XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 13:55

[color=red] Apellyasiya Şuraları sahibkarlara necə kömək edəcək? [/color] – Təhlil

sahibkar.jpg

Bu gün mərkəzi və yeri icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılması və bu Şuraların nümunəvi Əsasnaməsinin təsdiq olunması  ilə bağlı  Prezident fərmanları imzalandı.

Bu fərmana əsasən mərkəzi icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları  sahibkarların sahibkarlıq fəaliyyəti ilə bağlı təkrar şikayətlərinə baxacaq.  Apellyasiya Şuraları  kollegial orqan kimi ictimai əsaslarla fəaliyyət göstərəcək. Apellyasiya Şuralarının 7 üzvü olacaq. Şura sədri isə mərkəzi icra hakimiyyəti orqanının müavinlərindən biri təyin ediləcək.

Mərkəzi icra hakimiyyəti orqanlarında (nazirlik, komitə, agentlik və s.)  Apellyasiya Şuraları  bu orqanların qərarları ilə bağlı artıq verilmiş şikayət üzrə qəbul edilən qərarlarla bağlı şikayətə, yəni təkrar şikayətlərə baxacaq.

Yerli icra hakimiyyəti orqanlarında (şəhər və rayon icra hakimiyyətləri) Apellyasiya Şuraları da sahibkarların sahibkarlıq fəaliyyəti ilə bağlı şikayətlərə baxacaq.  Amma bu zaman şikayətləri yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) bağlı olmalıdır.  Apellyasiya Şuralarının 7 üzvü olacaq. Şura sədri isə mərkəzi icra hakimiyyəti orqanının müavinlərindən biri təyin ediləcək.

 

Kimlər Apellyasiya Şuralarına  üzv ola biləcək?

 

Şuralar haqqında Əsasnamələrdə Apellyasiya Şuralarının tərkibinin yerli və mərkəzi icra hakimiyyəti orqanının rəhbəri tərəfindən formalaşdırılması nəzərdə tutulub.  Əsasnamələrdə ancaq say tərkibi konkret göstərilib. Üzvlərin kimlərdən ibarət olması ilə bağlı tələb yoxdur. Amma Şuralar haqqında Əsasnamələrdə qeyd olunur ki, Şuralar QHT-lər və əlaqədar qurumlarla əməkdaşlıqda fəaliyyət göstərməlidir. Deməli QHT-lərin nümayəndələri Şuralarda təmsil olunması məqsədəmüvafiq olardı. Bu, həm ictimai nəzarətin təmin edilməsi, həm də obyektivliyin qorunmasına xidmət edərdi. Çünki üzvlərinin hamısının dövlət qurumlarından təyin olunması korporotiv maraqların qorunması üçün onların bir mövqedən çıxış etməsinə və obyektivliyə xələl gətirə bilər.

 

Apellyasiya Şuraları sahibkarlara kömək edə biləcəkmi?

 

Apellyasiya Şuraları faktiki olaraq sahibkarlarla dövlət qurumları arasında yaranan mübahisələrin məhkəməyə qədər həll olunması mexanizmi və qismən Biznes Ombudsmanı təyinatına malikdir.  Apellyasiya Şuralarına sahibkarların şikayətlərinin araşdırılması və obyektiv qiymət verilməsi üçün kifayət qədər səlahiyyət verilib. Bu səlahiyyətlərdən səmərəli istifadə olunarsa, sahibkarların şikayətlərinin həllini tapması üçün çox böyük imkanlar yaranacaq. Bu zaman, təbii ki, əsas məsuliyyət Apellyasiya Şuralarının tərkibini formalaşdıran yerli və mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin üzərinə düşür. Rəhbər elə tərkibdə Apellyasiya Şurası formalaşdırmalıdır ki, işlək, məhsuldar və obyektiv olsun.

Digər tərəfdən Apellyasiya Şuralarının fəaliyyəti sahibkarların şikayətləri və üzləşdikləri problemlər barədə daha ətraflı məlumat almaq, qiymət vermək və dəyərləndirmək imkanı əldə edəcək. 

Eyni zamanda ictimaiyyət şikayətlərə nə dərəcədə obyektiv baxılması barədə məlumat əldə edə biləcək. Çünki mahiyyəti və qarşısına qoyulan tələblər baxımından Apellyasiya Şuraları daha açıq və şəffaf fəaliyyət göstərməli olacaqlar.

Başqa bir əhəmiyyətli qam isə hansı sahələrdə şikayətlərin sayı, tipi və s. barədə məlumatların əldə edilməsinin asanlaşması olacaq. Bu isə islahatlar və təkmilləşdirmələr, ictimai qiymətləndirmə üçün çox vacib məsələdir.

Apellyasiya Şuraları, əvvəldə qeyd etdiyimiz kimi, öz fəaliyyəti və funksiyaları etibarı ilə qismən Biznes Ombudsmanı mahiyyətindədir. Yəni sahibkarlar üçün şikayət verilməsi, şikayətlər üzrə qərarlardan apellyasiya müraciəti üçün daha əlçatan mexanizm yaradılır.  Bu mexanizm məhkəmə və müvafiq dövlət qurumlarından daha operativ işləməli və obyektiv olmalıdır. Kollegiallıq və daha şəffaf fəaliyyət prinsipləri bunu təmin etməlidir. Nəzərə almaq lazımdır ki, Apellyasiya Şurasın iclasları protokollaşdırılacaq,  şikayətin təmin olunması, qismən təmin olunması, yaxud imtina edilməsi barədə yazılı qərar təqim ediləcək.

Bu məsələdə sahibkarların da üzərinə çox böyük məsuliyyət düşür. Şuraların nə dərəcədə yaxşı işləməsi sahibkarların fəallığından və təşəbbüskarlığından, prinsipiallığından da asılı olacaq.  

Ümumiyyətlə, sahibkarların sahibkarlıq fəaliyyəti ilə bağlı şikayətlərinin daha çevik və obyektiv araşdırılması praktikası bütün dünyada çox geniş tətbiq olunur. Hələ qədim Roma imperiyasında imperator Adrian tərəfindən ilk dəfə sahibkarların işləri üzrə ayrıca məruzəçi təyin olunmuşdu.  Bu cür təsisatları yaratmaqla hökumətlər cəmiyyətin aparıcı qüvvəsi kimi sahibkar təbəqəsinin dövlət orqanlarının fəaliyyəti ilə bağlı üzləşdikləri problemlərdən daha tez xəbər tutmağı, onları öyrənməyi və çevik həllinə nail olmağı qarşıya məqsəd kimi qoyurlar.

Azərbaycanda yaradılan Apellyasiya Şuraları da məhz bu məqsədə xidmət edir. Düzdür bu Şuraların səlahiyyəti və funksiyaları tam Biznes Ombudsman səviyyəsində deyil və yalnız şikayətlərin səmərəli araşdırılması mexanizmi təklif edir. Amma istənilən halda bundan da yararlanmaqla işlək mexanizm yaradılması mümkündür. Bir şərtlə ki, cəmiyyət də fəal olsun və Apellyasiya Şuralarının fəaliyyətini diqqətdə saxlasın, bu Şuraların fəaliyyəti ilə bağllı təkliflər versin, iradlarını bildirsin. Yəni güclü ictimai nəzarət təmin olunsun.

Zaur İbrahimli

Strateq.az