XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

30 Yanvar 2016 - 11:25

“Çıxartdığım nəticə belə oldu: mən ağılsız adamam… ” [color=red]- Nizami Məmmədov

Dünya bazarında neftin qiymətlərinin ucuzlaşması Azərbaycandan da yan ötüşmədi. Bəlkə də digər neft hasilatçılarından daha çox problemlə üzləşən elə Azərbaycan oldu. Təsadüfi deyil ki, ikinci devalvasiyadan sonra bir sıra rayonlarda narazılar ayağa qalxdı, sosial tələblərlə meydanlara toplandılar. Hakimiyyət ictimai etirazlar qarşısında geriyə bəzi addımlar atsa da, kompleks tədbirlər planı hazırlamaqda çətinlik çəkir. Neftin qiymətləri isə stabilləşmir, getdikcə daha aşağı düşür. Elədirsə, bəs, biz hara gedirik? Problemlərdən necə çıxış yolu tapa bilərik?

Strateq.az-ın qonağı ixtiraçı alim, tibb elmləri namizədi Nizami Məmmədovla müsahibəmizdə bu suallara cavab axtardıq:

 

(əvvəli bu linklərdə:  İxtiraçı alim Nizami Məmmədov: “Azərbaycanın ərzaq təhlükəsizliyi sual altındadır”

Nizami Məmmədov: “Başda Baş nazirlik olmaqla, bütün Nazirlər Kabineti ləğv olunmalıdır”)

– Cavabı özümə bəlli olsa belə, söhbətimizin axarı sizə bir sual yönləndirməyimi tələb edir: Siz də elm adamısınız. Bir elm adamı kimi necə fikirləşirsiniz; Azərbaycanda biliyə layiq olduğu qiymət verilir?

– Bu suala cavab verməzdən əvvəl bir məsələni dəqiqləşdirmək istəyirəm. Mənim fikrimcə, bilikalma orta məktəbdən başlamır. Bilikalma prosesi uşaq baxçalarından və daha aşağı məktəbəqədər müəssisələrdən başlayır. Özü də bu təhsil prosesi üçün pullu özəl müəssisələr yaradılması fikriylə də razılaşmıram. Bütün ölkənin vətəndaşları-varlısından tutmuş kasıbına qədər – hər kəs təhsil hüququna malikdir. Dövlət də zəhmət çəkib vətəndaşının bu haqqını heç kimə ayrıseçkilik qoymadan verməlidir. Bunun üçün isə bütün təhsil ocaqlarına, o cümlədən məktəbəqədər təhsil müəssisələrinə böyük investisiya qoyulmalıdır. Uşaqlar orta məktəbə adlayanda artıq onların intellektual səviyyələri müəyyənləşdirilməli, bu səviyyələrə görə təhsil ocaqlarına yerləşdirilməlidirlər. Yəni fitri istedada sahib uşaqlar seçilməli, xüsusi məktəblərdə oxudulmalıdır. Sizə Amerika təcrübəsindən bir misal vermək istəyirən. Mənim bacımqızıgil Amerikada yaşayırlar. Onun iki oğlu var, ikisi də ağıllıdır. Balaca oğlu Riyad fitri istedaddır…

– Allah saxlasın.

– Sağ olun… Onu 2-ci sinifdən ayırdılar, fitri istedadlar məktəbinə göndərdilər. Bizdə isə hər binanın zirzəmisində bir uşaq baxçası açılır. Orada uşaqların intellektual səviyyələrinə fərq qoymadan hamısı bir yerdə yetişdirilir…

– Məsələ də elə bundadır. Sizin də qeyd etdiyiniz kimi, konstitusiyamıza görə, hər kəsin pulsuz təhsil almaq hüququ var. Amma indi seçilmiş məktəblərdə zəngin övladları təhsil ala bilirlər. Kasıb balaları isə dərslərin “xala xətrin qalmasın” keçirildiyi təhsil ocaqlarının ümidinə buraxılır. İstedad bu şəraitdə necə ortaya çıxa bilər?

