Şahmat oyununa qədim zamanlardan bəri ağlın gücünü ifadə edən oyun kimi baxılıb. Böyük hökmdarlar şahmat gedişlərini həm də siyasi formul kimi görüblər. Çətin kombinasiyalardan “sağ çıxmaq” məharəti qüdrət göstəricisi və ağlın qüvvəsi sayılırdı.
70-ci illərdə SSRİ-də şahmat xüsusi bir idman sahəsi olaraq fərqlənirdi. Sovet cəmiyyətində qədim hind oyununa maraq böyük idi. O dövrdə Şahmat Federasiyasının rəhbəri olan professor Çapay Sultanov öz kitabında yazır ki, Bakıda tez-tez gənc şahmatçıların ümumittifaq turniri keçirilirmiş.
“Zaman axarında” rubrikasında təqdim etdiyimiz bu fotoşəkildə həmin dövr əks olunub.
80-ci illərin əvvəllərində Bakıda təşkil edilən şahmat turnirinin iştirakçıları… Şəkildə olanlardan yalnız bir nəfər peşəkar şahmatçı deyil – ön sırada solda dayanan şəxs: o zaman 26-lar rayonunun (indiki Səbail) Partiya Komitəsinin birinci katibi Ramiz Mehdiyev…
Cənab Mehdiyev şahmat turnirinin iştirakçılarını qəbul edəndən sonra onunla şahmatçıların bu xatirə şəkli çəkilib. Ramiz müəllimin yanında duran xanım məşhur gürcü şahmatçısı, dünya çempionu Maya Çiburdanidzedir... Onun adı 80-ci illərdə bir şahmatçı kimi təkcə SSRİ-də deyil, xaricdə də məşhur idi…
Görüşdən sonra R.Mehdiyev o zaman tanınmış qrossmeystr Eduard Qufeldlə xeyli söhbət edibmiş. Sonradan Qufelddən “Siz nə barədə danışrdınız?” soruşduqda qrossmeystr belə cavab vermişdi: “Mənim Rusiyanın, Ukraynanın, Gürcüstanın çox sayda yüksək partiya işçiləri ilə görüşüm olub. Amma Mehdiyev nəsə qeyri-adidir. İclasda şahmat haqqında ümumi danışan, partiyanın qayğısından bəhs edən Ramiz müəllim mənimlə təkbətək söhbətdə şahmat barədə elə məsələlərə toxunurdu ki, ona cavab verməkdə çətinlik çəkirdim”.
Yeri gəlmişkən, 1981-ci ildə Mərkəzi Komitə işçiləri arasında keçirilmiş şahmat yarışlarında da Ramiz Mehdiyev özünün yaxşı şahmat oynamağı ilə fərqlənib…
Xaqani SƏFƏROĞLU
Strateq.az