XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

10 May 2015 - 04:20

Oleq Basilaşvili: “Ukraynada müharibə başlayanlar gec-tez mühakimə olunacaq”

“Yeni torpaqların işğalı ilə yox, ölkənin daxildən qurulması ilə məşğul olmaq lazımdır”

Azərbaycan oxusunun maraqlı romanlar müəllifi kimi tanıdığı yazıçı Aslan Quliyev zaman-zaman çağdaş rus nəsrinin bədii tərcüməsi ilə də məşğul olur. Bu dəfə isə “Rosbalt” informasiya agentliyinin SSRİ xalq artisti, teatr və kino aktyoru Oleq Basilaşvilidən aldığı müsahibə onun diqqətini çəkib. Tanınmış yazıçı bu dəfəki tərcüməsini Strateq.az-ın oxucularına təqdim edir.

-Oleq Valerianoviç, Sizin də şahidi olduğunuz o müharibə çoxdan qurtarıb, deyəsən, indisə yeni müharibə başlayır. Siz bu haqda nə düşünürsünüz?

– 22 iyun 1941-ci il. Bu günü mən dəqiq xatırlayıram. Mən Moskvada idim, doğma Pokrovkada, 11 saylı evdə, 15 saylı mənzildə. Günəşli, aydın səhər idi. Anamla “çistiy prud”la (“Təmiz nohur” –red.) “Kolizey”ə (indi orda “Sovremennik” teatrı yerləşir) kinoya baxmağa gedirdik. Nəyə görəsə hamı qara geyinmişdi – mən belə xatırlayıram. Bu adamların arasında qırmızı beretli bir qadın dayanmışdı, bu qadın kinoteatrda biletləri yoxlayırdı və həyəcanla nədənsə danışırdı. Biz yaxınlaşdıq, anam nəsə eşitdi. Sonra isə mənim əlimdən yapışdı və təlaş içində evə apardı. Əhvalım büsbütün pozulmuşdu, çünki biz kloun Karandaşın iştirakı ilə “Bizim həyət” kinosuna baxmalı, sonra isə ümumittifaq kənd təsərrüfatı sərgisinə getməliydik. Məlum oldu ki, qırmızı beretli qadın radio ilə verilən məlumatı danışırmış – Molotov çıxış eləmişdi, müharibə başlanmışdı.

Bu müharibə ilə məni çox şey bağlayır. Artilleriya məktəbinin kursantı, bu məktəbi leytenant rütbəsində bitirən ögey qardaşım müharibəyə yola düşdü. Onun adı Jora idi. Atıcılıq batareyasının komandiri kimi döyüşürdü, Vyazma ətrafında mühasirəyə düşmüşdü, ordan öz gücünə çıxa bilmiş, yoxlama düşərgəsindən keçmiş, Xarkov cəbhəsinə göndərilmişdi və orda da mühasirəyə düşmüşdü. Yenə də öz gücünə mühasirədən çıxmış, atıcılıq hissəsinə qayıtmışdı və ölüm onu Proxorovka stanitsasının yaxınlığında, Kursk dairəsi uğrunda döyüşdə, artilleriya batareyasının komandiri rütbəsində – 125-ci atıcılıq diviziyasının əlahiddə topçuluq artilleriya diviziyonunun ştab rəisi – olanda tapdı…

Atam bütün müharibəni keçmiş, evə 1945-ci ildə mayor rütbəsində qayıtmışdı. Yaşı artdıqca müharibə haqda da bir o qədər çox danışırdı. Və indi mənə elə gəlir ki, o və onun kimi adamlar müharibənin bütün bu dörd ilində xoşbəxt olublar. çünki onların işi haqq işi idi – öz vətənlərini, öz ailələrini, evlərini, öz sevimli meşələrini və tarlalarını faşistlərdən müdafiə edirdilər. Əbəs yerə bizim şüarımız belə deyildi: «Bizim işimiz haqq işidir, düşmən məhv ediləcək, qələbə bizimlədir». Lakin Ukraynadakı bu günkü müharibəyə gələndə isə, düzünü desək, mən çox da başa düşmürəm ki, orda nələr və niyə baş verir? Kim kimdən nəyi müdafiə eləyir? Belə düşünürəm ki, bu haqda bütün həqiqəti bizə demirlər. Madam demirlər, deməli, biz elə də ədalətli iş görmürük.

