XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2016 - 15:09

Neft qiymətləri uğrunda yeni savaş: [color=red]ABŞ Səudiyyə Ərəbistanını parçalamaq qərarına gəlib – Təhlil

obama_salman.jpg

Hazırda bütün dünyanın diqqəti Yaxın Şərqə yönəlib. Sanksiyaların buxovundan azad olan İran sürətlə dirçəlmək kursu götürüb, Suriyada atəşkəslə bağlı danışıqlar başlayır, Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələri koalisiyası Yəməndə hərbi əməliyyatları davam etdirir… Rusiya Suriyada hərbi əməliyyatlara ara vermir və Türkiyəyə qarşı çıxmaqda davam edir. İranla Səudiyyə Ərəbistanı arasında bölgədəki nüfuz uğrunda yarış daha da qızışıb. İsrail isə ruslarla sövdələşməyə çalışır…

Yaxın  Şərqin hələ tam təsvir etmədiyimiz bu mürəkkəb siyasi, geosiyasi proseslərini anlamaq indi hamı üçün çox çətindir. Bu baxımdan, siyasi şərhçi Sergey Petrovun məxsusi olaraq Iran.ru saytı üçün yazdığı “ABŞ Səudiyyə Ərəbistanını parçalamaq qərarına gəlib” adlı analitik məqaləsində regionda baş verənlərlə bağlı çox maraqlı versiyalar irəli sürülüb.

Strateq.az məqalənin tərcüməsini təqdim edir. Məqalə 27 yanvar 2016-ci il tarixdə dərc olunub:

***    

Hələ də bütün dünya  başa düşə bilmir ki, beynəlxalq birlik niyə Rusiya aviasiyasının havadan zərbələri, qurudan isə İran İslam İnqlabı Keşikçiləri Korpusu, Livanın şiə Hizbullah qrupu və Bəşər Əsədin nəzarətində olan hərbi qüvvələrin və Suriya əhalisinin silahlı qruplarının zərbələri ilə zəiflədilmiş İŞİD-lə bacara bilmir.

Bu arada isə Yaxın Şərqdə vəziyyət kəskinləşməkdə davam edir və bu proseslər onsuz da Səudiyyə Ərəbistanının “qara qızıl”ın ixracı siyasəti ilə qiyməti çox aşağı düşmüş neftin daha da ucuzlaşmasına səbəb olur. Ötən həftə neftin qiyməti bir neçə dəfə psixoloji hədd olan 29 dollardan aşağı düşdü. Hazırda neftin qiyməti 29-30 dollar ətrafındadır. Bu, ABŞ-dakı neft hasilatına, xüsusən slans üsulu ilə hasilata böyük zərbə vurur. Bu, Vaşinqtonu neftin qiymətlərinin “stimullaşdırılmasının” siyasi mexanizmlərini axtarmağa məcbur edib. Bu baxımdan, təsadüfi deyil ki, Vaşinqton və Londondan, hələ ki, çox ucadan olmasa da, ABŞ-ın Səudiyyə Ərəbistanını parçalamağa, yaxud indiki kral Salmanın dəyişməsinə hazır olması barədə məlumatlar gəlməyə başlayıb. Çünki indiki kral neft qiymətləri ilə oynamaqla yanaşı, bir çox xarici siyasət məsələləri ilə bağlı itaətsizlik nümayiş etdirir. Bununla da regionda ABŞ maraqlarına zərbə vurur.

 

Vaşinqton və Ər-Riyadın fikir ayrılıqlarının arxasında nə durur?

