XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

06 Fevral 2016 - 20:03

Rusiya mediasında “Putin inqilabı”-[color=red]Prezidentin şəxsi həyatı üzərindən sirr pərdəsi qalxır

"BBC Monitoring" Rusiya prezidenti Vladimir Putinlə bağlı maraqlı reportaj hazırlayıb. Reportajda qeyd olunur ki, son dönəmlərə qədər Rusiyanın dövlət mediasında bir qayda olaraq milli lider və güclü insan kimi təqdim olunan prezident Putinin ailə həyatından demək olar, heç bir məlumat verilmirdi:

"Əslində, bu mövzuya Rusiyada “tabu” qoyulub demək, daha düzgün olardı. Amma indi bu qadağa deyəsən, pozulub və belə görünür ki, media prezidentin nəzarətindən çıxıb.

Putinin qızları və keçmiş həyat yoldaşı Lyudmila barədə mediaya çıxan materiallar cənab Putini dostbazlıqda ittiham edənlərin əlinə girəvə verir. Antikreml mövqeyi ilə seçilən “The New Times” jurnalı yazır ki, “deyəsən “mənbələr” danışmağa başlayıb”.

Kosmopolit həyat tərzi

2012-ci ildə 60 yaşını qeyd edərkən cənab Putin dövlət nəzarətində olan NTV kanalını özünün yaxın çevrəsinə buraxmışdı. Kanal prezidentin gecədən xeyli keçmiş tək-tənha işləməsini, səhər sadə və sağlam yemək yeməsini və öz zalında idman etməsini göstərmişdi.
Amma bu kadrlarda onun ailə üzvləri yox idi. Belə təsəvvür yaranırdı ki, Putinin yeganə şəxsi yoldaşı qara Labrador iti idi.

2014-cü ildə Putindən boşanmazdan əvvəl Lüdmila illər boyu ictimaiyyətin nəzərlərindən yox olmuşdu.
Cənab Putinin qızlarının ətrafında da qara pərdə vardı. Amma indi belə görünür ki, onların peşə və şəxsi həyatları ictimailəşdirilir.

Fevralın 1-də “The New Times” jurnalı Putinin böyük qızı Mariyanın “izinə düşdüyünü” və onun Moskvada başqa adla yaşadığını yazmışdı.

“The New Times” həm də yazırdı ki, o, dövlət endokrinoloji mərkəzlərindən birində çalışır və bu mərkəzə xüsusi dövlət qayğısı hiss edilir. Bu məqalədə də Mariyanın bir hollandda ərdə olduğu, xarici səyahətləri sevdiyi və kosmopolit həyat tərzi keçirdiyi barədə dedi-qodular təkrarlanırdı.

Pərtlik

Bundan bir il əvvəl Rusiya mediasında Putinin kiçik qızı Yekaterinaya dair məlumatlar görünməyə başlamışdı.

Media onu Katerina Tixonova adı ilə təqdim edir və bildirir ki, o, Moskva Dövlət Universitetində gənc alimlər üçün nəzərdə tutulmuş İnnopraktika layihəsinə rəhbərlik edir. Bu da xəbər verilir ki, bu layihəyə Vladimir Putinə yaxın çevrələrdən böyük dəstək var.

Dekabr ayında Reuters agentliyi yazmışdı ki, xanım Tixonova Putinin Peterburq dostlarından birinin oğlu – Kiril Şamalovla evlidir. Bu da xəbər verilirdi ki, bu izdivacdan sonra cənab Şamalov bir xeyli varlanıbmış. Onun cənab Putinə yaxın başqa bir dostun neft-kimya şirkətində səhmlərə malik olduğu xəbər verilirdi.

Kremlin sözçüsü Dmitri Peskov bu kimi suallara cavab olaraq bildirmişdi ki, cənab Şamalovun işlərində heç bir qanunsuzluq yoxdur. Putinin ailə üzvlərinə gəlincə isə, sözçü bu barədə heç bir şərhin verilməyəcəyini söyləmişdi.

"BBC Monitoring"in məqaləsində deyilir ki, Putinin ailəsi və yaxın çevrəsi barədə media məlumatları rəsmi orqanların pərtliyinə səbəb ola bilər.

Ötən ay Uzaq Şərqdə canlı yayınlanan xəbər proqramında cənab Putinin keçmiş arvadının ərə getdiyi barədə “etibarlı mənbələrə” əsaslanan məlumat verilmişdi.

Sonradan bu proqram NTV-nin Sibir və Moskva yayınlarından çıxarılmışdı. Elə “The New Times” jurnalının özü də Rusiyanın media gözətçisi "Roskomnadzor" tərəfindən tənbeh edilib.

Maraqlıdır ki, xəbərdarlıq Rusiyada qadağan olunmuş Ukrayna qruplaşması ilə bağlı yazıya görə edilsə də, elə həmin nömrədə Putinin qızı haqqında materialın da dərc olunduğu diqqətdən yayınmayıb. Jurnalın redaktoru Yevgeniya Albats isə deyib ki, yenə də elə həmin gün məcmuə internet hakerlərinin hücumuna məruz qalıb.