XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 11:11

Müasir müsəlman alimləri yeni bilik formalarının axtarışında – [color=red]Araşdırma

qurani-kerim-1.jpg

XIX əsrin sonlarından etibarən müsəlman alimləri müsəlman cəmiyyətlərini Qərbin mədəni, iqtisadi və siyasi hegemonluğuna qarşı mübarizədə onları gücləndirə biləcək fikir və konsepsiyaların axtarışındadırlar.

Onlar İslamın teoloji, siyasi və hüquqi irsi ilə davamlı dialoq prosesi çərçivəsində bir çox intellektual layihələr işləyib hazırlamışlar. İrs və onun müasir cəmiyyətdəki rolu XX əsr boyu müsəlman alimləri, teoloqları və ziyalıları arasında qızğın debatların mövzusu olmuşdur və hələ də dərin ziddiyyət və müzakirələr doğuran predmetdir.

Post-kolonializm dövrünün böhranları və müasirliyin çağırışları ilə üzləşən bəzi alimlər irsi unutmağı və mütərəqqiliyin Qərb modelini qəbul etməyi təklif etmişlər. Onların fikrincə, İslam irsi aktuallığını itirmiş ağır yükdür və o, artıq kənara qoyulmalıdır.

Digərlərinin qənaətincə, böhranın əsas səbəbi müsəlmanların Məhəmməd Peyğəmbərin dövründə mövcud olan saf İslamdan uzaqlaşmaları olmuşdur. Onlar böhrandan çıxış yolu kimi "Qurana və Sünnəyə qayıdış'' şüarını ortaya qoymuş və keçmişin təcrübəsini təkrar etmək baxımından "imanlı əcdadlar'' nümunəsindən istifadə etməyi təklif etmişlər.

Bu iki yanaşmadan əlavə alternativ hesab edilən islahatçı yanaşma da mövcud idi ki, irsin rədd edilməsi ilə bağlı bütün çağırışlar müstəmləkəçiliyin dağıdıcı təsirlərindəndir. Bu yanaşmanın tərəfdarları müsəlmanların uzun əsrlərdən bəri istifadə etdikləri bilik mənbələrindən imtinasının müsəlman dünyasında intellektual böhranın yalnız dərinləşməsinə xidmət edəcəyi fikrindədirlər. Eyni zamanda bu yanaşma çərçivəsində "imanlı əcdadlar'' nümunəsindən istifadə edilməsi və ya onların təcrübəsinin tətbiqi tənqid edilir. Çünki bu vasitə ilə müsəlman cəmiyyətlərinin hər hansı mədəni, sosial və ya iqtisadi problemləri həll oluna bilməz.

İslahatçı yanaşmanın tərəfdarları İslam metodologiyası və prinsiplərindən istifadə edərək İslamın dini, siyasi və iqtisadi konsepsiyalarını yeniləmək, yenidən qurmaq və ya islah etməyə cəhd edirlər. Onlar İslam biliyi məfhumunun yenidən müfəssəl şəkildə işlənilməsini və ənənəvi epistemoloji və metodoloji sistemləri əvəz edəcək yeni nümunənin yaradılmasını təklif edirlər. Yeni bilik formalarının axtarışında olan və yeni paradiqmalar üzərində düşünən müsəlman alimləri həm dünyəvilər, həm də sələfilərlə çətin mühabihəsələr aparmalı olmuşlar.

"İrslə nə etməli, onun cəmiyyətdə rolu nədən ibarətdir və onu qloballaşma və milli müsəlman dövlətləri kontekstində necə anlamalı və şərh etməlı?" sualları islahatçılar üçün sırf intellektual məsələ deyil. Məsələn müasir müsəlman düşüncəsinin sütunları ilə bağlı intellektual müzakirədə – Məhəmməd Abid Əl-Cəbiri (1935-2010) və Həsən Hənəfi (1935) – biliyin bitərəf olmadığı zənn edilir. Onların fikrincə, Qərb müstəmləkəçiliyi təkcə müsəlman cəmiyyətlərinin müasirlikdən öncəki sosial institutlarını deyil, həmin dövrdə biliyin əldə edilməsi və ötürülməsinin də müxtəlif formalarını məhv etmişdir.

