XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 06:18

Piramidalar diyarının sonuncu “fironu” [color=red]- Mübarəkin gedişindən 5 il ötdü

Misirin keçmiş prezidenti Hüsnü Mübarkə sonuncu firon da deyirdilər. Onun taxt-tacının ömrü düz 30 il olmuşdu. Uzun müddət davam edən etirazlardan sonra – 2011-ci il fevralın 11-də Mübarək istefa verdiyini elan etdi və bununla da piramidalar diyarı yeni dönəmə qədəm qoydu. Həmin gündən bu yana 5 il ötüb. Bu illər ərzində Misirdə nələr baş verib, nələr dəyişib?

Misir inqilabının yaratdığı eyforiyanın ömrü uzun olmadı və ölkədə iqtidar uğrunda mübarzənin qızışdığı yeni mərhələ başladı. Mübarəkin istefası ərəfəsində Ağ Evin müşavirlərindən biri “The New York Times”a belə bir açıqlama vermişdi:

“Əgər Mübarək öz postunu tez tərk etsə, onun yerini daha radikal bir liderin tutmayacağına heç kim təminat verə bilməz”.

“Müsəlman Qardaşları”

Mübarəkin gedişindən sonra Misirdə əsas siyasi qüvvə “Müsəlman Qardaşları” Hərəkatı oldu. Sistemli təqiblərə baxmayaraq, hərəkat uzun illər hökumətə qarşı mübarizə aparmışdı. 1981-ci ildə Misirin o zamankı prezidenti Ənvər Sədətə qarşı sui-qəsdi də məhz bu hərəkat həyata keçirmişdi.

Mübarəkin istefasından sonra “Müsəlman qardaşları” yenidən siyasi səhnədə görünməyə başladı. Parlament və prezident seçkilərinin ardından hərəkatın iqtidara gəlişi kifayət qədər demokratik görünürdü. Islamçılar parlamentdə də çoxluğu ələ almışdı. 2012-ci ildə prezident postunu Məhəmməd Mursi tutdu. Və belə ümid yarandı ki,  nəhayət, Misirdə gözlənilən sülh və sabitlik bərqərar olacaq.

Mursi hakimiyyətdə cəmi bir il qala bildi. Bunun günahı bəlkə də elə özündə idi. 59 yaşlı general Əbdül-Fəttah Sisini ölkənin müdafiə naziri postuna məhz Mursi təyin etmişdi. Mursi bununla ölkədə açar qüvvə sayılan Orduyla alyans quracağını düşünmüşdü.

Ordu güc sahibidir

Misirdə Ordu təkcə xidmət aparan kəsim deyil. Ölkənin ümumi daxili məhsulunun 40 faizi Ordunun nəzarətində olan müəssisələrin payına düşür. Ordunun tikintidən tutmuş, turizmə qədər ölkənin ən müxətəlif sahədərdə biznes maraqları var. Misirdəki bir çox kiçik və orta şirkətlər hərbiçilər tərəfindən idarə olunur.

“Müsəlman qardaşları”nın iqtidarı dövründə Misir ciddi iqtisadi problemlərlə üzləşdi. Beynəlxalq valyuta ehtiyatları və turizmdən gələn vəsait iki dəfə azaldı. Dövlət borcu 90, işsizlik 13,5 faizə yüksəldi. Hökumətin büdcəni balanslaşdırmaq və stabil kredit almaq üçün Beynəlxalq Valyuta Fondu ilə razılığa gəlmək istiqamətindəki bütün cəhdləri boşa çıxdı. Misir rəsmiləri sosial partlayışdan ehtiyatlanaraq büdcəni “kəsə” də bilmədilər. Ordu gəlirlərinin azalmasından olduqca narahat idi.

Vəziyyət Mübarək dövründə olduğundan daha pis olmuşdu. Sadə insanların “Biz nəyə görə mübarizə aparmışdıq?”- sualı havalarda uçuşurdu.

