XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2016 - 00:13

“Nə qədər ki, Kərəm Həsənov Əmlak Komitəsinin başındadır…” – [color=red]Sahibkar ASC-lərlə bağlı sensasion fırıldaqlara əl atıldığını bildirir

1ke

Mərhum prezident Heydər Əliyev 25 mart 1996-cı ildə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının yerinə yetirilməsini və özəlləşdirmə prosesində vətəndaşların fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını təmin etmək məqsədilə, 451 saylı sərəncam imzalamışdı. Əhaliyə bu məqsədlə adam başına bir ədəd özəlləşdirmə payı verilsə də, ondan necə istifadə etmək haqda maarifləndirmə çox kasad olduğundan, əhalinin əksəriyyəti öz paylarını “qara bazar”da satdı.

Ötən 20 il ərzində ölkədə aparılan özəlləşdirmə prosesi özünü doğrultmadı. Respublikada gedən iki özəlləşdirmə proqramında doqquz milyon əhalinin cəmi 1%-i belə iştirak etməyib. Yəni, vur-tut, təxminən 10 minə yaxın adam əmək kollektivinə düşən 15%-in 1-2%-ni əldə edib.

Məmurlar ASC-lərin yerində göydələnlər inşa etdirməklə özəl sektoru məhv etdilər

Respublikada keçirilən ixtisaslaşdırılmış çek hərracları bir neçə regionda fəaliyyət göstərsə də, əsasən paytaxtda keçirilən auksion mərkəzinə üz tutan Azərbaycan vətəndaşlarına bir ədəd özəlləşdirmə payından əlavə istifadəyə qeyri-qanuni qadağalar var idi. Bununla bağlı vətəndaşlar müxtəlif dövlət orqanlarına müraciətlər etdikdən sonra bürokratik əngəlləri aşaraq, bir neçə Cəmiyyətin özəlləşməsində iştirak etməyə nail olublar.

Lakin ixtisaslaşmış çek hərraclarında bürokratik əngəllərə sinə gərərək, öz paylarından səmərəli istifadə etməyə nail olan vətəndaşların səhmləri bu günə kimi müxtəlif hiylələrlə dəyərindən qat-qat aşağı qiymətə əllərindən çıxarılıb. Bu səhmdarların çox cüzi hissəsi öz hüquqlarını bilir. Həmin səhmdarlar mülkiyyət hüquqlarının sahibkarlar tərəfindən kobudcasına pozulması, üzləşdikləri çətinliklərlə bağlı əlaqədar dövlət orqanlarına etdikləri müraciətlərə görə, ƏMDK-nin sədri Kərəm Həsənov, Qiymətli Kağızlar Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, Vergilər naziri Fazil Məmmədov və digər əlaqədar dövlət məmurlarının lap “baş ağrısına” çevriliblər.

Səhmdar cəmiyyətlərə yatırdıqları sərmayələrin gəlirindən məhrum olan minoritar səhmdarların mülkiyyət hüquqları majoritar səhmdarlar tərəfindən kobud şəkildə pozulur. Özəl cəmiyyətləri öz monopoliyasında saxlayan dövlət məmurları ASC-lərin yerində “göydələn”lər inşa etdirməklə, özəl sektoru bərbad vəziyyətə salıblar.

Beləliklə də ölkədə indi nəticəsi göz qabağında olan böyük bir işsizlər ordusu yarandı. İş yerləri qapadıldı, fabrik və zavodlar talan edildi. Özəlləşən dövlət mülkiyyətləri məmurların nəzarətinə keçdikdən sonra şəhərin mərkəzində yerləşən ASC-lərin ərazisində minoritar səhmdarlarla hesablaşmadan, yəni onlara çatası kompensasiyanı ödəmədən, yaşayış binaları inşa edildi. Majoritar səhmdarlar buna “əyri yollarla”, hüquqşünasların “əməyi nəticəsində” ləğvetmə qərarı qəbul edərək, ASC-ləri qeyri-qanuni yollarla məhv edərək, nail oldular.

Səhmdar Cəmiyyətlərin ərazilərində kimlər, nələr tikib? –  Cahangir Əsgərov, Cahangir Hacıyev…

Hələ bu günə kimi heç bir minoritar səhmdara istər sahibkarlar, istərsə də dövlət tərəfindən səhmdar cəmiyyətlərin ərazisində inşa olunan və kvadratı 1000 azn-dən yuxarı qiymətə satılan binaların satışından gələn gəlirdən 0,1 azn belə ödənilməyib. Məsələn, “Bakı Taksopark-1”in yerində “Yeni Həyat” şirkətlər qrupu tərəfindən 10 ədəddən çox 30 mərtəbəli yaşayış binaları inşa edilib.

