Bütün müharibələrin ən böyük qurbanları uşaqlar olur. Bəzən atasız-anasız böyüməyə məhkum olunan, bəzən isə özləri amansız müharibələrin şəhidinə, əlilinə çevrilən uşaqlara həm də insan alverçilərinin əlindəki qul, cinsi istismar vasitəsi, hansısa zəngin xəstənin daxil orqan ehtiyatını daşıyan canlı depo kimi baxılır.
Xüsusilə son dövrlərdə müsəlman dünyasını qasıb-qovuran və Qərb dünyası tərəfindən qəsdən körüklənən məzhəb müharibələri də bu uşaq düşmənçiliyindən xali deyil. İstər İraq, Suriya kimi Yaxın Şərq ölkələrində, istərsə də Əfqanıstanda ölüm və çətin həyat şərtləriylə pəncələşən uşaqlar cəhənnəmə çevrilmiş öz vətənlərindən qaçmaqla da acı talelərindən yaxa qurtara bilmirlər.
Verilən məlumata görə, Avropaya valideynsiz qaçan 10 mindən artıq uşağın taleyindən xəbər yoxdur.
Strateq.az xəbər verir ki, bunu Avropa Birliyinin İnterpolu sayılan “Evropol”un rəhbəri Brayn Donald açıqlayıb. Onun etirafına görə, Avropaya keçdikdən sonra itkin düşən bu uşaqlardan 5 mini İspaniyada, mindən artığı isə İsveçdə “qeybə çəkilib”.
“Qeybə çəkilmiş” uşaqların hamısının cinayətkar bandaların əlinə keçmədiyinə ümidvar olmaq istəyən Donald cənablarının fikrincə, bəlkə də onlardan bəziləri öz mühacir ailələrini tapıb və dogma ocaqlarına sığınıblar. Avropa Birliyinin hər mühacir uşağa kifayət qədər pul verildiyi halda, bu ailələrin niyə öz övladlarını dövlətin gözündən yayındırmağa çalışdığı müəmmasına aydınlıq gətirməyən “Evropol” rəhbərinə görə, təkcə ötən il 270 min valideynsiz uşaq Avropa qitəsinə pənah gətirib.
Maraqlıdır ki, Avropanın uşaqları qoruma müəssisəsi olan “Save The Children” təşkilatı ötən il təkcə Suriyadan qitəyə 26 min valideynsiz uşağın keçdiyini açıqlamışdı. Təşkilatın statistikasıyla “Evropol”-un hesabatını qarşılaşdıranda Avropanın kiçik qonaqlarının 10%-ni suriyalı yetimlərin təşkil etdiyini anlaya bilərik.
Avropa qaynaqlarının məlumatına görə, müsəlman yetimlərinin “qeybə çəkildiyi” ölkələr təkcə İspaniya və İsveç deyil. Son zamanlar Almaniya və İngiltərədə də “qeybəçəkilmə” hadisələrində ciddi artış müşahidə olunur. Brayn Donalddan fərqli olaraq, bir çox avropalı mütəxəssis bu uşaqların böyük əksəriyyətinin insan alverçilərinin əlinə düşdüyündən ehtiyatlanır.
Heydər
Strateq.az