XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 February 2016 - 19:07

Sülhəddin Əkbər yazır: [color=red]”Mövcud regional vəziyyət və onun inkişaf perspektivləri” – Təhlil

sulheddin-55.jpg

Sülhəddin ƏKBƏR

Azad Demokratlar Partiyasının sədri

Hər hansı bir məsələnin analizi, qiymətləndirilməsi və düzgün nəticələr çıxarılması həmin məsələyə geniş və dərin baxış tələb edir.

Sürətlə qloballaşmaqda davam edən müasir dünyamızda daha da aktuallaşan bu tələb gözardı edilə bilməz.

Ona görə də mövcud regional vəziyyət və onun inkişaf perspektivlərini müzakirəyə çıxararkən, məsələyə eyni zamanlı olmaqla qlobal, regional və lokal miqyasda, həmçinin iki – üst (geopolitik, geostrateji, geoekonomik və geokültürəl) və alt (siyasi, hərbi, iqtisadi, mədəni və s.) səviyyədə baxmaq zorundayıq.

Mövcud qlobal şərait və onun başlıca inkişaf meylləri. Soyuq Müharibə bitdikdən və ikiqütblü dünya düzəni dağıldıqdan sonra sürətlə dinamik dəyişən qlobal şərait hazırda çox mürəkkəbləşmiş və ağırlaşmışdır.  Mövcud qlobal vəziyyət və onun inkişaf perspektivləri təhlil edilib qiymətləndirilərkən, ilk növbədə, yeni qlobal şəraitin (üst və alt səviyyədə) əsas parametrləri, onun formalaşmasına təsir edən əsas amillər və başlıca inkişaf meylləri:

  • yeni dünya düzəninin formalaşması, bu prosesin uzanması, kəskin ziddiyyətli və ağrılı keçməsi, yayılmağa meylli qlobal qeyri-sabitliyin hökm sürməsi;
  • bu prosesin, xüsusən də iki başlıca istiqamətdə, – Afro-Avrasiyada ABŞ-la RF arasında, Asiya-Sakit okean hövzəsində isə ABŞ-la Çin arasında,- qlobal qarşıdurma ilə müşayət olunması;
  • qloballaşmanın sürətlənməsi və bütün sahələrə təsirinin artması, müsbət təsirləri ilə bərabər yeni risklər, çağırışlar və təhdidlər gətirməsi;
  • coğrafi-siyasi, coğrafi-strateji, coğrafi-iqtisadi və coğrafi-mədəni sahədə yeni çağırışların, risk və təhdidlərin ortaya çıxması, ziddiyyətlərin artması və qarşıdurmanın kəskinləşməsi;
  • liberalizmin totalitarizm üzərində qələbəsi, azadlıq və demokratiyanın yayılması, azad dünyanın genişlənməsi, Soyuq Müharibə sonrası dövrə hazır olmayan avtoritar və totalitar rejimlərin toparlanması və müqavimətinin artması, coğrafi-siyasi qaşıdurmanın kəskinləşməsi və həlledici mərhələyə daxil olması;
  • coğrafi-strateji inkişafın coğrafi-siyasi durumun inkişafına paralel olaraq getməsi, Avropa və Avro-Atlantik institutların genişlənməsi, hərbi-siyasi qaşıdurmanın da kəskinləşməsi, genişlənməkdə olan azad dünya ilə ona şiddətli müqavimət göstərən antidemokratik dünya arasında vəkalət müharibələrinin (proxy war) aparılması, yeni müharibə formalarının – hibrid müharibələrin (çoxtərəfli olduğundan buna strateji müharibə demək daha düzgün olardı) tətbiq edilməsi, eyni zamanda qlobal qarşıdurma tərəfləri arasında birbaşa müharibə ehtimalının – bu ehtimal zəif də olsa – ortaya çıxması, asimmetrik mübarizə metodlarının yayılması, kiber hücumların intensivləşməsi və kiber müdafiənin önəminin artması;
  • “yumşaq güc”ün, xüsusən də iqtisadi gücün önəminin artması, yeni bazarlar uğrunda mübarizənin şiddətlənməsi, yeni dünya düzəninin formalaşmasında və xarici siyasətdə enerjinin və enerji təhlükəsizliyinin önəminin artmaqda davam etməsi, enerji müharibələrinin açıq və gizli davam etməsi, çox sayda yeni geoekonomik layihələrin həyata keçirilməsi və onlar ətrafında münasibətlərin kəskinləşməsi;
  • geoekonomik amillərin təsirinin, xüsusən də yeni enerji, nəqliyyat və ticarət yollarının əhəmiyyətinin artması;
  • qlobal qarşıdurmada sivilizasiya fərqlərinin və coğrafi-mədəni amillərin önəminin davamlı olaraq artması;
  • xaricdən qızışdırılan və dəstəklənən davakar separatizmin, destabilizasiyanın və beynəlxalq terrorizmin yayılması və şiddətlənməsi;
  • kütləvi qırğın silahlarının yayılma ehtimalının, narkotiklərin qanunsuz dövriyyəsinin, insan və orqan ticarətinin artması;
  • ümumiyyətlə, eyni zamanda qlobal inkişafda sürətin və onun əhəmiyyətinin artması, preventiv siyasətin və strateji-hərtərəfli kəşfiyyatın və kəşfiyyat mübadiləsinin önəminin artması;
  • ekoloji tarazlığın ciddi pozulması, istiləşmənin davam etməsi və ekoloji fəlakətlərin artması;