“Trikotaj ASC”-nin 2,5 ha ərazisində və “Dondurma kombinatı S.Babayev” ASC-yə məxsus 1 ha ərazidə “Port Baku” tikinti kompleksi və “Paşa Holding”ə məxsus bahalı yaşayış binaları inşa olunub. 

“İnturist” ASC, “Səbail Mebel” ASC, “Xətai Tikinti Sənaye” ASC, “Şirniyyat” ASC-nin, “Avto-Ekspress” ASC-nin ,”Qızıl Şərq Mətbəəsi” ASC-nin,”Təchizat AZB” ASC-nin, “ANM” ASC-nin ərazilərində isə “Akkord” Şirkətlər Qrupu nəhəng yaşayış binaları inşa edib. 

“Ekspress İnşaat” ASC-nin, “Azərağackağız” ASC-nin, eyni zamanda “Çörək Nəqliyyat” ASC-nin 1 ha-dan çox ərazisində nəhəng “göydələn”lər inşa olunub.

”Bakı Quşculuq” ASC-nin 45 ha ərazisində ABB-nın sabiq prezidenti Cahangir Hacıyevlə “AZAL”-ın prezidenti Cahangir Əsgərovun ortaq olduğu villalardan ibarət nəhəng yaşayış massivi salınıb.

“Bakı Süd” ASC və “Arzu” ASC-nin 3 ha-dan artıq ərazisində “Şəhər Bağları” yaşayış kompleksi, “Billur” ASC-yə məxsus (keçmiş şüşə zavodu) 3 ha yaxın ərazidə, “İnturavto” ASC-nin 0,5 ha ərazisində 18 mərtəbəli yaşayış binaları inşa olunub.

Hazırda həbsdə olan oliqarx Cahangir Hacıyevə məxsus “Bakı Dəmir-Beton-7″-nin ərazisində “Yeddi Təpə” tikinti kompleksinin inşası yarımçıq qalıb.

“Novruz” ASC-nin ərazisində “Novruz” şadlıq sarayı, ”Uşaq Sevinci” ASC-nin 1 ha-dan çox ərazisində “Nurgün Motors”-a məxsus maşın bazarı fəaliyyət göstərir.

”Azərnəqliyyatyoltikinti” ASC-yə məxsus mülk, dağıdılaraq yerində istirahət mərkəzi salınıb…

40-dan çox ASC-də səhmdarların ümumi yığıncağını bir gündə, eyni saatda keçirdirlər!

Odur ki, səhmdarlar,  sərmayə yatırdıqları ASC-lərdən gələn xalis mənfəətdən, kredit oliqarxlarının sayəsində məhrum olublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlliylə bağlı keçirdiyi sonuncu müşavirədə ökəni ağır vəziyyətdən çıxarmaq üçün aparılacaq islahatların dərinləşəcəyini vurğuladı, məmur özbaşınalıqlarını kəskin tənqid etdi.

Ölkə başçısı beynəlxalq ekspertlərin iştirakı ilə böyük özəlləşdirmə proqramının hazırlanması, bu işə yerli və xarici investorların cəlb olunması və iqtisadiyyatın canlanması üçün biznes mühitinin yaxşılaşdırılması məqsədilə mühüm tapşırıqlar verdi.

Özəlləşdirmə hərraclarında yüzlərlə səhmdar cəmiyyətə külli miqdarda vəsait yatıran minoritar səhmdar Vəzir Rəcəbov, mojaritar səhmdarları gəlirləri gizlədərək, həm dövlətin büdcəsinə çatacaq vəsaiti, həm də minoritar səhmdarlara xalis mənfəətdən çatacaq dividenti müxtəlif maliyyə maxinasiyaları ilə gizlətməkdə suçlayır. Qanuna görə, hər bir səhmdar cəmiyyətin icra orqanı ötən ilin yekununa dair maliyyə-təsərüfat fəaliyyəti barədə ildə bir dəfə cari ilin ilk 6 ayı ərzində səhmdarların illik ümumi yığıncağını çağırmalıdır və səhmdarlara hesabat verməlidir.

