XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 13:18

Fuad Ələsgərov: [color=red]“Azərbaycanda dini radikalizm radikal vəhhabilik və ifrat şiəlik formasında təzahür edir”

 

fuad mus.jpg

“Bu gün müasir dünyada sivilizasiyaların qarşıdurması müşahidə olunur. Xüsusilə Yaxın Şərqdə dini zəmində münaqişələr, dini radikalizm və ekstremizmin artması, Avropada islamofobiya və antisemitizm meyillərinin güclənməsi multikulturalizm ideyalarının tənəzzülünün təzahürüdür.

Bu sözləri Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Dini radikalizmə qarşı mübarizədə hüquq mühafizə orqanlarının rolu və fəaliyyətinin əlaqələndirilməsi” mövzusunda seminar müşavirədə çıxışı zamanı bildirib.

Dünyada geniş vüsət almış dini radikalizm və ekstremizm meyillərinin Azərbaycandan da yan keçmədiyini təəssüf hissi ilə qeyd edən Prezident Administrasiyasının rəsmisi deyib:

“Ölkəmizdə dini radikalizm meyillərinin yayılması əsas etibarilə xarici faktorlarla, bəzi dövlətlərin fəaliyyəti ilə bağlıdır. Müəyyən qüvvələr dini radikal qruplardan istifadə etməklə öz siyasi məqsədlərini həyata keçirməyə cəhd göstərirlər”.

Azərbaycanda dini radikalizmin əsasən radikal vəhhabilik və ifrat şiəlik formasında təzahür etdiyini bildirən Fuad Ələsgərov vurğulayıb ki, onların təbliğatı bir qayda olaraq xaricdə təhsil almış azərbaycanlılar tərəfindən həyata keçirilir. İndiyədək xarici ölkələrdə 3 minə yaxın azərbaycanlı dini təhsil alıb və bu gün dövlətçilik əleyhinə yönələn tədbirlərin təşkilatçısı qismində çıxış edən dindarların böyük əksəriyyəti məhz həmin şəxslərdir.

Qeyd olunub ki, hazırda dini radikalizmlə mübarizə Azərbaycanın hüquq mühafizə və xüsusi xidmət orqanları qarşısında duran əsas vəzifələrdən biridir. Xüsusilə, son dövrlərdə dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi üçün ölkəmizdə mühüm qanunvericilik, institusional və praktiki tədbirlər həyata keçirilib.

Şöbə müdiri diqqətə çatdırıb ki, Suriya və İraqda silahlı münaqişələrin başlandığı dövrdən on minlərlə əcnəbi həmin ölkələrə gələrək İŞİD terrorçu qruplaşmasının sıralarına qoşulub. Onların arasında Azərbaycandan da radikal vəhhabiliyə mənsub şəxslər olub. Bu şəxslərin geri qayıtdıqdan sonra ölkəmiz üçün yarada biləcəkləri təhlükə nəzərə alınaraq onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri addımlar atılıb. İlk növbədə, 2014-cü il martın 14-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib. Qanunvericiliyə edilmiş dəyişiklikdən sonra Suriya və İraqda silahlı döyüşlərdə iştirak edərək sonradan Azərbaycana dönmüş 60-dan çox şəxs Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilərək, cinayət məsuliyyətinə cəlb olunub.

“Dini radikalizmlə mübarizə cinayət törətmiş radikal dini təriqət üzvlərinin həbs edilərək cinayət məsuliyyətinə cəlb olunması ilə bitmir. Belə şəxslərin fəaliyyəti istər cəzaçəkmə müəssisələrində, istərsə də cəzalarını çəkib qurtardıqdan sonra hüquq mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır. Görülmüş bu tədbirlər nəticəsində silahlı münaqişələrdə iştirak etmək məqsədilə ölkəmizdən Suriya və İraqa gedənlərin sayında kəskin azalma müşahidə edilməkdədir”, – deyə Fuad Ələsgərov vurğulayıb.

Azərbaycanda radikal dini fəaliyyətin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Prezident Administrasiyasının rəsmisi 2015-ci ilin noyabrında Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrə də toxunub. Qeyd edib ki, bu hadisələr ifrat şiəlik ideyalarının ölkəmizin təhlükəsizliyi üçün doğura biləcəyi riskləri bir daha açıq nümayiş etdirdi. Belə ki, Taleh Bağırov başda olmaqla bir qrup şəxs ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətmək, konstitusiya quruluşunu zorla dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlət qurmaq məqsədilə “Müsəlman Birliyi” adlı hərəkat yaratmış, Bakı şəhərindən və respublikanın bəzi bölgələrindən özlərinə tərəfdarlar toplamaqla onları müxtəlif növ odlu silah, döyüş sursatı və partlayıcı maddə ilə təchiz etmişdi. Hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində din pərdəsi altında fəaliyyət göstərən cinayətkar qruplaşma zərərsizləşdirilib, digər zəruri addımlar atılıb. Hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir.

Fuad Ələsgərov deyib:

“Nardaranda cinayət törətmiş radikal dini təriqət üzvlərinin çoxunun bu qəsəbənin sakini olmaması, əsasən xarici dövlətlərdə dini təhsil alması bu hadisələrin arxasında xarici faktorların dayanmasını ehtimal etmək üçün ciddi əsas verir. Yerli əhali bu insanları dəstəkləməmiş və özləri dəfələrlə hüquq mühafizə orqanlarına müraciət edərək onları zərərsizləşdirməyi xahiş etmişdi. İstintaq zamanı bu şəxslərin xaricdən maliyyələşməsi ilə bağlı mühüm faktlar əldə edilib və hazırda həmin faktlar istintaq orqanı tərəfindən araşdırılır”.

Hüquq mühafizə orqanları əsas etibarilə radikal dini fəaliyyətin nəticələri ilə mübarizə aparır. Dini qurumlarla işin təşkilatçılarının fəaliyyəti isə dini radikalizmin səbəblərinin araşdırılması və aradan qaldırılmasına yönəlməlidir. Xüsusilə radikal dini təriqətlərə meyilli olan bölgələrdə gənclərin təhsilə marağının artırılması, aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının cəlb edilməsi ilə peşə və təhsil kurslarının təşkili, məşğulluğun təmin olunması üçün təşəbbüs göstərmək çox vacibdir.