Bütün bunların fonunda siyasi mübarizə kəskinləşməyə başladı və ölkə Konstitusiyasına dəyişikliklər gündəmə gətirildi. 2012-ci ilin noyabrında islamçıların çoxluqda olduğu Misirin Konstitusiya Assambleyası yeni layihəni təsdiq etdi. Layihədə şəriət qaydaları əsas qanunvericiliyin əsasını təşkil edirdi.

Assambleyada təmsil olunan müxaliflər və xristianlar layihənin əleyhinə səs verərərək Misirin islamlaşmasına imkan verməyəcəklərini bildirdilər. Beləliklə, ölkədə yenidən inqilabi ab-hava yarandı. Yenidən mitinqlər, nümayişlər, hakim rejimlə onun əleyhdarları arasında qarşıdurmalar başladı. Həmin günlər fəallıq edən əsas qüvvə Ordu idi.

General prezident…

Generallar prezident Mursiyə ultimatum göndərdi – ya xalqın tələbi 48 saat ərzində yerinə yetirilməli, ya da hökumət isteafaya getməlidir. Hökumət təklifi rədd etdi. Lakin Ordu sonadək dirəndi və Mursi iqştidarını güc yolu ilə devirdi. “Müsəlman qardaşlar”ın 300-ə yaxın üzvü isə həbsə atıldı.

Müdafiə naziri Əbdül Fəttah Sisi yeni prezident seçkilərinin keçiriləcəyini elan etdi. Konstitusiya Məhkəməsinin sədri Adli Mansur ölkənin müvəqqəti rəhbəri təyin olundu.

Artıq prezident postunun Sisinin tutacağı ilə bağlı söhbətlər yayılmağa başlamışdı. Sisi bütün məsələlərdə xalqın iradəsinə tabe olacağını vəd etdi. Və elə bu vədlə də küçələrə çıxan insanları ələ ala bildi. Misir küçələrini Sisinin fotosunun əks olunduğu plakatlar, bayraqlar və köynəklər bəzəməyə başladı. Qəribə də görünsə, “As-Sisi” brendi altında konfetlər, tortlar, qazlı içkilər və sendviçlər də buraxılmağa başladı. Hətta Sisiyə “şokoladlı general” deməyə başladılar.

Gənclər təşkilatları Sisinin prezidentliyi üçün milyonlarla imza topladı. Sisi misirlilərin qəlbini fəth edə bilmişdi. Misirin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 2014-cü ildə Sisi 97 faizlik səslə prezident seçkilərində qələbə qazandı.

Yeni prezidentin ilk bəyanatı enerji resurslarının qorunması ilə bağlı idi. Velosiped marafonunda iştirak edən prezident bununla bu ikitəkərli nəqliyyat vasitəsinin təbliğatını aparmış, insanları velosipeddən istifadə etməyə çağırdı.

Sisi prezident maaşının yarısından imtina etdiyini bildirərək əhalini də daha qənaətlə yaşamağa və əməksevər olmağa səslədi.

Tarix təkrarlanacaqmı?

Misirin hazırkı siyasi simasında keçmişdən izlər gözə dəyir. Sisi də Mübarək kimi Ordudan çıxmışdı. Hər ikisi ölkədə sabitliyin qorunmasında maraqlı olub və islamçılara qarşı mübarizə aparıb.

Bugünlərdə inqilabın beş illiyinə həsr olunmuş çıxışında Sisi belə bir fikir söyləyib: “Azadlıq məsuliyyətli və çərçivə daxilində olmalıdır. Və xaosun baş verməsinə şərait yaratmamalıdır”.

Bir maraqlı detal da var. Hakimiyyətinin ilk illərində Hüsnü Mübarək də xalq arasında kifayət qədər populyar idi. Hətta xalq ona “Cənab dürüst” ləqəbini qoymuşdu. Lakin siyasi karyerasının sonunda bu imic onu korrupsiya və dövlət vəsaitlərinin mənimsənilməsi ittihamından qoruya bilmədi. Hazırkı prezidentin də bunu təkrarlayıb-təkrarlamayacağı isə sual olaraq qalır…

Azadliq.info