– Yenə deyirəm ki, Amerika, Yaponiya, Almaniya kimi nəhəng ölkələr biliyə verdiyi qiymətlə indiki səviyyəyə gəliblər. Biliyə investisiya qoymaq üçün əslində nəhəngliyə də ehtiyac yoxdur. Sinqapur kimi balaca olmasına baxmayaraq, dünya iqtisadiyyatının ən öndə gedənlərindən olan cırtdan dövlət belə indiki qüdrətini biliyə qoyduğu investisiyaya, uğurlu təhsil sisteminə borcludur. Bu ölkələrdə dövlətin başlıca məqsədlərindən biri də fitri istedadları tapıb onları xüsusi şəraitdə yetişdirməkdir. Statistikaya əsasən, 1000 uşaqdan minimum 8-i fitri istedada malikdir. Dilindən, dinindən, rəngindən asılı olmayaraq bütün insanlar arasında bu statistika keçərlidir. Hansı ölkə o uşaqları düzgün yetişdirə bilirsə, özünün inkişafını da qarantiya altına almış olur. Yenə həmin statistikaya görə 100 uşaqdan minimum 8-12 nəfəri istedadlı olur. Dövlətin təhsil siyasətinin əsasında da bu dayanmalıdır- istedadların çeşidləndirilməsi və istiqamətləndirilməsi. Bu çeşidləndirmə və istiqamətləndirmə uşaq baxçalarından tutmuş, ali məktəblərə qədər aparılmalıdır. Bəzən görürsən ki, müxtəlif xarici ölkələrdən professor çağırıb, ona ali məktəblərdə məruzə oxudurlar. Əgər ali məktəbdə onu dinləyən tələbə heç bir istedad göstəricisinə malik deyilsə, həmin elm adamına çəkilən xərc havaya sovrulmuş kapitaldır. İstadaddan ancaq istedad yararlana bilər.

– Məncə, bütün hallarda istedadı batırmaq mümkün deyil. O, istənilən əngələ rəğmən mütləq ortaya çıxır. İstedadı doğru istiqamətləndirsən, dünyanın taleyini dəyişdirəcək alim, siyasətçi, yaxud iqtisadçı yetişər. Düzgün istiqamətləndirməsən, elə bir cinayətkar ortaya çıxar ki, dünyanın bütün hüquq sistemi gəlsə, onunla bacara bilməz. Dövlətlərin məqsədi o istedadları ilk növbədə özünün, nəticə etibarilə isə bəşəriyyətin xeyrinə yönəltməkdir. Məsələn, bu gün Azərbaycanda çox istedadlı dələduzlar var. Niyə belədir? Çünki biz onu yaxşı istiqamətə yönəldə bilməmişik…

– Bilirsinizmi, bütün cəmiyyətlərin 8-12 faizi müsbət enerjili, bir o qədəri isə mənfi enerjili istedadlılardır. Dövlət təhsil sistemini doğru qurmayanda müsbət enerjili istedadların formalaşması üçün zəmin ortadan qalxır, mənfi enerjililər üçün isə geniş fəaliyyət sahəsi yaranır. Müsbət enerjililər heç vaxt mənfi enerjiyə çevrilmir. O ki qaldı digər 80%-ə, onların yarısı müsbətə, yarısı mənfiyə meyllidir. Bu mənada sizinlə razı deyiləm. Siz deyirsiniz ki, istedadlar batmır. Kökündən səhv fikirdir. Mən özümün 60 illik həyatımda, 27 illik müəllimlik fəaliyyətimdə nə qədər “parlaq ulduz”ların söndüyünü görmüşəm. Azərbaycanda istedadların məhv olunmasının unikal üsulları var. Dövlətin qayğısı istedadlara yönəlmirsə, o, məhvə məhkumdur. Azərbaycanın istedadlı uşaqlarla iş proqramı olmalıdır. Buna çox böyük vəsait də tələb olunmur. Bu gün hər hansı icra başçısının 10 milyon, bəlkə də 100 milyonlarla pulu var. Hamısı da oğurlanmış, korrupsiyayla əldə edilmiş kapitallardır. İstedadlı uşaqları yetişdirmək üçün sadəcə bir icra başçısının imkanından istifadə oluna bilər. Guya bunun üçün nə qədər vəsait lazımdır ki? Uzağı, ildə 10 milyon dollar. 10 ilə bu etsin 100 milyon. Hansısa bir orta səviyyəli məmurun belə buna imkanı çatar. Həmin uşaqlar üçün çəkilən xərclər heç zaman batmaz. Bəlkə də elə 10 -15 ildən sonra o uşaqlar bu dövlətə çəkilən xərclərin 10 qatını geri qaytarar. Daha sonrakı dövrlərdə bu dividentlər həndəsi silsilə ilə artar. Biz öz istedadlılarımızı batırdığımız halda, gedib xaricdən mütəxəssis gətirib ən mühüm postları onlara həvalə edirik. Halbuki heç bir istedadlı adam öz zəngin ölkəsini buraxıb Azərbaycan kimi kasıb və perspektivi qaranlıq olan ölkəyə gəlməz. Bir çox hallarda bizdə işləməyə gələnlərin əksəriyyəti adi və ya orta zəkalı insanlardır. Amma onlara fitri istedad kimi baxır və fəaliyyətlərini də bu cür qiymətləndiririk. Azərbaycan hakimiyyəti öz daxili potensialına diqqət ayırmalı, fitri istedadları xaricdə təhsil aldırtdıqdan sonra ölkəyə gətirib ən yüksən postlarda əyləşdirməlidir. Əks halda onlar ya batar, ya da xaricdə qalmağa üstünlük verərlər.

