2015-ci il 9 fevral tarixində Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsinə təyin olunması ilə bağlı Prezident sərəncamı imzalandı.
Sabah C.Qurbanovun bu vəzifəyə təyin olunmasının 1 ili tamam olacaq.
C.Qurbanov hansı vədlər vermişdi? Bu 1 ildə nələr baş verdi, nələr dəyişdi?
Cavid Qurbanov hansı vədlər vermişdi?
Yeni vəzifəyə təyin olunandan 4 gün sonra C.Qurbanov jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri kimi ilk açıqlamasını vermişdi. C.Qurbanov bildirmişdi ki, təyinatdan öncə prezident İlham Əliyevin qəbulunda olub və ölkə başçısı ona dəmir yolu sahəsinə aid müxtəlif tapşırıqlar verib: “İlk növbədə bu sahədə keyfiyyətin Avropa standartları səviyyəsinə çatdırılması nəzərdə tutulur. “Azərbaycan Dəmir Yolları” QSC-nin bir sıra islahatlar, dəyişikliklər aparılacaq. İndiyədək aparılan islahatlar günün tələblərinə cavab vermir”.
Yeni sədr 12 min qatarın və 2000 km dəmir yolunun dəyişdirilməsinin vacibliyini də qeyd etmişdi.
Daha sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarılması ilə bağlı prezident sərəncamı ilə əlaqədar KİV-ə müsahibəsində C.Qurbanov qeyd etmişdi ki, dəmir yolu özü pul qazanmalıdır: “Sadəcə hazırda dünyada daşımaçılıqdan əldə olunan gəlirlər azalıb. Haradasa 30-40 faizə qədər enib gəlirlər. Amma bu sahənin yeniləşməsi lazımdır. Çalışmaq lazımdır ki, beynəlxalq yüklərin daşınmasında biz də iştirak edək. İpək yolu işə düşsün, Bakı-Tbilisi-Qars dəmir yolu tezliklə açılsın. Bu sahədə işlər artıq yekunlaşmaq üzrədir. Şimal-cənub marşrutunun inkişafı ilə məşğul olmaq lazımdır. Yəqin ki, möhtərəm cənab prezident bunları nəzərə alıb və bu cür qərar qəbul edib”.
C.Qurbanov əlavə etmişdi ki, ortaya ciddi nəticələr qoymaq haqda düşünür: “Dövlətin başçısı mənə kifayət qədər ciddi iş tapşırıb, üzərimə məsuliyyət qoyub. Mən bu an o işləri yüksək səviyyədə görüb, ortaya ciddi nəticələr qoymaq haqda düşünürəm”.
365 günün nəticələri-2015-ci il Azərbaycan üçün tranzit-logsitika layihələri ilə yadda qaldı
Azərbaycan bu vaxta qədər tranzit layihələrinə qoşulsa da, daha çox passiv müşahidəçi mövqeyindən çıxış edirdi. Azərbaycanın tranzit imkanları fəal təşviq edilmir və ölkə tərəfindən təşəbbüslər göstərilmirdi. Bu baxımdan, 2015-ci il Azərbaycanın tranzit-logsitika mərkəzinə çevrilməsi istiqamətində atılan çox mühüm addımlarla, qərarlarla yadda qalacaq. Xüsusən “Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü ilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan və İran dəmir yolları şəbəkəsinin birləşdirilməsi, Astara-Sankt-Peterburq marşrutunun açılması üçün konkret qərarlar qəbul edilməsi ilk uğurlu addım oldu.
İranın Bəndər-Abbas limanı ilə Gürcüstanın Poti limanı arasında işlək beynəlxalq nəqliyyat dəhlizinin açılması üçün ilkin addımlar atıldı, qərarlar qəbul edildi. Artıq İran tərəfi bu layihəni özünün nəqliyyat sahəsindəki prioritetləri sırasına daxil edib.
Eyni zamanda Çindən “İpək yolu” marşrutunun açılması, Azərbaycanla Çin arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma, “Nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma” Memorandumlarının, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanması da Azərbaycanının tranzit potensialının reallaşdırılmasına öz töhfəsini verəcək.
Ukraynadan “İpək yolu” marşrutu üzrə yüklərin Çinə daşınması üçün sınaq daşımaları və müvafiq tədbirlər həyata keçirildi. Ukraynanın Avropa ilə sərhəddə yerləşən İzov dəmir yolu stansiyasından başlayaraq Qazaxıstanla Çin sərhəddində yerləşən “Dostluq” stansiyasına yüklər daşındı. Qeyd edək ki, bu marşrutun işlək olması üçün “Azərbaycan Dəmir Yolları” QSC aşağı tarif siyasətini müəyyənləşdirib. Hesablamalara görə, bu marşrutla ayda ən azı 8 qatarın keçməsi mümkündür.
