XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

05 Fevral 2016 - 09:17

Dünya qlobal şünni-şiə münaqişəsinə hazırlaşır: [color=red] Bu, 3-cü Dünya müharibəsini tətikləyə bilər

 

ABŞ-ın müdafiə naziri Eşton Karter jurnalistlərə açıqlanasında gələn həftə Brusseldə Səudiyyə Ərəbistanından olan həmkarıyla görüşəcəyini və bu görüşü səbrsizliklə gözlədiyini bildirib.

Cənab naziri bu böyük intizara salan isə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin 2-ci adamı – general-mayor Əhməd Asirinin “əl-Ərəbiyyə” televiziyasına açıqlamasında dilə gətirdiyi fikirlərdir.

Strateq.az xəbər verir ki, general Asiri Suriyada İŞİD-ə qarşı keçiriləcək quru hücumlarına Səudiyyə Ərəbistanının da qatılmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, bu zamana qədər ABŞ və müttəfiqlərinin Suriya və İraqda izlədiyi hərbi taktika hava hücumlarıyla kifayətlənmək və quru müharibəsini yerli qüvvələrin ixtiyarına buraxmaq idi. Başqa təbirlə desək, yerli qüvvələrin quru hücumlarına beynəlxalq koalisiya sadəcə havadan dəstək verirdi.

Yerli qüvvələr arasındakı təfriqə səbəbindən onsuz da çox işə yaramayan bu taktika Rusiya və müttəfiqlərinin bölgədəki aktivliyini artırmasıyla, tamamən, işləməz hala gəldi. Nədən ki, Rusiya, İran, İraq və Livan Hizbullahı ittifaqının anti-İŞİD adı altında apardıqları mübarizə əks-koalisiyanın dəstəklədiyi qüvvələrə qarşı yönəlmiş, mülki-silahlı qüvvə ayırd etmədən önə çıxan hər kəsin məhv edilməsi taktikası “mülayim müxaif”lərin hərəkət imkanlarını daraltmışdı. Getdikcə Hələbə sıxışdırılan müxaliflərin dünyayla bağlantıları da qoparılmış və onlar, bir növ, mühasirəyə düşmüşdülər.

Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlunun məsələylə bağlı açıqlamaları da sübut edir.

Suriyadakı vəziyyəti şərh edən Davudoğlu açıq şəkildə Türkiyəylə Hələb arasında irtibatın kəsildiyini bildirmişdi. Cənuba Əsəd rejimi, şərqə İŞİD, qərbə Rus ordusunun nəzarət etdiyini nəzərə alsaq, Hələb müxaliflərinin dünyaya yeganə çıxışı şimaldan idi. İndi o cəbhənin də itirilməsi, faktiki olaraq, mühasirə mənasına gəlir.

Rus bombardımanı altında getdikcə təsir gücünü itirən müxaliflərin tamamilə sıradan çıxarılmasından sonra Suriyada möhkəmlənən şiə ittifaqının təhdid etdiyi ən böyük qüvvələrdən biri, hətta birincisi, Səudiyyə Ərəbistanıdır: ölkənin şərqində məskunlaşan şiə toplumu məzhəbdaşlarının Suriyada qazandığı qələbədən ciddi şəkildə təsirlənə bilərlər. Ərəbistanda onsuz da insan yerinə qoyulmayan şiələr kiçicik beynəlxalq dəstəyə bənddirlər ki, qınlarından çıxıb vətəndaşlıq haqlarını tələb etsinlər.

Rəsmi Riyad hələ ki, bu narazıları zor gücünə əlində tutmağa çalışır və repressiv üsullarla buna nail ola bilir. Fəqət şiə koalisiyasının Suriyaya tam hakim olandan sonra şiələrin yaşadığı ərazilərdə sarsıdıcı təxribatlar törətmək imkanları var. Belə ki, Səudiyyə krallığının neft ehtiyatlarının 85%-nin həmin əraizlərdə cəmləşməsi coğrafiyanı sözün bütün mənalarında "yanacaq çəlləyi" halına gətirib. Adi bir “qığılcım” həmin “çəlləyi” söndürülməsi mümkün olmayan dəhşətli od topuna çevirə bilər.

Bütün bunları nəzərə alan Səudiyyə krallığı bəla onun üzərinə getmədən, bəlanın üzərinə getməlidir. Bu isə Suriyaya aktiv hərbi müdaxilə etmək zərurətini yaradır.

Eyni fikirləri Türkiyə üçün də demək olar. Qardaş ölkə də daxili münaqişələrə son qoymaq üçün PKK-nın lojistik dəstəyinin önünü kəsməlidir. Bu da Şimali Suriyaya hərbi nəzarətdən keçir. Bir müddət əvvəl Türkiyə parlamentinin Suriyada “güvənli bölgə” yaradılması barədə qərarı qardaş ölkənin də belə bir niyyətdə olduğundan xəbər verir.