– Elədir, buna “beyin köçü” deyirlər. Ağıllı dövlətlər “beyin köçünü” “beyin gücü”nə çevrirlər. Bizim kimi beyin ixrac edən ölkələrdə isə beyinsiz toplum meydana gəlir. Müasir imperializmin əsas dayaq nöqtəsi də budur. Dərd burasındadır ki, bizim kimi ölkələr sanki bu istismara qəsdən şərait yaradırlar. Öz ziyalılarımızı sıxışdırıb ölkədən çıxarırlar…

– Bu siyasət tək Azərbaycana aid deyil. Bütün post-sovet məkanının hamısında, 3-cü dünya dövlətlərində vəziyyət bu cürdür. Bu qlobal, yaxşı təşkil olunmuş oyunun tərkib hissəsidir. Desəm ki, Azərbaycan şüurlu olaraq bu addımı atır, yalan olar. Bütün 3-cü növ ölkələrdə cəmiyyət o vəziyyətə salınır ki, özündən asılı olan və olmayan amillərin təsiri nəticəsində bu siyasətə boyun əyir. Bu, çox dərin söhbətdir. Bu barədə uzun-uzadı danışmaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, bütün 3-cü dünya dövlətlərində elə amansız şərait yaradılır ki, düşünən insan ən yaxşı halda düşünmək istəmir, ən pis halda başını götürüb məmləkətindən qaçır. Pənah apardığı ölkədə isə ucuz işçi qüvvəsinə çevrilir. Sizin üçün maraqlı bir fakt deyim: Sovet dönəmində də mən ixtiraçı olmuşam. İki ixtiramdan 10 minə yaxın pul almışam. Mənim fəaliyyət sahəm səhiyyə sistemidir və burada iqtisadi hesablama yoxdur. Ona görə də bu cür ixtiraların iqtisadi dəyərini sovet hakimiyyəti dövründə müəyyənləşdirəcək meyarlar yox idi. Həmin ixtiranı Avropada etsəydim, bəlkə də qazancım 100 min dollarlarla ölçülərdi. Azərbaycanda da bir dəfə səhvən dövlət qurumlarına ixtira təqdim etdim. Qəbul olundu da…

– Nə qədər pul verdilər?

– Sözümü elə bu suala gətirmək istəyirəm. Mənim dövlətə verdiyim ixtira rəsmən 400 manata başa gəldi. Əlavə xərclərimlə birlikdə 1100 manata yaxın pulum getdi. Çıxartdığım nəticə isə belə oldu – mən ağılsız adamam ki, fikirləşirəm.

– Yəni mənasız imiş fikirləşməyiniz? Niyə bu qənaətə gəldiniz?

– İstənilən ölkədə insan fikirləşib yeni bir sistem ortaya qoyursa və bu, həqiqətən də, yenilik kimi qəbul olunursa, onun iqtisadi dividentini hesablayıb dərhal pulunu verirlər…

– Sizə isə quru bir ad verdilər…

– Bizdə isə bunun əvəzində bir kağız verirlər və o da tamamilə məzmunsuz olur. Məsələn, mənə verilən kağızda fikirlərim tam təhrif olunub. Qəsdən yox, savadsızlıqlarından ha… Üstəlik, dövlət bunun üçün məndən pul da alır. Mən də fikirləşirəm ki, görəsən, bu dövlətin elminin inkişafı üçün fikirləşməyə dəyərmi? Təbii ki, yox. Əgər mən hər ixtiraya 2000-3000 pul verəcəyəmsə, onda adama xəstə kimi baxarlar.

