XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

14 May 2015 - 07:23

Kerri-Lavrov anlaşması: Ukrayna əvəzinə Suriya – Təhlil

Soçidə keçirilən görüşündən əvvəl, Kerriylə Lavrov İkinci Dünya Müharibəsində həlak olanların abidəsinə çələng qoyublar. Kiminə görəsə, bu, adi bir prokotol qaydası sayılsa da, Lavrovun abidəyə “Pobeda” markalı maşınla gəlməsi diqqət çəkiciydi və izləyicilərə hansısa mesajı çatdırırdı. İlk baxışdan, 1945-ci ildə faşist Almaniyasının üzərində çalınan zəfər münasibətiylə 3 il kütləvi istahsal olunan “Pobeda” maşını həmin müharibədə qazanılan qələbəni simvolizə etsə də, fikrimizcə, bu nümayişin ehtiva etdiyi daha dərin məna qatı vardı. Rusiyanın baş diplomatının tam olaraq hansı mesaj verdiyini anlamaq üçün Kerriylə keçirəcəyi görüşün bizə məlum olan nəticələrinə baxmaq kifayətdir.

ABŞ dövlət katibi Con Kerrinin Soçidə Rusiya Prezidenti Vladimr Putin və ölkənin Xarici İşlər naziri Lavrovla görüşü bütün beynəlxalq diqqəti öz üzərinə çəkdi. Xüsusilə, Ukrayna böhranından sonra iki ölkə arasında gərginliyin artdığı bir zamanda keçirilən bu görüşdə əsasən 4 məsələnin – İranla nüvə danışıqları, Ukrayna, Suriya və çin faktorunun müzakirə olunduğu bildirilir. Baş diplomatların müzakirələrdə hansı razılığa gəlinməsiylə bağlı heç bir açıqlama verilməsə də, masaya yatırılan mövzularının adı, görüş öncəsi yayılan bəzi xəbərlər və liderlərin birgə keçirdikləri mətbuat konfransında dilə gətirdikləri görüşün nəticələri barədə bəzi ip ucları verir.

ABŞ yetkililərinin görüşdən öncə mətbuata sızdırdığı məlumata görə, Con Kerri Soçiyə həvəssiz gəlmişdi. Rusiyanın “Ria Novosti” agentliyinə adı çəkilməyən mənbənin bildirdiyindən belə anlaşılır ki, o, hətta bundan əvvəl dəfələrlə səfəri təxirə salmış, görüşdən yayınmışdı. İndi birdən-birə Kerrinin öz rusiyalı həmkarıyla və Prezident Putinlə bir araya gəlmək üçün Soçiyə səfər etməsi ABŞ-ın iki dövlət arasında gərginliyi artıq sürdürə bilməməsinə işarə edir. Görüşdən sonra dövlət katibinin dilə gətirdiyi bəzi ifadələr də bu ehtimalı təsdiqləyir. Məlumata görə, Con Kerri Minsk razılaşmasının şərtlərinə uyulacağı təqdirdə, Rusiyaya embarqoların aradan qaldırılacağını bildirib.

Minsk protokolu isə birmənalı olaraq Rusiyanın xeyrinədir. Xatırladaq ki, 13 maddədən ibarət olan bu prokotol faktiki olaraq, Donetski və Luqansk bölgələrinə muxtariyyatlıq haqqı verir və bölgələrin inkişafının təmin olunmasını rəsmi Kiyevin boynuna bir nömrəli vəzifə kimi qoyur. Ukrayna Konstitutsiyasının ölkədə yaşayan rusların xeyrinə dəyişdirilməsini tələb edən protokol, eyni zamanda, separatçı qüvvələrin nəzarətində olan bölgələrə mərkəzdən ayrı milis dəstələri yaratmaq hüququ verir. Tamamilə Rusiyayönümlü separatçıların işinə yarayan protokola Ukrayna tərtəfinin imza atmasının yeganə səbəbi müharibənin ağır nəticələrindən yayınmaq üçün atəşkəsə nail olmaq və bu müddət ərzində öz yaralarını sarımaq imkanı ilə bağlı idi.

Kerrinin bu anlaşmanın tələblərini yerinə yetirməyi Rusiyaya qarşı sankisiyaların dayandırılmasının əsas şərti elan etməsi rəsmi Moskvanın Ukrayna məsələsində qələbəsinin etirafından başqa bir şey deyil. Nədən ki, Ukraynanın şərqini ondan ayırıb özünə bağlamağın ilkin mərhələsi kimi baxdığı Minks protokoluna uymaq rəsmi Moskvaya həm də sanksiyalardan canını qurtarmaq imkanı verəcək. Ukrayna üçünsə bu protokola əməl etmək düşünüldüyü qədər də asan deyil. öz konstitusiyasını dəyişdirib muxtar bölgələrə siyasi status vermək və dolayısyla bir müddətdən sonra özündən ayrılmasıyla razılaşmaq azmış kimi, rəsmi Kiyev həm də bu ayrılıq reallaşana qədər Donetski və Luqansk əhalisini yedirib içirməli, nazıyla oynamalıdır.

