Hüquq müdafiəçisi Bəxtiyar Məmmədov onu həbs etdirənlərdən qisasını alacağı mesajını verdi!
Rəşad Məmmədov
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov vəzifəsindən azad edildikdən sonra onunla bağlı mediada, demək olar ki, hər gün yeni məlumatlar yayılır. Dünən Rəşad Məmmədovun həbs edildiyi xəbəri yayıldıqdan sonra daha bir şəxs – Dövlət Bayrağı Meydanı ətrafında gedən söküntü-tikinti və abadlaşdırma zamanı mülkləri sökülən vətəndaşların, eləcə də Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli zabitlərinin hüquqlarını qoruyan “İnamla hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədov Strateq.az-a Rəşad Məmmədovun qohumluq əlaqələri barədə olduqca maraqlı informasiyalar verib. Bəxtiyar Məmmədov Strateq.az-a açıqlamasında deyib: “Hələ qanunsuz olaraq həbs edilməmişdən əvvəl, mənə məlum idi ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov erməni əsillidir, onun ögey qardaşı Elşən Qırxlarov isə dəfələrlə törətdiyi cinayət əməllərinə görə, Cinayət Məcəlləsinin çoxsaylı maddələriylə həbs olunub. Hazırda da Cinayət Məcəlləsinin 177, 180-ci maddələriylə ittiham edilərək, “təhlükəli residivist” kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı xüsusi rejimli Cəzaçəkmə Müəssisəsində saxlanılır. O da mənə məlum idi ki, Rəşad Məmmədovun ögey bacısı Ədliyyə Nazirliyinin Pentensiar Xidmət Baş İdarəsinin keçmiş rəisi, ədliyyə general-leytenantı Nazim Ələkbərovun həyat yoldaşıdır. Belə olduğu halda, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi Rəşad Məmmədov necə olub ki, bu yaxınlara qədər tutduğu vəzifədə qalıb?! Yaxud da qaynı, yəni Elşən Qırxlarov təhlükəli residivist olduğu halda, Nazim Ələkbərov hansı tərcümeyi-halla ədliyyə general-leytenantı rütbəsinədək yüksələ bilib?! Belə çıxır ki, həmin şəxslərin kimliyi, qohumluq əlaqələri və başqa hallar yoxlanılmadan vəzifələrə təyin olunublar?”.
Hüquq müdafiəçisi Bəxtiyar Məmmədov
Hüquq müdafiəçisi onu da qeyd edib ki, Bayraq Meydanı ərazisində sökülən evlərin sahibləri bu günə qədər də ümidlə gözlədikləri kompensasiyalarını Rəşad Məmmədovdan ala bilməyiblər: “Mən bunu tələb etdiyimdən, onların hüquqlarını qoruduğum üçün Şahin Sultanovla Rəşad Məmmədov hələlik adını açıqlamadığım Prezident Administrasiyasındakı yüksəkl çinli bir məmurun dəstəyi ilə məni həbsə atdırdılar və bununla da məsələni qapatdıqları qənaətinə gəldilər. Ancaq mən onların qanunsuzluqları ilə bağlı susmaq niyyətində deyiləm və bu haqda ölkə Prezidentinə də ətraflı məktub yazmışam. Bütün ictimaiyyəti əmin edirəm ki, mənim həbsimdə əli olan bu şəxslər barədə indiyədək heç kimin bilmədiyi bütün faktları cəmiyyətə təqdim edəcəyəm”.
Qeyd edək ki, bizimlə söhbətində Bəxtiyar Məmmədov hazırda Cinayət Məcəlləsinin 178, 179, 311, 312, 313 və 341 maddələriylə təqsirli bilinərək, 23 aprel 2014-cü ildə barəsində həbs-qətimkan tədbiri seçilmiş, 8 aydan çox həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılmış Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Şahin Sultanovun və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesində yol verilmiş qanunsuzluqlarla bağlı da maraqlı fikirlər səsləndirib:
Şahin Sultanov
“Şahin Sultanov və ev dustaqlığına buraxılmış təqsirləndirilən başqa 18 nəfər ölkə ərazisində çox sərbəst hərəkət edirlər. Məsələn, təqsirləndirilən şəxslərdən Əlisa Ağayev Kənd təsərrüfatı naziri regionlar üzrə vətəndaşları qəbul edən zaman Yardımlı rayonunda onun qəbuluna düşüb və təsadüfən həmin kadrlar televiziyada göstərilib. Bu, bir daha təsdiqləyir ki, Bakı Hərbi Məhkəməsinin həm sədri, həm də qeyd etdiyim cinayət işi üzrə məhkəməni aparan hakim Həbib Həsənov bu barədə məlumatlı olduqları halda, heç bir tədbir görməyiblər. Əksinə, onların azadlıqda daha sərbəst gəzmələrinə şərait yaradırlar. Hətta Həbib Həsənov söylədiyim faktlar əsasında yazılı müraciət etməyimə görə, şifahi olaraq mənə bildirdi ki, “məgər siz prokurorluq, polis orqanlarında işləyirsiz ki, bu işlərə nəzarət edirsiz?”. Həbib Həsənov tutduğu vəzifəsinə açıq şəkildə hörmətsizlik edir. Ancaq mən əminəm ki, zaman gələcək, Həbib Həsənov da bugünkü atdığı səhv addımlara görə ölkə başçısı İlham Əliyevin qəzəbinə tuş gələcək”…
Yazıda adları çəkilən şəxslərin mövqeyini də işqlandırmağa hazırıq.
Hakim Həbib Həsənov
Strateq.az