-Siz belə düşünürsünüz ki, ölkənin cənubişərqində yığma qoşunlar elə də ədalətli olmayan işdən ötrü vuruşur?

-Onların nədən ötrü vuruşduğunu mən başa düşmürəm. Yalnız bir şey dəhşətlidir: dinc sakinlər həlak olurlar, ilk növbədə də, əlbəttə, hərbçilər, sonra isə uşaqlar, qadınlar, qocalar. Bəs onların günahı nədir? Müharibəyə təhrik eləyən bu əclaflar kim olur-olsunlar, tez-gec bütün xalqlar tərəfindən mühakimə ediləcəklər.

– Siz kimi nəzərdə tutursunuz?

– Mən bilmirəm. Axı kimsə bunda maraqlıdır! Kiməsə mülki əhalinin həlak olması, Ukraynanın cənubi-şərqində isə qan verən yara olması lazımdır. özgə qanı kimin nəyinə lazımdır? Və ən başlıcası, aydın deyil: nəyin xatirinə? Mən başa düşmürəm, bu “könüllü” deyilən qoşun nəyə nail olmaq istəyir?. Ukraynadan ayrılmağa? Yox. Rusiya ilə birlikdə olmağa? Yenə də yox – onlar belə tələblər irəli sürmürlər. Hətta əgər belə tələb irəli sürürlərsə də, mənasızdır – nəsə tələb eləyən çox olar. Federasiyanımı? Bu onlara vəd edilmişdi. Konstitusiyada hansısa dəyişikliyimi? Kiyevdə buna da razıdılar. Bəs bu adamlar nədən ötrü hələ də müqavimət göstərirlər?! Uşaqlar, bəlkə atışdığınız bəsdir – nədən ötrü döyüşürsünüz? Yox, yenə də atəş açırlar…

Heç nə başa düşmək olmur. KİV mənə baş verənlərin tam mənzərəsini çatdıra bilmir. Nəyə görə Rusiyadan ora hansısa könüllülər gedir? Onlar ora necə keçirlər? Sərhəd var axı! Sərhəd bağlı olmalıdır axı. Burda isə onlarla, yüzlərlə könüllü əllərində silah sərhədi keçir – heç veclərinə də deyil. Bu necə ola bilər? Kimdir bu adamlar? Bəs onların müasir silahları? Siz məgər adi silahla vertolyot vura bilərsinizmi? Yox, vura bilməzsiniz, onlar nə qədər mükəmməl və dəqiq olsalar belə. Raket qurğuları ilə isə mümkündür. Bəs bu qurğular hardandır? Nə məsələdi, orada – Donbasda və Luqanşinada nəhəng silah ambarlarımı var?

Siz elə düşünürsünüz ki, bu adamlar indi təslim olmalıdılar?

– Bu qırğını dayandırmaq lazımdır. Mən həmin ordu üzvünün yerinə n olsaydım, hündür bir təpəyə çıxardım, əlimdəki silahı yerə qoyar və qışqırardım: “Biz hamımız qardaşıq! Biz atəşi kəsirik. Siz də kəsin. Gəlin oturaq, danışaq…” Tətiyi çəkməyi bacarmaq və insan qətlinə görə seksual məmnunluq duymaq – bu, bilirsinizmi, qəhrəmanlıq deyil, cinayətdir. Mən özüm qaçqın olmuşam və 1941-ci ilin dekabrında Moskvadan necə qaçdığımızı xatırlayıram. Bunun necə qorxunc və ağır olduğunu xatırlayıram. İndi bəs adamlara niyə əzab verəsən? Orada, heç olmasa, bizim xalqımız faşizmə qarşı, almanların bizi, rusları və sovet adamlarını əsarət altına almasına qarşı döyüşürdü. Bəs indi onlar kimə
qarşı döyüşürlər? Və onlara kim kömək eləyir?

– Axı yığma qoşun silahı yerə qoysa, onları öldürərlər. Dinc adamları isə Odessadakı kimi yandırarlar.

– Dayanın! Demək, sizcə, Kiyev hökuməti Ukraynanın cənubi-şərqini yandırmağı qarşısına məqsəd qoyub?

– Niyə də yox? İndi Ukrayna hərbçiləri oranı bombalayır və şəhəri, mülki adamları top atəşinə tuturlar.

