Şərqi Avropanın daha bir ölkəsində siyasi proseslər təhlükəli istiqamət almaqdadır. Moldovada bir neçə gündür ki, müxalifət etiraz aksiyaları keçirir. Onlar mövcud hökumətin istefasını tələb edirlər.
Parlamentin yeni baş naziri seçməsi də ehtirasları səngitməyib. Demokratların təmsilçisi olan yeni hökumət rəhbəri Pavel Filipə hətta öz partiyası daxilində müxalif olanların mövcudluğundan danışılır. Bundan başqa, müxalif liderlərin geri çəkilməyəcəyi barədə də proqnozlar verilir. Həmin səbəbdən proseslərin hansı ssenari üzrə inkişaf edəcəyi haqqında fərqli fikirlər vardır. Bir sıra ekspertlər mümkün 5 variantdan bəhs edirlər. Onların təhlili göstərir ki, hadisələr radikal xarakter daşımağa başlayır. Proseslər isə kənardan idarə edilir. Bu da ölkədə yaxın gələcəkdə siyasi vəziyyətin gərginləşməsi ehtimalının az olmadığını göstərir. Sadə insanlar əziyyət çəkəcək.
Etiraz dalğası: sifarişçi kimdir?
Moldovanın siyasi mühiti təlatümdədir. Bir neçə gündür ki, Kişinyovda etiraz aksiyaları keçirilir. Yanvarın 21-də isə mitinqçilər parlament binasına daxil olublar. Onlar polis kardonunu yararaq içəri keçiblər. Etiraz hərəkatı səngimək bilmir. İndi ekspertlər hadisələrin bir neçə ssenari üzrə inkişaf edə biləcəyi haqqında proqnozlar verirlər (bax: məs., Дарья Зимбельская. Пять сценариев: К чему приведут уличные протесты в Кишиневе? / "Комсомольская правда", 22 yanvar 2016).
Proseslərin arxasında duran faktorları aydınlaşdırmadan hansı ssenarinin reallaşa biləcəyini də təxmin etmək mümkün deyil. Moldovada siyasi qüvvələr kifayət qədər rəngarəngdir. Bir neçə ildir ki, ölkədə Dnestryanı münaqişəsinin həllinə cəhdlər göstərilir. Lakin hələlik bütün tərəfləri qane edən nəticə yoxdur. Qaqauzlarla bağlı da müəyyən problemlər qalmaqdadır. Ümumi siyasi səviyyədə Moldovada iki geosiyasi istiqamət yer alıb. Bir qrup siyasətçi Avropa-Rumıniya meyllidir, digərləri isə Avrasiya inteqrasiyası tərəfdarıdır.
Hər iki qanadı təmsil edən siyasi partiyalar mövcuddur. Onların sırasında son zamanlar sağ mərkəzçi avropameylli "Ləyaqət və həqiqət" (Moldovan dilində, qısaca – DA) platforması (lideri – Andrei Nastase), Sosialistlər Partiyası (rəhbəri – İqor Dodon) və solçu "Bizim partiya" (sədri – Renato Usatı) daha çox fəallıq göstərirlər.
Etiraz aksiyalarını da məhz həmin partiyaların fəalları təşkil edirlər. Onlar hökumətin istefasını tələb edir, yenidən parlament seçkisinin keçirilməsi şərtini qoyurlar. Ekspertlər hazırda meydanda aktiv olan siyasi qruplaşmaları ölkənin yeni siyasi qüvvələri hesab edirlər və onların hökumətdə əsas yer tutan Moldova Demokratik Partiyasını (MDP) əvəz edə biləcəyini deyirlər. Hadisələrin bu səviyyəyə gəlib çatmasının isə tarixçəsi vardır.
MDP Avropa tipli sosial-demokrat partiyadır və 2010-cu ildən Sosialist İnternasionalının üzvüdür. İndiyə qədər parlament seçkilərində bu partiya iştirak edib və müxtəlif sayda deputat yeri ala bilib. Son 2014-cü il parlament seçkisində MDP 19 mandat əldə edə bilib. Hazırda partiya hakim koalisiyada təmsil olunur. Hökumətin 18 üzvündən 6-sı həmin partiyadandır, parlamentin sədri və onun birinci müavini də MDP üzvüdür.