Məhz buna görə İslamın sadə müsəlmanlar tərəfindən qəbul edilən və anlaşılan sosial, siyasi və hüquqi sistem və konsepsiyalarının tamamilə rədd edilməsi müsəlman cəmiyyətlərində yalnız Qərbin mənəvi hegemonluğunu gücləndirmiş olur.

Bununla yanaşı, həmin mütəfəkkirlər sual verirdilər ki, müsəlman alimi İslam irsindən qaynaqlanan fəlsəfi çərçivə yaradaraq ona əsaslana bilərmi? Yaxud onun Qərb akademik dairələri tərəfindən ümumən qəbul edilən qaydalar və formalardan kənar mövzu yaratmaq hüququ varmı?

Yeni paradiqma təkli edərkən, müsəlman alimləri (ələlxüsus yuxarıda qeyd olunanlar) metodologiya və epistemologiya məsələlərini vurğulayırdılar. Onlar Qərbin İslamın və müsəlman cəmiyyətlərinin öyrənilməsinin tarixi və filoloji üslublarına tənqidi yanaşır, Avropanı üstünlüyünü təlqinetməni, orientalizmi, geniş mənada ümumiləşdirməni, biliyin siyasi və ideoloji (müstəmləkəçilik) məqsədləri üçün istifadə edilməsi və İslam mədəni irsinin özünəməxsusluğu və özəlliklərini nəzərə almadan kənar təsirlərin axtarışını ifşa edirdilər. İntellektual sərbəstlik o həddə çatmışdır ki, məsələn, Əl-Cəbiri orientalistlərin işlərinə ümumiyyətlə istinad etməməyə başlamışdır. O, birbaşa mənbələrdən istifadə etməyə üstünlük verirdi, çünki Əl-Cəbiri Qərb akademik dairələrində şərq tədqiqatları çərçivəsində məqbul sayılan istinadetmə ənənəsini müsəlman aliminin özünü İslam irsi ilə tənqidi dialoq aparmaq imkanını məhdudlaşdıran mədəni hegemonluğun təzahürü hesab edirdi.

İslam elm sahələrində epistemoloji və metodoloji dəyişikliklərin edilməsi çağırışları

Özünün dörd cildlik məşhur "Ərəb mülahizələrinin tənqidi'' adlı elmi əsərində Əl-Cəbiri əsas İslam elm sahələrini və müsəlman tarixinin modernizmdən öncəki dövründə hakimiyyət və bilik arasındakı əlaqəni tənqidi tərzdə araşdırmışdır.

Onun mühüm intellektual layihəsinin mahiyyəti belə bir fikirdən ibarət idi ki, Ərəb ölkələrinin Avropa dövlətlərinin müstəmləkələri olmalarından öncə müsəlman dünyasında Ərəb-İslam mədəniyyətinin bilik, ideya, müzakirə, konsepsiya, prinsiplər və intellektual təməllər sistemi (al-nizam al-ma’rifi) olan müəyyən bir epistom mövcud idi. Əl-Cəbiriyə görə, məhz bu epistom daxilində onun təbirincə desək, "Ərəb dərrakəsi'' (al-‘aql al-‘arabi) formalaşmışdır. 

İslam mədəniyyətinin (əsasən yazılı) dərin təhlili nəticəsində Əl-Cəbiri belə bir qənaətə gəlmişdir ki, ərəb dərrakəsini (ərəb düşüncə və dərketmə tərzini) formalaşdıran və təmsil edən üç epistemoloji sistem mövcuddur: bayan (Quranının tərifi, hüquq, hədis və sair kimi klassik İslam elmlərinin metodologiyası), irfan (mistik, neo-platonik, Sufizm konsepsiyaları) və burhan ("tutarlı'' arqument – rasional düşüncə tərzi, xüsusilə də Andalusia və Məğrib hüquqi irsi).