– Onlar mülki əhalini yox, yalnız onlarla döyüşənləri, Donetsk və Luqansk “respublikaları”nın hansısa daxili qoşunlarını atəşə tuturlar. Böyük bədbəxtçilikdən, sadəcə, mülki adamlar atəş altına düşürlər… Bütün bunlar məndə çox xoşagəlməz fikirlər yaradır. Bu nəyə lazımdır? Biz Krımı birləşdirməyimiz naminə bizimlə yanaşı olan qardaş və dost əvəzinə artıq qatı düşmən qazanmışıq – əbədilik.

– Siz necə düşünürsünüz, nəyə görə faşizm üzərində qələbə çalmış rusları Qərbdə elə də sevmirlər – təkcə Almaniyada yox, Avropanın digər ölkələrində də, o cümlədən Şərqi Avropada da?

-Əskəriyyətimiz üçün müharibə ən müqəddəs işdi. Onda döyüşənlərin hamısına eşq olsun! Sonra isə bizim ordu faşizmdən azad olunan ölkələrdə – çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada, Polşada, Rumıniyada, Bolqarıstanda –yeni sosialist quruluşu yaratdı. Bu ölkələr özlərini SSRİ tərəfindən işğal olunmuş hesab etdi. Biz öz qaydalarımızı ora tətbiq elədik, rejimin əleyhdarlarını həbs elədik… Buna görə də bizi sevmirlər, özümüzü sanki ikinci işğalçı kimi göstərdik. Biz yaxşı işlər görməyə cəhd eləyirdik, bu ölkələrə özümüzün arzuladığımız yeni həyatı gətirməyə çalışırdıq. Lakin bu, yeni qurbanlar və iztirablar gətirdi… Düşünürəm ki, məsələ bundadır. özgə torpaqlarında hansı xoş niyyətlərlə olsa da, işğalçıları heç yerdə sevmirlər.

– Bu il Kiyev hökuməti Qələbə gününə düşən bütün tədbirləri ləğv eləyib. Qərbi Ukraynada Böyük Vətən müharibəsinin iştirakçılarına, ümumiyyətlə, Qələbə gününü qeyd eləməyi, içtimai təşkilatlara və partiyalara isə hərbçilərin dəfn edildiyi yerlərdə kütləvi aksiyalar keçirməyi qadağan eləyiblər. Sizcə, bu nə deməkdir?

– Düzünü desək, mən buna inanmıram. Bu, doğru deyil. Ola bilməz. Mən keçən yay Kiyevdə olmuşam. Orda Dneprin yüksək sahilində Ana Vətən heykəlinin ayağında döyüşlərdə iştirak eləmiş top qoyublar. Bu hərbi şöhrətin fəaliyyətdə olan muzeyidir. Sovet ordusunun faşistləri dəf etdiyi Ukraynada digər yerlərdə də oldum. Və orda nəyə görəsə 9 Mayın qeyd olunmasını qadağan etdiklərinə inanmıram. Bu yalan kimə lazımdır? Qoy mən sizdən soruşum: Ukraynanın cənubi-şərqində müqavimət göstərənlər kimdilər belə? Nəyə görə onlar Maydanın irəli sürdüyü yeni Kiyev hökuməti ilə, ukraynalılarla birgə yaşamaq istəmirlər?

– Onlar deyirlər ki, banderovçularla – Stepan Banderanın əlaltılarının vərərəsələri və almanlarla birldikdə Ukraynada vəhşiliklər törədən polisaylarla birlikdə eyni dövlətdə yaşamaq istəmirlər.

– Belə çıxır ki, səninlə mən faşistlərlə birlikdə yaşamaq istəyirik? Rusiyanın da öz banderovçuları var. Gəlin, hər şeyi öz adıyla çağıraq. Biz niyə susuruq, nəyə görə öz evimizdə faşistlərlə mübarizə aparmırıq?

– Lakin bizdə onlar hələ hakimiyyətə gəlməyiblər…

– Bəs Kiyevdə necə, belə hesab edirsiniz ki, onlar hakimiyyətə gəliblər? Bəs niyə? Radaya seçkilərdə neçə millətçinin qalib gəldiyini bilirsinizmi? Hansısa cüzi bir qismi. Nəyə görə Ukraynada banderovçular hakimiyyəti ələ keçiriblər deyə bizi aldadırlar? Bax, bu yalan məni narahat eləyir, çünki yalan danışan adam hansısa pis məqsədlərini həyata keçirmək üçün yalan danışır. Hansı məqsədlərini – mən bilmirəm.