nəzərə alınmalıdır.

Mövcud regional şərait və onun başlıca inkişaf meylləri

Regional şəraitdən və onun başlıca inkişaf meyllərindən bəhs edərkən, Azərbaycan Respublikasının (AR) bu gün, faktiki olaraq, coğrafi-siyasi və coğrafi-strateji baxımdan böyük postsovet məkanına, onun tərkib hissəsi kimi Cnubi Qafqaza, coğrafi-iqtisadi baxımdan Cənubi Qafqaz və Xəzər regionuna, coğrafi-mədəni anlamda isə Yaxın və ya Orta Şərq regionuna aid edilməsinin daha düzgün olduğu qeyd edilməli və bu regionların hamısında gedən proseslərin əsas inkişaf meylləri nəzərə alınmalıdı.

Bu baxımdan, analiz və qiymətləndirmə aparılarkən, mövcud regional şəraitin (üst və alt səviyyədə) əsas parametrləri, onun formalaşmasına təsir edən əsas amillər və başlıca inkişaf meylləri:

  • Afro-Avrasiya istiqamətində olan 4 başlıca qlobal geopolitik qarşıdurma xəttindən (və ya böyük qlobal geopolitik çatlardan) üçünün:

1) şimalda Arktikadan başlayıb Baltik dənizi, Qara dəniz, Aralıq dənizi və Qırmızı dənizdən keçməklə cənubda Hind okeanına (Yəmənə) uzanan Şimal-Cənub xəttinin;

2) qərbdə Moldovadan başlayıb şərqdə Azərbaycana – Xəzərədək uzanan, – GUAM xətti də deyə biləcəyimiz,- Qərb-Şərq xəttinin;

3) məqribdən məşriqə uzanan, Şimali Afrikanı, Yaxın və Orta Şərqi əhatə edən, Böyük Orta Şərq xəttinin AR-in də yerləşdiyi postsovet məkanından, Cənubi Qafqaz və Xəzər regionundan, Yaxın və Orta Şərqdən keçməsi;

