Dövlətin plüralizm göstəricilərindən biri onun daxilində fəaliyyət göstərən siyasi partiyaların mövcudluğudur. Azərbaycanda 1991-ci ildən bu yana çoxlu partiya fəaliyyət göstərib. Onun aparıcı hissəsi müxalifətin əsas simasını təşkil edib. Zaman-zaman hakimiyyətlə müxalifət partiyaları arasında müşahidə olunan gərginlik və o qədər də xoş olmayan münasibətlər haqqında müxtəlif təhlillər səslənsə də, əsas hədəf kimi dialoqun qaçılmazlığı vurğulanıb.
Son dövlərdə yenidən iqtidarla müxalifət partiyaları arasında təmaslar aktiv fazaya keçib. Artıq Prezident Administrasiyasının rəsmiləri iki dəfə siyasi partiyalarla görüş keçiriblər. Növbəti görüş yaxın günlərdə baş tutmalıdır.
...Azərbaycan siyasi tarixi isə 22 il əvvəl – 1993-cü ildə iqtidarla müxalifət partiyaları arasında ilk dialoqa şahidlik edib. Prezident Administrasiyasında mərhum prezident Heydər Əliyevin işitrakı ilə keçirlən bu görüşdə səslənən təkliflər, fikirlər və çıxışlar bir sıra maraqlı məqamları ilə zəngindir.
Strateq.az 1993-cü ilin noyabr ayının 17-də Azərbaycanın siyasi partiyalarının və ictimai hərəkatlarının rəhbərləri ilə keçirlən görüşdə mərhum prezident Heydər Əliyevin çıxışını təqdim edir:
– “Bu görüş gecikmiş olsa da, yenə də faydalıdır. Beş saat ərzində biz geniş fikir mübadiləsi etdik, siyasi partiyaların, təşkilatların, hərəkatların nümayəndələri bəzi təkliflərini, fikirlərini bildirdilər. Bunların içərisində, şübhəsiz ki, əhəmiyyətli fikirlər də, görüşümüzün əsas mövzusundan kənar olan fikirlər də vardır. Lakin mən hər bir təklifə, fikrə hörmətlə, diqqətlə yanaşıram və güman edirəm ki, bunlar gələcək üçün faydalı olacaqdır.
“Qarşıdurmaya son qoymaq lazımdır. Bəsdir…”
Görüşümüzün əvvəlində izah etdim ki, əsas söhbət, əsas müzakirə bir məsələ – Azərbaycanın müharibə vəziyyətindən çıxması, işğal olunmuş torpaqlarımızın geri qaytarılması və Qarabağ probleminin həlli məsələsi ətrafında getməlidir.
Təəssüf ki, bu barədə istənilən qədər konkret təkliflər olmadı. Ancaq mən çox şey gözləyirlim. Bilirsiniz, indi bu barədə ittiham mövqeyindən çıxış edən bəzi qəzetlər, onların sahibləri belə bir ictimai pəj yaratmaq istəyirlər ki, guya, onlar bu məsələlərin həlli yolunu bilirlər, indi dövlətə rəhbərlik edən adamlar, guya, düzgün siyasət yeritmirlər, düz yolda deyillər, bu məsələlərin nə cür həll edilməli olduğunu bilmirlər. Ancaq bugünkü görüş göstərdi ki, belə sözlərin, şayiələrin, belə böhtançı məqalələrin arxasında heç bir konkret təklif, konkret söz yoxdur. Mən tamamilə bu fikirdəyəm ki, hərbi təcavüzə məruz qalmış respublikamızda qarşıdurmaya son qoymaq lazımdır. Bəsdir… Bu beş-altı ildə Azərbaycanda qarşıdurma ən yüksək səviyyəyə qalxmışdır. Bunun xalqa, respublikaya, müstəqil Azərbaycan dövlətinə heç bir xeyri olmamış, ilbəil ancaq və ancaq zərəri dəymişdir. Bu zərərlər üst-üstə yığılaraq indi respublikamızın iqtisadiyyatını da ağır vəziyyətə salmış, xüsusən onun hərbi təcavüzün qarşısını almaq imkanlarını zəiflətmiş və məhdullaşdırmışdır. Nəticədə respublikanın bir hissəsi işğal olunmuşdur. Ona görə də bu qarşıdurmaya son qoyulmasa, Qarabağ problemindən istifadə edərək hakimiyyət uğrunda mübarizə davam edərsə, dünən hakimiyyətdə olarkən respublikanı bu günə salan adamlar indi gündə qəzetlərə müsahibələr verərək cürbəcür fikirlər söyləməkdə davam etsələr, respublikanı saxlamaq mümkün olmayacaq və o dağılacaqdır. Dünən vəzifə başında olan adamlar indi vəzifədən gediblərsə və vəzifədə olarkən bu işləri görə bilməyiblərsə, bu gün onların danışmağa, müsahibələr verməyə mənəvi haqqı yoxdur. Onlar səhnədən getmişlər. Əgər səhvlərini başa düşüblərsə, elə fəaliyyət göstərməlidirlər ki, xalqı doğrudan da bu vəziyyətdən çıxarmağa yardım etsinlər. Ya da kənara çəkilməli və deməlidirlər ki, bəli, biz bu işin öhdəsindən gələ bilməmişik, görək, axırı nə olur. Ancaq yenidən qarşıdurmanı gücləndirmək, yenə də respublikanı dağıtmaq xalqa xəyanətdir. Bu, ölkənin onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırır və onun iqtisadi potensialına, hərbi qüdrətinə böyük zərbə endirir. Natiqlərin bir çoxunun qeyd etdiyi kimi, bəzi şəxslərin “filan kənd əldən getdi”, “filan rayon işğal olundu” deyərək buna sevinməsi, bayram etməsi və camaatı birləşdirmək əvəzinə, onu coşdurması, cəmiyyətdə parçalanma meyllərini artırması düşmənlərimizin bizə vurduğu zərbələrdən daha güclü zərbədir.