 

ABŞ-da hesab edirlər ki, onların problemlərinin kökündə Səudiyyə Krallığının OPEK-dəki barışmaz mövqeyi durur. Hansı ki, OPEK 2015-ci ildə tarixi rekorda imza ataraq gündə 10.3 milyon barrel neft hasil edib. ABŞ-ın qarşısında isə 2020-ci ildə Rusiyanı neft hasilatına görə ötüb keçmək kimi strateji vəzifə durur. Bununla ABŞ Rusiyanın Avropaya neft nəqlini çox azaltmaq, indi deqradasiya vəziyyətində olan Rusiya iqtisadiyyatını tam çökdürmək məqsədinə çatmağı planlaşdırır. Proqnozlaşdırılır ki, Rusiya bu vaxta qədər sutkada 10.15 milyon barrel, ABŞ isə 11.58 milyon barrel neft hasil edəcək. Bu məqsədə çatmaq üçün isə yalnız Səudiyyə Ərəbistanını birdən-birə dünya neft hasilatçısı lideri mövqeyindən aşağı salmaqla nail olmaq olar.

Səudiyyə Krallığı ABŞ qarşısında başqa məsələlərdə də günahkardır: ilk növbədə Suriya, Yəmən və İraqda. Bu ölkələrdə Ər-Riyad ABŞ maraqlarını nəzərə almayaraq, yalnız və yalnız Səudiyyənin mövqeyindən çıxış edən qüvvələri dəstəkləyir.

Bundan başqa, Səudiyyə Ərəbistanı Rusiya ilə nümayişkəranə şəkildə yaxınlaşmağa getdi. Onlar bu addımla amerikalılara öz müstəqilliklərini və ABŞ-ın Əl Səud sülaləsinə dəstəyini azaltmasından narazılıqlarını göstərmək istəyirdilər.

Son zamanlar amerikalılar onların mövqeyini xeyli zəiflədən Səudiyyə Ərəbistanının Yaxın Şərqdə “rəngli inqlilablar”ın qızışdırılması avantüralarına hərbi dəstək verməkdən imtina edirlər. Vaşinqtonda qərara alıblar ki, artıq itirilənləri geri qaytarmaq zamanı çatıb.

 

Səudiyyə-ABŞ fikir ayrılıqlarında İranın yeri

Nimr-en-Nimr.jpg

Amma ABŞ-ı daha çox Səudiyyə Ərəbistanının İranla bağlı mövqeyi mütəəssir edib. Vaşinqton regionun gələcəyinin planlaşdırılmasında dünyanın neft ehtiyatlarının 2/3-nə, qaz ehtiyatlarının isə 40%-nə sahib olan İrana çox böyük ümidlər bəsləyir.

2014-cü ildə Amerika strateqləri başa düşdülər ki, İran yalnız Fars körfəzi, Yaxın və Orta Şərqdə əsas geosiyasi oyunçu olaraq qalmaqda davam etməyəcək, eyni zamanında enerjidaşıyıcılarının qiymətlərinin müəyyənləşməsində əsas rollardan birini oynayacaq. Ağ Ev üçün çox vacibdir ki, bu alət tezliklə ABŞ-ın əlində olsun.

Onu da nəzərə almaq lazımdır ki, Moskva İranın nüvə proqramı ilə bağlı təşəbbüsləri asanlıqla blok edə bilərdi və Qərbin acığına Tehranı dəstəkləyərdi.  Hamı da başa düşərdi ki, Rusiya niyə bu cür addım atır. Bu, Rusiyanın ona qarşı sanksiyalar tətbiq edən Qərbə qarşı cavab addımı olardı. Və bu məsələdə sövdələşmək, dəyiş-düyüş etmək mümkün idi. Amma bu, baş vermədi. Niyə? Bu, yalnız çox məlumatlı insanların cavabını bildiyi böyük sualdır. Nəticədə, Moskva əvəzində heç nə almadan uduzdu. İran isə Rusiyadan ayrılmaq, ona istənilən miqdarda investisiya və texnologiya təklif edən Qərbə sığınmaq şansı əldə etdi.