  • 4-cü başlıca qlobal qarşıdurma xətti olan Mərkəzi Asiya xəttinin  keçdiyi Mərkəzi Asiyaya gedən iki başlıca strateji yoldan birinin məhz AR-dən keçməsi;
  • yeni dünya düzəninin formalaşması və regional geopolitik inkişaf prosesinin bu regionlarda, həm bu səbəblərə, həm də Rusiya Federasiyası (RF) və İran İslam Respublikası (İİR) amilinə görə (Soyuq Müharibə sonrası dövrə hazır olmayan avtoritar və totalitar rejimlərin – RF başda olmaqla – toparlanması və azad dünyanın genişlənməsinə sərt müqavimət göstərməsinə görə), daha kəskin ziddiyyətli və ağrılı keçməsi, coğrafi-siyasi qarşıdurmaların hərbi yolla həlli cəhdlərinin artması (Gürcüstan, Ukrayna, İraq, Suriya, Yəmən), birbaşa hərbi qarşıdurmalara deyil, vəkalətlə müharibələrə üstünlük verilməsi,  bu qarşıdurmaların və hərbi münaqişələrin yayılmağa meylli olması, II Dünya Müharibəsindən sonra formalaşan düzənin və beynəlxalq hüquq normalarının açıq şəkildə pozulması, sərhədlərin zorla dəyişdirilməsi (Krım, Abxaziya və Cənubi Osetiya);
  • regional coğrafi-siyasi və coğrafi-strateji inkişafın, Avropa və Avro-Atlantik institutların postsovet məkanına, eyni zamanda Cənubi Qafqaz və Xəzər regionuna doğru genişlənməsinin – RF-nin aqressiv xarici və hərbi siyasət aparması, bu prosesə sərt müqavimət göstərməsi üzündən – ləngiməsi və çətinləşməsi, postsovet məkanında- Ukraynada (Avropada!) hərbi-siyasi qaşıdurmanın vəkalətlə müharibəyə (proxy war) keçməsi, RF-nin yeni xarakterli və çox tərəfli hibrid müharibəyə – strateji müharibəyə başlaması, “yumşaq güc”ün önəminin artması, eyni zamanda birbaşa müharibə ehtimalının – bu ehtimal zəif də olsa- ortaya çıxması;
  • postsovet məkanının, eyni zamanda Cənubi Qafqazın coğrafi-siyasi və coğrafi-strateji taleyinin həllinin həlledici mərhələyə daxil olması, bir tərəfdən RF-nin işğalçı Ermənistanın da daxil olduğu Avrasiya İttifaqını (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan) yaratması, digər tərəfdən AB-nin Ukrayna, Gürcüstan və Moldova ilə Assosiasiya Sazişi imzalaması, bu GUAM dövlətləri ilə assosiativ siyasi-iqtisadi birlik və azad ticarət zonası yaratması, Gürcüstan və Ukraynanın NATO üzvlüyünə hazırlaşması, Azərbaycanın isə hələ də strateji seçim edə bilməməsi;
  • Ukrayna böhranından sonra RF, ABŞ və NATO-nun açıq rəqabətə və qarşıdurmaya keçməsi, RF-nin hərbi doktrinasının və ABŞ-ın milli təhlükəsizlik strategiyasının dəyişdirilməsi, NATO-nun yeni strateji konsepsiyasının hazırlanması (8-9 iyul 2016, Varşava sammitində qəbulu gözlənilir), ABŞ, AB və NATO-nun RF ilə əməkdaşlıq və tərəfdaşlıqdan “Rusiyanı durdurma strategiyası”na tərs keçid etməsi;
  • regional müharibə, münaqişə, böhran bölgələrində və ətraf zonalarda, eyni zamanda Avropada hərbi gücün və aktivliyin kəskin artması, infrastrukturun inkişafı, “dondurulmuş” regional münaqişələrin (Ermənistan-Azərbaycan, Dnestryanı) yenidən alovlanması ehtimalının artması;
  • RF-nin, – Krımı işğal və ilhaq etməsindən, Donbasa hərbi müdaxiləsindən, Abxaziya və Cənubi Osetiya ilə “müttəfiqlik və inteqrasiya sazişi” imzalamasından (faktiki ilhaqından) sonra,- cənub istiqamətində, o cümlədən Cənubi Qafqaz və Xəzərdə hərbi iştirakını və aktivliyini kəskin artırması;
  •  “Rusiyanı durdurma strategiyası” ilə hərəkətə keçən, RF-yə qarşı sanksiyalar tətbiq edən və ciddi təzyiqlər edən ABŞ, AB və NATO-nun, eyni zamanda postsovet məkanında, xüsusən də GUAM ərazisində aktivliyini hərtərəfli artırması;
  • ABŞ və Qərbin RF ilə coğrafi-siyasi qarşıdurması və toqquşması şəraitində regional geoekonomik amillərin, enerji təhlükəsizliyinin, xüsusən də Avropanın enerji təhlükəsizliyinin xüsusi ölçü və önəm qazanması, Cənubi Qafqaz enerji, nəqliyyat və ticarət dəhlizinin, həm də Azərbaycanın strateji önəminin, eyni zamanda risklərinin – Rusiya amilinə görə – artması;
  • TANAP, Bakı-Tiflis-Qars dəmir yolu kimi yeni regional geoekonomik layihələrin həyata keçirilməsi, Çindən Avropaya uzanan “Dəmir İpək Yolu”nun faktiki olaraq işə düşməsi, Transxəzər və Nabukko kimi layihələrin yenidən gündəmə gətirilməsi və onlar ətrafında münasibətlərin kəskinləşməsi;
  • yeni regional (coğrafi-siyasi, coğrafi-strateji və coğrafi-iqtisadi) şəraitdə Cənubi Qafqaz ölkələrində, o cümlədən AR-də və ətrafında, eyni zamanda Xəzərdə gərginliyin artması, Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəsin intensiv və nisbətən genişmiqyaslı pozulması,
  • regional qarşıdurmaların və destabilizasiyanın, xüsusən də Suriyada və ətrafında şiddətlənməsi, genişlənmə və yayılma ehtimalının artması;
  • regional geokültürəl ziddiyyətlərin kəskinləşməsi, milli, irqi, dini, məzhəbi və mədəni qarşıdurmaların, toqquşmaların artması və şiddətlənməsi;
  • Orta Şərqdə sünni-şiə münasibətlərinin xüsusilə kəskinləşməsi, “şiə məkanı”nda üstün mövqe qazanan, İraq, Suriya və Yəməndə vəkalət müharibəsi aparan İranın Səudiyyə Ərəbistanı və Türkiyə başda olmaqla sünni müsəlman dövlətləri ilə toqquşması;
  • AR-in də aid olduğu regionlarda beynəlxalq terror təhdid səviyyəsinin yüksəlməsi;
  • bu mürəkkəb və ağır mövcud regional şəraitdə, dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi və Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində dövlət büdcəsi əsasən neft ixracından əldə edilən gəlirlərlə formalaşan Azərbaycanda sosial-siyasi nəticələri qaçılmaz olan maliyyə-iqtisadi, sosial-iqtisadi və dövlət idarəçilik böhranının ortaya çıxması və böhranın sistem xarakteri alması;
  • azadlıq və demokratiyanın yayılmasının sancılı dönəmə girdiyi bu dövrdə, digər postsovet ölkələrində olduğu kimi, potensialı əsasən tükənmiş, zəif və dağınıq Azərbaycan demokratiyasının və demokratlarının çətin sınaq qarşısında qalması da nəzərə alınmalıdır.