Ona görə də görüşümüzdə, ilk növbədə, bu barədə bir daha xəbərdarlıq etmək və bildirmək istəyirəm ki, mən prezident kimi öz üzərimə məsuliyyət götürmüşəm və bu məsuliyyətin nə qədər ağır olduğunu dərk və hiss edirəm. Arzu edirəm ki, Vətənini, torpağını, xalqını, müstəqil Azərbaycan Respublikasını istəyən, sevən adamlar mənim bu vəzifəni, bu missiyanı axıradək yerinə yetirməyimə kömək etsinlər. Kim kömək etməyəcəksə, yenə də müxalifət mövqeyində dayanaraq ancaq iddialarla məşğul olacaqsa, şübhəsiz ki, bunlara son qoyulmalıdır.
“Nemətlə razıyam: İqtidar-müxalifət nədir? İdeoloji fərqimiz yoxdur”
Nemət Pənahlının bu fikri ilə razıyam ki, iqtidar – müxalifət nə deməkdir? Bir dövlət ki, beş ildir müharibə şəraitindədir, beş ildir torpaqları əldən gedir, orada iqtidar-müxalifət söhbətləri nə vaxta qədər olacaq? İqtidar – müxalifət məsələsi, adətən, iki prinsip əsasında olur. Birincisi, ideoloji prinsip əsasında: müxalifətdəki qüvvələr iqtidarda olan qüvvələrə ideoloji prinsip əsasında müxalif mövqe tutaraq iqtidarın ideologiyası ilə razılaşmır, onu hakimiyyətdən salır və öz ideologiyasını həyata keçirirlər. İndi bizdə ideoloji müxtəliflik yoxdur. Hamımız Azərbaycanın müstəqilliyi tərəfdarıyıq və bu müstəqilliyi qorumalıyıq. Başqa fikir yoxdur. Etibar Məmmədov dünənki görüşümüzdə dedi ki, Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması, guya, onun müstəqilliyini zəiflədir, yaxud məhdullaşdırır. Mən bu fikirlə razı deyiləm. Əlbəttə, bu barədə mənim öz fikrim var. Etibar Məmmədov da bilir ki, məsəl
ə onun dediyi kimi deyildir. Ancaq fikrini deyir, çünki müxalifətdə olmalıdır. Məsələ niyə belə deyildir? çünki keçmiş Sovetlər İttifaqının müstəqillik qazanmış on beş respublikasından on ikisi Müstəqil Dövlətlər Birliyinə daxildir. Yalnız Baltikyanı dövlətlər həmin birliyə daxil olmamışlar. Məgər həmin birliyə daxil olan dövlətlər öz müstəqilliklərini itirmişlər? Qazaxıstan, özbəkistan, yaxud bizim qonşumuz və deyilənə görə, iqtisadi cəhətdən yaxşı vəziyyətdə olan Türkmənistan öz müstəqilliyini itirmişdirmi? Burada kim isə dedi ki, bir il əvvəl Türkiyə Azərbaycana 250 milyon dollar kredit versə də, onun bir milyon dollarından belə istifadə olunmamışdır. Ancaq Türkmənistan istifadə etmişdir. Bizdə olan məlumata görə, bir çox dövlətlər oraya böyük investisiyalar qoyur və buna heç kim heç nə demir. Türkmənistan Müstəqil Dövlətlər Birliyinə daxil olsa da, onun bir neçə sənədini imzalamamışdır. Biz həmin birliyə daxil olub ondan hələ heç nə görməmiş nə üçün deyirik ki, müstəqilliyimizi itirdik və ya məhdudlaşdırdıq?