ABŞ-ın hazırkı administrasiyasının təmsilçiləri və respublikaçı senatorlar gizlətmirlər ki, Vaşiqntonun İrana tərəf üz çevirməsi Amerikanın “yumurtaların hamısını bir səbətə yığmaq olmaz” taktikasını əks etdirmir. Burada məqsədlərdən biri də Yaxın Şərqdəki “rəngli inqilablar”ın lokomotivi, dünya neft ixracatçılarının lideri Səudiyyə Ərəbistanını bu mövqeyindən aşağı salmaqdır. Amma hələ ki, bu məsələdə sona qədər hesablanmayan İranın bu cür Amerika sxemlərində oynamaq istəyində olub-olmamasıdır.  Hətta söhbət  onun regionda ən ciddi rəqibinin parçalanması və yaxud çox zəiflədilməsindən gedirsə belə…

Əgər Tehranın Vaşinqtonun ballistik raketlər proqramına davam etməsi ilə bağlı ultimatumunu qualaqardına vurduğunu nəzərə alsaq, demək olar ki, hələlik, görünür, yox.

Amma istənilən halda bütün bunlardan uduzan tərəf aydındır – bu, ilk növbədə, Rusiyadır. Hansı ki, uzun müddət İrana qarşı sanksiyaları dəstəkləmişdi.  Bundan sonra çox fikirləşmişdi ki, İranla əməkdaşlıq etmək olar, ya yox.

Digər uduzan tərəf isə Səudiyyə Ərəbistanıdır. Bu ölkə də özünün neft qiymətləri ilə bağlı uzağı görməyən siyasətindən dolayı çox pis vəziyyətdə qalıb. Suriya və Yəməndəki müharibələrə çox böyük vəsait sərf olunur. Hətta iş o yerə çatıb ki, kral Salmanın istefa verməsi və hakimiyyəti indiki müdafiə nazirinə ötürmək niyyəti barədə məlumatlar sızıb.

 

Nə gözləmək olar?

 

Bütün bunları o fakt təsdiqləyir ki, Suriyada müharibə, İraqda münaqişə, Yəmən böhranı dünyada neft bazarının yenidən bölüşdürülməsinin əsas mərhələsidir. Bu, Səudiyyə Ərəbistanının zəifləməsi və İranın güclənməsi olmadan baş verə bilməz. Təsadüfi deyil ki, Vaşinqton və Avropa İttifaqı ölkələri Səudiyyə Ərəbistanında tanınmış şiə alimi Nimr ən-Nimrin və onun 3 ardıcılının, 43 sünni hüquq-müdafiəçisinin edamı kimi axmaq hərkətinə sükutla reaksiya verdilər. 

ABŞ üçün indi sünni-şiə münaqişəsini qızışdırmaq sərfəlidir. Onların şiə din xadimlərinin edam edilməsinə Tehranın münasibətinə kifayət qədər sakit reaksiyası bununla izah olunur. Vaşinqtonda açıq şəkildə sevinirdilər ki, Səudiyyə ilə Tehran arasında çox güclü siyasi münaqişə başlayıb – hansı ki, bundan Ər-Riyad uduzur.

Yerli gəlmişkən, məhz buna görə amerikalılar 2015-ci ilin payızında İraqın 3 yerə Şiə, Sünni və Kürd bölgələrinə bölünməsi ilə bağlı qərarın icrasını təxirə salıblar. Hazırda ABŞ ölkənin parçalanmasında maraqlı olmayan İraq rəhbərliyini qıcıqlandırmaq istəmir. Bu parçalanma baş versə, şiələr nəzarət etdikləri ərazilərin bir çoxunu itirəcəklər. Onlar Bağdada və ən əsası Kərkük yaxınlığındakı Şimal neft yatağına nəzarəti itirəcəklər. Bu yataq İŞİD-in səyləri ilə kürdlərin əlinə keçib. 

