XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

10 May 2015 - 07:19

Azərbaycanın enerji strategiyası təhlükə altında – Təhlil


Faşizm üzərində qələbənin 70 illiyi münasibətilə ənənəvi hərbi parada dəvət olunmuş keçmiş SSRİ respublikalarının liderlərinin Moskva səfəri Rusiyanın hərbi gücünü seyr etməklə qalmadı. Onlar həmçinin müxtəlif çərçivəli görüşlər keçirib, postsovet məkanının taleyi ilə bağlı müzakirələr apardılar. Belə görüşlərdən biri də Avrasiya İttifaqı üzvlərinin toplantısı oldu.

Verilən məlumata görə, toplantıda çıxış edən Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Avrasiya İttifaqı ilə bağlı baxışlarını dilə gətirib. Onun fikrincə, ittifaq üzvləri əsasən bu sahələrdə əmədaşlıq etməlidirlər: vahid valyuta və nəqliyyat sisteminin qurulması, iqtisadi-ticari əlaqələrin gücləndirilməsi, müştərək gömrük xidmətinin yaradılması və s.

Azərbaycan Avrasiya İttifaqına girməkdən imtina etsə də, Putinin dilə gətirdiyi prioritetlərin bizə ciddi təsir göstərəcəyi ehtimalı var. Nədən ki, Rusiyanın prioritetləri arasında olan ümdə məsələlərdən biri enerji siyasətiylə bağlıdır. Yayılan məlumatlara inansaq, Rusiya prezidenti bu görüşdə qeyd edib ki, “…hazırda ittifaq çərçivəsində enerji resurslarının ümumi bazarının yaradılması özünün yekun mərhələsindədir. Bu barədə konsepsiya təsdiq olunmaq üçün üzv ölkələrə təqdim olunub. Vahid enerji bazarının 2019-cu ildən işləməsi nəzərdə tutulub”.

Göründüyü kimi, Rusiyanın postsovet ölkələrindən umduğu əsas məsələlərdən biri onun enerji daşıyıslarının nəqli məsələsində rus iradəsinə boyun əyməsidir. Rus iradəsi isə enerji daşıyıcılarının birgə ixracatına üstünlük verir. Bu da Azərbaycanın enerji strategiyasına daban-dabana ziddir. Nədən ki, ölkəmiz öz qaz və neft ehtiyatının Qərb ölkələrinə axışını müstəqil yürütməkdə maraqlıdır. Və bu istiqamətdə mühüm addımlar atıb, Bakı-Tiflis-Ceyhan kəməriylə neftini, TANAP xəttiylə qazını Avropaya daşıyır. Hər iki kəmərin artıq fəaliyyətə başladığını nəzərə alsaq, illərlə çəkilən əziyyətin, xərclənən pulların hesabına başa gələn bu layihələrdən, Putin istədi deyə, vaz keçmək onun şərəfinə badə qaldıracaq qədər asan məsələ deyil. Ən azı ona görə ki, Azərbaycan TANAP və ya BTC layihələrilə təkcə öz enerji ehtiyatlarının nəqlini nəzərdə tutmur, həmçinin Türkmənistan, Qazaxıstan və İran sərvətlərinin də bu istiqamətdə daşınmasına ümid edir. Başqa təbirlə desək, rəsmi Bakı qlobal enerji məkanında təkcə xammal istehsal edən ölkə olmaqla qalmaq istəmir, həm də daha geniş coğrafiyanın təbii sərvətlərinin ixracatında vasitəçi ölkəyə çevrilməyə çalışır. Azərbaycanla bərabər, bu layihələrə külli miqdarda kapital yatıran qlobal güclər də həmçinin.

Putinin məlum çıxışıyla təxminən eyni vaxtda ABŞ Xarici İşlər Nazirliyinin enerji qaynaqları üzrə xüsusi nümayəndəsi Amos Hokşteynin “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibə fikrimizin ən bariz sübutudur. Həmin müsahibəsində amerikalı diplomat Yunanıstanı Rusiyanın oyununa gəlməməyə və “Türk Axını” (sonradan adı rəsmi Atinanın xətrinə “Yunan Axını” olaraq dəyişdirilmişdir) layihəsindən geri çəkilməyə çağırıb. Amos Hokşteyn yunan tərəfinə qaz vurub qazan doldurmağın ünvanını da göstərib. “Mən Yunanıstan hökumətinə Rusiya proyekti yerinə, Azərbaycan qazının Avropaya nəqlinə hədəflənən TANAP layihəsinə yönəlməyi təklif edirəm”- deyən diplomat fikrini belə əsalnandırıb: “Moskva tərəfindən ortaya atılan bu proyekt Yunanıstanın finansal ehtiyaclarını diqqətə almır və tamamilə siyasi məqsədlidir.”