Lakin başda ƏMDK-nin sədri Kərəm Həsənov olmaqla, səhmdar cəmiyyətləri öz monopoliyasında saxlayan yüksək çinli dövlət məmurları, nəzarətlərində olan ASC-lərin illik hesabatını minoritar səhmdarlardan gizlətmək üçün, 40-dan çox ASC-nin səhmdarlarının ümumi yığıncağını iyun-iyul aylarında bir gündə, eyni saatda və müxtəlif məkanlarda keçirdirlər.

Məqsəd isə eynidir: saxta protokol tərtib edərək, etdikləri maxinasiyaları ört-basdır etmək! Səhmlərinin 30%-i dövlətdə olan ASC-lərdən gələn gəlirlər isə tamamilə büdcədən və səhmdarlardan gizlədilir. Əsasən, 30 %-i dövlətdə olan cəmiyyətləri ƏMDK-nin işçiləri idarə edirlər.

“Ucar Tikinti Nəqliyyat” ASC-də maxinasiyalarda kimlər iştirak edir?

Məsələn, ölkə başçısının 18 yanvar müşavirəsinin səhəri günü “Ucar Tikinti Nəqliyyat” ASC-nin 44,9 % səhm paketinin sahibi, ƏMDK-nın Dövlət Əmlakının İdarə Edilməsi və Səmərəli İstifadəsinə Nəzarət Şöbəsinin müdiri İlham Abbas oğlu Pənahov və 45,8% paket sahibi Bəhruz Ağakərim oğlu Rəhimovun qəsdən gəlməmələri səbəbindən səhmdarların iclası baş tutmayıb.

Müxtəlif regionlardan Ucara yollanan minoritar səhmdarlar bu çətin vaxtda paket sahiblərinin onlara qarşı etinasızlığına görə, RİH-nin işçisi Vaqif Mehdiyev və ƏMDK-nin 10 saylı filial müdirinə müraciət etməli olublar. Lakin səhmdarların şikayəti dövlət məmurları tərəfindən cavabsız qalıb.

Səhmdar Vəzir Rəcəbovun iddiasına görə, nə qədər ki, ƏMDK-nin sədri Kərəm Həsənov öz qanunsuz, özbaşına əməllərini davam etdirir və ona dövlət orqanları tərəfindən ciddi nəzarət olunmur, bu sahədə heç bir irəliləyişdən söhbət gedə bilməz.

Dövlətin nəzarətində olan 600-dən çox ASC-nin səhmdarı olmasına baxmayaraq, bu günə kimi minoritar səhmdarlara bir qəpik də dividend ödənilmədiyini önə çəkən V.Rəcəbov qeyd etdi ki, Kərəm Həsənovun müxtəlif maxinasiyalarla hansısa çobanın və yaxud çəkməçinin, o cümlədən yaxın adamlarının adına sənədləşdirdiyi səhmdar cəmiyyətlərin fəaliyyəti Vergilər Nazirliyinin əməkdaşları tərəfindən “təmənnasız” şəffaf yoxlanılarsa, büdcəyə nə qədər ziyan vurduğu üzə çıxar.

Rüstəm Şahbazovun yaxın adamı özü-özünü  hansı ASC-nin İdarə Heyətinin sədri elan edib?

11.11.2015-ci il tarixdə “Bakı Yüngül Konstruksiya” ASC-nin növbədənkənar iclası keçirildi. ƏMDK-nin sədr müavini Rüstəm Şahbazovun yaxın adamı sayılan Sahib adlı şəxs, iclasın qərarı olmadan, özünü İdarə Heyətinin sədri elan etdi. Lakin səhmdarların reyestrinin köhnə tarixlə olduğunu bilən minoritar səhmdarlar iclası qeyri-qanuni hesab etdilər. ASC-nin İdarə Heyətinin sabiq sədri Ərzuman müəllim iddia edirdi ki, onu ƏMDK-nin DƏİSİN-nin şöbə müdiri İlham Pənahov əsassız olaraq, işdən kənarlaşdırıb.