– Elə ona görə də burada it qovalayan adam çıxıb gedir Rusiyaya böyük biznesmen olub qayıdır. Deməli, bunun istedadı var idi ki, xaricdə yüksələ bildi da. Özü də heç kiminin olmadığı, qürbətçilik çəkdiyi ölkədə…

– Burda iki amil var. Birincisi, obyektiv amildir. Belə ki, Azərbaycanda iş mühiti ciddi sıxıntılar içərisindədir. İkinci amil isə Rusiyanın əqli potensialıyla bağlıdır. Bizim “it qovalayanımız” gedib orda önəmli mənsəb sahibi ola bilirsə, deməli, onların durumu bizdən də ağırdır. Siz əgər desəydiniz ki, bizdən çıxıb gedən adam Avropanın hər hansı bir ölkəsində önəmli fiqura çevrilib, sizinlə razılaşardım…

– Elələri də var…

– Elələri yoxdur.

– Necə yoxdur? Bu yaxınlarda məlumat verdilər ki, bir məktəb məzunumuzun ixtirasını hansısa sosial şəbəkə satın alıb. Məktəbli birdən-birə milyonçuya çevrilib.

– Mən kütəvilikdən söhbət edirəm. Nadir istedadlar hər toplumda var. Xüsusilə də bizim millət belə zəkalardan xali deyil. Mənim övladım Türk məktəblərində oxuyub. Onun müəllimləriylə tez-tez görüşüb söhbətlər edirdim. Türk pedaqoqlar deyirdilər ki, 130-dan artıq ölkədə məktəbləri var. Ən istedadlı şagirdləri isə Azərbaycandan çıxır. Deməli, potensial olaraq, həqiqətən də, bu millətin böyük zəkası var. Amma o potensial gücə çevrilə bilmirik. Çünki bunun üçün sosial mühit, ictimai münasibətlər əlverişli deyil. Bu gün Azərbaycanı idarə edənlərin əksəriyyəti 100 il əvvəlki şüurun daşıyıcılarıdır. Ona görə də ictimai münasibətlər sistemimiz də artıq köhnəlmiş texnologiyalar əsasında qurulub. Halbuki ötən əsrin ortalarından sonra dünyada böyük dəyişikliklər gedib. Əvvəl minillərlə davam edən sosial eralar indi bir neçə il ərzində dəyişilir. Azərbaycanın siyasi idarə ağlı da öz sürətini bu tezliyə öyrəşdirməldir. Yoxsa, geridə qalmışlıqdan yaxa qurtarmağımız mümkün olmayacaq. Ölkənin 100 illik ənənələrlə, ölçü vahidləriylə idarə olunmasından isə ən çox istedadlılarımız əziyyət çəkir, onlar məhv olurlar. Yerdə qalanlar isə sıradan topluma çevrilir. Baxın, Azərbaycandan son illər ərzində Avropa ölkələrinə milyon yarım insan axışıb. Onlardan heç olmasa 1%-i hansısa böyük uğurlar əldə edib? Rusiyada ancaq uğur edə bilirlər. Deməli, Rusiyanın da istedadlıları ölkələrini tərk edib.

Ölkənin ən ciddi problemlərindən biri də siyasi sistemin sözə qənim kəsilməsidir. Kim söz demək istəyirsə, dərhal cəzalandırılır və ya özgə adam elan olunur. Şəxsən, mən həmişə sözümü deməyə çalışmışam. İnsafən, pis də qarşılanmamışam. Hara getsəm, hörmət-izzətlə yola salınmışıam. Amma üzümə dəfələrlə deyiblər ki, sən bizim adam ola bilməzsən. Niyə? Çünki danışıram. Sözümü ifadə etmək istəyirəm. Prinsipcə, insan topluluğu da sözlə idarə olunur. Sözün çəkisinin olmadığı belə bir mühitdə ziyalı, əqli potensialı yüksək fitri istedadlar başqalarından necə seçilə bilərlər?

 – Nizami həkim, bu gözəl müsahibə üçün təşəkkür edirəm.

– Siz də sağ olun.

Son

Söhbətləşdi: Heydər Oğuz

Strateq.az