Xatırladaq ki, bundan bir neçə gün əvvəl Türkiyənin “Hürriyet” qəzetinə də eyni səpkili müsahibə verən Amos Hokşteyn “Türk Axımı” proyektinin iqtisadi yox, siyası layihə olduğunu bu sözləriylə sübut etməyə çalışmışdı: “”Cənub Axını” ilə “Türk Axını” proyekti eyni sahədən, fəqət fərqli marşrutlar üzərindən keçən kəmərlərdir. Hansının çəkiləcəyindən asılı olmayaraq, “Qazprom” Ukraynanı dövriyyədən çıxararaq eyni qazı eyni ünvana çatdırmaq və bunun üçün də on milyardlarla dollar xərcləmək istəyir. Bu isə onu göstərir ki, lahiyə iqtisadi yox, siyasi xarakterlidir”.

Amos Hokşteynin bu sözləri ABŞ-ın təkcə “Türk Axını”na deyil, həmçinin onun alternativi olan “Cənub Axını” layihəsinə də isti yanaşmadığını göstərir. Bunun səbəbi isə Rusiyanın qlobal qaz inhisarçısına çevrilməsinin önünü kəsməkdir. Maraqlıdır ki, amerikalı diplomat bu strategiyalarını gizlətməyə belə lüzum görmür: “Qərb dövlətlərinin tək bir ölkənin enerji ixracatından asılı vəziyyətə düşməsi və ya ona həddindən artıq möhtac olması əsla yaxşı bir əlamət deyil. Xüsusilə də həmin ölkənin enerjidən siyasi vasitə kimi istifadə etmək meyli varsa. Bu durumun qarşısını almaq üçün enerji ixrac edənlə təbii sərvətlərin keçdiyi marşrutları bir-birindən ayırmaq lazımdır. TANAP bu iki əsas kriteriyanı özündə birləşdirən layihədir.”

Göründüyü kimi, Amos Hokşteyn bu sözləriylə ABŞ-ın enerji strategiyasının təməl hədəflərini açıqlayıb. Bu strategiyaya əsasən, nəyin bahasına olursa olsun, dünyanın neft və qazla təminatının önəmli kəsimi bir ölkənin əlində cəmləşməməli və neft hasilatı ilə onun marşrutu bir-birindən ayrılmalıdır. Əks halda, enerji hasil edən dövlətlər dünya sənayesini özlərindən asılı vəziyyətə gətirə bilərlər.

Yaxın Şərqdə və Ukraynada baş verən hadisələrə bu aspektdən nəzər salanda, qanlı mənzərələrin altında yatan hikmət tam mənasıyla ortaya çıxır. Qərb ölkələri, o cümlədən, ABŞ təbii sərvətlərə sahib ölkələri məhz bu səbəbdən mümkün olduğu qədər parçalamaq, onların üzərində Küveyt, Qətər, Bəhreyn kimi eyni millətə sahib kiçik dövlətlər yaratmaq arayışındadır. Bu gün dünya neftinin önəmli hissəsini özündə cəmləşdirən İraqın şimal və cənuba bölünməsi səylərinin əsas səbəbi də budur. Zira öz neft ehtiyatı ilə dünyanın ilk üçlüyü arasında yer alan İraq neftinin 60%-i cənubda, 40 %-i isə şimalda yerləşir. Bu böyük potensialı iki yerə ayırıb və təbii sərvətin iki müxtəlif marşrutdan nəql olunması Qərbin enerji təhlükəsizliyi prinsipinə uyğundur.