Özünün də bu vəzifəyə ƏMDK tərəfindən təyin edildiyini vurğulayan Ərzuman müəllim, Kərəm Həsənovun səhmdar cəmiyyətlərin gəliri və büdcədən yayınma ilə bağlı hiylələrini açıb tökdü. Onun sözlərinə görə, Kərəm Həsənov və onun işçiləri Vergilər Nazirliyinin bəzi “üzdəniraq” əməkdaşları ilə əlbir olaraq, səhmdar cəmiyyətlərin vergi ödənişlərini 5 ildən bir silməklə, büdcəyə külli miqdarda ziyan vururlar. Onun sözlərinə görə, “Bakı Yüngül Konstruksiya” ASC-nin 89.000 AZN vergi borcu da elə bu yolla silinir.

Kərəm Həsənov nəzarətində olan ASC-lərin  gəlirlərini öz əlaltıları vasitəsilə mənimsəyir!

Əvəzində isə, VN-nin əməkdaşına 3-5 min arası rüşvət ödənilir. Bu yolla Kərəm Həsənov nəzarətində olan ASC-lərin ərazilərindən icarə hesabına götürdüyü gəlirləri də həm səhmdarlardan, həm də büdcədən öz əlaltıları vasitəsilə gizlədərək, mənimsəyir. Məsələn, uzun illərdir özəlləşən H.Z.Tağıyev adına “Toxucu Kombinatı” ASC-nin, təxminən 1000 nəfər səhmdarı var. Lakin ASC bir neçə hektar ərazisində icarədən götürdüyü gəlirlərdən səhmdarlara 1 qəpik belə dividend ödəmir. Uzun illər ərzində ƏMDK-nin əməkdaşı Elmin cəmi bir dəfə – 2014-cü ilin dekabrında səhmdarların ümumi yığıncağını keçirib. Bu iclasda isə səhmdarlara ASC-nin söküləcəyi və yerində binalar inşa ediləcəyi barədə məlumat verib. 15 ilə yaxındır özəlləşən ASC-ni ƏMDK-nin əməkdaşları Elçin və Vüqar adlı şəxslər idarə edir.

Çinar Soyuducuları ASC-nin bir neçə hektar ərazisi və anbarları, sexləri müxtəlif sahələr üzrə icarədədir. Səhmdarların dediyinə görə, təkcə Çinar Soyuducuları ASC-dən Kərəm Həsənov ayda 120 MİN MANAT vəsait götürür və bu vəsait büdcədən və səhmdarlardan gizlədilir!

Bütün bunlar göstərir ki, K.Həsənov nəzarətində olan ASC-lərin mülkiyyətini, ərazisini yüksək qiymətə icarəyə verib, çox cüzi qiymətə sənədləşdirməklə, həm büdcəyə, həm də minoritar səhmdarlara külli miqdarda ziyan vurmaqla məşğuldur!

Bu barədə geniş məlumata malik olan V.Rəcəbov qeyd edir ki, dəfələrlə Kərəm Həsənov və onun əlaltılarının ASC-ləri talan etməsilə bağlı dövlət orqanlarına şikayət etsə də, heç bir nəticə olmayıb: 

“Kərəm Həsənovun hansı hiylələrini deyim sizə? Məsələn, ASC-ləri özəlləşdirərkən, cəmiyyətləri süni şəkildə 3 dəfə hərraca çıxarmaqla, nizamnamə kapitalını dəyərindən qat-qat aşağı qiymətə sənədləşdirərək dövlətə külli miqdarda ziyan vurub. Lakin çox cüzi qiymətə sənədləşdirdiyi ASC-ləri sahibkarlara çox yüksək bazar qiymətinə satmaqla, işıq sürətilə hədsiz dərəcədə varlanıb. K.Həsənovun nəzarətində olan ASC-lərin əksəriyyətinin hüquqi ünvanlarında ya “göydələn”lər tikilib, ya da müxtəlif məqsədlərə görə sökülüb. Hansı ki, Mülkü Məcəlləyə görə, ASC-lərdə səhmdarların razılığı olmadan heç bir söküntü olmamalıdır. Sökülən səhmdar cəmiyyətlərdən mənimsədiyi külli miqdarda vəsaitdən minoritar səhmdarlara heç bir kompensasiya ödəmir. Odur ki, ölkə başçısının yanvarın 18-də elan etdiyi böyük özəlləşmə prosesinə başlanılacağı haqqında məlumatı eşitdikdə, məndə ilk təəssürat belə oldu ki, nə qədər ki, Kərəm Həsənov Əmlak Komitəsinin başındadır və öz qanusuz əməllərinə son qoymayıb, Azərbaycan xalqı bu özəlləşmədən də kənarda qalacaq”. 

Kəmalə Kərimli