XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

10 May 2015 - 15:06

Qüdrət Həsənquliyevdən Prezidentin ətrafına sərt ittiham:“Onları ölkənin mənafeyi yox, öz maraqları düşündürür”

“Azərbaycan müəyyən şərtlərlə Avrasiya İttifaqına qoşula bilər”

BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Strateq.az-a maraqlı bir müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

– Qüdrət bəy, son zamanlar Azərbaycan hakimiyyətinin getdikcə Qərb xəttindən ayrıldığı müşahidə olunur. Rəsmi tribunalardan ABŞ dövlət katibi Kerrinin əleyhinə aparılan kampaniya da bunun bariz nümunəsidir. Sizcə, nə baş verir ölkəmizdə? Doğrudanmı, Azərbaycan ABŞ əleyhinə kampaniya aparacaq qədər güclüdür?

– Mən heç də düşünmürəm ki, Kerrinin tənqid olunması bütövlükdə Azərbaycanın Qərbə qarşı getməsi və bu xətdən aralanması deməkdir. Qərbə inteqrasiya Azərbaycanın yenidən müstəqiliyini qazandığı illərdən bəri strateji hədəfi olub və indi də elədir. Əgər Qərbə inteqrasiya xətti tutmuşuqsa, ölkəmizin haqlı olaraq ondan gözləntilərini də anlayışla qarşılamaq gərəkdir. Qərb deyəndə, dərhal gözlərimiz önündə beynəlxalq hüquqa sayğı duyan, ədalətli bir cəmiyyət canlanır. Ancaq təəssüf ki, reallıqda bu gözləntilərimiz özünü doğrultmur. Faktdır ki, uzun illər Qərb bizə ermənipərəst lobbilərin gözüylə baxaraq, Azərbaycan torpaqlarının işğalına seyrçi mövqe tutub, işğalı stimullaşdırıb, onlara dəstək verib. Biz hamımız yaxşı xatırlayırıq ki, Qarabağ savaşı başlayanda Qərbin ermənilərə dəstək verməsi digər SSRİ respublikalarında separatçı hərəkatları həvəsləndirdi. SSRİ-nin parçalanmasına hesablanmış bu mövqe ABŞ-ın yanlış siyasəti idi. ABŞ-ın Azərbaycan əleyhinə siyasət yürütməsində bir çox kiçik hesablar rol oynayır. Bəzi ABŞ siyasiləri seçki kampaniyalarında ermənilər tərəfindən dəstəkləndiyinə, bəziləri pulla ələ alındığına, bəzləri isə xristian həmrəyliyindən çıxış etdiyinə görə, bu cür ədalətsiz mövqe sərgilənir. Bu, yalnız indi də baş vermir. Yəqin, gözəl xarırlayarsınız ki, hələ SSRİ dövründə belə, bir neçə konqresmen Qorbaçova müracət edərək Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çağırırdı. Həmin müraciəti təşkil edənlərin başında duranlardan biri isə ABŞ-ın indiki dövlət katibi Con Kerri olub. Eləcə də yaxın tariximizdə baş verən çoxsaylı belə hallar Azərbaycan ictimaiyyətində Qərbə qarşı inamsızlıq yaradıb. Belə çıxışlar əhalimizdə qıcıq yaradır ki, gör, indi kimlər gəlib haqdan, ədalətdən, düzlükdən danışır. Bəzi beynəlxalq insan hüquqları təşkilatlarının, eyni zamanda ABŞ rəsmilərinin konkret maraqlar çərçivəsində Azərbaycanı ciddi şəkildə tənqid etməsi təkcə iqtidarda yox, cəmiyyətin digər kəsimlərində də əks reaksiya doğurur…

– Əgər cəmiyyətimizdə insan haqları problemləri həqiqətən də vardırsa, Qərbin tənqidləri niyə əks reaksiya doğurmalıdır?

– İnsan haqlarıyla bağlı problemlər bütün ölkələrdə var və bu problem heç bir ölkənin daxili işi deyil. Təbii ki, beynəlxalq təşkilatlar zaman-zaman bu problemləri qaldırmalıdırlar. Amma gəlin, görək, bu problemlər nə zaman gündəmə gətirilir? Nə zaman Azərbaycan hansısa beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu məsələlər məhz o zaman qabardılır. ölkəmiz böyük xərclər çəkib özünü yaxşı imiclə tanıtmaq istəyərkən, bu siyasətin aparılması, istər-istəməz, ictimai rəydə suallar doğurur. Hər kəs bu təzyiqlərin səbəbini qaldırılan problemin mahiyyətində yox, onun zamanlamasında görür. Haqlı olaraq, belə bir fikir yaranır ki, bu tələblər beynəlxalq tədbirlərdən tədbirlərə yox, hər zaman ortaya qoyulmalıdır.

Digər tərəfdən, qaldırılan bu məsələlər Azərbaycan rəsmiləriylə bağlı qapılar arasında da müzakirə oluna bilər. Hər halda ABŞ bu məsələdə çox böyük imkanlara sahibdir. Amma biz görürük ki, Azərbaycana qarşı yönələn ittihamlarda problemin həllindən çox, açıq-aşkar ondan yararlanıb ölkəmizin beynəlxalq imicini korlamaq xətti seçilib.

– Bu, Qərbin nəyinə gərəkdir ki? Yəni bu cür mövqe tutulmasının əsas səbəbini nədə görürsünüz?

– Açığını deyim ki, mən səbəbi Qərbin Azərbaycanın inkişafının qarşısını almaq, onu öz ərazi bötövlüyünü bərpa etmək hədəfindən yayındırmaq istəyində görürəm. Allah Heydər Əliyevə rəhmət eləsin, onun izmaladığı “Əsrin müqaviləsi”ylə ölkəyə ciddi ölçüdə xarici kapital axdı və axmaqdadır. Bu kapitaldan səmərəsiz istifadə edilməsinə baxmayaraq, bir çox sahələr kimi, Azərbaycanın özünümüdafiə gücü də böyüdü və günbəgün böyüməkdə də davam edir. Bu da ermənipərəst qüvvələri ciddi şəkildə narahat edir. Onlar bu inkişafın qarşısını almaq üçün insan hüquqlarının pozulması faktından Azərbaycanın əleyhinə istifadə etməyə, ölkəmizi təzyiq altında saxlamağa çalışırlar. Bu məkrli siyasət ona yönəlib ki, Azərbaycan öz ərazi toxunulmazlığını bərpa etmək məqsədilə müharibəyə başlayanda, heç bir beynəlxalq qurumdan öz haqlı mübarizəsinə dəstək ala bilməsin…

– Amma cəmiyyətimizdə ABŞ-ın bu mövqeyini dəstəkləyənlər də az deyil. Onlar hesab edirlər ki, həqiqətən, cəmiyyətimizdə insan hüquqları problemi var və o da beynəlxalq təzyiqlər vasitəsilə həll oluna bilər...