Əl-Cəbiriyə görə, yeni intellektual və mədəni dirçəlişə – Nadha – nail olmaq üçün bayan və irfan yenidən burhan üzərində qurulmalıdır. Daha sonra isə biliyin köhnə tipləri ilə epistemoloji ayrılma baş verməlidir (qat’iyya al-ma’rifiyya). Burhan İslamın müasirliyi (hadatha) və müasir intellektual düşüncənin əsasını təşkil etməlidir. Özünün intellektual mövqeyi və İbn Rüşd irsinin layihəsinin özəyini təşkil etdiyindən, həməsrləri Əl-Cəbirini "sonuncu Averroist'' adlandırırdılar.

Əl-Cəbirinin məşhur müsahibi hesab edilən Həsən Hənəfi özünün "İrs və yenilənmə'' adlanan nəhəng çoxcildli intellektual layihəsində İslam elm sahələrində yeni paradiqma təqdim etmişdir. Onun fikrincə, Ərəb-müsəlman dünyası dərin böhran içərisindədir, hərbi məğlubiyyətlərlə üzləşir və siyasi subyekt əvəzinə siyasi obyekt kimi mövcudluğunu sürdürür. Bu səbəbdən irsin tərifində yenilik və orijinallığı müasirliklə ahəngli şəkildə birləşdirən paradiqmanın yaradılması mühüm məsələdir (heç də iqtisadi və siyasi məsələlərdən az əhəmiyyətli deyil).

İlk olaraq Həsən Hənəfi İslam teologiyasının (Sünni) üslub və konsepsiyalarını yenidən qurur və daha sonra o, İslam hüququnun (usul al-figh), hədislərin öyrənilməsi, Quranın tərifi, İslam fəlsəfəsi (falsafa), Sufizm və sairlərin yeni metodologiyasını yaradır. İslam elm sahələrinin yeni paradiqması müasir müsəlmanların problemlərini həll etməli və müasirliyin çağırışlarına cavab verməlidir. Modernizmdən öncəki sxolastik teologiya elə bir sistemə keçid alır ki, o, qurtuluşu, ləyaqəti, ədaləti, inkişafı, tərəqqini, müstəmləkəçiliklə mübarizəni və s. təşviq edir.

Lakin hər iki layihə geniş yayılmamış və qəbul edilməmişdir. Siyasi elitalar onları qəbul etmədiyindən nəticədə bu layihələr rədd olunmuş və ya tətbiqi əngəllənmişdir. Ənənəvi İslam institutlarının reaksiyası isə güclü skeptisizm və ya şiddətli tənqid olmuşdur. Həsən Hənəfi və Əl-Cəbirinin siyasətlə məşğul olmaqlarına baxmayaraq (birincisi "İslam solçuluğu” hərəkatının yaradıcısı və Misirin "Tacammo” partiyasının təsisçilərindən, digəri isə "Xalq Qüvvələrinin Sosialist İttifaqı'' partiyasının üzvü olmuşdur), onların partiyaları populyarlıq qazanmamış və hakimiyyətə gəlməyə müvəffəq olmamışdır.

Maraqlıdır ki, hər iki mütəfəkkirin fikir və konsepsiyaları bu gün Ərəb dünyasından çox Türkiyə, İndoneziya və Malayziyada geniş müzakirə edilir.

"Biliyin İslamlaşdırılması'' (Bİ) layihəsi

Bununla yanaşı, İslam alimləri arasında mövqelərinin siyasi elitaların dəstəyini qazanmış və müxtəlif universitet, tədqiqat və beyin mərkəzləri tərəfindən institutlaşdırıldığı şəxslər də olmuşdur. Söhbət Fələstin mənşəli amerikalı alim İsmail Raci Əl-Fəruqinin (1921-1986) yaratdığı "Biliyin İslamlaşdırılması'' layihəsindən gedir. Əl-Fəruqi həmin layihənin mühüm aspektlərini 1977-ci ildə Məkkədə keçirilmiş konfransda təqdim etmişdir. Onun konsepsiyası elə bir ideya üzərində qurulmuşdur ki, müsəlman dünyasının zəifliyinin başlıca səbəbi İslam təfəkkürünün və təhsilin dərin böhran içərisində olmasıdır və digər iqtisadi, siyasi və sosial problemlər həmin böhranın nəticəsidir. Bu səbəbdən layihənin əsas hədəfi universitetlərdə təhsilin səviyyəsinin artırılması, təvhid paradiqması çərçivəsində ənənəvi İslam elmlərinin təməlinin (usul) islahatı, habelə dünyəvi və İslamı sosial elmlərin ahəngli sintezi əsasında kurikulumun yaradılmasıdır.

