XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

12 May 2015 - 20:04

Kənan Evrən ölümüylə diktatorlara dərs verdi

Türkiyənin 7-ci Prezidenti Kənan Evrənin dəfn mərasimi bir çox diktatorlar üçün əsl ibrət alınası hadisələrlə yadda qaldı. Mərhum ölkənin ən güclü, sözünün üstünə söz deyilməyəcək rəhbərlərindən olsa da, onun dəfninə, demək olar ki, siyasi xadimlərdən heç kim qatılmadı. Kənan Evrən bir Prezidentdən çox, bir general kimi haqq dünyasına yola salındı.

Qardaş dövlətin 7-ci Prezidentinə bu sayqısız münasibət səbəbsiz deyildi. Türk insanı bu şəxsiyyəti diktator kimi tanıyır, ölkəni xarici qüvvələrin istəyiylə idarə etdiyinə inanırdı. Halbuki, onun diktatorluğunun siyasi-mənəvi əsasları da vardı. Hakimiyyəti ələ keçirdiyi 1980-ci illərdə ölkədə hərc-mərclik hökm sürür, tələbələr bir-biriylə savaşır, hər gün müxtəlif yerlərdən sui-qəsd xəbərləri gəlirdi. Bir tərəfdən Rusiyanın Türkiyədə hakimiyyət çevrilişi hazırlaması ehtimalı, digər tərəfdən Nəcməddin Ərbaxanın Konyada keçirdiyi mitinqdə şəriət dövlətçiliyi tələblərinin səsləndirilməsi ölkədə siyasi nigarançılığı artırırdı. Hökumətin fəaliyyəti də ürəkaçan deyildi. Tez-tez dəyişilən koalisiya hökumətləri qardaş ölkədə stabilliyin təmin olunacağına zəmanət vermirdi. üstəlik, Türkiyə siyasəti hətta ölkə rəhbərini seçəcək gücünü belə itirmişdi. Belə bir vəziyyətdə, təbii ki, türk ordusu öz sərt yumruğunu masa üzərinə vurmalıydı. Kənan Evrən də əslində bunu etmişdi.

Tarixə Türkiyənin ən sərt hərbi xunta rejimi kimi düşən Kənan Evrən hakimiyyətini ABŞ-ın kuklası olaraq qiymətləndirirlər. Nədən ki, həmin çevriliş zamanı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyə masası yetkilisi Paul Henzin hadisəylə əlaqədar Prezident Cimmi Karterə telefonla zəng edib “bizim uşaqlar işi bacardılar” mesajı verdiyi deyilir. Paul Henz həmin iddiaları təkzib etsə də, ortaya qoyulan sübutlar faktı təsdiqləyib. Bununla belə, o da nəzərə alınmalıdır ki, Kənan Evrənin hakimiyyəti ələ keçirməcəyi təqdirdə, SSRİ-nin Türkiyədə prosesləri hara aparacağı da bəlli deyildi. Məsələyə bu baxımdan yanaşanda Kənan Evrənin çevriliş qərarına birmənalı qiymət vermək doğru olmazdı. Hər halda çevrilişdən cəmi 10 il sonra ABŞ-SSRİ rəqabəti rəsmi Vaşinqtonun xeyrinə bitdi. Deməli, Kənan paşa da öz strateji seçimində yanılmamış və bəlkə də Türkiyəni SSRİ-yə yaxınlığı ilə seçilən Balkan və bəzi Yaxın Şərq ölkələri kimi, məğlubların ödəyəcəyi bədəldən qurtarmışdı.

Kənan Evrənin atdığı bir çox addımlar Türkiyənin xarici siyasət kursunda da xeyli dəyişikliklərə yol açdı. Kor-koranə Qərbə duyulan simpatiya yeni liderin Şərqə yönəlik açılımları sayəsində çoxşahəli xarici siyasət kursunun oturuşmasıyla əvəzləndi. Qardaş ölkə məhz onun zamanında 1984-cü ildə ilk dəfə İslam Konfransı Təşkilatının IV zirvəsinə prezident səviyyəsində qatıldı və Türkiyənin Prezidenti qurumun Ticarət və İqtisadi Əməkdaşlıq Komitəsinin sədri vəzifəsinə seçildi. İKT-nın V zirvəsində o, Qüzey Kipr və Bolqarıstan türkləri məsələlərini toplantının gündəliyinə saldı. Beləcə, həmin problemləri dünya gündəminə daşıya bildi. Bundan başqa Türkiyənin çin, Banqladeş, Pakistan, Cənubi Koreya kimi Uzaq Şərq ölkələriylə iqtisadi, siyasi əlaqələrinin inkişafı da bu generalın hakimiyyət illərinə təsadüf edir. Qardaş ölkə bu siyasətləriylə xarici siyasətdə özünəməxsus yer tutmağa, NATO-nun aparıcı üzvü kimi mövqe sərgiləməyə başladı. Bu da Türkiyəyə qlobal siyasətdə təsirli olmaq təcrübəsi qazandırdı.

Son evinə təntənədən uzaq yola salınan Türkiyə diktatorunun ən böyük işlərindən biri də prezidentlik vəzifəsi qurtaran kimi, postunu rahatlıqla Turqut özala təhvil verməsiydi. Halbuki, onun da öz kreslosundan dörd əlli yapışmaq, ömrünün sonuna qədər görəvini uzatmaq şansı var idi. Şansından qətiyyən istifadə etməyən türk generalı bu hərəkətilə indiki demokratik Türkiyənin önünü açdı.

Onun açdığı bu cığır indiki hakimiyyətin iqtidara gəlməsiylə nəticələndi. Kənan Evrən olmasaydı, Türkiyədə islamçı cizginin heç bir təmsilçisi bəlkə də hakimiyyətə gələ bilməzdi. Türkiyə bu generalın antisovet mövqeyi nəticəsində kosmopolit siyasətdən uzaqlaşmaq üçün islami dəyərləri ön plana çıxarmağa üstünlük verdi və bunun nəticəsində də islamçı siyasi kəsimin qidalandığı sosial baza böyüdü. Bunu Fətullah Gülən də öz təziyyə mesajında təsdiqləyərək deyir:

“Evren Paşa, seçmeli din derslerini mecburi yapmakla yararlı bir iş yapmıştır. Gençlerin çoğu onun bu icraatı vesilesiyle din eğitiminden nasiplerini almışlardır”.

Dini dərslərinin məcburi dərsə çevrilməsiylə Türkiyənin daha artıq dindarlaşmasının meyvəsini bu günkü hakimiyyət yeyir. Fəqət o belə, Kənan Evrəni bağışlamadı. Əcəl 98 yaşlı diktatora daha artıq lütfkar davransaydı, türk Pinoçeti müttəhimlər kürsüsündə oturacaqdı. Tale bu imkanı AKP hökumətinə bəxş etməsə də, Kənan Evrən son yolçuluğuna xələfinin iştirakı olmadan yola salınan ilk Türkiyə Prezidenti kimi tarixə düşdü.

Yuxarıda da qeyd etdiyimiz kimi, Türkiyə ictimaiyyətinin öz keçmiş rəhbərinə bu qədər sayqısız davranışının bircə səbəbi var-Kənan Evrənin diktator olması. Görəsən, türk generalının bu aqibətindən digər diktatorlar da dərs alacaqlarmı?

Heydər Oğuz

Strateq.az