– Mən demirəm ki, bu problemlər yoxdur. Bayaq problemin çözüm yollarından da danışdım. Bununla belə, əks fikir söyləyənlərdən soruşmaq istərdim: siz doğrudanmı hesab edirsiniz ki, ABŞ Azərbaycanın güclənməsini, ölkədə hüquqi dövlət qurulmasını, demokratikləşməsini istəyir? Əgər bu fikrinizə əminsinizsə, gəlin, oturub təhlil edək, görək, ABŞ bu illər ərzində demokratiyanın ölkəmizdə inkişafı, beynəlxalq hüququn bərqərar olması və ölkənin suverenliyi üçün hansı real addımları atıb? İndiki iqtidarın hakimiyyətə gəlməsi üçün ən böyük dəstəyi elə həmin ABŞ verib zaman-zaman. ABŞ Dağlıq Qarabağ separatçı rejiminə humanitar missiya adı altında maliyyə yardımı ayırıb və bu yardım bu gün də davam edir. Sual oluna bilər: eyni problemdən Dnestryanı respublikada, Abxaziya, Osetiya, Donetskdə də var, niyə o zaman həmin yerlərə ABŞ eyni yardımı əsirgəyir? Eyni və ya oxşar problemlərdirsə, niyə ABŞ digər münaqişələrin ölkənin ərazi bütövlüyü çərçivəsində həllinə çalışır, amma Azərbaycana gələndə, “millətlərin özünüidarə hüququndan” danışır və “gedin, Ermənistanla dil tapın, danışın” deyir?! Bu, bizi aşağılamaq, millətimizin heysiyyatına toxunmaqdan başqa bir şey deyil! Biz də ona görə ABŞ-a deyirik ki, sizin istəklərinizin səmimiliyinə artıq inamımız itib. Əvvəlki illərlə indini müqayisə edin və görəcəksiniz ki, Azərbaycan əhalisi arasında antiamerikanizm nə qədər yüksəlib. Vaxtilə ABŞ-ın ölkəmizə firavanlıq gətirəcəyini, onu iki imperiyanın təzyiqlərindən qoruyacağını düşünən Azərbaycan cəmiyyətində indi hərə ABŞ-ı bir motivə görə tənqid edir. Mən öz
partiyamızın mövqeyindən danışıram. Biz məhz bu səbəblərə görə, ABŞ-ın mövqeyinə qarşı çıxırıq…

– Maraqlıdır ki, ABŞ-ın özündə də bir sıra hüquq pozuntuları qeydə alınır. Son zamanlar ölkəni bürüyən etiraz dalğaları bunun sübutudur. Sizə elə gəlmir ki, digər ölkələrdə insan hüququnun tapdalanmasının əsas səbəblərindən biri də ABŞ-da yaşanan bu neqativ hallardır? Yəni digər dövlətlər ABŞ-dakı proseslərdən cəsarətlənib fərqli düşüncəyə qarşı öz aqressiv siyasətlərini davam etdirirlər.

-Tamamilə doğrudur. Hər hansı bir ölkəni tənqid etmək üçün, ilk növbədə, gərək mənəvi haqqın ola. ABŞ-da irqi ayrıseçkilik göz önündədir. Son bir il ərzində orda qaradərililərin keçirdiyi etiraz aksiyaları, aksiya iştirakçılarının polis zorakılığıyla üzləşməsi, hətta hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən silahla qətlə yetirilməsi adi hala çevrilib. Bu gün Bakıda hər hansı polis vətəndaşa güllə atsa, bütün dünya ayağa qalxar. Azərbaycan ictimaiyyəti də buna kəskin reaksiya verər. Qaradərililər arasında narkomaniyanın yayılması, işsizlik problemi, həbsxanaların əsasən onlarla dolması və s. məsələlər ABŞ-ın gerçək simasından xəbər verir. Bu cür problemlərlə çabalayan bir ölkənin başqalarını ittiham etməsi səmimi görünmür. ABŞ prezidentinin özü belə, problemin yüzillərlə oturuşmuş mentalitetdən qaynaqlandığını, qısa zaman ərzində öz həllini tapa bilməyəcəyini bildirir. Azərbaycana gələndəsə, hər şeyin bir anda həllini istəyirlər. Buna baxmaraq, iki ölkənin müxtəlif kəsimləri arasında gedən söz çəkişmələri onların bir-birindən qopduğu mənasına gəlmir. Azərbaycan həmişə regionda marağı olan dövlətlərlə balanslaşdırılmış siyasət yürüdüb, indi də yürüdür. Hətta mən bu balanslaşdırma siyasətinin əleyhinəyəm. Düşünürəm ki, biz Qarabağ probleminin həllində haradan dəstək ala biləriksə, o istiqamətdə ciddi addımlar atmalıyıq. Hesab edirəm ki, artıq Qərbdən bu dəstəyi gözləməyə dəyməz. Ona görə ki, Qərbin aparıcı ölkələrində erməni lobbiləri güclüdür və nə qədər siyasi hakimiyyətlər dəyişsə də, onların xarici siyasət kursu dəyişmir…

– Yəni hesab edirsiniz ki, Rusiya ilə münasibətlərimizi normallaşdırsaq, Qarabağ probleminin həllinə nail ola bilərik?

– Mən bilmirəm ki, bağlı qapılar arxasında hansı söhbətlər gedir. Ancaq şübhəsiz ki, bu məsələ də ictimaiyyətdən gizli tutulmamalıdır. Şəxsən mənim fikrimcə, Azərbaycan rəsmi qaydada hansı hallarda Avrasiya İttifaqına daxil ola biləcəyini açıqlamalıdır. Məsələn, qeyd etməlidir ki, Azərbaycan BMT-nin tanıdığı dövlət sərhədləri çərçivəsində Avrasiya İttifaqına üzv ola bilər. Bunun üçün də Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımalı və Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

– Sizcə, Rusiya bu şərtə razı olarmı?

– Məncə, razı olar. Beynəlxalq münasibətlərdə daimi dostlar yox, daimi maraqlar var. Rusiyanın marağı tələb edir ki, Cənubi Qafqazda Azərbaycanla birgə siyasət yürütsün. Biz hətta öz enerji siyasətimizi Rusiya ilə razılaşdırılmış formada həyata keçirə bilərik. Belə olacağı təqdirdə, Qərbin Rusiyadan asılılığı artmış olacaq. Bu kartdan istifadə edib Kremlin Cənubi Qafqaz siyasətini ölkəmizin xeyrinə dəyişdirə bilərik. Rusiya ilə eyni ittifaqda olmaq Azərbaycan xalqının rifahı üçün də faydalıdır. Bilindiyi kimi, Rusiya böyük bazardır, iş adamlarımız bu ölkəylə əlaqədən yararlana bilərlər. Yəni bu ittifaq hər iki tərəfin faydasınadır. Bəziləri deyirlər ki, Rusiya buna getməz. Sual verirəm, siz bu barədə onunla danışıbsınız? Nə bilirsiniz ki, getməz? Əgər belə danışıqlar olubsa, niyə xalqa açıqlanmır? Bizim ictimaiyyətdə belə fikir formalaşıb ki, 200 il rus əsarətində yaşamışıq. İndi yenidən onunla hər hansı ittifaqa girsək, suverenliyimiz məhdudlaşacaq. Bir vaxt MDB-yə daxil olanda mən də gənc idim və belə bir xofum vardı. Sonra tarix sübut etdi ki, mərhum Heydər Əliyevin Azərbaycanı böyük fəlakətlərdən qorumaq üçün atdığı bu addım çox düzgün olub.

– Qüdrət bəy, məni bir məsələ çox maraqlandırır. ölkəmizə beynəlxalq təzyiqlərin artmasında bizim də Qərbə verdiyimiz əsaslar var. Hökumət niyə bunları düşünmür? Məsələn, bu yaxınlarda övlad itkisiylə üzləşən Tofiq Yaqublunu bir həftəliyinə evə buraxmışdılar. İqtidar humanizm nümayiş etdirib onu tamamilə əfv edə bilərdi. Amma etmədi.