– Belə bir fikir var ki, Krıma görə indi Ukrayna ilə Rusiya arasında müharibə başlayacaq. Sonra da bütün dünya ilə. Yenidən bizim analarımız öz evladlarını dəfn eləyəcəklər. Müharibənin bizim qapımıza ayaq qoymaması üçün Krımı geri verməliyik. Və onda, ola bilsin, bizə toxunmaz, rahat buraxarlar…

– Krım oyuncaq deyil: aldın, sonra da geri verdin. Krım xalqı da oyuncaq deyil. Orda yaşayanlarla hesablaşmaq lazımdır. Referendum keçirildi və həqiqətən də, yəni mən buna inanıram, krımlıların böyük əksəriyyəti Rusiyaya birləşməyə tərəfdar oldu. Lakin təsəvvür eləyin ki, Kuban ABŞ-a birləşmək üçün səs verir. Demək, onda Ştatlar ora girməli və Kubanı ələ keçirtməlidi? Biz bu hərəkəti necə adlandırarıq? Yəqin ki, işğalçılıq… Finlər deyə bilər ki, Kareliya keçidi keçmiş fin torpağıdır. Gəlin, biz oranı ələ keçirək! Və ilaxır və s. Və dünya müharibəsi başlayır… Əgər biz Odessadan tutmuş Luqanska kimi yaşayan ruslara kömək eləmək istəyiriksə, şərqdə kifayət qədər torpaqlarımız var və təkcə orda yox. Lütfən gəlin, biz sizə kömək elərik, Rusiyanın vətəndaşları olacaqsınız. Hər şey kara gələr, yalnız bircə Rusiya hansısa hərbi münaqişəyə girməsin…

– Bəs gələ bilməyən ruslara qarşı genosid, etnik təmizləmə törədilərsə? Yuqoslaviyada serblərə qarşı olduğu kimi? Onda necə?

– Mən buna inanmıram. Ukraynada genosid ola bilməz…

– Bəs hər halda ola biləcəyini təxmin eləsək? Rusiya qarışmalıdırmı?

– Heç şübhəsiz qarışmalıdır – əgər orda rusları, yəhudiləri, tatarları, almanları, digər xalqları məhv etməyə başlasalar, biz qarışmağa borcluyuq. Lakin necə? Yalnız BMT-nin vasitəçiliyi ilə. Orada məsələ qaldırırıq – genosidə son qoyulsun, “mavi dəbilqəlilər” ora yeridilsin. Lakin indiyə kimi nəyə görəsə kimsə BMT-yə belə bir tələblə müraciət etmir. Niyə? Kimsə bu odun həmişə közərməsində maraqlıdır. Lakin əgər qarşısını almasalar, bu közərmə dünyanı barıt çəlləyinə doğru sürüyəcək.

– Ştirlis “Baharın on yeddinci anı”nda deyir: “Yerüzündə yaşayan insanların arasında mən ən çox qocaları və uşaqları sevirəm”. Bəs Siz uşaqlara və bizim veteranlara baxanda nə haqda düşünürsünüz?

– O haqda düşünürəm ki, yeni torpaqların işğalı ilə yox, ölkənin daxildən qurulması ilə məşğul olmaq lazımdır. Məsələn, heç kimin yaşamadığı yeni elit evlərdə (çünki ordakı evlərdə hər kvadtar metrin qiyməti əlçatmazdır) indi yaşayan müharibə veteranlarına mənzillər verin. Qoy onlar, heç olmasa, ömürlərinin qalan illərini normal şəraitdə yaşaya bilsinlər. Onlara bir neçə min yox, hər birinə yüz min təqaüd verin. Onlar onsuz da çox az qalıblar… Verməzsiniz? Heyfinizmi gəlir? Siz bu qədərmi simic adamlarsınız? Sizi xilas eləyən insanların üzünə baxanda xəcalət çəkmirsinizmi? Bax, biz öz torpağımızda bu işlərlə məşğul olmalıyıq.

Rosbalt.ru