Onu vurğulayaq ki, MDP "Avropa inteqrasiyası uğrunda Alyans"a daxildir. Ölkə isə Avropa İttifaqına assosiativ üzvlük haqqında sənədi imzalayıb. Bu gün Moldovada baş verən siyasi proseslərə yuxarıda qeyd etdiyimiz məqamların ciddi təsiri olub. Lakin burada iki aspekti mütləq qeyd etmək gərəkdir. Birincisi, MDP-nin daxil olduğu hakim koalisiyaya qarşı rusiyayönlü qüvvələrlə yanaşı, Avropa meylli siyasi qruplar da çıxış edirlər.
Solçular, ümumiyyətlə, Moldovanın geosiyasi kursunu qəbul etmirlərsə və bu əsasda hökumətlə parlamentin istefasını tələb edirlərsə, sağçılar sosial-iqtisadi vəziyyətin ağırlığını, korrupsiyanın baş alıb getməsini və Aİ-yə inteqrasiyanın yetərli olmamasını əsas götürürlər. Hər iki cəbhə mövcud hakimiyyətə qarşı birgə çıxış edir. Ümumi qələbə qazandıqları təqdirdə, hakimiyyəti necə böləcəklərini dəqiqləşdirməyiblər. Ekspertlər bunu təhlükəli hal hesab edir. Siyasi liderlərə bu barədə verilən suallar faktiki olaraq cavabsız qalır.
Bunlardan belə nəticə çıxarılır ki, Moldovada etiraz aksiyalarının təşkilatçıları xaricdədir. KİV-də məlumat yayılmışdı ki, onların əsas qüvvəsini Qərb maliyyələşdirir. Avropameylli partiyalar proseslərdə həqiqətən daha aktiv və aqressiv iştirak edir. Parlament binasına zorla daxil olanlar da məhz həmin qruplardır.
Seçim qarşısında: radikalizm, yoxsa demokratiya?
Bütün bunları nəzərə alaraq, bir sıra ekspertlər "Moldovada Ukrayna hadisələrinin analoqu kimi ikinci "Maydan hərəkatı" yarana bilərmi?" sualını verirlər. Rusiyanın Tətbiqi Siyasi Tədqiqatlar İnstitutunun direktoru Qriqori Dobromelov bununla bağlı deyib: "Elə təsəvvür edirəm ki, Moldovada "Maydan" ssenarisi indi mümkün deyil. Prinsipcə Moldovanın siyasi mədəniyyətində bu cür inqilabi əhval-ruhiyyə və səbəblər yoxdur" (bax: Молдавская оппозиция дошла до Конституционного суда / "РИА Новости", 21 yanvar 2016).
Bunlara baxmayaraq, vəziyyət getdikcə daha da gərginləşir. Müxalifət nümayəndələri istədiklərinə nail olana qədər meydanda olacaqlarını bəyan edirlər. Onlar yanvarın 20-də hökumətin yeni başçısı seçilmiş demokrat P.Filipin istefasını tələb edirlər. Hökumət isə qanunu pozanlara qarşı tədbirlər görəcəyini bildirib. Etirazçılar parlamentin sədri Andrian Kandu ilə danışıqlar aparıb, ancaq yekun razılıq əldə edilməyib. Solçu partiyaların liderləri İ.Dodon və R.Usatı isə sona qədər mübarizə aparacaqlarını bəyan ediblər.
Mitinqçilər parlament binasının önündən Konstitusiya Məhkəməsi qarşısına toplaşaraq hökumətin yeni tərkibinin təsdiqinin ləğv olunmasını tələb edirlər. Polislə toqquşmalar qeydə alınıb. Xarici ölkələrin hadisələrə marağı isə böyükdür. Rusiyadan Moldovaya keçmək istəyən 3 jurnalisti ölkəyə buraxmayıblar. Kreml baş verənləri ciddi izlədiyini ifadə edib, eyni zamanda, Qərbi təmkinli olmağa çağırıb (bax: əvvəlki mənbəyə).