– Bilirsinizmi, mən hesab edirəm, Prezidentin yanında mötədil insanlar olmalıdır. Nə yazıq ki, bu gün Prezidentin yanında olanlar müxalifətə qarşı sərt və radikal təbdirlərin tərəfdarlarıdır. Bu da, istər-istəməz, mühüm qərarların qəbuluna öz təsirini göstərir. Bütün hallarda, düşünürəm ki, bu, yanlış siyasətdir. Əvvəla, dövlət adamları lazım gələndə, bir addım geri çəkilməyi bacarmalıdırlar. Bəlkə, fikirləşirlər ki, bu cür addımlar ictimaiyyət tərəfindən geri çəkilmək kimi dərk oluna bilər… Məncə, olunmaz, əksinə, hümanist, alicənab addım kimi qiymətləndirilər. Xüsusilə Tofiq Yaqubluyla bağlı o addım atılmalıydı. Bu, həm də ağır günlər yaşayan bir ailəyə mənəvi dəstək olardı. Hətta cinayətkar da bu ölkənin vətəndaşı, Prezident isə cinayətkarın da Prezidentidir. Prezident hər bir vətəndaşa münasibətdə alicənablıq nümayiş etdirməlidir. üstəlik, Tofiq Yaqublu və onun kimi bəzi dustaqlar şəxsiyyət əleyhinə elə bir cinayət də törətməyiblər. Əməlləri insan ölümüylə nəticələnməyib. İnsan ölümlərinə səbəb olan və bu gün də xaricdə Azərbaycanın əleyhinə fəaliyyət göstərənlər əfv edilib. Ona görə ki, beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqləri azalsın. Eyni hümanizmi indiki bəzi siyasi dustaqlara da şamil etmək olar. üstəlik, bu dustaqlar cəzalarının böyük qismini çəkiblər. Onların azadlığa buraxılması ölkə üçün təhlükə yaratmır. Belə olduğu üçün onlar yubanmadan azadlığa buraxılmalıdırlar…

– Sizcə, azad ediləcəklərmi? Məlumatlar yayılıb ki, belə bir hazırlıqlar aparılır…

– Avropa Oyunlarına qədər bu məsələnin öz həllini tapacağına ümid edirəm. çünki biz ölkənin bu çətin anında Avropa Oyunlarını ona görə keçiririk ki, Azərbaycana gələn xarici qonaqlar bizi olduğumuz kimi tanısınlar, ermənilərin dediyi kimi, “yarıvəhşi millət” olmadığımızı görsünlər. Müsbət imicimiz üçün bu qədər əziyyət çəkildiyi, pul xərcləndiyi halda, bir tərəfdən də siyasi dustaqlara göstərilən sərt münasibəti başa düşə, qəbul edə bilmirəm. Hesab edirəm ki, Prezidentin yanında olan insanlar bu barədə əsaslandırılmış hesabatlar hazırlayıb ona təqdim etməlidirlər. Təəssüf ki, onların əksəriyyəti bir çox hallarda reallıqdan çıxış etmirlər. özlərini daha barışmaz göstərmək üçün ölkənin maraqlarını yox, ancaq və ancaq öz şəxsi mənafelərini güdürlər. Fikirləşirlər ki, birdən daha mülayim mövqe sərgiləyərlər, bu
da onların sədaqətliliyini şübhə altına salar, müxalifətə meylli adam olduqları barədə təəssürat yarada bilər. Biz qəbul etməliyik ki, dünya ictimai rəyini beynəlxalq hüquq təşkilatlarının fikirləri, açıqlamaları, hesabatları formalaşıdırır. Yəni istənilən Avropa vətəndaşı Azərbaycanda insan hüquqlarının vəziyyətilə tanış olmaq istəyəndə, həmin təşkilatların hesabatlarına baxır. Bizim hüquq müdafiəçilərinin fikrinə əsaslanmırlar. Bu acı reallığı qəbul etməliyik. Dünyanın aparıcı dövlətləri barmağını hansı ölkənin üzərinə tuturlarsa, həmin beynəlxalq təşkilatlar orda problem axtarırlar. Biz onlara bu cür əsası verməməliyik ki, bundan istifadə etsinlər.

Söhbətləşdi: Heydər Oğuz

Strateq.az