XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 07:58

Orqan ticarətində dövr edən milyonlar -[color=red]Alış 6, satış 122 min dollar…

«Qara bazar»da dövr edən milyonlar kimlərin üzünü güldürür?

Orqan transplantasiyası dünyadakı ən bahalı əməliyyatlardan hesab olunur. Tələblə təklif, arzularla imkanlar arasındakı böyük uçurum bu sahədə “qara bazar”ı xeyli işlək edib. Son illər bu bazar üçün ən yaxşı tribuna sosial şəbəkələrdir.

“Alcazeera” dünya üzrə böyrək transplantasiyasının necə və hansı qiymətlərə həyata keçirildiyini, orqan ticarətində  kimlərin vasitəçi olduğunu və bu məsələdə gizli qalan bir çox başqa məqamları araşdırıb. 

Araşdırma zamanı məlum olub ki, vasitəçilər donor olmaq istəyən yoxsul insanları əsasən “Facebook”dan tapır və onları Şri-Lankadakı klinikalarla əlaqələndirirlər. Bu klinikalar transplantasiyanı əsasən zəngin qərbli müştəriləri üçün həyata keçirirlər.

“Pulunuz çox, vaxtınız azdırsa…”

Bu işlə fəal məşğul olanlardan biri Vikas adlı 26 yaşlı gəncdir. Vikas Mumbaidə yaşayır. Üç il əvvələ qədər o sevmədiyi işdə – Hindistanda atasının fermasında çalışırdı. Indi isə vasitəçi kimi daha çox qazanır. Vikasın işi internetdə donorlar tapmaqdan ibarətdir. Donorları maddi imkanlarının yaxşılaşacağı ilə şirninkləndirən gənc özü də bu işin hesabına kasıblığın daşını atmış olub.

“Əgər pulunuz varsa və çox gözləmək istəmirsinizsə, mənə müraciət edin. Sizə donor tapacam və bir ay sonra yeni böyrəklə evinizə gedəcəksiniz”, – deyən Vikas ilk müştərisindən 380 dollar qazanıb. Lakin indi onun qonorarı hər donora görə 750-1200 dollardır.

Böyrək 6, əməliyat 122 min dollara

Donorlara bir böyrəyə görə 4-6 min dollar arası pul verilir. Qiymətlər donorun pasportunun və digər sənədlərinin qaydasında olub-olmamasından asılı olaraq, dəyişir. Sənədləri hazır olanlara daha çox pul ödənir. Məbləğin bir hissəsi əməliyyatdan əvvəl, qalanı isə sonra ödənir.

Şri-Lankadakı Orqan Transplantasiyası üzrə “Kolombo” Beynəlxalq Mərkəzində müştərilərə tam xidmət paketi təklif olunur. Qiymətlər 53 min dollardan 122 min dollara qədər dəyişir. Bura transplantasiya, orqanın qiyməti, vasitəçinin qonorarı və digər xərclər də daxildir.

Orqanların “qara bazarı” Cənubi Asiyada hələ 90-cı illərdən çiçəklənməyə başlayıb. Sosial şəbəkələr isə bu biznesə yeni “rəng” gətirib. Vikas və bu işlə məşğul olan digər vasitəçilər çox vaxt qız adı ilə hesablar açırlar və bu hesablarını tez-tez yeniləyirlər.

Məsələn, Vikas forumların əksəriyyətində özünü Pryanka Sinqx adlı gənc qız kimi təqdim edib. Dediyinə görə, insanlar gənc və yaraşıqlı xanımlara daha çox etibar edirlər: “Kimsə zəng edəndə deyirəm ki, Pryanka mənim bacımdır. Əsasən ingilis adlarından istifadə edirəm. Belə olanda insanlar əcnəbi ilə ünsiyyətdə olduqlarını və buna görə də daha çox pul ala biləcəklərini düşünürlər. 5-6 həftədən bir yeni hesab açıram. Səhifəyə qoyduğum mobil nömrəni mütləq dəyişirəm. Tələ olmadığına əmin olmayınca şəxsi görüşlərdən yayınıram. Bir dəfə ünsiyyət qurduğum insana ikinci dəfə cavab vermirəm. Bir ay sonra siz məni tapa bilməzsiz”.

