OPEK ölkələri ilə oyun qaydalarını dəyişdirməyi tələb edən beynəlxalq müstəvi meydana gəlib.
Məsələn, İran dünya təcridindən çıxırsa, Türkiyə bir o qədər odiozlaşır və türkəsilli qazaxlar üçün cazibədarlığını itirir.
Ölkəyə ən böyük dəstək verən Rusiya ilə bağlı da çox şey aydın deyil. Zəmanə dəyişir, indi Rusiya “taxta rublu” ilə özü köməyə möhtacdır. Lakin Qazaxıstanın çiynini söykəyə biləcəyi arxaya ehtiyacı var. Hələlik bəlli deyil ki, Astana nəyi seçəcək: Rusiya ilə birgə batmağı, yoxsa tək üzüb çıxmağı?
Daha bir sual: İqtisadi sahədə vəziyyəti yaxşı olmayan Çinlə münasibətləri necə qurmalı? Bundan başqa “qızıl dağlar” vəd etmiş, lakin bunu doğrultmamış Avrasiya İttifaqı formatı ilə necə davranmalı?
Belə vəziyyət, əlbəttə ki, Astananı öz siyasi və iqtisadi siyasətində dəyişiklik etməyi tələb edir.
Yeni parlament ilə Nazarbayev özünü sığortalamağa cəhd edir. O, bu seçkiylə xalqın öz qanunverici orqanına və hökumətinə olan dəmir inamını nümayiş etdirmək niyyətindədir.
Lakin məsələ heç də asan deyil. Ötən il növbədənkənar keçirilmiş prezident seçkisindən sonra milli valyuta olan təngə neftin sayəsində 80 faiz ucuzlaşdı. Ekspertlər hesab edir ki, təngənin belə pis devalvasiyaya uğramasında nəhəng korporasiyalar və banklar da “əl qoyub”. Onlar məharətlə milli valyutanı dollara çevirməklə pulun dəyərdən düşməsinə rəvac veriblər.
Nə qədər qəribə olsa da, bu addım xalqın qiyam etməsinə səbəb olmadı – hələlik! Amma situasiya çox böhranlıdır. Nazarbayev bacardığı qədər fəaliyyət göstərir: dövlət elitasını yeniləyir və ölkəsini yeni iqtisadi zərbələrə hazırlayır.
Belə demək olar ki, Nazarbayev öz hakimiyyəti üçün doğru gediş edib və Qazaxstandakı iqtisadi böhranın pik zamanında seçki keçirməyə qərar verib. Necə deyərlər, postneft dövründən sonrakı başlanacaq “Böyük depressiya” qabağı optimal anı tapıb.
Ola bilsin, bu depressiya Qazaxıstanı və "neft iynəsi"nə asılı olan digər dövlətləri inkişafın yeni hüdudlarına çıxarsın. Amma hər şeyin tam tərsinə baş verəcəyi də istisna olunmur. Dünya Bankı bu il üçün qazax iqtisadiyyatına bir faizlik artım proqnozlaşdırıb. Burada çox məsələ Rusiyadan asılı olacaq. Maraqlıdır ki, 2015-ci ildə Rusiya ilə ticarət 26 faiz azalıb.
Yeri gəlmişkən, Bloomberq-in son məlumatlarına görə, dünyanın innovativ iqtisadiyyatı sırasında Rusiya 12-ci yeri tutur. Bu reytinqi isə 50-ci yerlə Qazaxıstan bağlayır.
Bu halda Rusiya Qazaxstanın ən yaxın tərəfdaşı kimi onun üçün lokomotiv rolunu oynaya bilər. Amma məlum deyil ki, Nazarbayev Moskvanı bu statusda görür, ya yox. Məsələ həm də beynəlxalq siyasi balanslaşmadadır. Bu vaxta qədər Nazarbayev bu məsələdə usta “fokusçu” idi. Çoxvektorlu siyasət yeritmək ona müyəssər olurdu.
Lakin indi dünya çətin zamanlarını yaşayır. Qazaxıstan da belə durumdadır. Onun ən yaxın qonşusu olan Rusiyaya sanksiyalarla təzyiq edirlər. Bu isə Qazaxıstanın iqtisadiyyatına pis təsir edir. Rusiya qazaxların sıx əməkdaşlıq etdiyi və tarixi köklərlərə bağlı olduğu Türkiyə ilə dalaşır. Regiona terrorçular gəlməkdədir. Astana üçün hələ tam aydın deyil ki, bu fakt böyük siyasətə necə təsir edəcək.
Hələlik Qazaxıstan hesab edir ki, ölkə eyni vaxtda Rusiya, Qərb, Çin və ərəb ölkələri ilə dost olmalıdır. Ancaq getdikcə aydın olur ki, bu, bir “çantaya sığışan” məsələ deyil.
Növbədənkənar seçkilər Nazarbayevə bu məsələdə kömək edəcəkmi? Çətin. Mərkəzi Asiya, xüsusən Qazaxıstan uğrunda böyük güclərin apardığı “böyük oyunu” heç kim təxirə salmayıb. Belə vəziyyətdə isə Astananın nəhəng güclərin “dəliliyi” fonunda öz siyasətini müstəqil müəyyənləşdirməsi getdikcə daha da çətinləşir…
Hazırladı:
Xaqani SƏFƏROĞLU
Strateq.az