Əl-Fəruqi hesab edirdi ki, müstəmləkəçiliyin təxribatçı effektlərindən biri də biliyin dünyəvi və İslami kateqoriyalara bölünməsidir. Onun fikrincə, məhz bu bölgü nəticəsində İslam cəmiyyətinin (umma) elə rəhbərləri var ki, onlar İslam biliyindən xəbərsizdilər və təvhid paradiqmasına uyğun öz mədəni köklərinə, dəyərlərinə və dünya görüşünə sadiq deyillər. Bİ-nin tərəfdarları vurğulayırlar ki, bütün elmlər, xüsusilə də tarix, sosiologiya və fəlsəfə Qərbdə, reformasiyadan sonrakı dövrə xas olan əsas cəhəti əks etdirir. Həmin elmlər Qərb biliyinin məhsulu, Böyük Qərb Transmutasiyasının (Qərbdə ənənəvi cəmiyyətlərdən rasional cəmiyyətlərə keçid) nəticəsidir və bu elmlər qeyri-rasional və ya dini qəbul edilən hər bir məfhuma qarşı dərin skeptik yanaşma, yaxud düşmənçilik üzərində qurulmuşdur. Bu səbəbdən layihənin əsas məqsədlərindən biri mühüm sosial, ekoloji, iqtisadi və digər məsələlərin həllinə yardım edə biləcək biliklərin İslam mənbələrindən əldə olunması və İslam irsinin sadəcə şərqşünas tədqiqatlarının ekzotik mövzusu və ya köhnəlmiş və mənasız "folklor'' olması ideyasının aradan qaldırılmasıdır.

Beləliklə, bəzi İƏT dövlətlərinin siyasi elitaları Bİ layihəsini dəstəkləmiş oldular. Layihənin konsepsiyalarının icrası üçün iki beynəlxalq İslam universiteti təsis edilmişdir – biri İslamabadda (İİUİ), digəri isə Kuala Lumpurda (İİUM).

Bundan əlavə, Əl-Fəruqi həmkarları ilə birlikdə 1981-ci ildə Beynəlxalq İslam Təfəkkürü İnstitutunu (BİTİ) təsis etmişdir və bu gün onun Vaşinqton, London, habelə müsəlman dünyasının bir sıra paytaxtlarında regional nümayəndəlikləri fəaliyyət göstərir. Türk və malayziyalı siyasətçilər layihəyə dəstək verirlər və hətta öz elmi fəaliyyətini onun üzərində qururlar (məsələn İİUM-də müəllimlik etmiş Əhməd Davutoğlu və Ənvər İbrahim). Bunlar praktiki müstəviyə aiddir. Nəzəri müstəvidə isə BİTİ müxtəlif İslam alimlərini Əl-Fəruqinin Bİ konsepsiyasına töhfə verməyə, onun paradiqmasının fəlsəfi çərçivəsində doktorluq dissertasiyası, elmi kitab və məqalələr yazmağa həvəsləndirmiş oldu.

Məsələn, Əbdül Həmid Abu Süleyman beynəlxalq münasibətlərin İslam nəzəriyyəsini yaxından araşdırmış və Qərbin beynəlxalq münasibətlər nəzəriyyəsinə alternativ təqdim etməyə çalışmışdır. Öz kitabında müəllif İslamın bütün siyasi konsepsiyalarını yenidən nəzərdən keçirir və ənənəvi Sünni-Şiə siyasi müzakirəsinə tamamilə zidd olan izahedici modellər təklif edir.