Amma ABŞ və müttəfiqləri çoxdan asanlıqla İŞİD-i əzə bilərdilər. Bunun üçün heç onların quru qoşunlarına ehtiyacı yoxdur. İraq ordusu, Misir, İordaniya, Səudiyyə Ərəbistanı hərbçilərinin birgə əməliyyatları ilə İŞİD-i asanlıqla məhv etmək olar. Vaşinqtonsa inadla buna getmir. Ancaq İran onun təsir dairəsinə düşəndən sona buna gedəcək. Düzdür, iranlılar Britaniya strateqlərinin qızışdırması ilə uzun müddət ABŞ hiyləgərliyi ilə əməkdaşlıq təcrübəsinə malik olduqları üçün, yenidən amerikalıların qarmağına düşmək arzusu ilə alışıb-yanmırlar. Məhz Yaxın Şərqi hamıdan yaxşı tanıyan britaniyalılar hələ, 90 il əvvəl Ərəbistandakı dövlətlərin (Hicaz, Əl-Əsir, Əl-Hisaa və digərləri) bölünməsi   xəttləri üzrə Səudiyyə Ərbistanının 4-5 hissəyə ayrılması sxemini işləyib hazırlayıblar.

İsrail də çəkindirici amil kimi çıxış edir. Düzdür, Vaşinqton getdikcə onun fikri ilə daha az hesablaşır. İsrail də amerikalıların mövqeyi ilə az hesablaşmağa başlayıb. Təsadüfi deyil ki, İsrail Rusiyanın İrana S-300 raket sistemləri verilməsi qərarından sonra çox həyəcanlandı. Axı İsraildə İranın güclənməsini özlərinin zəifləməsi və indi – hazırda şiə icmalarına qarşı yəhudi dövləti ilə birgə çıxış edən Səudiyyə Ərəbistanının mövqeyi kontekstində qiymətləndirirlər.

Səudiyyə Ərəbistanını və onun maliyyəsinə söykənən Misiri, İordaniyanı və digər cırtdan monarxiyaları iranlıların güclənməsi qane etmir. Çünki bu, bütün mühafizəkar sünni rejimlərin dayağı kimi çxış edən Ər-Riyadı zəiflədir.

Səudiyyə Ərəbsitanı ilə İran arasında gərginlik gündən-günə artır. Moskvanın S-300 raketlərinin İrana verilməsi qərarını açıqlamasından sonrakı gün Tehran OPEC-dən günlük hasilatı 5%, yaxud 1.5 milyon ton azaltmağı tələb etdi. Və dərhal Səudiyyə Ərəbistanının neft naziri əl-Nəimi Rusiya səfirini çağıraraq Rusiya rəhbərliyinə neft qiymətləri ilə bağlı müraciət göndərdi. Hazırda Rusiyanı səxavətli investisiyalarla ələ alaraq İrandan ayırmaq cəhdləri göz qabağındadır. Görünür, Moskva yenidən bu gedişə aldanıb, halbuki zamanında səudiyyəlilər rusları aldadıblar. Onlar əvvəlcədən razılaşdırılmış heç bir müqaviləni imzalamadılar və Moskvanın İrana qarşı sanksiyalar nəzərdə tutulan BMT TŞ-nin qətnaməsinə veto qoymaması müqabilində ölkəyə investisiya üçün 1 dollar belə vermədilər.

Axı Qətər əmiri 18 yanvarda Moskvaya elə-belə gəlməmişdi. O, hətta Rusiya prezidentindən ov üçün şahin də hədiyyə aldı. Bu isə ərəb şeyxləri üçün dövlət mükafatından belə əhəmiyyətlidir. Unutmayaq ki, Qətər Suriyadakı “Əl Nusra Cəbhəsi”  kimi barışmaz, radikal terrorçu qrupların əsas sponsorudur. Bu qruplara qarşı isə Rusiya aviasiyası hərbi əməliyyatlar keçirir. İstisna olunmur ki, məhz bu qruplaşmanın yaraqlıları Rusiyanın "Su-24" təyyarəsinin pilotunu öldürüblər. Moskvaya Dohanın Ankara ilə çox isti münasibətləri də məlumdur. Yəni Ərdoğanın yaxın dostuna Moskvada çox böyük hörmət göstərildi. Bu, onu deməyə əsas verir ki, Qətər əmiri Tamim Moskvaya elə vədlər verib ki, əvəzində ovçu şahin alıb.

