XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

12 May 2015 - 06:58

İran artıq neft ölkəsi deyil! – Təhlil

Hökumətin və millətin tənbəllik dövrü başa çatdı

İranlıların neftlə bir əsrdən çox çəkən “bal ayı” sona yaxınlaşır, bir neçə ildən sonra isə ümumiyyətlə həmişəlik yox olacaq.

Şübhəsiz ki, nefti İranın çağdaş tarixində ən önəmli amillərdən biri saymaq olar. Məsələ təkcə onun iranlıların siyasi və sosial həyatına təsirində deyil – bunun nəzərdən keçirilməsi məqaləmizin məqsədinə aid deyil. Söhbət ondan gedir ki, artıq keçmişə dönüş olmayacaq və indi “neftsiz İran” dövrü yaxınlaşır.

ölkə bir əsr ərzində, demək olar ki, 1,2 trilyon dollar məbləğində neft satıb və iqtisadiyyatı güclü şəkildə “qara qızıl”dan asılıdır. Bu uzun illər ərzində heç kim artıq neftin olmayacağı dövr haqqında düşünməyib də. Neft şərab kimi başları o qədər dumanlandırıb ki, ağır məsti-xumarlığı hətta unutmağa üstünlük verirlər.

Lakin nə vardı, əldən çıxıb və neft tükənməyə başlayır. Əlbəttə, İranda hasilat hələ də gedir, lakin burada artıq heç kim ümidvar deyil ki, o, son yüz ildəki kimi bitməz-tükənməz var-dövlət gətirəcək. Bundan sonra onun qadir olacağı ən yaxşı hal nəqd vəsait rolunu oynamaqdır, lakin yenə də onun rolu tədricən azalacaq.

Haçansa neft satışından iri gəlirlər əldə edərkən minlərlə inşaat obyekti ucaldıb bütün ölkəni inkişaf etdirmək olardı. Lakin hazırda İranınn neftdən illik gəliri 700 trilyon rial (24,7 milyard dollar) təşkil edir. Dövlət isə vətəndaşlara ödənişə görə 800 trilyon rial (28,2 milyard dollar) sərf etməli olur. Başqa sözlə, neft gəlirləri hətta maaş və təqaüdlərin ödənilməsini də bağlaya bilmir.

Bununla belə, İranda maaşlar ildən-ilə artır, neftin qiyməti isə, əksinə, düşməkdə davam edir və ekspertlərin fikrincə, bu düşmə hələ xeyli müddət çəkəcək. Hətta neftin qiymətinin 35 dollara qədər düşəcəyi və bu səviyyədə qalacağı haqda pronozlar verilir.

British Petroleum və Shell kimi dünyanın bütün iri neft şirkətlərinin fəaliyyətinin və büdcəsinin azaldılması onların artıq ucuz neft dövrünə hazırlaşmasından xəbər verir.

Neftin qiyməti yüz dollardan yuxarı qalxanda və bir neçə il bu səviyyədə qalarkən neftlə bağlı olmayan energetika sahələri iqtisadi əsaslandırma və önəmli yatırım artımı əldə etdi. Məsələn, günəş batareyaları üçün əvvəllər yetərincə baha düşən panellərin istehsalı son onilliklərdə aparılan araşdırmalar sayəsində hazırda daha ucuz başa gəlməyə başlayıb. Deməli, son altı ildə onların qiyməti iki dəfə yarıbayarı ucuzlaşıb və bu tendensiya saxlanır.

Bu fonda neftin qiymətinin azalması tamamilə əsaslanmış görünür, lakin alternativ energetikanın inkişafına yatırılan kapitalların geri çəkilməsi sərfəli deyil. Buna görə də bu sahəyə yatırım qoyulması davam edəcək. Digər tərəfdən, yeni elmi nailiyyətlər neftsiz ötüşən energetikanın yaradılmasına məsrəfləri azaltmaqdadır və bu proses davam edir.

Dünyanın iri enerji istehlakçıları da neft istehlakından imtina üzrə planların işlənib hazırlanması ilə məqsədyönlü və ciddi şəkildə məşğul olurlar. Məsələn, Almaniya özünün Günəş və külək elektrik stansiyalarının inkişafı sayəsində energetik tələbatının yarısını bu qayda ilə təmin etmək niyyətindədir. Almaniya hökuməti bununla bağlı bir müddət əvvəl təbii yanacaqla işləyən elektrik stansiyalarından birni bağlayıb.

Bütün bunlar ondan xəbər verir ki, gələcək artıq neftin deyil. Ən yaxın vaxtlarda İranda da neft satışından əldə edilən gəlirlər əməkhaqqı və təqaüdlərin yalnız bir hissəsinə kifayət edəcək. Sonra neft hasilatı daxili istehlakla bərabərləşəcək və İslam Respublikası bu xammalın ixracatçıları siyahısından çıxacaq, onun neft gəlirləri isə sıfır həddinə çatacaq. Yeri gəlmişkən, bu ən yaxın gələcəkdə baş verəcək. Beləliklə, müxtəlif ölkələrin hökumətləri və iranlıların özləri də dərk etməlidirlər ki, İran artıq son yüz ildəki kimi neft ölkəsi deyil. Artıq indi neft gəlirləri dövlətin əhaliyə ödəməli olduğu pulun həcmindən azdır.

Bu planda durum ildən-ilə daha da pisləşəcək. Həm də bu təkcə İrana yox, gəlirini “qara qızıl”ın satışından əldə edən dünyanın bütün dövlətlərinə aiddir.

Hökumətin və millətin tənbəllik dövrü başa çatdı. “Nefti satıb bu pulların hesabına yaşayacağıq” tipli düşüncələr tədricən keçmişə qovuşur.

Biz iranlıların daha nefti qalmayıb ki, avara həyat sürməyi özümüzə rəva bilək, buna görə də inadla çalışmalı və öz məhsullarımızın ixracı və turizm sayəsində yaşamaq üçün vəsait əldə etməliyik. Tam yüz il davam edən bal ayı başa çatdı!

Cəfər Muhəmmədi (İran)