XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 May 2015 - 05:45

Ayaz Mütəllibovun 77 yaşı tamam olur: “Özümü əla hiss edirəm” – TƏQVİM

ayaz.jpg

Bu gün Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun doğum günüdür. Keçmiş dövlət başçısı Ayaz Mütəllibov ad günü ilə bağlı təəssüratlarını modern.az-la bölüşüb.

Sabiq prezident bildirib ki, 77 yaşını sadə şəkildə, öz evində ailəsi ilə birgə qeyd edəcək.

Eks-dövlət başçısı qeyd edib ki, hər yaş günündə olduğu kimi, bu dəfə də çoxlu təbrik zəngləri gözləyir.

Ayaz Mütəllibov onu da deyib ki, 77 yaşı olmasına baxmayaraq, özünü çox gümrah hiss edir: “Şükür Allaha ki, hər şey yaxşıdır. özümü də əla, gümrah hiss edirəm”.

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1962–ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
1959-cu ildə Bakı Soyuducular Zavoduna işə girib və 19 il burada çalışıb. Adi işçi kimi fəaliyyətə başlayan Mütəllibov 26 yaşında ikən bu iri müəssisənin müdiri vəzifəsinə təyin olunub.
1974-cü ildə isə “Bakelektromaş” istehsalat birliyinin müdiri təyin olunur. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilib. 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunub. 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri eyni zamanda Nazirlər Şurasının sədr müavini vəzifələrini tutub.

1988-ci ildən Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990–cı ilin may ayında Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan prezidenti seçilib.

1990–cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub.

1991–ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı qətliamından sonra Ali Sovetin növbədənkənar sessiyası Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edib. Nəticədə 1992-ci il martın 6-da o, istefa verib.

Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun təqsirini təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edib və onu mayın 14-də vəzifəsinə qaytarıb. Lakin müxalifdə olan Azərbaycan Xalq Cəbhəsinin təzyiqi altında Ayaz Mütəllibov yenidən istefası barədə sənədi imzalamalı olub və ölkəni tərk edib. O, 1992-ci ildən Moskvada yaşayıb.

Ardınca Azərbaycanda sabiq prezidentə cinayət işləri qaldırılıb. Baş Prokurorluq Ayaz Mütəllibovu Nazirlər Sovetinin sədri və prezident vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə ittiham edib.

Uzun müddətli mühacir həyatından sonra A.Mütəllibova 2011-ci il avqustun 8-də 49 yaşlı oğlu Azad Mütəllibovun vəfatı ilə əlaqədar Bakıya gəlməyəb icazə verilib. Oğlunun qırxı çıxandan sonra, sentyabrın 18-də o, Rusiyaya qayıdıb.

Moskvada 20 illik mühacirət həyatı yaşayan sabiq prezident Ayaz Mütəllibovun Azərbaycana həmişəlik qayıtması nəhayət eks-prezidentlər haqqında qanun qəbul olunandan sonra gerçəkləşib.
2012-ci il iyulun 7-də xanımıyla birgə Moskvadan həmişəlik Bakıya qayıdan keçmiş prezidenti Binə aeroportunda qardaşı Əşrəf Mütəllibov, oğlu Zaur Mütəllibov, gəlinləri, nəvələri, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Mütəllibovun hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində çalışmış bəzi şəxslər, bir sıra tərəfdarları qarşılayıblar.

Ayaz Mütəllibov əvvəlcə Bilgəhdəki bağ evində yaşayıb. Daha sonra ona şəhərin mərkəzində mənzil verilib və Mütəllibov ora köçüb. Ayaz Mütəllibov hazırda memuralarından ibarət kitab üzərində işləyir. Bu, onun ilk kitabı deyil. Azərbaycanın keçmiş prezidentinin bundan öncə də bir neçə kitabı işıq üzü görüb. A.Mütəllibov həmçinin 1992-ci ildə qələmə aldığı “İstefamın tarixi”, 1994-cü ilə nəşr olunan “Qarabağ – qara bağ” adlı kitabların müəllifidir.

A.Mütəllibov bir müddət Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri olub. 2012-ci il iyunun 30-da partiyanın Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov həmsədr vəzifəsindən və siyasətdən getdiyini bəyan edib.