XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 May 2015 - 12:19

Mariupol müharibəyə hazırlaşır – ARAŞDIRMA

Mariupolda Rusiyayönlü əhvali-ruhiyyə getdikcə güclənir

Şərqi Ukraynanın Mariupol limanı separatçıların hücumuna hazırlaşır. Küçələrdən gurultu ilə hərbi avtomobillər keçir, sakinlər artilleriya atəşinə qarşı öz evlərinin pəncərələrini bərkidir, yaşayış binalarının üzərində isə artıq ən yaxın bomba sığınacağının yolunu göstərən işarələr peyda olub. Yerli sakinlər qorxurlar ki, indi Rusiya prezidenti Vladimir Putin Sovet İttifaqının nasist Almaniyası üzərindəki qələbəsinin 70 illiyi münasibətilə Moskvaya təntənəli tədbirlərə gəlmiş xarici dövlət başçılarını yola salandan sonra Rusiyayönlü separatçılar onların doğma şəhərinə hücuma başlayar.

Yığma qoşunun keçən il işğal etdiyi Donetskdən Mariupola köçmüş 40 yaşlı İrina Qrinko etiraf edir ki, “Hamı elə ancaq bundan danışır. Orada qalmış dostlarım açıq-aşkar hazırlanan hücumdan danışırlar”.

Yarım milyona yaxın əhalisi və sənaye mərkəzi olan Mariupol artıq tam bir il uzanan və altın min nəfərin həlak olduğu münaqişədə separatçıların işğal etdiyi ərazilərin sərhədində yerləşir. Mariupola hücum sülh haqqında Rusiya və Almaniyanın vasitəçiliyi ilə Minskdə bağlanmış sazişə son qoyar və Putin hökumətinə münasibətdə sanksiyaları sərtləşdirər. Həmçinin Ukraynanı silahlandırmaq üçün yeni çağırışların səslənməsinə səbəb olar.

Almaniya Marşall fondunun Mərkəzi və Şərqi Avropa üzrə proqramının direktoru Yorq Forbriq deyir: “Yeni hücum başlansa, Minsk sazişi tam şəkildə qüvvədən düşəcək, uzunmüdətli sülhün bağlanması barədə danışıqların aparılması üzrə yeni təşəbbüs isə, çox güman ki, gec meydana çıxacaq. ABŞ və Avropa Birliyinin bəzi ölkələrində isə Ukraynaya letal (öldürücü-red.) silahların tədarükü haqda mübahisələr təzədən başlanacaq”.

Fəlakətli nəticələr”

Mariupol rus yığma qoşununun mövqeyindən cəmi 25 km məsafədə Rusiya ilə Putinin keçən ilin martında ilhaq etdiyi Krımın arasında yerləşdiyindən yerli sakinlərin qorxmağa əsası var.

İndiyədək döyüş gedən qonşu Şirokino şəhərindən gələn partlayış səsləri Mariupol ətrafında tez-tez eşidilir. Şəhərə xeyli hərbçi gəlib. Onlar müdafiə istehkamları qurur, sığınacaqlar tikir, şəhərə gələn yolları iri beton plitələrlə bağlayırlar. Şəhərə gələn adamlar nəzarət-buraxılış məntəqələrində (NBM) xeyli sayda yoxlamadan keçməli olurlar.

Barışığın pozulmasında Rusiya Ukraynanı ittiham etsə də, keçən həftə konqresmenlər qarşısında çıxış etmiş ABŞ müdafiə naziri Eşton Karter bildirib ki, separatçılar, çox güman ki, yeni hücuma hazırlaşırlar.

Beynəlxalq müşahidəçilər məlumat veriblər ki, barışıq dövründə ən ciddi artilleriya atəşi aprelin sonunda Şirokinoda baş tutub və yığma qoşun ora tank və haubitsalar toplayıb.

Müşahidəçilər həm də xəbərdarlıq edirlər ki, Mariupola hücum diplomatların bu böhrana son qoymaq cəhdləri üçün “fəlakətli nəticələr” verə bilər.