Səudiyyə krallığının Müdafiə Nazirliyinin sözçüsü general Aşirinin bu cəsarətli fikirlərini Türkiyənin ən yüksək nümayəndə heyətinin bu ölkəyə səfərindən sonra dilə gətirməsi maraqlıdır. Qeyd edək ki, Əhməd Davudoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinə Türkiyə tarixində ilk dəfə Baş Qərargah rəisi qatılmışdı. Görünür, səfərin məqsədi iki ölkə arasında hərbi müttəfiqlik şərtlərinin müzakirəsi idi və krallıq bu görüşlərdən ilham alaraq cəsarətlə sinəsini qabağa verib.

Sual oluna bilər: İŞİD-ə qarşı mübarizə adı altında koalisiya qüvvələrinin Suriyaya quru qüvvələrini göndərməsi nəylə nəticələnər?

Qısaca cavab vermək gərəkirsə, iki fərqli koalisiyanın üz-üzə gəlməsiylə.

Rusiyanın son zamanlar Suriyadakı ABŞ təyyarələriylə icəşməkdən belə çəkinməməsi koalisiyanın daha zəif həlqələrini rahatlıqla hədəfə alacağını göstərir.

Onun əsas hədəfi isə, sözsüz ki, Səudiyyə əsgərləri olacaq. Axı, Rusiyaya qarşı beynəlxalq sanksiyaların əsasında neft amili xüsusi yer tutur və bu siyasətin açar ismi Səudiyyə Ərəbistanıdır. Məhz Səudiyyə krallığının səyləri nəticəsində dünya bazarında neft sudan ucuz qiymətə satılır.

Deməli, krallığın burnunun əzilməsi və Yaxın Şərqi cənginə alan vətəndaş müharibələrinin bu ölkəyə sıçraması Rusiya üçün ölüm-qalım məsələsidir. Ərəbistan yarımadasında oraya çıxacaq kiçik bir gərginlik neftin qiymətlərini nəinki kiçik rəqəmli faizlərlə, hətta dəfələrlə yüksəldə və beləcə, Rusiya bir neçə ildə itirdiklərini yenidən qazana bilər.

Növbəti sual ortaya çıxır: bir halda ki, Səudiyyə Ərəbistanının Suriyaya müdaxiləsi daha çox Rusiyanın xeyrinədir, ABŞ müdafiə naziri niyə bu ehtimalı xüsusi sevinclə qarşılayır?

Zənnimizcə, ABŞ-ın bu məsələdə marağı Rusiyanı Yaxın  Şərqdə atəş çəmbərinin içinə salıb daha da zəiflətməkdir. İqtisadi cəhətdən onsuz da çöküş həddinə gələn şimal qonşumuz hazırda yeganə gücünü-hərbi qüdrətini nümayiş etdirməklə, ayaqda durmağa çalışır. Rusiyaya gedəcək hər əsgər meyiti onun hərbi imicini də beşparalıq edə və əhalini hakimiyyətdən daha çox narazı sala bilər.

Mümkündür ki, Yaxın Şərqdə başı müsəlman ovuna qarışan Rusiyaya ikinci zərbə də öz soydaşı sayılan Ukraynadan gəlsin. Bir neçə gün öncə Ukrayna prezidenti Petro Poroşenkonun Rusiyayla müharibə diliylə danışmaq üçün Almaniyadan silahlar alacağını açıqlaması bu mənada təsadüfə oxşamır.

Qısası, Rusiya həm cənubdan, həm də qərbdən daha ciddi münaqişəyə çəkilir. Anlaşılan budur ki, cənab Karteri sevincə qərq edən də bu planın alınma ehtimalıdır. Bəlkə elə bu səbəbdən o, məlum açıqlamasında “koalisiyanın digər üzvlərinin də eyni anda səylərini artırmasıyla daha yaxşı iş çıxaracaqlarına” inamını gizlətməyib.

Bəs, görəsən, yüzminlərlə, bəlkə də milyonlarla insanın qırğınlarına səbəb olacaq növbəti qlobal mübarizədən (siz buna 3-cü dünya müharibəsi də deyə bilərsiniz) kim daha çox qələbəylə ayrılacaq: Rusiya, yoxsa ABŞ?

Əlbəttə, bu suala hər birimiz fərqli cavablar verə bilərik. Amma heç birimiz istəsək belə, cavabımızda “müsəlman dünyası” sözü üzərində durmayacağıq. Çünki bu sual testinin cavabları arasında, ümumiyyətlə, belə bir  variant da yoxdur.

 

Heydər Oğuz

Strateq.az