XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

06 Fevral 2016 - 20:25

Heydər Əliyevlə Sorosun 2003-cü ildəki görüşü:“Vicdanım təmizdir, neftdən gələn puldan bir dollar da başqa yerə getməyib” - STENOQRAM

soros-11.jpeg

Corc Sorosu xüsüsi təqdim etməyə ehtiyac qalmır. Dünya çapında məşhur olan bu milyarder bankir həm də dünyanın bir çox ölkələrində açıq cəmiyyətin qurulması üçün xərclədiyi pulları ilə tanınır. Postsovet məkanında Sorosu həmçinin “rəngli inqilabların” maliyyə bossu kimi təqdim etməyi də sevirlər.

2003-cü ildə ilk dəfə Azərbaycana səfər edən Soros mərhum prezident Heydər Əliyevlə görüşüb. Yüksək səviyyədə qəbul onun üçün gözlənilməz olub və Soros özü bunu H.Əliyevə etriaf edib.

Bu görüşdəki dialoqlarda proqnozlar, Azərbaycanın neftdən əldə edəcəyi gəlirlər barədə maraqlı detalları oxumaq olar.

Görüş 29 may 2003-cü ildə Prezident iqamətgahında baş tutub.

Strateq.az həmin görüşün stenoqramını oxuculara təqdim edir:

Heydər Əliyev: Cənab Soros, xoş gəlmisiniz. Mən çox məmnunam. Siz Azərbaycana indiyədək gəlməmişdiniz. Ona görə mən sizin bu səfərinizə əhəmiyyət verirəm. Siz bu gün konfrans keçirmisiniz, görüşlər keçirmisiniz. Mən də sizi dinləmək istəyirəm.

Corc Soros: Cənab prezident, sağ olun. Bu görüşümüz bir qədər gözlənilməz oldu. Çox sağ olun ki, məni qəbul edirsiniz. Mən birinci görüşdən məmnunam və çox şadam ki, artıq Siz sağalmısınız və iş başındasınız.

Bu, mənim Bakıya ilk səfərimdir, baxmayaraq ki, fond artıq yeddi ildir burada fəaliyyət göstərir. Təəssüflər olsun ki, bu günə kimi Bakıya gəlməyə imkanımız yox idi, iş cədvəlim imkan vermirdi. Böyük məmnuniyyət hissi ilə bu gün burada “Xəzərin neft gəlirləri: qazanan kim olacaq?” adlı konfrans keçirdik. Məni buraya gətirən də elə bu konfrans oldu. Bilirəm ki, neftdən alınan gəlirlər Sizin ölkə üçün, ölkənizin iqtisadiyyatı üçün olduqca zəruridir.

Bu gün Sizin ölkədə olarkən belə düşündüm ki, bəlkə də bütün dünyaya örnək rolunda çıxış edə bilərsiniz. Çünki Siz neftinizdən alınan gəlirlər üçün açıq, şəffaf Neft Fondu yaratmısınız.

İyun ayında bir görüş planlaşdırılır. Bu görüş Böyük Britaniya hökumətinin təşəbbüsü və sponsorluğu ilə keçiriləcəkdir. Orada bir çox ölkə iştirak edəcək və bəzi təşəbbüskar ölkələr ön planda çıxış edən ölkələr içərisində olacaqdır. Ona görə ki, Azərbaycanın şəffaflığı və açıqlığı ilə öyünməyə əsası vardır. Çünki son zamanlar Azərbaycanda bu sahədə böyük göstəricilər əldə olunmuşdur.

Heydər Əliyev: Cənab Soros, sağ olun. Mən sizin dediyiniz sözlərdən və bəyan etdiyiniz fikirlərdən məmnunam. Həqiqətən, biz ölkəmizin ağır vəziyyətini nəzərə alaraq hər şeyə, yəni dövlətin resurslarına, vəsaitlərinə nəzarət edirik. Biz neftdən gəlir götürməyə başlayandan Neft Fondu yaratdıq. Düzdür, müxtəlif ölkələrdən buna cürbəcür münasibət göstərirdilər. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, başqaları da. Amma biz qəbul etdiyimiz qərarı düzgün hesab etdik.

Mənim vicdanım təmizdir ki, neftdən əldə edilmiş gəlirlərdən bir dollar da başqa yerə getməyibdir. Bu, mənim vəzifəm və borcumdur. Biz doqquz ildir neft müqavilələri əsasında neft hasil etmək üçün iş görürük. Nəhayət, gəlir götürməyə başladıq və bu gəliri də Neft Fonduna toplayırıq. Belə də olacaqdır. Azərbaycan ildə 5 milyard dollar gəlir götürəndə də yenə belə olacaqdır. Ona görə bu barədə sizin konfransın əhəmiyyəti var. Çünki hər şey bir daha açılıb göstərilibdir. Mən də çox məmnunam ki, siz buna diqqət yetirirsiniz. Təşəkkür edirəm.

Siz burada fəaliyyət göstərəndən Azərbaycana 7 milyon dollarlıq yardım etmisiniz. Bu, çox yaxşıdır. Ancaq mən bu gün baxdım ki, yardımlar haraya gedibdir. Onun əksəriyyəti qrant kimi müxtəlif qeyri-dövlət təşkilatlarına gedibdir. Mən buna etiraz etmirəm. Amma bizim ən böyük problemimiz Azərbaycanın torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsidir və bizim bir milyon əhalimizin qaçqın vəziyyətində yaşamasıdır. Ola bilər, bu barədə sizə lazımi məlumat verilməyibdir. İndi mən sizə deyirəm. Ona görə mən arzu edərdim ki, o qrantların heç olmasa, 60-70 faizi qaçqınlara getsin. Qeyri-dövlət təşkilatları Bakıda işləyirlər, vəziyyətləri yaxşıdır. Bundan da yaxşı olsun. Ancaq qaçqınların vəziyyəti çox ağırdır.

Corc Soros: Qaçqınlara yardım olunması barədə biz bugünkü görüşlər zamanı Sizin bir neçə rəsmi şəxslərinizlə söhbət etmişik. Elə bilirəm ki, biz bu sahədə əməkdaşlıq edə bilərik. Yəni biz Sizə yardım edərik ki, bir sxem yaradasınız və həmin sxem əsasında qaçqınlara kreditlər verilsin. Mən onu nəzərdə tuturam ki, ilk dəfə bu, xırda və orta həcmli müəssisələrin yaradılması üçün veriləcək kreditlər olsun. Həm də qaçqınların ev şəraitinin daha da yaxşılaşdırılması üçün nəzərdə tutulan kreditlər olsun.

Düşünürəm ki, bu sahədə yalnız bizim yardımımızdan deyil, eyni zamanda Neft Fondunun maliyyələşməsindən də istifadə etmək mümkündür. Çünki iş yerlərinin açılması, xüsusilə neftlə bağlı olmayan sahələrdə iş yerlərinin açılması Sizin ölkə üçün vacibdir. Neft Fondunun vəsaitindən istifadə olunması burada yerinə düşər.

Heydər Əliyev: Mən çox razıyam. Siz istədiyiniz sxemi birlikdə yarada bilərik və bu məsələni çox səmərəli həyata keçirə bilərik. Bu, sizin üçün, sizin fond üçün də çox əhəmiyyətli olacaqdır.

Corc Soros: Cənab prezident, mən hiss edirəm ki, biz bəzi sahələrdə Sizinlə kifayət qədər uğurlu çalışa, əməkdaşlıq edə bilərik. Bizim müəyyən təcrübəmiz vardır. Bildiyiniz kimi, biz bir çox ölkələrdə işlər aparırıq. Elə bilirəm ki, bu təcrübədən Azərbaycanda da istifadə edə bilərik.

Amma Sizinlə bir məsələ barədə açıq danışmaq istəyirəm. Bir iş adamı kimi Sizə deyim ki, böyük məbləğdə vəsaitlərin Azərbaycana xərclənməsi məndə bir qədər tərəddüd doğurur. Çünki Azərbaycan özü qazanır, lap tezliklə bundan da çox həcmdə vəsait qazanacaqsınız, Azərbaycanda irimiqyaslı, böyük həcmli işlər görmək mümkündür.

Bizim digər ölkələrdə proqramlarımız var. Biz onu “Addım-addım” proqramı adlandırırıq. Bunlar əsas etibarilə uşaq bağçaları və aşağı sinif şagirdləri üçün nəzərdə tutulmuş proqramlardır. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, körpə uşaqların düşüncə tərzini formalaşdıraq, onların özünəməxsus düşüncə tərzini daha da inkişaf etdirək ki, onlar gələcəkdə sərbəst düşünə bilsinlər. Artıq bu məqsədlər üçün bütün dünyada 100 milyon dollardan çox vəsait sərf etmişik və bu planın modelini hazırlamışıq. Həmin model Azərbaycanda da müəyyən qədər bəyənilir. Biz Təhsil Nazirliyi ilə bu sahədə işləyirik.

Heydər Əliyev: Mən sizinlə razıyam. Ancaq biz hələ çox qazana bilmirik. Siz görürsünüz, üç ildə nə qazanmışıq. Hələ ki, çox qazana bilmirik, ona görə ola bilər, 2005-ci ilə qədər siz bizə kömək edin, lazım olsa, gələcəkdə biz sizə kömək edərik. Gələcəkdə biz o kreditləri sizə qaytara bilərik. Xahiş edirəm, işi bu cür təşkil edək.

Corc Soros: Cənab prezident, razılaşdıq.

Heydər Əliyev: Görürsünüz, nə qədər məsələdə bir-birimizlə razılaşırıq. Demək, görüşmək lazımdır, əlaqələr yaratmaq lazımdır.

Konfransla əlaqədar Azərbaycana sizin səfəriniz ölkəmiz üçün əhəmiyyətlidir. Ancaq bu danışıqları ki sizinlə apardıq və bu razılığı əldə etdik, bunların nəticəsi bizim ölkəmiz üçün qat-qat faydalı olacaqdır.

Corc Soros: Bəli, düşünürəm ki, sizin ölkədə yaranmış vəziyyət buna imkan verir. Siz əlverişli ərazidə yerləşirsiniz və dünya üçün əhəmiyyətli bir ölkəsiniz. İndi sizin ölkənin qarşısında birinci qrup ölkələr siyahısına daxil olmaq kimi bir vəzifə vardır. Mən inanıram ki, siz buna da çatacaqsınız. Nəzərdə tuturam ki, gəlirlərin şəffaflığı üzrə qruplara bölünmüş ölkələr siyahısında birinci qrup ölkələr siyahısına daxil olasınız. Ondan sonra Sizin ölkənin nüfuzu da artacaqdır. Nüfuzu artdıqca, xarici sərmayələri ölkəyə daha çox cəlb etmək mümkün olacaqdır. Bunu xüsusilə qeyri-neft sahəsinə aid edirəm.

Heydər Əliyev: Düz deyirsiniz. Mən də belə fikirdəyəm və biz belə də edəcəyik. Sizin məsləhətlərinizə mən çox diqqətlə yanaşıram və onların bizim üçün əhəmiyyətli olduğunu demək istəyirəm.

Mən daha başqa xahiş etməyəcəm. O biriləri gələn görüşdə deyəcəyəm.

Heydər Əliyev: İnşallah.

Hazırladı:

Xaqani Səfəroğlu

Strateq.az