Digər alim və siyasətçi Əhməd Davutoğlu Qərb və İslam dünyagörüşünün epistemoloji və ontoloji fərqləri vasitəsilə qərb və müsəlman cəmiyyətlərində siyasi mədəniyyətə, hakimiyyətə və biliyə olan münasibətin fərqini izah edir. Davutoğluya görə, qərb və müsəlman cəmiyyətləri tamamilə başqa paradiqma təmsil etdikləri üçün fərqlənirlər. Bu fikirlər Əl-Fəruqinin konsepsiyalarının müəyyən təsirinin təzahürüdür. Davutoğlunun İslam paradiqmasında Allah-insan-təbiət iyerarxiyanın olması, yəni, insanın yer üzündə Allahın sərdarı qismində əməllərinə görə məsuliyyət daşıması və bəşəriyyətin inkişafına töhfə verməsinin vacibliyi ilə bağlı fikrində də Əl-Fəruqinin ideyaları ilə müəyyən bənzərlik nəzərə çarpır. Qeyd etmək lazımdır ki, Bİ konsepsiyası İslam iqtisadiyyatı və bankçılığının inkişafı sahələrində də geniş tətbiq edilir.

Adıçəkilən mütəfəkkirlər fərqli intellektual layihələrin müəllifləridirlər. Lakin onları birləşdirən cəhət odur ki, onlar, fərqli üsullarla olsa da, müxtəlif İslam elm sahəsi, konsepsiya və ideyaların yenidən qurulması və yeni bilik paradiqmalarının işlənib hazırlanmasına çalışırlar. Qloballaşmış və sürətlə dəyişən dünya kontekstində İslam alternativləri və İslam irsinin yenidən nəzərdən keçirilməsi məsələsi Şimali Amerikadan Cənub-Şərqi Asiyaya qədər müasir müsəlman mütəfəkkirlərini hələ də narahat edən mühüm intellektual mövzulardan biridir.

Bu gün Türkiyə, Tunis, Mərakeş və digər müsəlman ölkələrində öz fəaliyyətlərində İslam irsinə istinad edən və yeni İslami müzakirələrin əhəmiyyətini vurğulayan partiyaların güclü siyasi qüvvəyə çevrilməsi faktı İslam irsinin və onunla dialoq vasitəsilə müsəlman alimləri tərəfindən ərsəyə gətirilən nəzəriyyələrin münasibliyini qabardır.

Lakin Qərb alimləri tarixi faktların diqqətlə nəzərə alınmaması, yaxud rədd edilməsinə, habelə İslamın tamamilə monolit varlıq kimi təqdim edilməsinə görə müsəlman islahatçılarını və ya islahatçı müzakirələrini tez-tez tənqid edirlər. Çünki Qərb elm dairələrində İslamın vahid deyil, müxtəlif formalarda olması ideyası mövcuddur. Bəzən həmin alimlər nəzərə almırlar ki, müsəlman alimləri üçün irs yalnız elmi araşdırma və ya sırf elmi dairələrə mənsub olan mövzu deyil. Onların həyatlarında mövcud olan irs özlərinin ideoloji mübarizələrinin və yaşadıqları cəmiyyətin tarixi yaddaşıdır. Bu səbəbdən müsəlman cəmiyyətlərində islahatlarının aparılması və Qərbin mədəni hegemonluğu ilə mübarizə, həmçinin kütlənin siyasi fəallığı üçün səfərbər edilməsi baxımından irs vasitə kimi istifadə edildikdə, müsəlman alimləri istər-istəməz bəzi tarixi faktları təhrif edir və ya nəzərə almır.

Təbii ki, onlar İslamın müxtəlif formalarının olması konsepsiyasını qəbul edə bilməzlər. Çünki islahatçı müzakirələr müsəlmanların təvhid paradiqması mövzusunda yekdil olması şərti üzərində qurulub. Həmin paradiqma çərçivəsində onlar arasında bəsit və hətta vacib teoloji mövzularda müəyyən fikir ayrılığı da ol bilər.

Kamal Qasımov,

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi