NATO ölkələri bu ay Rusiyanın şimal sərhədlərində Kremlin və strateji analitiklərin prezident Putinin nüvə silahı tətbiq etmək hədəsinin sadəcə boş söz olmadığı xəbərdarlığına cavab olaraq Hərbi Hava Qüvvələri (HHQ), quru qoşunları və Hərbi Dəniz Qüvvələrinin (HDQ) irimiqyaslı təlimlərini keçirir. Estoniya, Litva və Norveç ərazilərindəki təlimlərdə 21 mindən çox hərbçi iştirak edir və ən yeni hərbi texnika hərəkətə gətirilib. Həm Ukrayna qvardiyaçılarının hazırlanması üzrə ABŞ hərbi missiyası, həm də Şərqi Avropa ölkələrinin müdafiəsi üçün bu yaxınlarda formalaşdırılmış 3 minlik çevik reaksiya kontingenti, hər şeydən göründüyü kimi, alyansın yeni üzvlərini müdafiə etməyə hazır olduğunu Moskvaya nümayiş etdirmək məqsədi güdür. Şimali Atlantika alyansının döyüş hazırlığını yoxlayan təlimatçı və müfəttişlər “yeni dəmir pərdə” adlanan Şərqi Avropa sərhədlərindəki ölkələrin müdafiəsini gücləndirirlər. Həm də bu pərdə Şərqi Qərbdən əvvəlki kimi ayırsa da, indi keçmiş sovet respublikaları bu ideoloji sərhədin qərb hissəsində yerləşir.
Putinin Ukraynada ötən il boyu davam etmiş və savaşsonrası sovet ağalığı haqqında yaddaşın hələ də təzə olduğu bir sıra ölkələrdə təşviş doğurmuş təcavüzkar hərəkətinə cavab olaraq, NATO Rusiya sərhədləri yaxınlığında öz varlığını gücləndirir.
Bazar ertəsi Estoniyada ölkənin bütün tarixi ərzində NATO-nun 28 müttəfiqini təmsil edən bölmələrdən 3,5 min nəfərin qatıldığı quru qoşunların “Operation Hedgehog” (“Kirpi”) adlanan ən böyük hərbi təlimi başlandı.
“Operation Lightning Strike” (“İldırım zərbəsi”) təlimi çərçivəsində ordu birləşmələrinin mülki hökumət və xidmətlərlə qarşılıqlı fəaliyyətinin effektivliyini yoxlamaq üçün Litvaya 3 min hərbçi və polis gəldi.
Bu təlimlərin məqsədi gizli müdaxilə və özgələrin əli ilə vasitəli müharibəyə qarşı fəaliyyətdir. çünki bir ildən artıq müddətdə Ukrayna Rusiyayönlü qüvvələrə qarşı döyüşür və Kreml onların silahlanmasına və təhrikinə dəxli olduğunu inkar edir.
ABŞ, Norveç, həmçinin alyansın üzvü olmayan ölkələrin sualtı qayıqları və əlavə beş min nəfərlik kontingent Şimal dənizindəki sualtı qayıqlara qarşı qüvvələr əleyhinə “Dynamic Mongoos” (“çevik manqusta”) təliminə qatılıb. Bu təlimdə həmçinin gəmilər və NATO təyyarələri iştirak edir.
NATO ölkələrinin güc nümayişi Rusiyanın bu yaxınlarda Barents dənizində 30 min hərbçi, yüzlərlə hərbi gəmi və təyyarənin iştirakı ilə keçirdiyi hərbi təlimlərlə müqayisədə kiçikmiqyaslı görünür. Lakin Putin NATO-nun irimiqyaslı təlimləri fonunda getdikcə daha tez-tez bildirir ki, ABŞ-ın Moskvanın keçmiş müttəfiqlərini Rusiyadan təcrid etməyə inandırmaq qəsdilə quraşdırdığı sui-qəsdin obyektinə çevrilib. Putin son zamanlar vurğu ilə və kəskin formada Qərbdəki rəqiblərinə xatırladıb ki, Rusiya nüvə dövlətidir və lazım gələrsə, istənilən vasitəni tətbiq etməklə özünü müdafiəyə hazırdır. Rusiyanın Krımı ilhaq etməsinin ildönümünə martın 18-də çəkilmiş sənədli dramda Putin deyib ki, NATO ilə silahlı qarşıdurma halında nüvə silahının tətbiqini nəzərdən keçirib. Guya, NATO qəsdən Ukraynanı onun ənənəvi tərəfdaşlığından öz tərəfinə çəkməyə şirnikləndirib.
Hərbi veteranların və politoloqların fikrincə, nüvə silahı tətbiqi hədəsinə etinasız yanaşmaq olmaz.
Ordu məmurları ilə hələ sovet dövründən əlaqə saxlayan müstəqil hərbi icmalçı Pavel Felgenhauer hesab edir ki, Rusiyanın adi silahları Gürcüstan və Ukraynanın köhnəlmiş ordusuna qarşı döyüşdə bütün effektliliyi ilə bərabər, təəssüf ki, NATO qüvvələrinə qarşı döyüşün tələblərinə cavab vermir.
İcmalçının sözlərinə görə, Putin 2007-ci ildə büdcəsi dolların indiki kursu ilə 500 milyard dollardan çox olan və əhəmiyyətli dərəcədə nüvə cəbbəxanasını modernləşdirməyi nəzərdə tutan irimiqyaslı yenidən silahlanma proqramı elan etməklə “strateji baxımdan önəmli dönüş” etdi.
Felgenhauer deyir: “Rusiya artıq göstərdi ki, öz maraqlarını qorumaqdan ötrü iradəsini qonşu dövlətlərə sırımaq üçün ordudan istifadə etməyə hazırdır. Rusiya liderləri bilirlər ki, adi silahların tətbiqi ilə Birləşmiş Ştatlara cavab verə bilməzlər. Buna görə də müharibə həddində tarazlaşma siyasətinə qaçmağa məcburdurlar”.
Felgenhauer hesab edir ki, ABŞ-ın xərcini çəkdiyi raket əleyhinə sistemlərin NATO-nun müttəfiq ölkələrinin ərazilərində yerləşdirilməsi Putinin Sankt-Peterburq və Soçidə yerləşmiş iqamətgahlarının Qərb raketlərinin hərəkət radiusunda görünməsi haqda Putinin yaxın çevrəsindəki “qırğılar”ın adından yayılan xəbərlər Rusiyada yaxınlaşmaqda olan təhlükə atmosferinin qızışdırılmasına səbəb olur.
İcmalçı Rusiyada hökm sürən əhvali-ruhiyyə barədə danışarkən deyir: “Biz hadisələri qabaqlayırıq. Həm də hazırda savaşöncəsi durumdayıq”.
Moskva Karnegi Mərkəzinin direktoru Dmitri Trenin deyir: “Putin özünü o qədər Rusiyanın NATO tərəfindən udulmasının “son müdafiəçisi” qismində qələmə verib ki, qorxuram, ABŞ-ın başçılığı ilə istənilən səhlənkarlıq onu nüvə kartını oynamağa məcbur edə bilər. O, Donbasın itirilməsini özünə rəva bilməz. Putin tələb olunanı yerinə yetirməyə hazır olduğunu nümayiş etdirib hansısa bir anda nüvə silahı tətbiq edə bilər”.
Trenin hesab edir ki, Şərqi Ukrayna əhalisini “müdafiə etmək” qabiliyyətsizliyi Putinin məğlubiyyətinə gətirib çıxardar: “ölkədə təkcə rejimin dəyişilməsi deyil, daha çox onunla bağlı xaos baş verə bilər. Putinin qəflətən devrilməsi nəticəsində yaranacaq vahimə və hərc-mərclik 1953-cü ildə Stalinin ölümündən sonra insanların kütləvi mühacirət etdiyi durumu xatırladacaq”.
Hərbi doktrinanın Putin tərəfindən dekabrın 26-da təsdiq edilmiş yeni redaksiyasında Kreml ABŞ-ı öz “kürsəl zərbə” konsepsiyasını gerçəkləşdirməklə “kürəsəl sabitliyi pozmaq və yaranmış qüvvələr nisbətini sarsıtmaq”da ittiham edir.
Cavab zərbəsi endirmək imkanı verməyən və Yer kürəsinin istənilən nöqtəsindəki obyekti məhv etməyə qabil olan sürətli raketlərin yerləşdirilməsi üçün silahlanma sistemi işlənib hazırlanıb.
Hazırda NATO-nun tərkibinə daxil olan Şərqi Avropa ölkələrinin hökumətləri bu cür fasiləsiz təhdidlər fonunda alyansın onları müdafiə etmək qabiliyyətinə şübhəylə yanaşır.
Polşa Seyminin deputatı, tarixçi Pavel Koval deyir: “Aydındır ki, Polşada müharibənin başlanması riskinin çox yüksək olduğu bir duruma düşmüşük. Biz Rusiya imperializminin kölgəsində yaşayırıq. Bu, müstəmləkə dövlətinin ölümqabağı qıc olmasıdır.
İmperiyanın tənəzzül etməsi üçün hələ xeyli vaxt lazım gələcək”.
Latviya müdafiə nazirinin müavini Yanis Sarts bildirir ki, hətta 2008-ci ildə dünyadakı iqtisadi geriləmədən bəri ən sərt iqtisadi böhran fonunda Rusiyanın bu il müdafiə xərclərini 30% artırması qərarı onu qorxudur: “Haradasa müharibə törətmək niyyətində olan bu cür hərəkət edir”.
Putin 2012-ci ildə prezident kreslosuna qayıdandan sonra nüvə silahı tətbiq etmək hədələri getdikcə daha çox səslənməyə başlayıb.
Putin keçən ilin avqustunda deyib: “Ən yaxşısı, bizə ilişməməkdir. Yada salmaq istəyirəm ki, Rusiya ən güclü nüvə dövlətlərindən biridir”.
O, iki aydan sonra “tərəfdaşları” – hansıları, bunu demədi – şərqə müdaxilə cəhdləri ilə Rusiyanı şantaj etməkdə ittiham etdi və xəbərdarlıq etdi ki, “güclü nüvə dövlətləri arasında fikir ayrılıqlarının necə başa çata biləcəyini unutmasınlar”.
Nüvə silahı işlətməyə hazırlıq barədə təkcə Putin fikrini bildirmir. Strateji təyinatlı raket qoşunlarının komandanı Sergey Karakayev dekabrda bildirdi ki, Kreml Birləşmiş Ştatların müasir kürəsəl zərbə sisteminin inkişaf etdirilməsinə cavab olaraq, sovetlərin qitələrarası ballistik raketlərin dəmiryolu vaqonlarında yerləşdirilməsi praktikasını təzələməyi və dəmiryolu raket komplekslərinin formalaşdırılmasını planlaşdırır.
O həmçinin bildirdi ki, əgər əmr alarsa, “düyməni basmağa və nüvə silahını hücum məqsədilə istifadə etməyə hazırdır”.
Kreml televiziyasının baş təbliğatçısı Dmitri Kiselyov fevralda Sovet İttifaqının soyuq müharibə dönəmində heç vaxt birinci nüvə zərbəsi endirməmək vədini “siyasi romantizmin” əlavə effekti adlandırdı.
O, teletamaşaçılara bildirdi ki, Rusiyanın müasir hərbi doktrinasında belə məhdudiyyət nəzərdə tutulmayıb və Rusiyanın “daha illüziyası yoxdur”.
Qərb liderləri bir il əvvəl Krımın ilhaqı ilə bağlı Rusiyaya qarşı sanksiyalar məsələsini həll edərkən Kiselyov qeyd etdi ki, Rusiya “ABŞ-ı radioaktiv külə döndərməyə qabil olan yeganə ölkədir”.
Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının baş direktoru Andrey Kortunov Kremlin nəhs xəbərdarlıqlarını bununla izah edir ki, Rusiya hökuməti keçmiş müttəfiqlərinin NATO tərəfə keçməsinə qarşı çıxmasına hörmətlə yanaşmayan Qərb sarıdan özünə qarşı ədalətsiz münasibət hiss edir.
Kortunov deyir: “Qərbdə hesab edirlər ki, bu moskvalı xuliqan ortalığa çıxıb beynəlxalq düzəni yenidən yazmaq istəməyənə qədər Ukraynada hər şey yaxşı idi. Lakin belə deyil. Qərbin yaltaq məmurları Pyotr Poroşenkoya növbəti Vatslav Havel və yaxud Nelson Mandela kimi yanaşırlar. Kiyev hökuməti heç də faşistlərdən ibarət deyil. Lakin onları “ağ və yumşaq tüklü” də adlandıra bilməzsən”.
Kortunovun fikrincə, Rusiyanın nüvə qüdrəti barədə xəbərdarlıq və ritorika o həddə qədər gücləndirilib ki, indi bunun öhdəsindən ancaq Putin gələ bilər: “Əslində, Putinin nüvə müharbəsinə başlamağa hazır olub-olmadığını heç kim bilmir. Lakin o, aydınca anlatmağa çalışdı: “Rəqiblərimizdənsə, biz daha qətiyyətlə hərəkət edə bilərik və onların bunu yadda saxlaması lazımdır”. Kim ən ifrat tədbirə əl atmağa və müharibəni başlamağa hazırdır – Obama, yoxsa Putin? Cavab tamamilə aydındır”.
Kerol Uilyams
“Los Angeles Times” (ABŞ), 08.05.2015