Mövcud qlobal və regional vəziyyətin qiymətləndirilməsi və əsas nəticələr

1. Hələlik, dünyamız qlobal nizam və sabitlikdən uzaq görünür. Çünki köhnə dünya nizamı dağı(dı)lıb, yenisi isə – başını RF-nin çəkdiyi qeyri-demokratik avtoritar və totalitar rejimlərin sərt müqaviməti, çoxsaylı manelər yaratması üzündən – hələ qurulub başa çatmayıb.

2. ABŞ-ın liderlik etdiyi azad dünyanın aydın üstünlüyü şəraitində gedən və kəskinləşən qlobal geopolitik qarşıdurma, eyni zamanda yeni dünya nizamının qurulması həlledici mərhələyə daxil olub.

3.  Başlıca qlobal qarşıdurma istiqamətləri Afro-AvrasiyaAsiya-Sakit okean hövzəsidi.  

Afro-Avrasiya istiqamətində başlıca qlobal qarşıdurma cəbhələri-xətləri( və ya böyük qlobal geopolitik çatlar) isə:  

a) şimalda Arktikadan başlayıb Baltik-Qara-Aralıq dənizlərindən keçməklə cənubda Hind okeanı sahilindəki Yəmənədək uzanan Şimal-Cənub xətti;

b) qərbdə Moldovadan başlayıb şərqdə Azərbaycana – Xəzərədək uzanan,- GUAM xətti də deyə biləcəyimiz,- Qərb-Şərq xətti;

c) məqribdən məşriqə uzanan, Şimali Afrikanı, Yaxın və Orta Şərqi əhatə edən, Böyük Orta Şərq xətti;

d) şərqdə Əfqanıstan, Tacikistan və Özbəkistan mərkəzli Mərkəzi Asiya xəttidi.

4. Afro-Avrasiya istiqamətində olan bu 4 başlıca qlobal qarşıdurma xəttindən (və ya böyük qlobal geopolitik çatların) ilk üçü – AR-in də yerləşdiyi – postsovet məkanından, Cənubi Qafqaz və Xəzər regionundan, Yaxın və Orta Şərqdən keçir.  

