XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 11:16

Qorxulan başa gəlir:[color=red] Türkiyə Suriya imtahanı ilə qarşı-qarşıya

ABŞ prezidenti Barak Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Mak Gurk Türkiyəni PKK-da qorumaq istədiklərini (?!), lakin Şimali Suriyadakı IŞİD-ə qarşı kürd qruplarını da dəstəkləyəcəklərini açıqlayıb.

Strateq.az xəbər verir ki, ABŞ rəsmisi Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin keçirdiyi "İraq və Suriyadan Liviya ətrafına uzanan İŞİD təhlükəsi" adlı toplantıda çıxış edərkən bunu bildirib.

Mak Gurk həmçinin Rusiyanın Hələb hücumlarına toxunaraq, müxalifləri həfəf alan bu hücumların birbaşa İŞİD-in işinə yaradığını deyib.

Daha sonra jurnalistlərin sualını cavablandıran ABŞ diplomatı kürd separatçıları məsələsinə də aydınlıq gətirib. O, "Türkiyə İŞİD-ə qarşı döyüşən bəzi kürd qrupları qəbul etmir, bu mövzuda fikriniz nədir" sualına cavab verərkən, PKK-ya qarşı aparılan mübarizədə rəsmi Ankaranın yanında olduqlarını, lakin Suriyanın şimalındakı kürd qrupları da dəstəkləməyə davam edəcəklərini söyləyib və “Biz, kürdləri İŞİD-ə qarşı gücləndirmək istəyirik. Kürdlər Suriyanın bir hissəsi olmaq niyyətindədirlər”, – deyə fikrini tamamlayıb.

Qeyd edək ki, ABŞ-ın PKK ilə onun Suriya qanadı sayılan PYD-ni bir-birindən ayırma mövqeyi ilk dəfə cənab Mak Gurk tərəfindən də dilə gətirilməyib. Zaman-zaman bir çox ABŞ rəsmiləri eyni sözləri təkrarlayıb və hətta Pentaqon Şimali Suriyadakı kürd silahlılarını təşkilatlandırmaq üçün nümayəndəsini bölgəyə göndərib. Müttəfiqinin kürd separatizminə bu sistemli yardımlarından zinhara gələn rəsmi Ankara ən yüksək səviyyələrdə onu dəfələrlə qınayıb.

Dünən ölkə başçısı Ərdoğanın okeanın o tayına üz tutaraq, səsləndirdiyi aşağıdakı cümlələr Türkiyənin mövqeyinin ritorik şəkildə icmalı idi:

"Ey, Amerika! Bizimlə birlikdəsən, yoxsa terror təşkilatı PYD ilə, YPG ilə mi?!"

Ərdoğanın bu sualının cavabı özünü çox gözlətmədi. Mak Gurkun dünənki mətbuat konfransında dilə gətirdikləri də əslində Türkiyə prezidentinə cavab xarakteri daşıyırdı. Bu gün isə yenə Obama administrasiyasının bir başqa sözçüsü Mark Toner Türkiyə prezidentinin sualına daha konkret və ünvanlı şəkildə cavab verməli olub.

Gündəlik mətbuat konfransında sözçü Türkiyənin mövqeyinə münasibət bildirərkən deyib:

“PKK, bizə görə, bir terror təşkilatıdır. Ancaq PKK ilə YPG arasında açıq fərq var. YPG-ya münasibətdə Türkiyə ilə eyni mövqedə deyilik. Suriyanın qan gölünə dönməsinin səbəbkarı Əsəd rejimi və İŞİD-dir”.

Nə qədər ABŞ özünü Türkiyənin müttəfiqi kimi təqdim edirsə etsin, Ərdoğanın əndişələri əsassız deyil. Kürd separatçılarına münasibətdə Ağ evin mövqeyi, həqiqətən də, Türkiyədən daha çox, hər ikisinin ən böyük ortaq düşmən olaraq gördüyü Rusiyaya yaxindir. Təsadüfi deyil ki, rəsmi Moskva da, eynilə ABŞ kimi kürd separatçılarını dəstəkləyir onları Rusiyada danışıqlara çağırır, kürd probleminə həsr olunmuş konfranslar təşkil edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Moskovskiy Komsomolets” qəzetinə verdiyi bir müsahibəsində Türkiyənin mövqeyiylə bağlı dedikləri də məsələyə rus baxışının ən səlis ifadələrindəndir.

Müsahibədə Ankaranın Suriyada "güvənli bölgə" yaratmaq istədiyini deyən rusiyalı nazir daha sonra bildirir:

"Hər kəs bilir ki, bu yer – türklərin qəbuledilməz olaraq gördüyü Şimali Suriyada kimə aiddir. Kürdlərin birləşməsini qarşısını almaq üçün Türkiyə həmin ərazidə “toxunulmaz zona” yaratmaq istəyir. Çünki kürd ərazilərinin birləşməsi təmin olunsa, onun Suriyaya döyüşçü göndərmə və onlardan qaçaq məhsullar alma ehtimalı ortadan qalxmış olacaq."

İstər ABŞ, istərsə də Rusiya tərəfindən Şimali Suriyada küncə sıxışdırılmış Türkiyə bölgədəki mövcudiyyətini və aktivliyini itirməkdə və bunu sadəcə seyr etmək çarəsizliyi içindədir. Rusiya təyyarəsinin vurulmasından sonra bölgəyə göndərilmiş S-400 raketləri onun hava qüvvələrinin Şimali İraqa uçuşlarını tamamilə məhdudlaşdırıb. İndiyədək təyyarə silləsinin acığını çıxa bilməyən Rusiyanın bu raketlərlə təchiz edilmiş hərbi gəmiləri marığa yatmış qurd kimi Suriya sərhədlərini pozacaq türk təyyarələrini gözləyir. Bir tərəfdən isə Rusiyanın öz  təyyarələri qardaş ölkənin tam sərhədlərində ona bağlı qüvvələrə qarşı ağır bombardımanlarını davam etdirirlər. Sanki hər şey Ankaranın əsəb sistemləriylə oynayıb Türk ordusunu bölgəyə-döyüş meydanına çəkməyə hesablanıb.

Bu qədər çətin vəziyyətdən Ankara ikixətli siyasətlə çıxmağa səy göstərir. O, bir tərəfdən NATO-nun yadına müttəfiqlik vəzifələrini salır, digət tərəfdən isə bölgənin ayrı aktyorlarıyla birgə hərbi manevrlər etməyə çalışır.

NATO-nun beyin mərkəzi və əsas vurucu qolu ABŞ olduğundan, onun kürd separatçılarına münasibəti Türkiyənin Qərb müttəfiqlərinə çox da bel bağlamamasını şərtləndirir. Dünyanın düz vaxtında belə, qardaş ölkəyə bir neçə “Patriot”unu göndərən NATO üzvlərinin ən çətin məqamda şələ-şülələrini çiyinlərinə atıb məmləkətlərinə qaçması “dar günün” dostu olmayacaqlarına işarə idi və “köhnə dostlar” “etibarsızlıqlarını” hələ ilk gündən ortaya qoymuşdular.

Düzdür,  NATO-nun son toplantısında ittifaqın sədri Jens Stoltenberg Türkiyəni qorumaq üçün Aralıq və Qara dənizə göndəriləcək hərbi gəmilərinin artıq hazır vəziyyətə gətirildiyini bildirmişdi. Fəqət ABŞ-ın kürd separatizminə qarşı mövqeyi bu açıqlama adına “dost” deyib kürəyinə əllə vuraraq bir fədaini od içinə atılmağa həvəsləndirməkdən başqa bir şey deyil.

Türkiyənin regional güc olaraq üz tutduğu digər dövlət isə Səudiyyə Ərəbistanıdır. Bir müddət əvvəl iki ölkənin bütün sünnü dövlətlərini toplayaraq, 150 minlik ordu birləşməsilə Suriyaya müdaxilə edəcəyi xəbərləri yayıldı. Xəbərə görə, İŞİD-ə qarşı həyata keçiriləcək müdaxilənin “giriş qapısı” Türkiyə sərhədləri olacaqdı.

Maraqlıdır ki, Pentaqonun ən yüksək rütbəli nümayəndələri tərəfindən məmnuniyyətlə qarşılanan bu xəbər daha sonra Türkiyə rəsmiləri tərəfindən təkzib edildi. Buna baxmayaraq, cənub sərhədlərini minalardan təmizləməsi Ankaranın, doğrudan da, belə bir niyyətinin olduğu ehtimalını ağıla gətirir.

Amma bütün göstərişlər göz boyamadan başqa bir şey olmaya da bilər. Həm Tehrandan, həm də Moskvadan gələn xəbərlər Türkiyənin və digər regional müttəfiqlərin hərəkətliliyinin nəticə verəcəyinə qarşı tərəfin də inanmadığını göstərir. İran ordusunun Baş Qərargah rəisi 150 minlik ordu xəbərini şərh edərkən, Riyadın belə bir cəsarətinə inanmadığını, əks halda bu addımın Səudiyyə krallığının tabutuna vurulmuş son mismar olacağını bildirmişdi.

“Moskovskiy Komsomolets” qəzetindəki məlum müsahibəsində Rusiyanın xarici işlər naziri də Türkiyənin daxil olduğu ABŞ öncüllüyündəki koalisiyanın “bu cür düşünülməmiş” plana izn verəcəyinə inanmadığını demişdi.

Qısacası, qardaş ölkə I Dünya müharibəsindən sonra öz tarixinin ən həssas dövrünü yaşayır. Kiçicik bir səhv ölkəyə böyük və ağır bədəllər ödətdirə bilər. Ümidvarıq ki, Türk siyasi iradəsi də bu çətinliyin fərqindədir və bütün riskləri və dividentləri nəzərə alaraq, addım atacaq.

Heydər Oğuz

Strateq.az