XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Fevral 2016 - 13:09

Ölkənin tanınmış QHT rəhbərləri yeni qurum yaratdı: [color=red]“Sivil Toplum Platforması” – MANİFEST

 

 

qht liderler.jpg

 

Fevralın 10-da vətəndaş cəmiyyətinin tanınmış simaları, vəkillər və jurnalistlər birgə “ Sivil Toplum Platforması” yaratdıqlarını bəyan ediblər.

Platforma ölkədəki mövcud durumdakı problemləri diskussiya masasına çıxarmaq, ətraflı müzakirələr keçirmək və konkret nəticələr əldə etmək məqsədilə yaradılıb.

“Sivil Tolum Platforması”nın üzvləri qurumun əsanaməsini qəbul edib və ictimaiyyətə müraciət də ünvanlayıblar. Həmin müraciəti diqqətinizə çatdırırıq:

 

“Sivil Toplum Platforması” nın M A N İ F E S T İ

 

Biz, müxtəlif peşə və fəaliyyətlərin təmsilçiləri olaraq, “Sivil Toplum Platforması” nın yaradıldığını bəyan edir və çox ağır iqtisadi, sosial və siyası böhranla baş-başa qalmış bir topluma üz tuturuq:

Yaxın tariximizdə demokratik respublika quruculuğuna imza atan xalq kimi ədalətli və inkişaf etmiş cəmiyyət arzularımıza hələ də çata bilməməyimiz bizdə məyusluq hissi yaratmamalıdır. Unutmamalıyıq ki xalq və toplum olaraq, nə vaxt əl-ələ vermişiksə, ən çətin əngəlləri aşıb uğurlar qazanmışıq. Hər birimiz yaxşı bilirik ki, tarixin ən güclüləri sırasına yüksəlməyimiz də, yalnız bir toplum olaraq Azərbaycanın gələcəyinə inandığımız dövrlərdə mümkün olub. Biz mövcud potensialımıza, gücümüzə inandıqca, ölkəmizin uğurlu gələcəyə qovuşması qaçınılmazdır.

“Sivil Toplum Platforması” olaraq yenə də bu inama sahibik. Sayımızı az, resurslarımızı məhdud hesab etmirik. Bütün yurddaşlarımızın bu inamı daşıması üçün əlimizdən gələni etmək hədəfimizdir. Heç bir çətinlik və məhrumiyyət Azərbaycan övladlarını öz ölkəsinin doğru gələcəyi üçün çalışmaqdan çəkindirmir. Onlar öz inam və dönməzliyi, istedad və bacarığı ilə göstərirlər ki, təmsil etdikləri xalq demokratiyanı, rifahı çoxdan haqq edib.

Qətiyyətli gəncliyimiz, peşəkar mütəxəssislərimiz, mütərəqqi aydınlarımız, ən fərqli sahələrdə çalışan, ən müxtəlif yaş kəsimlərini təmsil edən mübariz insanlarımız yetərincədir. Onların potensialı sübut edir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasında dayanmağı haqq edib və buna qadirdir. Bu, bir möcüzə deyil, eyni yolu keçmiş xalqların təcrübəsində yaşanmış gerçəklikdir və tamamilə əlçatandır.

İndi toplumumuzun qarşısında duran əsas çağırış Azərbaycan cəmiyyətinin üzləşdiyi iqtisadi, sosial və siyası böhranı aşmaq, cəmiyyətimizi və dövlətimizi ayaqda saxlamaq, Konstitusiyamızda müəyyən olunmuş, lakin son illər sürətlə məhdudlaşdırılan təməl insan hüquq və azadlıqlarının bərpasına və qorunmasına nail olmaqdır.

Hazırki böhran ölkəni və cəmiyyətin bütün təbəqələrini əhatə edir. Milli valyutanın dəyər itirməsi, qiymətlərin bahalaşması, yüksək inflyasiya, iş yerlərinin itirilməsi, işsizliyin geniş miqyas alması, vətəndaşların həyat səviyyəsinin pisləşməsi, işgüzar fəallığın azalması, hüquq və azadlıqların hər addımda pozulması, məhkəmə sistemindəki ədalətsizliklər, vətəndaşların səsinin eşidilməməsi – ölkə qarşısında duran və həllini gözləyən problemlərin tam olmayan siyahısıdır.Təəssüf ki, problemlərin həllinə yönələn ciddi cəhdlər yoxdur və pafosla atılan sönük addımlar ümidverici nəticələrə səbəb olmayıb, imitasiya xarakterlidir.

Böhranın gələcək inkişafı ilə bağlı təhlükə aktual olaraq qalır, cəmiyyətdə həyəcanlı əhval-ruhiyyəni gücləndirir. Böhranın açıq formada özünü bir ildən çoxdur ki, göstərməsinə baxmayaraq, hökumət indiyədək ondan çıxış yolu təklif etməyib, ölkənin inkişafına dair aydın plan ortaya qoymayıb. Belə bir şəraitdə müasir çağırışları nəzərə alaraq, biz, vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bu ölkənin vətəndaşları kimi problemlərin həlli istiqamətində səylərimizi birləşdirmək, ideyalarımızı və fəaliyyətimizi sizinlə bölüşmək qərarına gəldik.

Bu Manifesti yaymaqla vətəndaş cəmiyyəti adından ölkəmizin üzləşdiyi bütün problemlərdən çıxış yollarının tapılmasında iştirak etməyə, çətin və məsuliyyətli bir tarixi dövrdə vətəndaşların səsini duyurmağa hazır olduğumuzu nümayiş etdiririk.

“Sivil Toplum Platforması” olaraq əminik ki, ölkə qarşısında duran bütün problemlərdən bu ölkənin vətəndaşı olaraq birgə təşəbbüs və tələblərimiz sayəsində sağlam və daha az itki ilə çıxmaq mümkün olacaq.

Biz gələcəyimizə inanırıq!

Hədəfimiz azad, ədalətli və demokratik Azərbaycandır!

Toplumumuzun yaradıcı və işıqlı gücü bizi bu hədəfə çatdıracaq!

Manifesti imzamızla təsdiq edirik:

1. Abil Bayramov

2. Akif Qurbanov

3. Aynur İmranova

4. Azər Mehtiyev

5. Bəşir Süleymanlı

6. Ələsgər Məmmədli

7. Əsabəli Mustafayev

8. Əvəz Zeynallı

9. Fuad Həsənov

10. Xalid Ağaliyev

11. Xalid Bağırov

12. Kamran Mahmudov

13. Mehman Əliyev

14. Mehriban Rəhimli

15. Nəsimi Məmmədli

16. Oqtay Gülalıyev

17. Rövşən Ağayev

18. Rövşən Hacıbəyli

19. Ruslan İzzətli

20. Samir Əliyev

21. Samir Kazımlı

22. Seymur Kazımov

23. Şahvələd Çobanoğlu

24. Şəhla İsmayıl

25. Yalçın İmanov

26. Ziya Quliyev