Həmçinin bu gün Mərkəzi Asiyaya gedən iki başlıca strateji yoldan biri də AR üzərindən keçir.

5. Dünyanın sürətlə qloballaşması, başlıca qlobal qarşıdurma cəbhələrinin postsovet məkanından, Cənubi Qafqaz və Xəzər regionundan, Yaxın və Orta Şərqdən, eyni zamanda AR və İİR-dən (həm də Cənubi Azərbaycandan) keçməsi səbəbindən qlobal qarşıdurma, xüsusən də bu regionlardakı geopolitik qarşıdurmalar həm AR-ə, həm İİR-ə, həm də Azərbaycan məsələsinə birbaşa və dolayısı ilə təsir edir.

6. Strateji perspektivdə bu qlobal və regional geopolitik qarşıdurmada, – tərəflər arasında strateji güc disbalansının getdikcə daha da artması səbəbindən,- Putin Rusiyası və teokratik İİR-in şansı olmadığından, eyni zamanda AR Rusiyanın geopolitik təsir sferasında, Cənubi Azərbaycan da (həmçinin orda və İranda yaşayan bütün türklər) İranın tərkibində olduğundan, geopolitik qarşıdurmanın və yeni dünya nizamının qurulmasının bu həlledici mərhələsində AR və İİR-in demokratikləşməsi məsələsinin, həmçinin Cənubi Azərbaycan məsələsinin də yaxın perspektivdə gündəmə gəlməsi böyük ehtimalla gözləniləndir.

Sanksiyalar sonrası İran: AR-ə və Azərbaycan məsələsinə gözlənilən təsirləri

14 iyul 2015-ci ildə əldə edilən razılaşmaya əsasən nüvə proqramına görə İrana tətbiq edilən beynəlxalq sanksiyalar 16 yanvar 2016-cı ildə götürüldü. 12 ildir məhdudiyyətlərə və məhrumiyyətlərə məruz qalan qonşu İran İslam Respublikasının əli-qolu açıldı.

Birincisi, qeyd etməliyik ki, İranın hərbi nüvə proqramının dayandırılması beynəlxalq, regional və lokal təhlükəsizlik baxımından, eyni zamanda AR-in milli təhlükəsizliyi baxımından müsbət qiymətləndirilməlidi. Çünki nüvə silahı əldə edəcəyi halda İran “mütləq suverenlik”- toxunulmazlıq qazanacaq və AR-in də daxil olduğu “şiə məkanı”nda qazandığı üstün mövqeyini daha da möhkəmləndirməyə çalışacaqdı.

İkincisi, nəzərə almalıyıq ki, İrana nüvə proqramına görə tətbiq edilən beynəlxalq sanksiyalar götürülsə də, ona raket proqramına və terrorizmi dəstəkləməsinə görə tətbiq edilən beynəlxalq sanksiyalar nəinki qüvvədədir, hətta ABŞ tərəfindən həmən yeniləri əlavə edildi.

İndi isə, qısa da olsa, sanksiyalar sonrası İranın, regiona, AR-ə və Azərbaycan məsələsinə gözlənilən təsirlərinə baxaq.

Öncə nəzərə almalıyıq ki, nüvə proqramına görə tətbiq edilən beynəlxalq sanksiyalar götürüldükdən sonra İran:

  • beynəlxalq siyasi-diplomatik izolyasiyadan çıxacaq və beynəlxalq birliyə yenidən inteqrasiya olunacaq, nəticədə beynəlxalq, xüsusən də regional nüfuzu və təsiri daha da artacaq;
  • dünya maliyyə və əmtəə bazarlarına əsasən sərbəst çıxış əldə edəcək, həm öz resursları, həm də xaricdən gələcək resurslar hesabına iqtisadi, eyni zamanda maliyyə-iqtisadi cəhətdən güclənəcək;
  • dünya enerji bazarına yenidən dönərək ciddi maliyyə qaynağı əldə etməklə bərabər əlavə xarici siyasət aləti də əldə etmiş olacaq;
  • artan maliyyə-iqtisadi resursları hesabına hərbi xərclərini artıracaq, hərbi və hərbi-texniki cəhətdən daha da güclənmək imkanı qazanacaq, yeni müasir silahlar və silah sistemləri alacaq, öz hərbi və hərbi-texniki proqramlarını, layihələrini, o cümlədən ballistik raket proqramını inkişaf etdirməyə davam edəcək;
  • aqressiv xarici və hərbi-təhlükəsizlik siyasətini, xüsusən də AR-in də daxil olduğu “şiə məkanı”nda, genişləndirmək və gücləndirmək imkanı qazanacaq;
  • yaranacaq nisbi əlverişli xarici əhatədə dini-ideoloji “yayılma strategiyası”nı gücləndirərək daha rahat davam etdirəcək;
  • dünyada və regionda, xüsusən də “şiə məkanı”nda, aktiv kəşfiyyat-təxribat fəaliyyətini çoxyönlü olaraq genişləndirəcək və gücləndirəcək;
  • vəkalət müharibələri apardığı İraq, Suriya və Yəməndə daha aktiv rol oynamaq üçün əlavə resurslar əldə edəcək;
  • nəticədə, regionda gedən vəkalət müharibələri, sünni-şiə qarşıdurması daha da şiddətlənəcək.

RF-nin dəstəyi ilə eyni zamanda bir neçə vəkalət müharibəsi aparan İİR-lə Səudiyyə Ərəbistanı və Türkiyə Cümhuriyyəti başda olmaqla sünni müsəlman dövlətləri arasındakı mövcud gərgin münasibətlər uzun müddətli olaraq pozula,- tərəflər arasında bir-başa müharibə ehtimalı çox zəyif olsa da,- lokal toqquşmalar (məs.: dənizdə və ya sərhədlərdə) baş verə, böhranlar yarana bilər.

Azərbaycan Respublikasına gözlənilən təsirləri

İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsi və beynəlxalq sanksiyaların götürülməsi sonrası yaranan durum:

  • İİR-lə həmsərhəd olan AR-in hərbi-siyasi qarşıdurma (İİR-ABŞ, İsrail və digər müttəfiqləri) xəttindən çıxmasına;
  • üçüncü ölkələrin AR ərazisindən İİR-ə qarşı,- hərbi, kəşfiyyat və s. məqsədilə, – istifadə etmə ehtiyacının əsasən ortadan qalxmasına;
  • beynəlxalq sanksiyaların tətbiqi rejiminin ikitərəfli münasibətlərdə yaratdığı məhdudiyyətlərin, problemlərin və bu səbəblərdən yaranan gərginliyin aradan qalxmasına;
  • eyni zamanda, ikitərəfli siyai-diplomatik, ticarət-iqtisadi, humanitar və mədəni əlaqələrin inkişafına nisbi əlverişli şəraitin yaranmasına imkan verir.

Digər tərfdən də bu durum, siyasi-diplomatik izolyasiyadan çıxan, beynəlxalq, xüsusən də regional nüfuz və təsirini artıran, maliyyə-iqtisadi, hərbi, dini-ideoloji və təhlükəsizlik baxımından güclənərək, milli strateji gücünü əhəmiyyətli dərəcədə artırmaq imkanı əldə edən İİR-ə:

  • ölkəmizdəki mövcud maliyyə-iqtisadi gücünü qat-qat artırmağa;
  • dini-ideoloji, siyasi və xüsusi şəbəkəsini daha da gücləndirməyə;
  • AR-ə yönəlik daha aqressiv xarici, dini-ideoloji, humanitar, hərbi və təhlükəsizlik siyasəti, kəşfiyyat-təxribat işi aparmağa;
  • nəticədə, AR-də öz nüfuz və təsirini artırmağa imkanı verəcək.

Azərbaycan məsələsinə gözlənilən təsirləri

Yuxarıda da qeyd etdiyimiz kimi, bu qlobal geopolitik qarşıdurmanın, həmçinin onun üzvi tərkib hissələri olan regional (postsovet məkanında və Orta Şərqdə olan) qarşıdurmaların strateji inkişaf  perspektivində,- tərəflər arasında strateji güc disbalansının getdikcə daha da artması səbəbindən,- Putin Rusiyası və teokratik İİR-in şansı olmadığından, eyni zamanda AR RF-nin geopolitik təsir sferasında, Cənubi Azərbaycan da (həmçinin orda və İranda yaşayan bütün türklər) İİR-in tərkibində olduğundan, qlobal və regional geopolitik qarşıdurmanın və inkişafın bu həlledici mərhələsində AR və İİR-in demokratikləşməsi məsələsinin, həmçinin Cənubi Azərbaycan məsələsinin də yaxın perspektivdə (ən geci 1-5 il ərzində) gündəmə gəlməsi böyük ehtimalla gözləniləndir.