Qeter-emiri.jpg

Bunu danışıqlardan çəkilən çoxsaylı şəkillər də göstərir. Bu şəkillərdə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu da var. Əgər indiyə qədər Qətərlə Rusiya arasında heç bir hərbi, hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanmayıbsa, o, danışıqlara niyə iştirak edib? Qətərdə isə Əsədə qarşı döyüşən müxalifətçi hərbçilərə təlim keçirlər, bu ölkənin xüsusi təyinatlıları komandir kimi Suriya müxalifəti sıralarında vuruşurlar. Amma hər hansı müqavilələr, həmçinin Rusiya iqtisadiyyatına 10-15 milyard dollar investisiyalar Qərb sanksiyalarının qüvvədə qaldığı halda heç nəyi dəyişməyəcək. Neftin qiymətləri isə daha da aşağı düşəcək və yaxud elə bu səviyyədə qalacaq. Amma biz əvəzində Qətərlə yaxınlaşmaqla İranı şübhələndirdik.

 

Suriya pasyansı, Yəmən faktoru və yeni qüvvələr nisbəti

 

Putin-Xamneyi.jpg

Bütün bunların fonunda Rusiya prezidenti Valdimir Putinin Bəşər Əsəddən hakimiyyətdən getməsini xahiş etməsi barədə məlumat yayılması da maraqlıdır. Bu barədə 22  yanvarda  nüfuzlu  "Faynenşl Tayms" qəzeti məlumat yaydı. Qəzetin məlumatına görə, Baş Kəşfiyyat İdarəsinin keçmiş başçısı, yanvarın əvvəlində vəfat etmiş general İqor Serqun Suriyaya bu mesajı vermək üçün səfər edib. Əsəd isə kəskin formada etiraz edərək,  Rusiya ilə Suriya arasında münasibətlərin onsuz inkişaf edə bilməyəcəyini deyib.

Amma Yəmənlə bağlı şübhələr yoxdur. Yəmən cəbhəsi Səudiyyənin manevr imkanlarını çox daraldıb. Paytaxt Sananın şiə rayonlarına endirilən hər hava zərbəsi ilə Ər-Riyad başda olmaqla ərəb koalisiyası üzvü ölkələr döyüşlərin öz ərazilərinə keçməsi ilə bağlı risk edirlər.

Səudiyyə Ərəbistanının Şərq vilayətində daha çox şiələr yaşayır. Bu vilayətdə isə Krallığın əsas nefti hasil edilir. Bu, saatlı bombaya çevrilir və bu bombanın partlaması nəticəsində Səud sülaləsi öz hakimiyyətini itirə bilər və yaxud ölkə parçalanar.

ABŞ-da da bunu istəyirlər. Axı kiçik dövlətləri böyük və inadkar dövlətə nisbətən idarə etmək daha asandır. Bu böyük dövlətin iri neft pullarından ərköyünləşən hakimləri, beynəlxalq təşkilatlar və ölkələrin rəhbərlərini satın alırlar. Özlərinə mane olan rejimləri dəyişirlər. Hələ ötən il Iran.ru saytında Ərəbistan yarımadasında Səudiyyə Ərəbistanı, Yəmən, Bəhreyn, İraq və regionun digər ölkələrində yaşayan şiələri, ələviləri birləşdirən 75 milyon əhalisi ola biləcək yeni imperiyanın yaradılmasının mümkünlüyü barədə analitiklərin materialları dərc olunub.

Hazırda Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, BƏƏ, Misir, İordaniya, Bəhreyn, Mərakeş, Pakistan və Sudanın cəlb olunduğu beynəlxalq münaqişə gərginləşir. 

Vəziyyət geniş sünni-şiə qarşıdurması və ardınca İranla digər ərəb ölkələrinin müharibəsinə səbəb ola bilər. İran tərəfdə İraq, Livan, Suriya şiələri çıxış edə bilər. Nəzərə alsaq ki, Bab-əl-Məndəb boğazı vasitəsilə Qırmızı dənizdən Hind okeanına il ərzində 20 min gəmi keçir, Yəməndəki müharibə qlobal nəqliyyat böhranı yarada bilər. Bu isə Səudiyyə Ərəbistanının neft ixracında mövqeyini daha da zəiflədəcək, Səudiyyə Ərəbistanında sosial-siyası və dini zəmində gərginliyin artmasına yol açacaq.

Yeri gəlmişkən, Ər-Riyad və müttəfiqlərinin Yəmən şiələrinə qarşı hərbi əmiyyatlarında amerikalıların iştirakı olmasa da, Vaşiqntonun sükutla müşayiət edilən razılığı ilə baş tutduğunu da xatırlatmamaq olmur. Bu isə o deməkdir ki, Vaşinqton Suriyadakı müharibə ilə zəifləyən Səudiyyə Ərəbistanını İranın çox böyük maraqları və təsiri olan daha bir ölkədə münaqişəyə cəlb etdi.

***

Hazırda Yaxın Şərqdə yeni geosiyasi konfiqurasiya yaranır: ABŞ İranla, Rusiya İsraillə müttəfiq olur. Təsadufi deyil ki, İsrailin Baş naziri Binyamin Netanyahunun bu yaxınlarda Rusiyaya səfəri zamanı Tehrana S-300 raketlərinin verilməsi, Moskvanın Səudiyyə Ərəbistanı və Misir başda olmaqla bir tərəf və İran və onun müttəfiqləri arasında isə digər tərəf tarazlığını yaratdığını başa düşdü. Hər iki tərəf neft və qaz ehtiyatları ilə çox zəngindir. Bu isə ABŞ üçün həyati vacib əhəmiyyətə malikdir. Buradan belə nəticəyə gəlmək olur: ABŞ-la münasibətlərin korlanması və radikal islamla mübarizə ümumi maraqlar olduğuna görə, İsrail və Rusiyanın yaxınlaşmasına heç nə mane olmur. Rusiyanın İranla İraq və Suriyada hərbi əməkdaşlığı Yəməndə də arzuolunandır.

İranla hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi isə Moskvaya Tehranın ABŞ-ın orbitinə tez keçidinin qarşısını almağa imkan verəcək. İranın Vaşinqtonun orbitinə keçməsi isə Moskvanın Zaqafqaziya, Şimalı Qafqazda və Mərkəzi Asiyada maraqlarına çox ciddi zərbə vura bilər. 

Amma Səudiyyə Ərəbistanı və Qətərlə başa düşülməyən əsasda (maliyyə-maddi motiv aydındır, amma tam başa düşülmür ki, Suriya və İraqda geri çəkilməkdən başqa Rusiya daha nə edə bilər) əməkdaşlıqla Moskva Tehranı böyük şübhələrə salmağa risk edir.

Nəhayət, o an gəlib çatacaq ki, Rusiya Yaxın Şərqdə kiminlə olması barədə qərar verməli olacaq. Yaxşı olardı ki, bütün bu intriqaların arxasında ABŞ-ın durduğu xatırlansın. ABŞ, hələ ki, Səudiyyə Ərəbistanı və Qətərdə, Fars körfəzi regionunda öz mövqelərini itirməyib. Eyni zamanda ABŞ texnologiyalar və maliyyə resursları müqabilində Tehranı öz tərəfinə çəkə bilər”.

 

Strateq.az