Bakı-Tibilisi-Qars dəmir yolu xəttinin tamamlanması istiqamətində də işlər sürətlənib. Bu il Azərbaycan tərəfindən BTQ dəmir yolunun elektrikləşdirilməsi, eləcə də Gürcüstan və Türkiyə arasında tunelin tikintisi üzrə işlər başa çatdırılacaq.
Bundan əvvəl "Azərbaycan Dəmir Yolları” QSC-nin statusunun dəyişməsi və onun Nazirlər Kabinetinin tabeçiliyinə verilməsi ilə bağlı dövlət başçısının sərəncamı imzalandı. Bu sərəncamla Nazirlər Kabinetinə “Azərbaycan dəmir yolunun 2016-2020-ci illərdə inkişafı Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlanması barədə tapşırıq verildi.
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılması da ölkəyə tranzit yüklərin cəlb edilməsi, tariflər siyasətinin zamanın tələbinə uyğun aparılması, nəqliyyat strukturlarının işinin daha yaxşı əlaqələndirilməsi baxımından çox mühüm addım oldu.
İlkin nəticələr və gələcək planlar – "Azərbaycan Dəmir Yolları” QSC-yə hansı dəstək lazım olacaq?
Bu addımlar Azərbaycanın “Kontinental “Asan daşıma” strategiyası” çərçivəsində nəzərdən keçirilməlidir. Bu qərar və təşəbbüslərlə Prezident ən yüksək səviyyədə“Kontinental “Asan daşıma” strategiyası”nın və "Azərbaycan Dəmir Yolları” QSC-nin layihələrinin reallaşdırılmasına strart verdi.
Azərbaycanın hökumətinin, xüsusən “Azərbaycan Dəmir Yolları” QSC-nin məhz bu il beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak, tranzit daşımalarının artırılması və müvafiq infrastruktun inkişaf etdirilməsi məsələlərini aktuallaşdırması və gündəliyə gətirməsi, strateji baxımdan olduqca mühüm addım oldu.
Artıq ilin sonunda ilkin uğurlu nəticələrdən danışmaq olar. Transxəzər – Çin-Qazaxıstan – Azərbaycan – Gürcüstan – Türkiyə marşrutu üzrə 3-cü qatar hərəkət edib. “Azərbaycan Dəmir Yolları” QSC-nin düzgün tarif siyasəti nəticəsində bəzi yüklərin Azərbaycan üzərindən İrana uğurla daşınması mümkün olmuşdur.
Bütün bu addımlar, şübhəsiz ki, Azərbaycanın tranzit potensialının reallaşdırılması üçün çox vacib ilkin addımlardır. Burada “ilkin addımlar” sözünə xususi diqqət yetirmək lazımdır. Çünki bu vaxta qədər Azərbaycanda dəmir yolu nəqliyyatının tranzit daşımalarla bağlı ambisiyalı layihələrdə uğurla iştirakına, rəqabətqabiliyyətli şərtlər, yüksək standartlara cavab verən xidmət təklif etməsinə imkan verəcək tədbirlər yetərli səviyyə və miqyasda həyata keçirilməyib.
Qlobal layihələrdə uğurlu iştirak məhz müasir standartlar, infrastruktur, texniki təchizat, yükək xidmət səviyyəsinin olmasını tələb edir. Tranzit daşımalarında hazırda çox böyük rəqabət mövcuddur və bu rəqabətə davam gətirmək üçün yaxşı ideyalarla yanaşı müvafiq şərtlər, yüksək standartlar təklif edilməlidir. Bütün bunlar dəmir yollu nəqliyyatının inkişafı üçün komplkes yanaşma və müvafiq investisiyalar tələb edir. Tranzit daşımaları, həmçinin ölkəyə valyuta cəlb edilməsində ən mühüm vasitələrdən biridir. Neftin qiymətinin aşağı düşməsi ilə bu Azərbaycan üçün hazırda ən önəmli məsələlərdən birinə çevrilib. Tranzit yük daşımalarından ölkənin valyuta qazanması üçün hazırda çox yaxşı imkanlar var və perspektivdə bu imkanların daha da genişlənəcəyi gözlənilir. Lakin bu imkanların reallaşdırılması üçün ilk növbədə dəmir yolu sistemi və infrastrukturunun sürətlə modernləşdirilməsi, investisiya qoyulması zəruridir.
Azərbaycanın tranzit daşımaları ilə bağlı layihələrinin hansı səviyyədə uğurlu alınması isə məhz investisiyalardan, dövlət dəstəyindən asılı olacaq. Bu barədə ətraflı növbəti təhlilimizdə söhbət açacağıq.
Zaur İbrahimli
Strateq.az