Bir daha demək istəyirəm ki, hamımız Azərbaycanın müstəqil dövlət olmasının tərəfdarıyıq və şəxsən mən, dəfələrlə qeyd etdiyim kimi, harada olmağımdan asılı olmayaraq, bütün fəaliyyətimdə və həyatımın son dəqiqəsinədək Azərbaycanın müstəqil dövlətçiliyini qoruyacağam. Əgər müxalifətdə olan qüvvələr Azərbaycanın müstəqilliyini qorumağa tərəfdardırlarsa, deməli, burada fikir müxtəlifliyi yoxdur. Bizim ideologiyamızın əsası budur.
“Dövlət orqanlarının qüsurları tənqid edilməlidir”
Keçmişdə ideologiyamız marksizm-leninizm ideologiyası idi və indi biz ondan imtina etmişik. Partiyalardan birinin nümayəndəsi burada qeyd etdi ki, o,sosializm tərəfdarıdır və bazar iqtisadiyyatının əleyhinədir. Bu onun öz işidir. Lakin Azərbaycan cəmiyyətinin əksəriyyəti kommunist ideologiyasından, sosializm quruluşundan imtina etmişdir və Azərbaycanın müstəqil, dünyəvi dövlət kimi, ümumbəşəri dəyərlər əsasında, eyni zamanda milli ənənələr əsasında hüquqi dövlət qurmaq yolu ilə getməsinin tərəfdarıdır. Deməli, bizim ideologiyamız bundan ibarətdir. Həmin ideologiyanın bir hissəsini mənəvi dəyərlərimiz, milli ənənələrimiz təşkil edir. Biz bunların hamısına – mədəniyyətimizə, dinimizə, milli əxlaqımıza, bütün milli ənənələrimizə, tariximizə sadiqik. Mənə elə gəlir ki, səhv etmirəm. O ki qaldı dinimizə, bir misal deyim: İslam dini bizim əsrlər boyu itaət etdiyimiz dindir. 70 il idi Sovetlər İttifaqında təkcə İslam dini deyil, bütün dinlər qadağan olunmuşdu. İndi azadlıq verilmişdir, dinimizə qayıtmışıq, hər bir adamın vicdan azadlığıtəmin edilmişdir. Buraya başqa bir din gətirib təbliğ etmək istəyən adam görmürəm. Belə bir halda, əgər iqtidarla müxalifət arasında ideoloji fərq yoxdursa, burada ikinci bir iddia var: “Sən vəzifədəsən, mən yox, mən səninlə mübarizə aparacağam ki, sənin vəzifəni əldə edəm”. Ay qardaş, gəlin müharibəni qurtaraq, bütün vəzifələri götür özünə. Hansı vəzifəni istəyirənsə, gəl, otur. Amma o qatı müxalifətdə olan qüvvələr dünənədək vəzifələrdə idi, həmin vəzifələri onların əlindən heç kim almadı, özləri getdilər. Mən bunu dəfələrlə demişəm.Ona görə də burada, müharibə gedən ölkəmizdə iqtidar – müxalifət söhbəti salmağın əsası yoxdur və olmamalıdır. Əlbəttə, dövlətin, dövlət orqanlarının, görülən işlərin qüsurları tənqid edilməlidir. Qoy bilsinlər ki, səhv buraxmışlar və gələcəkdə buna yol verməsinlər. Ancaq bu o demək deyildir ki, düşmənçilik, xəyanət, terrorçuluq mövqeyində durasan. İndi müxalifətdə olan bu adamların arasında terrorçuluq əhval-ruhiyəsi ilə yaşayan, terrorçuluq məqsədi daşıyan şəxslər də var. İstintaqda sübut olunmuşdur ki, Heydər Əliyevi fiziki cəhətdən məhv etmək üçün buraya müəyyən adamlar tutulub gətirilmişdir, müəyyən məqamda onun fiziki cəhətdən məhv edilməsi üçün tədbirlər görülmüşdür. Bu, hansı müxalifətdir? O, hansı məzhəbə qulluq edir? Bu terrorçu təşkilatlar Azərbaycanı erməni işğalından, qəsbkarlığındanmı xilas etmək istəyirlər, yoxsa öz şəxsi məqsədlərinə nail olmaq üçün bu yolu tutmuşlar? Terrorçuluq ən alçaq, ən çirkin yoldur. Tarix boyu, bütün dövrlərdə bu belə olmuşdur. Bütün bunlara son qoymaq lazımdır. Mən Ali Sovetin sədri olarkən bu işlərə çox dözümlə yanaşmışam və indi də dözümlə yanaşıram. Ancaq bu o demək deyil ki, bu dözümün həddi yoxdur.
“Qarabağla bağlı Məsləhət Şurasının yaradılmasına razıyam”
Belə hesab edirəm ki, Azərbaycanı müharibə vəziyyətindən çıxarmaq üçün indi bütün qüvvələr birləşməlidir. Bu barədə irəli sürülən bütün konkret təkliflər qiymətləndiriləcək, onlardan istifadə olunacaqdır. Mən bu gün konkret təkliflər eşitmədim. Bir təklif oldu ki, Məsləhət Şurası yaratmaq lazımdır. Şəxsən mən bununla razıyam. Dövlət katibi bu işlə məşğul olacaqdır. Məsləhət Şurası, yəqin ki, Qarabağ problemi ilə əlaqədar yaradılmalıdır. ümumi Məsləhət Şurası bizi çox şeylərə aparar. Şura konkret olaraq Qarabağ məsələsi ilə əlaqədar yaradılmalıdır ki, kimin nə təklifi, hansı imkanı varsa, məsləhət Şurası çərçivəsində bunlardan istifadə edilsin, bu problem həll olunsun. Əgər dövləti idarə etmək üçün Məsləhət Şurası yaratmaq istəyirsinizsə, mənə belə gəlir ki, indi buna ehtiyac yoxdur. Xalq prezident seçmişdirsə, o, dövlətin idarə olunması üçün lazımi tədbirlər görəcəkdir. Bizdən ötrü əsas məsələ Qarabağ problemidir. Şübhəsiz ki, Azərbaycanı müharibədən çıxarmaq problemi ilə yanaşı, başqa problemlər də var və onlar da diqqətdən kənarda qalmayacaq.
Ancaq Məsləhət Şurası məhz Qarabağ probleminin həlli üçündür. Əgər bu problem həll edilə bilərsə, Məsləhət Şurası doğrudan da fəaliyyət göstərəcəksə, bu, böyük bir hadisə olacaqdır. çünki altı ildir ki, biz bunu həll edə bilmirik. Bu, çox böyük problem olduğuna görə, müharibə vəziyyətindən çıxmaq üçün konkret danışıqlar aparmaq indiki görüşdə, ola bilsin, bəzi şəxslərdən ötrü münasib olmadığına görə, burada iştirak edən və iştirak etməyən bütün partiyalardan xahiş edirəm ki, Qarabağ məsələsi, müharibədən çıxmaq barədə beş gün ərzində yazılı surətdə konkret təkliflərini versinlər. Bunlara Məsləhət Şurasında baxacağıq, mən prezident kimi də baxacağam.
“Burada mafioz qruplar, rüşv
ətxorluq haqqında danışdılar – bunlar hamısı düzdür”
Bilməlisiniz ki, mən Ali Sovetin sədri vəzifəsində çalışdığım gündən indiyə qədər bütün iş günümün – yəqin xəbəriniz var ki, iş günüm çox uzundur – səksən faizini ancaq bu məsələyə sərf edirəm. Başqa əlac yoxdur. Şəxsən mən çox yollar axtarmışam və indi də axtarıram. Bəzi məsələlər haqqında ətrafımda olan şəxslərlə, o cümlədən Müdafiə Şurasının üzvləri ilə məsləhətləşmişəm. Qarabağ probleminin həllində Rusiyanın vasitəçilik missiyası ilə əlaqədar xüsusi tapşırıqlar üzrə səfir Vladimir Kazimirovla görüşlərimiz, danışıqlarımız olmuşdur. Bilirsiniz ki, mən bir sıra addımlar atmışam. Ola bilər, kimsə bunları bəyənsin, kimsə bəyənməsin. Ancaq bunlar – Ermənistan rəhbərliyi ilə danışıqlar aparmaq, Dağlıq Qarabağın rəhbərləri ilə bizim bəzi vəzifəli şəxslərimizin danışıqlar aparması zərurətdən doğan addımlar idi. Mən Rusiyanın, Türkiyənin, İranın rəhbərliyi ilə, Amerikanın, başqa ölkələrin nümayəndələri ilə danışıqlar aparmışam. Mənə belə gəlir ki, bunları sizə deməyə ehtiyac da yoxdur. Ancaq bütün imkanlardan istifadə etməyə çalışıram və bundan sonra da çalışacağam. Bəlkə də sizin bu sahədə imkanlarınız daha çoxdur. Buyurun, təkliflərinizi yazıb verin. Sözlə, ittihamlarla, dava və qalmaqalla yox, konkret təkliflə çıxış edin.
Burada bəzi natiqlər atəşin kəsilməsinə nail olmağımızı bəyəndilər. Mən bundan sonra da çalışacağam ki, indiki mövqelərdə belə, yenidən atəş başlanmasın. Mənim şəxsi mövqeyim belədir və bu istiqamətdə yenə fəaliyyət göstərəcəyəm. Nə dərəcədə müvəffəq olub-olmayacağımı bilmirəm. Atəşkəsin pozulmasının nə kimi bəlalara gətirib çıxardığını gördünüz. Bu sahədə də müəyyən tədbirlər görürəm. Noyabrın 2-dəki çıxışımda da demişəm, indi də deyirəm ki, mən Azərbaycanın müharibədən çıxması və torpaqların geriyə qaytarılması imkanını sülh yolunda görürəm. Bu istiqamətdə kimin köməyi varsa, təkliflərini versin. Əks istiqamətdə təklifləri olanlar da versinlər. Eyni zamanda, şübhəsiz, biz müdafiə qüvvələrimizi möhkəmləndirməliyik. Burada qeyd olundu, – məğlubiyyətlərimizin səbəbləri çoxdur. Ancaq bunlardan biri də daxili sabitliyin olmaması, hakimiyyət dairələrinin zəifliyi, müstəqillik qazandığımız vaxtdan ötən dövrdən səmərəli istifadə edilməməsi ilə yanaşı, Azərbaycanın özünü müdafiə edəcək ordu yarada bilməməsidir. Burada mafioz qruplar, rüşvətxorluq haqqında danışdılar – bunlar hamısı düzdür. Lakin mafioz qruplar ən çox bizim ordu sisteminə daxil olmuşdur. Cəbhədə qan töküldüyü halda, burada ayrı-ayrı adamlar pul-para mənimsəmişlər. Adamlar həlak olduğu, ev-eşiklərini itirdiyi, didərgin düşdüyü halda, bəziləri bu fürsətdən istifadə edərək qanunsuz yollarla özlərinə həddindən artıq var-dövlət yığmışlar. Bizim dərdimiz, bəlamız budur. Ona görə də ordumuz yaradılmamışdır.
“Batalyonlarda 400-500 adam əvəzinə, 15-18 nəfər var idi”
Belə söhbətlər gedir ki, – dünən Etibar Məmmədovla söhbətimizdə də bu mövzuya toxunuldu – guya, bəzi batalyonlar qanunsuz ləğv olundu və bəzi məğlubiyyətlərimizin səbəbi budur. Mən açıq danışmağı sevirəm. Bunlar həqiqətdən kənar söhbətlərdir. Gəlin, açıq danışaq, burada şərtləşək. Müharibə məsələsi təklikdə müzakirə olunmur. Hər bir partiyanın imkanı var ki, dövlət orqanına yazılı müraciət etsin və yazılı cavab alsın. Amma qəzetdə yazmasın ki, filan batalyon belə etdi, filan batalyon başqa cür etdi və s. Dünən mən Etibar Məmmədovun yanında baş qərargahın rəisinə zəng etdim ki, deyirlər 8 batalyon ləğv olunmuşdur və buna görə də biz məğlubiyyətə uğramışıq. öyrəndim ki, xeyr, arayışlar var, batalyonlarda 400-500 adam əvəzinə, 15-18 nəfər var idi. Adı batalyondur, 400 nəfər üçün pul, ərzaq və sairə alınır.
Hərbçilər mənə dəhşətli faktlar danışırlar. Bəzi hərbi hissələrdə keçmişdə də, indi də komandirlər məvacib veriləndən beş gün əvvəl əsgərlərin 70-80 faizini evlərinə buraxır, onların pullarını alıb ciblərinə qoyurlar. üstəlik, onları evlərinə buraxmaq üçün də rüşvət alırlar. Bu həqiqəti söyləyəndə və televiziya ilə camaata çatdıranda bəziləri deyirlər ki, ordu barədə belə danışmaq olmaz. Bəs nə edək? Bunlar həqiqətdir və bu həqiqəti açmadan bir nəticə çıxara bilməyəcəyik. Bütün bu səbəblərə görə ordunun indiyədək yaradılmaması, onun sıralarına çox mənfi ünsürlərin sirayət etməsi, ordu daxilində ayrı-ayrı mafioz qrupların fəaliyyət göstərməsi, ondan öz şəxsi məqsədləri üçün istifadə etməsi – bəli, həmin Əlikram Hümbətov kimi adamların, neçələri mənə deyirdi ki, o, belə qəhrəmandır, elə qəhrəmandır, halbuki o, böyük bir silahlı hissəni ələ keçirərək bütöv bir bölgənin başına nə işlər gətirdi – bütün bunlar məğlubiyyətlərimizin ən başlıca səbəbidir.
“Kimin konkret nə təklifi varsa, desin”
Bizim birinci yolumuz məsələni sülh yolu ilə həll etmək üçün müxtəlif istiqamətlərdə danışıqlar aparmaqdır. Eyni zamanda ordunu lazımi səviyyədə təşkil etmək, möhkəmləndirmək, hissələri yüksək peşəkar səviyyədə qurmaq lazımdır ki, Azərbaycan bu gün də, sabah da, bundan beş il də, on il də sonra müdafiə oluna bilsin. Azərbaycan müstəqil dövlətdirsə, deməli o, daim müdafiə oluna bilməlidir. Ona görə də həm bu barədə, həm bizim sülh danışıqlarımız, həm digər dövlətlərin imkanlarından istifadə olunması barədə kimin konkret nə təklifi varsa, qoy desin. Hansı yolu nəzərdə tuturlar, bəlkə bundan kənarda da kim isə hansısa bir iş görə bilər, – gəlsin desin, mən yalnız minnətdar olaram.
Ordunun yaradılmasına gəldikdə isə, gəlin belə danışaq. Burada bəzi təkliflər oldu ki, orduda siyasi rəhbərlər lazımdır. Düz deyirlər, qırx partiya var, hərəsindən bir nümayəndə göndərilsə, bunun nə faydası olar? Keçmişdə bir partiya – Kommunist Partiyası var idi və orduda vzvoddan başlamış hər bölmədə partiya təşkilatı və komandirin siyasi işlər üzrə müavini var idi. Deyirlər ki, bəzi yerlərdə başqa amillərdən istifadə olunur. Ancaq mənə belə gəlir ki, əgər biz bütün qüvvələrimizi toplasaq, ziyalılardan, din xadimlərindən, alimlərdən, hörmətli adamlardan istifadə etsək, onlar bu işi mütəşəkkil apara bilsələr, hərbi hissələrdə lazımi iş görərək tərbiyə, əxlaq, mənəviyyat məsələlərini döyüşçülərə aşılaya bilsələr, onların mənəviyyatını, iradəsini möhkəmləndirə bilsələr, bu bizim həm
siyasi, həm də ideoloji işimiz olacaqdır. Lakin bu iş pərakəndə şəkildə deyil, mütəşəkkil aparılmalıdır.
“İstehsal olunan məhsul isə istifadə edilmək əvəzinə dağıdılır”
Burada başqa məsələlərə də toxunuldu. Mən bu barədə danışmaq istəmirəm. Biz iqtisadiyyat sahəsində və başqa sahələrdə işlər görəcəyik. İndi iqtisadiyyatla əlaqədar böyük müşavirə hazırlayırıq, yəqin ki, onu cümə günü keçirəcəyik. Bəzi məlumatlar toplamışıq. Burada doğru deyildi ki, son ildə istehsal ardıcıl olaraq aşağı düşür, həm sənayedə, həm də kənd təsərrüfatı da çox aşağı səviyyədədir.
İstehsal olunan məhsul isə istifadə edilmək əvəzinə, dağıdılır. Məsələn, bizə məlumdur ki, ixracla idxal arasında böyük fərq var. Bir çox sahələrdə ixrac olunmuş malların dəyərinin heç 10 faizi də Respublikaya qayıtmamış, haradasa qalmışdır, ayrı-ayrı adamların əlinə keçmişdir. Bir tərəfdən Respublikanın torpaqları əldən gedir, digər tərəfdən isə onsuz da məhdud iqtisadi imkanlarımız ayrı-ayrı adamlar tərəfindən dağılıdır. Biz bu məsələlərlə məşğul oluruq. Burada iqtisadiyyat sahəsi ilə bağlı bəzi adamlar çıxış etdilər. Xahiş edirəm partiyalar bu barədə də təkliflərini təqdim etsinlər. Bu, bizə kömək olacaq, biz onlara baxacaq və istifadə edəcəyik. Bu barədə mən geniş müzakirə açmaq istəmirəm.
“Ona görə də qəzetlərə xəbərdarlıq edirəm…”
Bayaq dediyim kimi, əsas məsələ müharibə məsələsidir. Bu məsələni yekunlaşdıraraq bir şeyi də qeyd etmək istəyirəm. Gəlin, belə danışaq: Qəzetlər müharibə mövzusunu artıq mübarizə tribunasına çevirməsinlər. Əgər bu, davam edərsə, mən səlahiyyətimdən istifadə edərək lazımi tədbirlər görəcəyəm. Burada respublikanı müharibə şəraitinə, yaxud fövqəladə vəziyyətə keçirmək, partiyaların, qəzetlərin fəaliyyətini dayandırmaq barədə təkliflər oldu. Bu təkliflərin əsası var. Mən sizə açıq demək istəyirəm ki, prezident kimi bu təklifləri dəyərləndirirəm, bu barədə düşünürəm. Ancaq mən istəmirdim ki, belə ciddi tədbirlər görək. Lakin həyatımız tələb edirsə, yəqin ki, xalqı, respublikanı, Azərbaycanı xilas etmək naminə bu ciddi addımları atmağa məcbur olacağıq. Burada doğru dedilər, Azərbaycanı bu vəziyyətdən qurtarmaq naminə hər bir addım gələcəkdə bağışlana bilər. Ancaq mən istəyirəm ki, bu məsələlər qarşılıqlı anlaşma, milli həmrəylik, vətəndaş birliyi yolu ilə həll edilsin. Bu, bizim yüksək mədəniyyətimizi göstərərdi, doğrudan da demokratik prinsiplərə sadiq olduğumuzu göstərərdi. Amma eyni zamanda görsək ki, hər şey dağılır, onda hər bir vasitə yararlı olacaq, ondan istifadə zəruri olacaqdır. Ona görə də qəzetlərə xəbərdarlıq edirəm: Prezidentə, Prezident Aparatına, dövlət katibinə və başqa vəzifəli şəxslərə qarşı böhtan kampaniyasına son qoysun! Tənqidlə təhqir arasında fərq var, bu birincisi. İkincisi, tənqidin özü də ədalətli olmalıdır.
“Nə yatdıq ki, nə də yuxu görək”
Burada kadr siyasəti ilə bağlı bəzi çıxışlar oldu. Biz hələ yatmamışıq ki, yuxu görək. Hansı kadr siyasətindən danışmaq olar ki, hələ elə bir böyük kadr təyinatları aparılmamışdır. Belə söhbətlər uzun müddətdir ki, davam edir. Eyni zamanda bilin, kadr siyasəti ən çətin sahədir. Təəssüf ki, bu keçid dövründə, bu dağınıqlıq dövründə adamların bir çoxunun mənəviyyatı pozulub. Bəli, biri deyir ki, məni işdən çıxardarsan, gedib kommersiya strukturu yaradıb bundan da yaxşı yaşayaram. Bu da həqiqətdir.
Burada deyirlər ki, rüşvətxorluq indi ən yüksək zirvəsinə çatıb. Mən buna razı deyiləm. Mən bu respublikaya 14 il rəhbərlik etmişəm və fəaliyyətə başladığım vaxtdan son günədək, hətta 1982-ci ildə buradan gedib Moskvada işlədikdən 1987-ci ilin sonunda istefaya çıxana qədər, rüşvətxorluqla mübarizə aparmışam. O dövrdə də rüşvətxorluq var idi və ona qarşı ən ciddi mübarizəni mən aparmışam. O vaxt cəza nə idi? İşdən çıxarırdıq, partiyadan kənar edirdik (o vaxt bu, çox böyük cəza idi. İndi partiya yoxdur və partiyadan çıxıb getmək elə bir şey deyil). Bəli, bu tədbirləri mən görmüşəm. Həbs cəzasına məhkum edilənlər də oldu. Amma o vaxt rüşvətxorluq üstündə tutulan adamların hamısı sonralar durğunluq dövrünün qurbanları adı ilə ən yüksək vəzifələrə qaldırıldı. Bizim həyatımızın gercəkliyi budurmu? Budurmu ötən iyirmi illik tariximiz? Mən bu tarixin iştirakçısıyam. Mən rüşvətxorluğa qarşı amansız olmuşam. Rüşvət alan adam da, verən adam da cinayət məsuliyyəti daşıyır. O, rüşvəti nə üçün verir? çünki rüşvət verməyə öyrənib. Mən o vaxt işləyəndə deyirdilər ki, bəzi adamlar rüşvət verməsə, özünü rüşvət alana yaxın hesab etmir. Əgər rüşvət verirsə, demək, o adamla bağlı olur. İstefaya gedəndən sonra mənim ətrafımda bir adam da qalmadı. Bəziləri deyirdilər ki, bu, onunla əlaqədardır ki, Siz heç kəslə bağlı olmamısınız, təkcə ideologiyaya bağlı olmusunuz və bu ideologiya da dağılıb getdi. Amma Sizdən sonra gələnlərin ətrafında adamlar var. Bəziləri Moskvada və ya başqa yerdə yaşayır və onların ətrafında bağlı olduqları adamlar var. Amma mən bağlı olmayacağam. Mən bu gün də adamlara mənəviyyatla bağlıyam və mənəviyyatla da yaşayacağam.
“Siyasi partiyaların hansı biri rüşvətxorluğa qarşı mübarizə aparır?”
Siz elə düşünməyin ki, rüşvətxorluqla bir tək mən mübarizə aparmalıyam.Hamınız mübarizə aparmalısınız. Amma gəlin görək, bu siyasi partiyaların hansı biri rüşvətxorluğa qarşı mübarizə aparır? Hansı biri mafioz qruplarla mübarizə aparır? İndi sponsorluq dəb düşüb, hərənin bir sponsoru var. Qəzetlər nə ilə çıxır? Bu yaxınlarda mən Ali Sovetdə işləyəndə “Azərbaycan” qəzetini çıxarmaq mümkün olmurdu, dayanmışdı, dövlətin pulu yox idi. Amma “Cümhuriyyət” qəzeti həftədə üç dəfə çıxır. “Azadlıq” qəzeti ondan da yaxşı çıxır. “Müsavat” qəzeti “Azərbaycan”dan da böyük çıxır. Onlar bu pulları hardan alırlar? Bunlar qan-tərlə qazanılmış pullardırmı? Bu pullar haradan gəlir? Bu qəzetlər hansı vəsaitlə çıxır? Bu, mafioz qrupların vəsaiti deyil
mi? Bəlkə, bu qəzetləri babalarından qalmış pullarla çıxarırlar? Gəlin, açıq danışaq. Mən bütün həyatım boyu rüşvətxorluğa qarşı mübarizə aparmışam və bundan sonra da aparacağam. O vaxt o sistemdə, ətrafımdakı adamlar mane olsalar da, mən tək mübarizə aparırdım. Elə vaxt olurdu ki, rayonun birinci katibinin işini yoxlamaq üçün beş dəfə komissiya göndərmişdim, üstünü ört-basdır etmişdilər. Altıncı dəfə elə bir komissiya düzəltdim ki, gedib hər şeyi üzə çıxartdı. Həmin adam həm partiyadan çıxarıldı, həm də həbs olundu. Sonra Vəzirov gəldi və bunların hamısını qaldırdı, qəzetlər də yazdılar ki, əgər 1937-1938-ci illərdə Stalində Bağırov repressiyalar edibsə, 1970-ci illərdə də bu repressiyanı Heydər Əliyev etmişdir. Mən hansı repressiyanı etmişəm? Mən rüşvətxora qarşı amansız olmuşam və yenə də olacağam. Oğruya-əyriyə qarşı amansız olmuşam və yenə də olacağam. Mən heç vaxt şəxsi mənafe dalınca getməmişəm, bundan sonra da getməyəcəyəm. Ancaq siz də belə olmalısınız, bütün xalq da belə olmalıdır. İndi hərə bir söz danışır – “rüşvətxorluq dünyanı götürüb”. Yaxşı, bu rüşvətxoru niyə tutub gətirmirsən? Sən onu tut gətir, mənə ver. Əgər cəzasını verməsəm, onda deyərsən ki, cəzasız qaldı.
Mən tamamilə razıyam ki, indi yox, dünən də, on il, iyirmi il bundan qabaq da bizim mənəviyyatımızı pozan rüşvətxorluq olub və ilbəil inkişaf edibdir. Nizam- intizam pozulduğuna görə, hüquq-mühafizə orqanlarının özündə rüşvətxorluq geniş yayıldığına görə bu, get-gedə artıb və ona qarşı mübarizə aparmaq bizim borcumuzdur. Bununla hamı, həm də hərə öz sahəsində mübarizə aparmalıdır. Əgər siyasi partiyaların bu barədə konsepsiyalar varsa, konkret fikri varsa, yaxud konkret bir yerdə rüşvətxorluq haqqında məlumatı varsa, biz onlardan istifadə etməyə hazırıq.
“Xahiş edirəm ki, siyasi partiyalar beş gün ərzində öz təkliflərini versinlər”
Kadr siyasətini də kənara qoyun. Kadr siyasətində səhv ola bilər. Hələ bizim tərəfimizdən kadr siyasətinə başlanılmayıb. Deyirlər ki, Heydər Əliyevin ətrafında adamlar var. Mənim ətrafımda kim var? Onlar üç-dörd nəfərdir. Mən hesab edirəm ki, onlar da xalqa sədaqətlə xidmət edirlər. Şayiə yaymaqla ictimai fikir formalaşdırmaq lazım deyil. Burada ali hərbi inspeksiya yaratmaq təklifi də irəli sürüldü, hesab edirəm ki, dəyərli təklifdir, bundan da istifadə edə bilərik. Güman edirəm ki, bu görüşümüz bütün işlərin başlanğıcı olacaqdır. Biz burada deyilən Məsləhət Şurası və digər təkliflər barədə yaxın vaxtlarda qərar qəbul edərik. Bir daha xahiş edirəm ki, siyasi partiyalar beş gün ərzində öz təkliflərini versinlər: həm danışıqlar aparmaq, həm hərbi yoldan istifadə etmək üçün nə etmək olar. Bu təklifləri verənlərin hamısına əvvəlcədən minnətdarlığımı bildirirəm. Belə hesab edirəm ki, vaxt çox getsə də, səmərəli söhbət apardıq. Əgər sizin etirazınız olmasa, siz də maraq göstərsəniz, mən çalışacağam ki, görüşlərimiz davam etsin. Güman edirəm ki, bu görüşlərin də faydası olacaq. Verdiyiniz təkliflərə, məsləhətlərə görə bir daha hamınıza təşəkkür edirəm və arzu edirəm ki, bügünkü görüşümüz Azərbaycanda vətəndaş birliyinin, vətəndaş həmrəyliyinin əsasını qoyan amillərdən biri olsun. Sağ olun“
Hazırladı: Xaqani SƏFƏROĞLU
Strateq.az