İdeal donor necə olmalıdır?

Vasitəçilər üçün ən arzuolunan donor sağlam və siqaret istifadəçisi olmayan 20-30 yaş arası kişilərdir. Kişilərə həm də ona görə üstünlük verilir ki, onlar əməliyyat üçün xarici ölkəyə daha rahat gedirlər. Razılıq əldə olunandan sonra donor və vasitəçi Nyu-Delidəki loborotoriyalardan birinə yollanır. Donor orada müayinələrdən keçir. Daha sonra ikili birlikdə Mumbaiyə yola düşür:

“Lazımi sənədləri hazırlayıram. Yaxşı əlaqələrim olduğuna görə bütün işləri bir neçə günə həll edirəm. Donoru Mumbaiyə aparıb otelə yerləşdirirəm. Sonra onu başqa bir vasitəçi ilə Kolomboya göndərirəm. Donorlar lüks otellərə və ya əməliyyatın keçirildiyi klinikanın yaxınlığındakı villalara yerləşdirilir. Əməliyyatdan 18-25 gün sonra böyrəyini satmış adam geri qayıda bilir”.

Nepaldan olan Kumar Budatoki böyrəyini satanlardan biridir. Kumar hesab edirdi ki, böyrəyini 5 min dollara satmaqla güzaranını xeyli yaxşılaşdıracaq. Lakin dediyinə görə, gözləntiləri özünü doğrultmayıb. O, yaşadığı kənddəki qeyri-leqal orqan ticarəti mərkəzindən vəd olunan məbləği hələ də axıradək ala bilməyib. Üstəlik əməliyyatdan sonra sağlamlığında ciddi problemlər yaranıb.

Aadarş adlı vasitəçi isə deyir ki, cərrah hər əməliyyata görə 2160 dollar pul alır. Onun sözlərinə görə, klinika miqrasiya xidmətinin əməkdaşlarına da pul verir:

“Onlar bilirlər ki, mənimlə səyahət edənlər donorlardır”.

Yoxsuldan zənginə…

Araşdırma zamanı o da müəyyən olunub ki, hər il 2 mindən artıq hindli öz böyrəyini satır və bunların yarıdan çoxu qərblilərə transplantasiya olunur. Aadarşın dediyinə görə, onun tapdığı böyrəklər Kanada, Israil, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinə göndərilir.

Böyrək xəstəliklərinin artması, diabetin yayılması və hipertoniya orqanlara olan tələbatı son illər daha da artırıb.

Qanunla qadağandır!

Böyrək satışı demək olar ki, dünyanın bütün ölkələrində qanunla qadağandır. Çoxları öləndən sonra orqanlarının tibbi məqsədlər üçün bağışlanmasını da istəmir. Buna əsasən dini amillərə görə qarşı çıxırlar. Nəticədə böyrək transplantasiyasına ehtiyacı olanlar illərlə gözləməli,  mütəmadi olaraq dializ prosedurundan keçməli olurlar. Xəstələrin əksəriyyəti donor tapmadan dünyasını dəyişir.

Araşdırma müəllifi bildirir ki, hazırda Hindistan, Nepal, Banqladeş, Pakistan, Şri-Lanka və Iran həyati əhəmiyyətli orqanların əsas ticarət mərkəzinə çevrilib.

Hindistan 2008-ci ildə bu sahəyə nəzarəti sərtləşdirib. Şri-Lankada 2011-ci ildən vətəndaşlara orqanlarını xaricilərə bağışlamaq qadağası qoyulub. Lakin vasitəçilər hələ də əsasən Şri-Lanka ilə işləməyə üstünlük verirlər.

Hazırda böyrək transplantasiyasının ən ucuz həyata keçirildiyi yer Banqladeşdir – 25700 dollara. Burada vasitəçilər donoru ya ölkənin daxilindən tapırlar, yaxud da Nepaldan.

Bu ilin əvvəlində Hindistanda orqanların “qara bazarında” həbslər olub. Şri-Lankada isə il başlayandan bir neçə klinikanı qeyri-leqal transplantasiyada ittiham ediblər. Bununla belə əcnəbilərdən gələn təkliflər azalmaq bilmir.

azadliq.info