XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

06 Fevral 2016 - 05:14

Qubad İbadoğlu:[color=red] “Olmaya, Mərkəzi Bank da falçılıqla məşğuldur?”

qubad-ibadoglu.jpg

“Mərkəzi Bankın son siyasəti bazarda panikanın aradan qaldırılmasına yönəlib. Bu məqsədlə Azərbaycan manatının rəsmi məzənnəsi son 10 gündə 2 qəpik bahalaşdırılıb”.

Strateq.az xəbər verir ki, bu fikirləri ADR Hərəkatının sədri Qubad İbadoğlu bildirib. İqtisadçı fikirlərini bu gün öz facebook səhifəsində paylaşdığı yazılı açıqlamayla ictimailəşdirib.

Onun fikrincə, Mərkəzi Bank manatın məzənnəsini inzibatı yolla tənzimləmə siyasətində son 10 gündə etdiyi dəyişiklik qısa müddətli dövrdə manatın xeyrinə olsa da, bütövlükdə, bazar münasibətlərinin ziyanınadır: "Məqsədi panikanın aradan qaldırılması olan bu siyasətlə heç vaxt hədəfə çatmaq mümkün deyil. Nə qədər ki, iqtisadiyyatda böhran simtompları və pisləşən trendlər var, bir o qədər də bazarlarda panikalar müşahidə olunacaq. Bu, milli valyutası sürətlə dəyərsizləşən, xüsusilə də tez-tez böyük faizlərlə devalvasiya ilə qarşılaşan ölkələrin əhalisi üçün həsas və xarakterikdir”.

İqtisadçıya görə, yanvarın 25-dən başlayaraq, davamlı olaraq manatın məzənnəsini ABŞ dollarına nisbətdə bahalaşdıran Mərkəzi Bankın yeni siyasətinin arxasında iqtisadi məntiq yoxdur: “Hətta bunu Maliyyə Nazirliyinin "istiqraz siyasəti"nə dəstək kimi də qiymətləndirmək mümkün deyil. Çünki yenə də valyuta bazarında starteji ehtiyatlar "küləyə sovrulur” və hərbi dildə ifadə etsək, sonuncu güllələr havaya atılır.

Manatın məzənnəsini bir və ya bir neçə gün əvvəldən elan etməklə yanaşı, daxili bazarda valyuta satışını məhdudlaşdıran Mərkəzi Bankın başqa bir yanaşması məntiqsiz və sistemsiz siyasətin tərkib hissəsidir. Diqqət edin, 21 dekabr devalvasiyasindan dərhal sonra açıqlama verən Mərkəzi Bank sədri qeyd edirdi ki, "bu gün biz ilk auksionumuzu təşkil etdik. Biz həmçinin məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Bundan öncə biz bazarın valyuta tələbini tam ödəyirdik. Lakin bundan sonra biz artıq bazara auksionlar vasitəsilə valyuta təklif edəcəyik, tələb-təklif proporsiyasına nəzər salacağıq."

Görəsən, bir və ya bir neçə gün əvvəldən məzənnəni müəyyənləşdirən Mərkəzi Bank tələb-təklif proporsiyasına əvvəlcədən necə nəzər salır? Olmaya, Mərkəzi Bank da falçılıqla məşğuldur, öncədəngörmə qabliyyətinə malikdir, yoxsa sabahlı məzənnəni bu gün necə bilmək olar ki?

Dəfələrlə qeyd etsək də, yenə təkrarlamaq məcburiyyətindəyik: manatın sabitləşməsi və ona etimadın bərpa olunması üçün yeganə yol onun digər valyutalara nəzərən gerçək məzənnəsinin müəyyənləşdirilməsindən asılıdır. Bu isə yalnız valyuta bazarının liberallaşmasından və manatın məzənnəsinin tələb-təklif əsasında real hərraclar vasitəsilə təyin edilməsi ilə mümkündür. Onu da xatırlatmaq istərdim ki, nə qədər ki, manatın gerçək məzənnəsi bəlli deyil, bir o qədər də ona inam bərpa olunmayacaq və panikalar bazarlarda aparıcı rol oynayacaq. Eyni zamanda gerçək məzənnə bilinməyincə ölkədə sabit maliyyə və mötəbər bank sistemi formalaşmayacaq, investisiya və işgüzar fəallıq aşağı düşəcək. Bütün bunlar isə iqtisadi böhrandan çıxışa deyil, onun dərinləşməsinə xidmət edəcək".