Belə çıxır ki, Kremldə Moldovada hadisələrin Qərbdən idarə edildiyinə əmindirlər. Bu səbəbdən, ölkədəki siyasi mübarizənin daha kəskin forma alacağını gözləmək olar. Burada kimin qalib gəlməsindən, ümumən, Şərqi Avropanın taleyi asılı ola bilər. Həmin aspektdə hadisələrin hansı ssenari üzrə inkişaf edə biləcəyi ilə bağlı ekspert rəyləri maraq doğurur.
Əsasən 5 ssenari üzərində dayanırlar (bax: Дарья Зимбельская. Пять сценариев: К чему приведут уличные протесты в Кишиневе? / "Комсомольская правда", 22 yanvar 2016). Birincisi, etirazlar getdikcə azalır və yox olur. İkincisi, toqquşma baş verir və qan tökülür. Üçüncüsü, hakimiyyət müxalifətlə danışıqlar aparır. Dördüncüsü, hakimiyyət güzəştə gedir və müxalifət onu devirir. Beşincisi, parlament özünü buraxır (bax: əvvəlki mənbəyə).
Birinci ssenaridə ölkədə heç bir şey dəyişmir. Müxalifətin buna gedəcəyinə ekspertlər şübhə ilə yanaşırlar. İkinci ssenari üzrə hadisələr davam etsə, proseslər avtomatik olaraq dövlət çevrilişinə cəhd xarakteri ala bilər. Onda silahlı toqquşmaların ehtimalı artır. Artıq mitinqçilərin bir neçəsi həbs edilib və onları azadlıqdan məhrumetmə cəzası gözləyir.
Üçüncü ssenari daha sivil variantı ifadə edir. Bunun üçün hər iki tərəfin danışıqlarda ciddi iştirak etməsi şərtdir. Onlar razılığa gəlməyi bacarmalıdırlar. Ekspertlərə görə, baş nazir P.Filipin istefa verməsi az ehtimallıdır. Eyni zamanda, müxalifət də mövqeyindən dönməyəcək. Dördüncü variantda da risklər vardır. Əgər hakimiyyət güzəştə getsə, onda seçkilər keçirilməlidir. Bu halda sağlarla solların hakimiyyəti bölməsi məsələsi qarşıya çıxacaq. Eyni zamanda, ölkənin xarici siyasət kursunu dəyişməsi aktuallaşa bilər. Belə bir variantın reallaşması çox çətin olacaq. Çünki nə Avropa, nə də Rusiya güzəştə getmək istəmir. Deməli, Moldovada münaqişə yeni səviyyəyə qalxa və fərqli məzmun ala bilər.
Beşinci variantda parlament özünü buraxa bilər. Ekspertlərin rəyinə görə, artıq Makedoniya təcrübəsi var. Orada ABŞ-ın vasitəçiliyi ilə iqtidarla müxalifətin danışıqları baş tutub. Bəs Moldovada bu rolda hansı dövlət çıxış edə bilər? Məhz bu məsələdə vahid mövqe yoxdur. Ona görə də parlamentin özünü buraxmasından sonra ölkədə gərginliyin yüksəlməsi gözləniləndir.
Bütün bunlar onu təsdiq edir ki, postsovet məkanında daha bir münaqişə məkanı meydana gəlməkdədir. Böyük geosiyasi güclər Moldova uğrunda həlledici savaşa girişiblər. Burada kimin qalib gəlməsindən öncə, sadə insanların hansı faciələrə düçar olacağı üzərində düşünmək daha faydalı olardı. Ancaq, belə görünür ki, bu barədə kimsə fikirləşmir – tərəflər qazana biləcəkləri siyasi dividendləri hesablamaqla məşğuldurlar.
Newtimes.az