Minskdə imzaladığı təslimiyyətçi sülh sazişiylə barışa bilməyən Ukrayna məhz bu səbəbdən onun şərtlərini də yerinə yetirə bilmir, protokolda cızılan “qırmızı cizgi”ləri zaman-zaman ayaqlamağa, itirdiklərini geri qaytarmağa çalışır. Onun bu təşəbbüsləri isə Rusiyayla yanaşı, müttəfiqi hesab etdiyi Qərb dövlətləri tərəfindən də sərt reaksiya ilə qarşılaşır.

Bir müddət əvvəl Putinlə görüşən Almaniyanın baş naziri xanım Merkel hər iki tərəfi Minsk protokolunu pozmaqda günahlandırmaqla, faktiki olaraq, işğalçıyla işğala məruz qalanı eyniləşdirmiş, rəsmi Kiyevə belə davam edərsə, Rusiyayla baş-başa buraxıla biləcəyi mesajını vermişdi. Maraqlıdır ki, Kiyevin böyük ümidlə baxdığı ABŞ-ın dövlət katibi Kerrinin Lavrovla görüşdən sonra Ukraynaya mesajı daha sərt oldu. Petro Poroşenkonun Donetski aeropotunu geri almağa çalışacağı barədə açıqlamasına ABŞ-ın necə yanaşdığını soruşan jurnalistin sullarına cavab verən Kerri, rəsmi Kiyevi yerlə yeksan eləyərək dedi: “Əgər Poroşenko belə bir kritik zamanda hərbi yolla nəyəsə nail olmağı müdafiə edirsə, Minsk protokolunu ciddi riskə atacaq bir hərəkətdə bulunur. Mən ciddi bir şəkildə onu bu addımı atmadan əvvəl iki dəfə düşünməyə çağırıram”.

Göründüyü kimi, bir çoxlarının heç bir nəticə gözləmədikləri Soçi görüşündə tərəflərin müəyyən anlaşmalara gəldikləri aydın olur. ABŞ Ukrayna böhranından Rusiyanın xeyrinə geri çəkilir, ona qarşı həyata keçirdiyi sanksiyaları qaldırır. Rusiyanın bu “xeyrxahlıq” qarşısında ABŞ-a verəcəyi güzəştlər də var. Bu da daha çox Suriya məsələsində rəsmi Vaşinqtonla bərabər hərəkət etmək olacaq.

Soçi görüşünün mətbuata açıqlanan qismindən belə anlaşır ki, tərəflər Suriya məsələsinin həllində də müəyyən razılığa gəliblər. Hansı razılığın əldə olunduğunu, gəlin, Kerrinin dilindən eşidək: “Suriya iqtidarının siyasi yolla devrilməsinin vacibliyinin hamımız fərqindəyik. Bu səbəblə də burada ABŞ və Rusiyanın problem üzərində birgə necə çalışa biləcəklərini müzakirə etdik. Lavrov və mən konkret məfhumları incələməyi qəbul etdik. Dialoqu daha təsirli şəkildə sürdürməyi qəbul etdik”.

Görünən budur ki, Rusiya tərəfi də artıq Bəşər Əsədlə uzun müddət Yaxın Şərqdə təsirli qüvvəyə malik olmağın mümkünsüzlüyünə inanır və ABŞ-la birgə yeni Suriya hakimiyyətinin qurulması məsələsində razılaşır. Yeni hakimiyyətin isə nə Türkiyənin dəstəklədi əl-Nusra, nə də Səudiyyə Ərəbistanın bölgədəki uzantısı olan İŞİD təşkilatının olmayacağı müəyyənləşdirilib. Bu iddianı da Kerrinin məsələylə bağlı verdiyi açıqlamalarında aydın görə bilərik: “Hər iki tərəf Suriyada İŞİD-in yüksəlişinin və digər aşırı qrupların artan fəaliyyətinin, sadəcə, Əsəd rejimini deyil, həm də bütövlüklə bölgəni təhdid etdiyi mövzusunda ortaq görüşə malikdir. Dünyəvi dövlət qurumlarını mühafizə edən, barış və stabilliyi qoruyan, Suriya xalqı və bütün azlıqların hüquqlarına hörmət göstərən bir hökumət qurmağı tələb edən Cenevrə prinsiplərini həyata keçirmək üçün hər şeyə hazır, istəkli müttəfiqlər tapmaq hamımız üçün zəruri hala gəldi”.

Belə anlaşılır ki, tərəflər Suriyada Bəşər Əsəd rejiminin tədricən
hakimiyyəti demokratik müxalifətə ötürməsində müəyyən razılığa gəliblər. İlkin mərhələdə isə bu dəyişim prosesi Bəşər Əsədin də yer aldığı koalisiya hakimiyyətinin qurulmasıyla olacaq. Nəzərə alsaq ki, bu ideya əvvəl gündən Rusiyanın irəli sürdüyü ideyaya yaxındır, Lavrovun “Pobeda” maşınıyla “avtoşluğ”unun verdiyi mesaj anlaşılır.

Heydər Oğuz

Strateq.az