Ukrayna ordusunun hərbçiləri ən pis varianta hazırlaşıb məktəb və universitetlərdə məşğələlər aparır və Mariupoldakı hərbi təmsilçi Dmitri Qorbunovun məlumat verdiyi kimi, vətəndaşları təlimlərə aparırlar.

Muqabe, Merkel

“Şəhəri qorumaq üçün yetərincə adamımız var. Hazırda şəhərdə bir neçə min hərbçi yerləşib. Gecə-gündüz istehkamlar ucaldılır. Cəbhə xətti tamamilə möhkəmləndirilib”.

Bu arada Moskva yaxınlaşan hücumla bağlı heç bir əlamət nümayiş etdirmir. Putin istirahət günlərində Zimbabve prezidenti Robert Muqabedən tutmuş Almaniya kansleri Merkelə qədər ən müxtəlif dövlətlərin liderlərini qəbul etdi ki, bu da dünyanın bütün KİV-nin diqqətini Moskvaya yönəltdi.

Putin keçmişdə irimiqyaslı hadisələr ərəfəsndə artıq bu cür yumşaqlıq və iltifat nümayiş etdirib: məsələn, 2014cü ildə Soçidə Qış Olimpiadsı oyunları ərəfəsində keçmiş milyarder və öz opponenti Mixail Xodorkovskini, həmçinin PussyRiot qadın pank-qrupunun üzvlərini həbsxanadan azad etdi. Olimpiya oyunları başa çatandan bir neçə gün sonra Rusiya qoşunları Krımı işğal etdi. Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko iddia edir ki, gec-tez Mariupolu tutacaqlar: “Ona cinahlardan hücuma keçmək asandır və özləri təslim olacaqlar. Unutmayın ki, orada bizim ana və bacılarımız yaşayır”.

Prezident Pyotr Poroşenko artıq əvvəllər məlumat vermişdi ki, yığma qoşun mayda hücuma keçə bilər. Bu hücum, çox güman ki, ABŞ və AB-nin münaqişədə iştirakını indiyədək inkar edən Rusiyaya qarşı sanksiyalarının sərtləşdirilməsinə gətirib çıxardacaq. Rusiya iqtisadiyyatı geriləmə vəziyyətinə dalır, rublun kursu isə ötən illə müqayisədə 33 % zəifləyib.

Sanksiya təhlükəsi

Merkel martın 16-da bildirdi ki, “Barışıq şərtlərinə əməl edilməsə və Mariupoldakı kimi ciddi pozuntular qeydə alınsa, onda sanksiyaların sərtləşdirilməsindən danışmalı olacağıq”.

Keçmiş dənizçi, indi isə iş adamı Roman Sokolov deyir ki, Mariupolun bəzi sakinləri hələ baş verməmuiş hücum haqqında məlumatdan sonra artıq panikaya düşmürlər.

Sokolovun qrupu ölkənin şərqindəki döyüş əməliyyatları nəticəsində evlərindən məhrum olmuş könüllüləri toplasa da, Mariupolda Rusiyayönlü və separatizmyönlü əhvali-ruhiyyə kifayət qədər güclüdür. Yaşlı nəslin nümayəndələri, xüsusən də təqaüdçülər Kiyevin əleyhinə çıxış edirlər.

Hələlik vətənpərvərlik şüarları yazılmış plakatları sarı-mavi milli bayraq bəzəyir. Lakin adamların əksəriyyəti ən pis duruma hazırlıq görür.

Qrinko deyir: “Yerli biznesmenlər, hərbçilər, könüllülər və qaçqınlar Mariupol ətrafında müdafiə istehkamı ucaltmağa kömək edirlər. Onlar başa düşürlər ki, yığma qoşun bura gəlsə, uduzacaqlar. Qalanları laqeydliklə onları seyr edib Putinin gəlişini gözləyirlər“.

Yuliya Surkova, Darina Krasnolutska

“Bloomberg” (ABŞ), 12.05.2015