Onu da qeyd edək ki, öz strateji səhvi üzündən bu gün “Rusiya məsələsi” ABŞ və Qərbin strateji gündəmində öncəlik qazansa da, artıq “Rusiyanı durdurma strategiyası” həyata keçirilməyə başlasa da, “İran məsələsi” də gözardı edilməyib. Sadəcə ABŞ və Qərbin gündəmində olan öncəlikli aktual strateji məsələlər sırasında,- Suriya məsələsinə görə yaranmış strateji konyuktura nəzərə alınaraq,– məcburi yerdəyişmə edilib.

Sanksiyalarsonrası dövrdə:

  • İİR-in yenidən azad və demokratik dünyaya açılması;
  • ABŞ və Qərb ölkələrinin İranda siyasi-diplomatik, maliyyə-iqtisadi və ticarət-iqtisadi, sosial-humanitar və aktiv kəşfiyyat fəaliyyətlərini bərpa etməsi;
  • bu fəaliyyətlərini aparmaq üçün çoxsaylı nümayəndəliklər, o cümlədən KİV-lərə ofislər, banklar, şirkətlər, fondlar və s. açması;
  •  böyük investisiyalar qoyması;
  • turizmin, elm və təhsil sahəsində qarşılıqlı mübadilənin inkişafı;
  • qarşılıqlı olaraq insanların, kapitalın, mal və xidmətlərin hərəkətinin əhəmiyyətli dərəcədə artması;
  • bu amillərin təsiri ilə ABŞ və Qərblə münasibətlərdə nisbi “istiləşmə” dövrünün başlaması;
  • sanksiyaların götürülməsinin, İİR-in azad dünyaya açılmasının və nisbi də olsa “istiləşmə” dövrünün başlamasının (xarici siyasətdə bu istiqamətdə inkişafın) da verdiyi həyəcanla ölkə daxilində ictimai-siyasi aktivliyin artması da

yaxın perspektivdə (1-5 il ərzində) İİR-in demokratikləşməsi məsələsinin, həmçinin Cənubi Azərbaycan məsələsinin gündəmə gəlməsi üçün qismən əlverişli daxili şərait yaradacaq.

Beləliklə, otaylı – butaylı bütün Azərbaycan və dünya Azərbaycan türklüyü bir tərəfdən, qlobal və regional (postsovet məkanında və Orta Şərqdə olan) geopolitik qarşıdurmaların strateji inkişaf perspektivlərini, bu həlledici mərhələdə AR və İİR-in  demokratikləşməsi məsələsinin, həmçinin Cənubi Azərbaycan məsələsinin də yaxın perspektivdə (ən geci 1-5 il ərzində) gündəmə gəlmə ehtimalının böyük olmasını, digər tərəfdən də, görünən gələcəkdə bu milli strateji inkişaf üçün qismən əlverişli İrandaxili şərait yaranacağını nəzərə almalı və yaxın perspektivə bütün ciddiyyəti ilə aktiv şəkildə hazırlaşmalıdır.

Bunun üçün, ilk növbədə:

  • AR,- öz milli və tarixi inkişaf maraqlarını, qlobal və regional geopolitik inkişaf perspektivlərini, eyni zamanda İİR-in daxili və xarici inkişaf vektorlarını nəzərə almaqla, – gec də olsa demokratik strateji seçim etməli;
  • tarixin axışını düz oxumalı, məğlubiyyətə məhkum olanlarla deyil, qaliblərlə bir olmalı;
  • qlobal və regional geopolitik inkişafa, xüsusən də regionun və İranın demokratikləşməsinə töhfə verməli;
  • regional inkişafın, eyni zamanda AR və İİR-in tarixi-siyasi inkişafının dinc, demokratik yolla getməsi üçün bütün gücü ilə çalışmalı
  • qeyri-dinc inkişaf variantlarını da gözardı etmədən görünən gələcəyə hakimiyyəti, müxalifəti və bütün cəmiyyəti ilə birlikdə dövlət səviyyəsində hazır olmalıdır.