Yaxın Şərqdə gedən proseslər bir müddətdən sonra Səudiyyə Ərəbistanının da eyni problemlə qarşılaşacağına şərait yarada bilər. Bu ölkənin neft sərvətlərinin, təxminən, 80%-nin şiələrin yaşadığı bölgələrdə yerləşməsi və aşırı vəhhabi görüşlü siyasi ideologiyanın onları düşmən olaraq görməsi, prinsip etibarilə, ABŞ-ın enerji strategiyasının dəyirmanına su tökür. Təsadüfi deyil ki, son zamanlar Yəməndə başlayan gərginlikdə husilərə qarşı hücuma keçən Səudiyyə Ərəbistanını qızışdıran da, daha sonra sakitləşdirən də elə həmin Amerika oldu. Verilən məlumata görə, bir neçə gün bundan əvvəl Kerriylə Ərəbistanın yeni Xarici İşlər nazirinin görüşündən atəşkəs qərarı çıxdı. Belə anlaşılır ki, mayın 12-dən
həyata keçiriləcək bu atəşkəs qərarının alındığı toplantıda husilərin marağını ABŞ-ın dövlət katibi cənab Kerri müdafiə edib.

Sözsüz ki, bu atəşkəsin elan olunmasında məqsəd husilərlə başlayan gərginliyi diri tutmaqdır. Rəsmi Riyadın “Qərarlılıq Fırtınası” əməliyyatına imkan verilməsində məqsəd isə şiə-vəhhabi düşmənçiliyinin daha da qızışdırılması və bunun, istər-istəməz, Səudiyyə sərhədlərinə keçməsini təmin etmək idi.

Yaxın Şərqdən Rusiyaya dönərsək, Kremlin yürütdüyü vahid enerji strategiyası, təbii ki, Qərbin enerji təminatının təhlükəsizliyi siyasətinə cavab vermir. Əslində, Ukraynayla Rusiya arasında yaranan böhranın da başlıca səbəbi bu idi – Qərbi öz qaz ehtiyacının, təxminən, 40%-ni aldığı Rusiya inhisarından xilas etmək.

Hazırda gəlinən nöqtədə Ukraynadan əli çıxan Rusiyanın ya onunla əvvəlki münasibərləri bərpa etməkdən, ya da yeni marşrutlar axtarmaqdan başqa çarəsi qalmır. üstəlik, rəsmi Moskva gərginləşən beynəlxalq münasibətlərdən yararlanıb SSRİ-dən qalma vahid enerji strategiyasını yenidən bərpa etməyə çalışır. Onun qarşısında dayanan ən böyük problem isə TANAP-dır. Azərbaycan və Orta Asiya qazının bir hissəsinin Qərbə nəqlinə hədəflənən bu xətt istər-istəməz Rusiyanın enerji maraqlarına tərs düşür və Azərbaycanı Rusiyanın imperialist niyyətinin hədəfinə çevirir.

Rusiya yetkililəri nə qədər “Türk Axını” proyektinin TANAP-a alternativ olmadığını bildirsələr də, bu açıqlamanın özündən belə, rəqabət qoxusu gəlir. Ona görə ki, rus yetkililəri bu barədə fikirlərini “Türk Axını”nın TANAP-dan dəfələrlə artıq həcmdə qaz nəqliylə əsaslandırırlar. Məlumata görə, TANAP-la ən yaxşı halda 10 milyard kub metr qaz axacaq. “Türk Axını”nın həcminin isə 60 milyard kub metr olacağı gözlənilir. Digər tərəfdən, Putin bu layihə çərçivəsində Türkiyəyə Trakya bölgəsində 50 milyard kub metrlik qaz anbarı tikəcəyinə vəd verib. Bütün bu göstəricilərə əsaslanan rus yetkililəri “Türk Axını”nın daha avantajlı olduğunu dilə gətirir, TANAP-a qarşı mövqelərini dolayı yollarla ortaya qoyurlar.

ABŞ strategiyası nə qədər TANAP-ın mövcudluğunu istəsə də, boru xəttinin Gürcüstandan keçməsini və həmin ölkəyə Rusiyanın istənilən an siyasi müdaxilə etmək imkanını nəzərə alsaq, ortaya bu nəticə çıxır – Rusiya kənardan müdaxilələrlə belə, Azərbaycanın enerji strategiyasını sıradan çıxarmaq gücünə malikdir və Putinin Avrasiya İttifaqında öz prioritetlərini açıqlaması əslində belə bir niyyətin olduğundan xəbər verir.

Heydər Oğuz

Strateq.az